Məhkəmə qərarları › İş №2(105)-2252/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2252/2022

19.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2252/2022 19.10.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Ağayev Rəşadət Əhməd oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Bünyatzadə Məsumə Sahib qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı çıxarışların, müqavilənin etibarsız hesab edilməsi və mülkiyyət hüququnun həyata keçirilməsinə yaradılan maneələrin aradan qaldırılmas tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin 01 iyul 2022-ci il tarixli, 2(027)-1859/2022 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətin mümkünlüyünə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Quba Rayon Məhkəməsinin 01 iyul 2022-ci il tarixli qərardadı ilə (hakim İlqar Məmmədov) iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina olunması qərara alınmışdır. İddiaçı qərardaddan şikayət vermişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 01 avqust 2022-ci il tarixli qərardadı ilə (hakimlər Gülnarə Tağızadə (sədrlik edən və məruzəçi), Lətifə Məmmədova və Telman Quliyev) iddiaçı tərəfindən verilmiş şikayətin qeyri-mümkün hesab edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 13 sentyabr 2022-ci il tarixli qərarı ilə (hakimlər İ.Şəfiyev, V.Həsənov, Ə.Əhmədov) kassasiya şikayətinin qismən təmin edilməsi, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1777/2022 nömrəli, 1 avqust 2022-ci il tarixli qərardadının ləğv edilməsi və iş yenidən baxılması üçün göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi qərarında qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin iddiaçı tərəfindən verilmiş şikayəti prosessual qaydalara uyğun hesab edərək, şikayət əsasında çıxardığı qərardad qüvvədədir və bu hal prosessual baxımdan ziddiyyətli vəziyyətdir. Şikayətə baxılması barədə birinci instansiyası məhkəməsinin qərardadı ləğv olunmamış, iddiaçının şikayəti geri qaytarılmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin 01 iyul 2022-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayət ilə əlaqədar qeyd edir ki, aşağıdakı əsaslara görə apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməlidir. İşdən görünür ki, birinci instansiya məhkəməsinin 01 iyul 2022-ci il tarixli qərardadı ilə iddia ərizəsinin qəbul edilməsindən imtina olunmuş, bununla razılaşmayan İddiaçı apellyasiya şikayətini elektron qaydada deyil, kağız daşıyıcıda yəni (sənəd formasında) yerləşdirmiş, birinci instansiya məhkəməsi bu hala diqqət yetirməmiş, apellyasiya şikayətini geri qaytarmaq əvəzinə, mülki işlə birlikdə baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərmişdir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır (Mülki Prosessual Məcəllənin 363.1.5. maddəsi). Mülki Prosessual Məcəllənin 10-1.3. maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Bununla yanaşı həmçinin qeyd olunmalıdır ki, qüvvədə olan prosessual qanunvericilik şikayətə ilkin olaraq qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən baxılmasını nəzərdə tutur. Lakin bu heç də apellyasiya instansiya məhkəməsinin ilkin şikayətin MPM-nin 361 və 363-cü maddələrində nəzərdə tutulan tələblərə uyğunluğunu yoxlamaq hüququnu istisna etmir. Birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir (Mülki Prosessual Məcəllənin 364-cü maddəsi). Mülki Prosessual Məcəllənin 365-ci maddəsinə əsasən apellyasiya icraatına bu fəslin və bu Məcəllənin müddəaları tətbiq olunur. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayəti verilərkən şikayətin forma məzmununa riayət edilməli olmasının ilkin yoxlanılması birinci instansiya məhkəməsinin vəzifəsi olsa da, birinci instansiya məhkəməsi qətnamədən apellyasiya şikayəti verilərkən elektron qaydada verilməməsini nəzərə almamış, MPM-nin 361-ci maddəsinə uyğun olmayan apellyasiya şikayətini apellyasiya qaydasında baxılmasından ötrü Sumqayıt Apellyasiya Məhkəməsinə göndərmişdir. Bu baxımdan məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayəti MPM-nin 361-ci maddəsinə uyğun olmadığından, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin apellyasiya instansiya məhkəməsinə göndərilməsi şikayətin apellyasiya icraatına qəbul edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası MPM-nin 366.2. maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Yuxarıda göstərilənləri nəzərə alaraq, məhkəmə kollegiyası mülki prosessual hüquq normalarının tələbləri baxımından hesab edir ki, İddiaçı tərəfindən verilmiş şikayətə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməli və qərardaddan verilmiş şikayətin Azərbaycan Respublikası MPM-nin 269, 361-363-cü maddələrinin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki iş Quba Rayon Məhkəməsinə qaytarılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 10.8-1., 263, 264, 366.2, 366.3. və 366.4. maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ İddiaçı tərəfindən Quba Rayon Məhkəməsinin 01 iyul 2022-ci il tarixli qərardadından İddiaçı verilmiş şikayətə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilsin və şikayətin Azərbaycan Respublikası MPM-nin 269, 361-363-cü maddələrinin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki iş birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardaddan kassasiya şikayəti verilmədikdə, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar