Məhkəmə qərarları › İş №2(105)-2259/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2259/2021

02.08.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2259/2021 02.08.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X3 Tağızadənin sədrliyi və məruzəsi, X1 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Samirə Zahid qızı Məmmədovanın katibliyi, İddiaçı: İddiaçı, Cavabdeh: Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 03 noyabr 2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 03 noyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim E.A.Abdullayev) iddianın qismən təmin edilməsi, 7300 (yeddi min üç yüz) manat məbləğində pul və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun 15 (on beş) manatının Cavabdeh tutularaq İddiaçı verilməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehdən 8250 manat məbləğində dəymiş ziyanın və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 2019-cu ildə ünvan 1-də yeni tikilmiş binadan mənzil almışdır. O, 2019-cu ilin sentyabr ayında Sumqayıt şəhərində təmir-tikinti sahəsində öz xidmətlərini təklif edən “Qremond” şirkətinin reklam lövhəsində qeyd olunmuş ***-***-**-** nömrəli mobil telefon nömrəsinə zəng edərək özünü həmin şirkətin rəhbəri kimi təqdim edən cavabdeh ilə əlaqə saxlamışdır. O, həmin şəxsə ona məxsus mənzili təmir etdirmək fikirinin olduğunu bildirdi, o isə növbəsində heç bir problemin olmadığını mənzili yüksək keyfiyyətdə təmir edə biləcəyini və ona təhvil verə biləcəyini bildirmişdir. Bu məqsədlə onlar ona məxsus evin yerləşdiyi binanın həyətində görüşmüş, həmin şəxs mənzilə baxmış və müəyyən hesablamalardan sonra mənzilin bütövlükdə təmir işlərinin 8800 manata başa gələcəyini bildirmiş və o, onunla razılaşmışdır. Razılaşan zaman avans olaraq o, cavabdehə 3000 manat pul vermiş, daha sonra 10 yanvar 2020-ci il tarixdə yenidən ona ödəniş etmiş, daha sonra isə 29 yanvar 2020-ci il tarixdə yenidən ödəniş etmişdir. 29 yanvar 2020-ci il tarixdə onun cavabdehə etdiyi ödənişin ümumi həcmi 7300 manat təşkil etmişdir. Qeyd olunan tarixdə cavabdeh öz xətti ilə qəbz yazaraq ondan 7300 manat pul aldığını təsdiq etmişdir. Bundan əlavə o, cavabdehə çatdırması üçün onun işçisi olan Əhədov Hüseyn adlı şəxsə 950 manat vermiş və o da qeyd olunan məbləği cavabdehə vermişdir. O, üzərinə düşən öhdəliyini vicdanlı şəkildə tam olaraq yerinə yetirsə də cavabdeh üzərinə götürdüyü öhdəliyini yerinə yetirməyərək onun pulumu mənimsəmiş və ona xeyli miqdarda ziyan vurmuşdur. O, hər dəfə cavabdehlə telefon vasitəsilə əlaqə saxlayaraq pulunu qaytarmasını bildirsə də, cavabdeh onun pulunu qaytarmamış, hal-hazırda isə ümumiyyətlə telefon zənglərinə cavab vermir. Cavabdeh bu hərəkərlərindən sonra o, cavabdeh tərəfindən aldadıldığını başa düşmüşdür. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının tələbləri pozulmaqla çıxarılmışdır. Məhkəmə işə onun iştirakı olmadan baxmışdır. İddiaçı ilə onun arasında olan münasibətlər podrət müqaviləsindən irəli gələn münasibətlərdir. O, iddiaçıdan borc məqsədi ilə həmin pulu almamışdır. Həmin pul iddiaçıya məxsus olan mənzilin təmir edilməsi üçün ona verilib və o da üzərinə düşən öhdəliyi tam olaraq yerinə yetirərək iddiaçıya məxsus olan mənzili təmir etmişdir. İddiaçının təqdim etdiyi və məhkəmənin sübut kimi hesab etdiyi qəbz borcun etirafı kimi qiymətləndirilə bilməz. O, iddiaçının evini təmir etmiş, üzərinə düşən öhdəliyi tam yerinə yetirmiş, hətta iddiaçının ona 2000 manat borcu qalıb. Sumqayıt Şəhər Məhkəməsinin 03 noyabr 2020-ci il tarixli qətnaməsini ləğv edib, iddia tələblərinin rədd edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətinin dəlillərini müdafiə etdi, ona oxşar izahat verdi və onun təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. İddiaçı apellyasiya şikayətinin dəlillərini qəbul etmədi, iddia ərizəsinə uyğun izahat verdi və qətnamənin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası işdə iştirak edən tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara görə iş üzrə məhkəmə qətnaməsi dəyişdirilməməlidir, apellyasiya şikayəti isə təmin edilməməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddia ərizəsini qismən təmin edərkən, cavabdehin iddiaçıya pul borcunun olmasının sübuta yetirilməsinə istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə qanuni və əsaslı olmaqla, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına tam uyğundur. Belə ki, Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İşdə olan Sumqayıt şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsinin 06 iyun, 2020-ci il tarixli məktubunda iddiaçıya bildirilmişdir ki, cavabdehin əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. İş materiallarında olan cavabdehin adından yazılan qəbzdə göstərilmişdir ki, ünvan 1-də təmir üçün razılaşdırılmış qiymət 8800 manat olmuşdur. Hazırda həmin məbləğdən 1800 manatı qalmışdır. Qəbz 10.01.2020-ci il tarixdə imzalanmışdır. Cavabdehin adından 29.01.2020-ci il tarixdə imzalanmış qəbzdə göstərilmişdir ki, sözügedən ünvanı təmir etmək üçün ümumi qiyməti 8800 manatdan 7300 manatı o, iddiaçıdan almış, cəmi 1500 manat pul qalmışdır. İşdə olan Əhəd Hüseynovun adından 20.02.2020-ci il tarixdə imzalanmış qəbz də əlavə edilmişdir ki, həmin qəbzdə ünvan 1 ünvanında təmir üçün – polun vurulmasına görə 700 manat, habelə parket vurulması üçün isə 250 manat məbləğində beh alınması qeyd edilmişdir. İşdən göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında münasibətlər podrat münasibətləridir və bu səbəbdən mübahisəyə mülki qanunvericiliyin podrat münasibətlərini tənzimləyən müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür (752.1.). Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir (752.2.). Sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır (753.1.). İddiaçı bildirir ki, evinin təmiri üçün cavabdehlə şifahi müqavilə bağlamış və təmir üçün ona 8250 manat pul vermişdir. Lakin, cavabdeh öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş və iddiaçının mənzilini təmir etdirməmişdir. Bu səbəbdən iddiaçı ödədiyi məbləği geri tələb edir. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (385.1). Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür (442). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır (445.2.1). İddiaçının özünün də bildirdiyi kimi o, 7300 manat pulu şəxsən cavabdehə vermişdir. Bununla bağlı iş mateiallarında cavabdeh tərəfindən imzalanmış yazılı qəbz də mövcuddur. Məhkəmə hesab edir ki, həmin qəbzə borcun etirafı haqqında müqavilə kimi yanaşılmalıdır. Mülki Məcəllədə göstərilmişdir ki, borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir (882.1.). Bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz (882.2.). Məhkəmə kollegiyası cavabdehin işə onun iştirakı olmadan baxılması barədə gətirdiyi dəlili qəbul etmir. Belə ki, iş materilları ilə müəyyən edilir ki, cavabdeh N.F.Ağakişiyev məhkəmənin yeri və vaxtı barədə rəsmi məlumatlandırılmışdır (i.v 28). Məhkəmə kollegiyası iclası zamanı cavabdeh tərəfindən məhkəməyə Gremont Construstion Şirkətinin 0006 saylı Xidmət müqaviləsini təqdim etmişdir. Həmin müqavilə ilə müəyyən edilir ki, tərəflər arasında 07 sentyabr 2019-cu il tarixdə müqavilə imzalanmışdır və cavabdeh iddiaçının 128 kv.metr olan mənzilində təmir işləri görməyə öhdəsinə götürür. Məhkəmə prosesi zamanı Cavabdeh etiraf etmişdir ki, iddiaçı tərəfindən görülən işlərin pullarını ona yox, fəhlələrə şəxsən ödəmişdir, buna görə də, onun tərəfindən müqavilənin şərtləri pozulmuş və təmir işləri başa çatdırılmamışdır. Hazırda onun iddiaçıya heç bir borcu qalmamışdır. Məhkəmə prosesində cavabdeh iddiaçıya borclu qaldığı pulun qaytarılması barədə heç bir sübut təqdim edə bilməmişdir. Bu səbəbdən birinci instansiya məhkəməsi iddianın 7300 manat pulun cavabdehdən tutulması hissəsində təmin edilməsi barədə gəldiyi nəticəni düzgün hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Bu Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərilən digər dəlilləri də araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan və işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin iş üzrə 03 noyabr 2020-ci il tarixli 2(060)-4149/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar