Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2271/2022 16.11.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı mülki iş üzrə (Açar sözlər: paylı mülkiyyətdə olan daşınmaz əmlakın açıq hərracdan satılması) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Quliyev Telman Osman oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Gülnarə Fikrət qızı və Məmmədova Lətifə Məhyəddin qızından ibarət tərkibdə, Mürsəlova Heyran Mehman qızının katibliyi, İddiaçı, nümayəndəsi X2, nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə Sumqayıt Şəhər Məhkəməsinin 23 avqust 2022-ci il tarixli, 2(060)-1895/2022 nömrəli qətnaməsindən Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “paylı mülkiyyətdə olan əmlakın naturada bölünməsi, bu mümkün olmadıqda əmlakın hərracda satılması və hərracdan əldə olunmuş pul vəsaitlərinin paylara uyğun tərəflər arasında bölünməsi” tələbinə dair iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edib, ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinin naturada paylara uyğun olaraq bərabər şəkildə bölünməsi, bu mümkün olmasa həmin mənzilin açıq hərracda satılması və satışından əldə olunmuş pulun bərabər şəkildə bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə ilə müraciət edib, ünvan 2 ünvanında yerləşən yaşayış sahəsinin açıq hərracdan satılması və satışdan əldə olunmuş pul vəsaitinin tərəflərin paylarına uyğun olaraq, yəni 1/3 hissəsi İddiaçı, 1/3 hissəsi Cavabdeh1 və 1/3 hissəsi Cavabdeh2 ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, mərhum həyat yoldaşı X1 adına ünvan 1 ünvanına dair xx.xx.2007-ci il tarixli, ********* saylı qeydiyyat nömrəli, MH seriyalı, № ******* nömrəli çıxarış verilmişdir. Həyat yoldaşı X3 07 mart 2011-ci ildə rəhmətə getmiş və həmin vaxtdan miras əmlakı faktiki olaraq o, qəbul etmişdir. Miras əmlakda onun və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 1/3 hissədə payları müəyyən edilmiş və buna dair MA seriyalı, ******* nömrəli, xx.xx.2011-ci il tarixli çıxarış verilmişdir. Lakin, cavabdehlər həmin əmlakdan istifadə etməyinə imkan vermirlər. Mənzilin açıq hərracda satılaraq, həmin satışdan əldə olunan vəsaitin bərabər şəkildə bölünməsini cavabdehlərə təklif etsə də, cavabdehlər tərəfindən işin müsbət həlli istiqamətində heç bir addım atılmamışdır.
4. Cavabdehlər tərəfindən iddia ərizəsinə qarşı yazılı etiraz daxil olmamışdır.
5. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş MA seriyalı, ******* nömrəli çıxarışın notariat qaydada təsdiq edilmiş surətindən görünür ki, Sumqayıt şəhəri, 8-ci mikrorayon, 27V/14 saylı evin, 72 saylı mənzili xüsusi mülkiyyət hüququ ilə 1/3 hissədə İddiaçı, 1/3 hissədə Cavabdeh1 və 1/3 hissədə Cavabdeh2 məxsusdur, xx.xx.2011-ci il tarixdə daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində 42 nömrəli reyest kitabının 65 nömrəli vərəqində qeydiyyata alınmışdır.
6. Tikinti-texniki ekspertizanın 10/3255 saylı, xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, Sumqayıt şəhəri, 8-ci mikrorayon, ev 27V/14 ünvanında yerləşən ümumi sahəsi 62.1 kv.metr, yaşayış sahəsi 49.1 kv.metr, yardımçı sahəsi 13.0 kv.metr olan 3 otaqdan ibarət 72 nömrəli mənzilin tərəflər arasında 1/2 paylara uyğun olaraq naturada (real) bölgüsü “inşaat Norma və Qaydaları” 2.08.01.89-un 1.1, 2.2, 2.4. və 2.9. bəndlərinin tələblərinə uyğun olaraq texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir.
7. İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Sumqayıt şəhəri, 8-ci mikrorayon, ev 27V/14 ünvanında yerləşən 72 saylı mənzildə ona məxsus payı 25.000 manata almağı təklif etmişdir.
8. "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli, 68 nömrəli rəyindən görünür ki, Sumqayıt şəhəri, 8-ci mikrorayon, ev 27V/14 ünvanında yerləşən 72 saylı mənzilin hazırki şəraitdə likvid dəyəri 65.000 manat təşkil edir.
9. Sumqayıt Şəhər Məhkəməsinin 23 avqust 2022-ci il tarixli, 2(060)-1895/2022 nömrəli qətnaməsi ilə (hakim Almaz Süleymanova) İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı əmlakın hərracda satılması və hərracdan əldə olunmuş pul vəsaitlərinin paylara uyğun tərəflər arasında bölünməsi tələbinə dair iddiası təmin edilib, Sumqayıt şəhəri, 8-ci mikrorayon, ev 27V/14-də yerləşən 72 saylı mənzilin açıq hərracdan satılması, mənzilinin ilkin satış qiymətinin 65.000 (altmış beş min) manat müəyyən edilməsi və mənzilin satışından əldə olunmuş pul vəsaitinin hər birinə 1/3 hissə olmaqla İddiaçı, Cavabdeh2 və Cavabdeh1 arasında bölünməsi, iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi, ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat pulun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tutularaq Dövlət xəzinədarlığı Agentliyinə ödənilməsi və ekspertiza tədqiqatının dəyərini təşkil edən 200 (iki yüz) manat cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tutularaq "xxxx" MMC-yə ödənilməsi qət edilmişdir.
10. Birinci instansiya məhkəməsi iddia ərizəsinin təmin edilməsi nəticəsinə gələrkən hesab etmişdir ki, Sumqayıt şəhəri, 8-ci mikrorayon, 27V/14 saylı evin 72 saylı mənzili xüsusi mülkiyyət hüququ ilə 1/3 hissədə İddiaçı, 1/3 hissədə Cavabdeh1 və 1/3 hissədə Cavabdeh2 məxsus olmaqla tərəflərin paylı mülkiyyətdədir. İddiaçı payının naturada bölünməsini tələb etsə də, əmlakın naturada bölünməsi mümkün olmamışdır. İddiaçının öz payının dəyərinin ona ödənilməsi tələbinə isə cavabdehlər münasibət bildirməmişlər. Mənzil tərəflərin paylı mülkiyyətində olması barədə qeydiyyat qüvvədə olduğundan, mübahisə predmeti olan daşınmaz əmlak məcburi qaydada açıq hərracdan satılaraq əldə olunmuş vəsaitin paylara mütənasib bölünməlidir.
11. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddələrinin və Mülki Məcəllənin 152.1, 220.1- 220.6-cı maddələri və Mülki Prosessual Məcəllənin 76, 88-ci maddələri ilə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
Apellyasiya şikayətinin dəlilləri
12. Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin 23 avqust 2022-ci il tarixli, 2(060)-1895/2022 nömrəli qətnaməsinin ləğv edilib, iddianın təmin olunmamasını xahiş etmişdir.
Şikayətin dəlilləri:
13. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Göründüyü kimi mülki qanunvercilik tərəflərə qaylı mülkiyyətlə bağlı əmlakın naturada bölgüsünün mümkün olmadığını yanlız qanuni qüvvəyə minmiş məhkəmə qərarı əsasında müəyyən etməyi tələb edir. Belə ki, paylı mülkiyyət sahibi əmlakın hərracdan satışını yalnız o halda tələb edə bilər ki, o ilk öncə əmlakın naturada bölgüsünün mümkün olmaması haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qərarına malik olsun. Əmlakın naturada mümkün olmaması barədə ekspertiz rəyi məhkəmə qərarı deyil, yalnız sübut növlərindən biridir. Bundan əlavə iddiaçının özünə aid olan payının aşağı qiymətə satılması ilə bərabər digər müəlkiyyətçilərin də paylarının 40 faizə qədər aşağı düşə biləcəyi ehtimalını məhkəmə nəzərə almamışdır. Bu isə aydın şəkildə əmlakın real bazar qiymətinin və hər hansı bir ilkin olmadan satışa çıxarılmalı olduğunu qeyd edir. Göründüyü kimi məhkəmə qeyd edilən normanı düzgün tətbiq etməməklə onun mülkiyyət və mənzil hüquqlarını pozmuşdur.
b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
14. İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Apellyasiya icraatı iştirakçılarının izahatları
15. Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edib, təmin olunmasını xahiş etdi.
16. İddiaçı, nümayəndəsi X2, nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinə etiraz edib, birinci instbsiya məhkəməsinin qətnaməsinin dəyiçdiriımədən saxlanmasını xahiş etdilər.
17. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada Cavabdeh1 məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verilməmişdir.
18. Məhkəmə kollegiyası qeyd olunan cavabdehin iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
19. Azərbaycan Respublikasının Konstitusiyası
20. Maddə 13.1. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
21. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.
22. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç bir kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.
23. Azərbaycan Respublikası Mülki Məcəlləsi
24. Maddə 152. Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
25. Maddə 178.1. Daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir.
26. Maddə 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənlişdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər.
27. Maddə 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasında razılaşmaya əsasən onlar arasında bölünə bilər.Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər.
28. Maddə 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsülu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər.Əgər payın naturada ayrılmasına yol verilmirsə və ya bu,ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə,ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir.
29. Maddə 220.4-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır.Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir.Mülkiyyətçinin payı cüzi olduqda,real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafiyi olmadıqda,məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştrakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər.
30. Maddə 220.5-ci maddəsinə əsasən mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir.
31. Maddə 220.6-cı maddəsinə əsasən 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan payın ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda,məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütanasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər.
32. Maddə 223.2-ci maddəsinə əsasən, birgə mülkiyyətin mülkiyyətçiləri tərəfindən ümumi əşyanın bölünməsi və ya onlardan birinin payının ayrılması mülkiyyətçilərdən hər birinin payı qabaqcadan müəyyənləşdirildikdən sonra həyata keçirilə bilər. Mülki Prosessual Məcəllə
33. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
34. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
35. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
36. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
37. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
38. Maddə 384.0.1. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanması üçün əsasdır.
Apellyasiya baxışının hədləri
39. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
40. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır.
41. İşin araşdırılmış hallarından müəyyən edilir ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 62.1 kv.m, yaşayış sahəsi 49.1 kv.m və yardımçı sahəsi 13.0 kv.m olan 3 otaqlı mənzil xüsusi mülkiyyət hüququ ilə 1/3 hissədə İddiaçı, 1/3 hissədə Cavabdeh1 və 1/3 hissədə Cavabdeh2 məxsus olmaqla tərəflərin paylı mülkiyyətindədir.
42. İddiaçı payının naturada bölünməsini tələb etsə də, əmlakin naturada bölünməsi mümkün olmamışdır.
43. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, paylı mülkiyyəti təşkil edən mənzilin ekspert rəyi ilə naturada bölünməsi mümkünsüzdür.
44. İddiaçı öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçisi tərəfindən ona ödənilməsi təklifi ilə müraciət etsə də, tərəflər arasında heç bir razılaşma yoxdur.
45. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. İşin faktiki halları ilə müəyyən olunur ki, mübahisə predmeti olan mənzil tərəflərin paylı mülkiyyətindədir. Azərbaycan Respublikasının Konstitusiyası mülkiyyət hüququnun müdafiə edilməsini dövlətin ali məqsədlərindən biri hesab edərək, onun effektiv həyata keçirilməsinə təminat verir. Azərbaycan Respublikasında mülkiyyət, o cümlədən xüsusi mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, həmçinin xüsusi mülkiyyət hüququ qanunla müdafiə edilir. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir (Mülki Məcəllənin 213.1,213.2-ci maddələri).
46. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir. Ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər (Mülki Məcəlləsinin 220.1-220.6-cı maddələri).
47. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 4 aprel 2014-cü il tarixli Qərarında qeyd edilmişdir ki, nəzərə alınmalıdır ki, əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Digər mülkiyyətçilərin kompensasiya vermək imkanı olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. Konstitusiya Məhkəməsinin həmin qərarında hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulması məcburi olan hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Digər mülkiyyətçilərin kompensasiya vermək imkanı olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. Digər mülkiyyətçilər kompensasiya verməyə məcbur edilə və ya onların üzərinə belə bir öhdəlik qoyula bilməz.
48. Eyni zamanda payın naturada ayrılması mümkün olmadıqda və mülkiyyətçi payın əvəzinə pul kompensasiyasını almaqdan imtina etdikdə, həmin mülkiyyətçi əmlakın hərracdan satılmasını tələb edə bilməz. Həmçinin paylı mülkiyyətin mülkiyyətçisi birbaşa əmlakın açıq hərracdan satılmasını tələb etmək hüququna malik deyil.
49. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, tərəflərin paylı mülkiyyətində olan fərdi yaşayış evinin naturada bölünməsinin mümkün olmadığını, eləcə də cavabdehlərin iddiaçıya payının dəyəri üzrə kompensasiya vermək barədə müraciətinin cavabsız qaldığını nəzərə alaraq, iddiaçının əmlakın məhkəmə qərarı əsasında hərracdan satılmasını tələb etməkdə haqlı olduğu nəticəsinə gəlir və hesab edir ki, tərəflərin paylı mülkiyyətdə olan mənzil hərraca çıxarılmalı, ev satıldıqdan sonra əldə olunan məbləğ tərəflər arasında paylarına mütənasib şəkildə bölünməli, iddia tələbi təmin edilməlidir.
50. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan məhkəmənin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
51. Nəzərə almaq lazımdır ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
52. Mülki Prosessual Məcəlləyə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
53. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanıb, heç bir sübutla öz təsdiqini tapmadığına görə birinci instansiya məhkəməsinin qanuni və əsaslı qətnaməsinin ləğvi üçün əsaslı hesab edilə bilməz.
54. Qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarına maddi və prosessual hüquq normalarını düzgün tətbiq etdiyindən qətnamə Cavabdeh2 aid hissədə dəyişdirilmədən saxlanılmalıdır.
55. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392-393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi: Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 23 avqust 2022-ci il tarixli, 2(060)-1895/2022 nömrəli qətnaməsi Cavabdeh2 aid hissədə dəyişdirilmədən saxlansın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.