Məhkəmə qərarları › İş №2(105)-2287/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2287/2021

02.09.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2287/2021 02.09.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, İddiaçı nümayəndəsi X3 iştirakı ilə açıq məhkəmə iclasında Şabran Rayon Məhkəməsinin 12 aprel 2021-ci il tarixli, 2(031)-302/2021 saylı qətnaməsindən İddiaçı apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Şabran Rayon Məhkəməsinin 12 aprel 2021-ci il tarixli, 2(031)-302/2021 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Çingiz İsgəndərov) İddiaçı Cavabdeh qarşı əsassız varlanmanın qarşısının alınması, artıq ödənilmiş pul tələbi və cavabdehə olan borcun tam ödənilmiş hesab olunmasına dair mülki iş üzrə iddia təmin edilməmiş, iddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, İddiaçı iddia ilə məhkəməyə müraciət edərək Cavabdeh əsassız varlanmasının qarşısının alınması, artıq ödənilmiş 293 manat pulun cavabdehdən alınıb ona verilməsi, onun cavabdehə olan borcunun tam ödənilmiş hesab olunması və 30 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və iddia tələblərini onunla əsaslandırmışdır ki, 25 sentyabr 2014-cü il tarixdə saat 06:27-də Bakı-Quba yolunun Xızı rayonu ərazisindən keçən 65-ci kilometrində idarə etdiyi “VAZ-21074” markalı, ** BN *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri istiqamətində hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, yolun sağ kənarında dayanmış X2 idarə etdiyi “FORD” markalı, ** LH *** dövlət qeydiyyat nişanlı avtomobilə dəyərək toqquşduqdan sonra qarşısında eyni istiqamətdə hərəkətdə olan “Hyundai” markalı, ** FZ *** dövlət qeydiyyat nişanlı avtomobili vurmuşdu. Hadisə nəticəsində “Hyundaı” markalı, ** FZ *** dövlət qeydiyyat nişanlı avtomobilə ziyan dəymiş və Cavabdeh dəymiş ziyan tələbi ilə əlaqədar 05.01.2015-ci il tarixdə iddia ilə məhkəməyə müraciət etmişdi. Cəlilabad Rayon Məhkəməsinin 22 may 2015-ci il tarixli, 2(073)-255/2015 saylı qətnaməsi ilə 12593 manat pulun ondan alınaraq Cavabdeh verilməsi qət edilmişdir. Həmin pulu birdəfəlik ödəmə imkanı olmadığı üçün tutma onun əmək haqqına yönəlmişdir. Sonradan ona məlum olmuşdur ki, “Hyundaı” markalı, ** FZ *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyana görə sığorta şirkəti tərəfindən 07 yanvar 2015-ci il tarixdə Cavabdeh 6550 manat pul ödənilmişdir. Bundan başqa, özü nağd olaraq Cəlilabad rayon İcra və probasiya şöbəsi vasitəsi ilə 03.03.2020-ci il tarixli qəbzlə 300 manat, 20.07.2016-cı il tarixli qəbzlə 400 manat, Azərbaycan Respublikası "xxxx" ASC-nin Cəlilabad filialı vasitəsi ilə 30.04.2020-ci il tarixli qəbzlə 160 manat, "xxxx" ASC-nin Cəlilabad filialı vasitəsi ilə 02.07.2020-ci il tarixdə 50 manat pul ödəmiş və 2016-cı ilin yanvar ayından 01 yanvar 2021-ci il tarixədək onun əmək haqqından 5426 manat pul tutularaq cavabdehə ödənilmişdir. Ümumilikdə cavabdehə 12886 manat pul ödənildiyi üçün işə xitam verilməsindən ötrü cavabdehə Cəlilabad rayon İcra və probasiya şöbəsinə ərizə ilə müraciət etməsini xahiş etsə də, cavabdeh onun sözünə məhəl qoymamışdır. Mübahisə üzrə yuxarıda göstərilən qətnamə qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSİN İZAHATİ: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnaməsi ilə razı deyildir. Belə ki, cavabdeh məhkəmə iclas zamanı borcun onun tərəfindən tam ödənildiyini etiraf etmişdir. İddiaçı apellyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsi və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X4 apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verərək, iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsi və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. İddiaçı və Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlmədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, apellyasiya şikayəti qətnamənin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilibedilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan Cəlilabad Rayon Məhkəməsinin 22 may 2015-ci il tarixli, 2(073)-255/2015 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdeh İddiaçı qarşı inzibati xəta nəticəsində vurulmuş zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə iddia qismən təmin edilmiş, cavabdeh İddiaçı 12593 manat məbləğində maddi ziyanın alınaraq iddiaçı Cavabdeh ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. İş materiallarında olan Cəlilabad Rayon Məhkəməsinin 02 fevral 2021-ci il tarixli, 2(073)-255/2015 saylı qərardadının surətindən görünür ki, iddiaçı Cavabdeh İddiaçı qarşı inzibati xəta nəticəsində vurulmuş zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə Cəlilabad Rayon Məhkəməsinin 22 may 2015-ci il tarixli, 2(073)-255/2015 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair cavabdeh İddiaçı tərəfindən verilmiş ərizə əsassız olduğundan təmin edilməmişdir. İş materiallarında olan 03.03.2020-ci il tarixli qəbzin surətindən görünür ki, Cavabdeh İddiaçı ona olan borcundan 300 manatı qəbul etmişdir. İş materiallarında olan 20 iyul 2016-cı il tarixli qəbzin surətindən görünür ki, Cavabdeh İddiaçı ona olan borcundan 400 manatı qəbul etmişdir. İş materiallarında olan 30.04.2020-ci il tarixli qəbzin surətindən görünür ki, İddiaçı məhkəmə qətnaməsi üzrə borcundan "xxxx" ASC-nin Cəlilabad filialı vasitəsi ilə Cavabdeh 160 manat ödəniş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Təhsil Nazirliyi 14 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzi tərəfindən verilmiş 05 fevral 2021-ci il tarixli, 44 saylı arayışdan görünür ki, borclu İddiaçı əmək haqqından 2016-cı ilin yanvar ayından 2020-ci ilin dekabr ayına kimi 5426 manat borc tutularaq Cavabdeh hesabına köçürülmüşdür. İş materiallarında olan 07 yanvar 2015-ci il tarixli ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən Cavabdeh 6550 manat məbləğində sığorta ödənişi ödənilmişdir. Azərbaycan Respublikası MM-nin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işguzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası MM-nin 1091.1-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. İşin mübahisə edilməyən hallarından görünür ki, qanuni qüvvəyə minmiş Cəlilabad Rayon Məhkəməsinin 22 may 2015-ci il tarixli, 2(073)-255/2015 saylı qətnaməsinə əsasən İddiaçı 12593 manat alınaraq Cavabdeh ödənilməlidir. Göründüyü kimi, Cavabdeh heç də əsassız varlanan şəxs deyildir, ona qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrası ilə bağlı ödənişlər edilir və qətnamə tam icra edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikasının MPM-nin 15.2-ci maddəsinə görə məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Məhkəmə kollegiyası yuxarıda sadalanan hüquq normalarının tələblərini hazırki mübahisəli hüquq münasibətlərinə tətbiq edib, hesab edir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslıdır. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlilləri əsassız hesab edir. İddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsas hesab edilə biməz. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusuna hüquqi qiymət verib, apellyasiya şikayətində sadalanan digər dəlilləri də araşdırıb, hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan və işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Şabran Rayon Məhkəməsinin 12 aprel 2021-ci il tarixli, 2(031)-302/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qətnamədən kassasiya şikayəti verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar