Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2299/2021 27.07.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, iddiaçı Azərbaycan Respublikası Abşeron Rayonu Masazır Bələdiyyəsinin Cavabdeh qarşı (üçüncü şəxs: "xxxx" ASC) elektrik enerjisindən istifadəyə görə pulun ödənilməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 2(012)- 248/2021 saylı, 31 mart 2021-ci il tarixli qətnaməsindən iddiaçı Abşeron Rayonu Masazır Bələdiyyəsi tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ : Abşeron Rayon Məhkəməsinin 2(012)-248/2021 saylı, 31 mart 2021-ci il tarixli qətnaməsi ilə iddiaçı Azərbaycan Respublikası Abşeron Rayonu Masazır Bələdiyyəsinin Cavabdeh qarşı (üçüncü şəxs: "xxxx" ASC) elektrik enerjisindən istifadəyə görə yaranmış borcun ödənilməsi tələbinə dair iddiası təmin edilməmişdir (hakim C.İ.Səfiyeva). Qətnamədən narazı qalan iddiaçı Azərbaycan Respublikası Abşeron Rayonu Masazır Bələdiyyəsi apelyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin 2(012)- 248/2021 saylı, 31 mart 2021-ci il tarixli qətnaməsinin ləğv edilib və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı Azərbaycan Respublikası Abşeron Rayonu Masazır Bələdiyyəsi Cavabdeh qarşı (üçüncü şəxs: "xxxx" ASC) qanunsuz elektrik enerjisindən istifadəyə görə pulun ödənilməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Masazır bələdiyyəsinin keçmiş sədri Cavabdeh fəaliyyəti dövründə "xxxx" ASC-dən Masazır bələdiyyəsinə 13 yanvar 2020-ci il tarixdə daxil olmuş 13 yanvar 2020-ci il tarixli Elektron Qaimə (Seriya: EBAE № 965550) və ********* saylı, 10 yanvar 2020-ci il tarixli Hesab ödəniş vərəqinəəsasən bələdiyyənin istifadə etdiyi elektrik enerjisinə görə 9 dekabr 2019-cu ildən 10 yanvar 2020-ci il tarixə olan 33.161.88 manat pul vəsaitinin Cavabdeh tutulması və tutulmuş 33.161.88 manat pul vəsaitinin "xxxx" ASC-nin hesab nömrəsinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ : Abşeron Rayonu,Masazır Bələdiyyəsinin apyelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə işə dair cavabdehin dediyi fikirləri əsas götürməklə, məhkəmə tərəfindən ədalət və çəkişmə prinsipini nəzərə alınmadan hüququn tətbiq edilməsində səhv buraxmış, tətbiq edilməli olan qanunu və normativ hüquqi aktı tətbiq etməyərək, cavabdehin yanlış məlumatı əsasında 31 mart 2021-ci il tarixli Qətnamə qəbul etmişdi. Bu baxımdan 2(012)-248/2021 saylı, 31 mart 2021-ci il tarixli Qətnamə əsassız və qanunsuzdur. Belə ki, qətnamədə göstərilir ki, cavabdeh həmin bələdiyyənin sabiq sədridi və 3-cü şəxsin iddiaçıya qarşı belə bir tələbinin olması barədə iddiaçı məhkəməyə hər hansı sübut təqdim etməmiuşdir. Əgər iddiaçı qeyd edilən borcun bələdiyyənin deyil, cavabdehin borcu kimi qiymətləndirirsə o halda, məhkəmə hesab edir ki, iddiaçı bu iddianı 3-cü şəxsə qarşı qaldırmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 418.1-ci maddəsində göstərilir ki, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apelyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindəndən elektrik enerjisinin verilməsi dayandırıldıqdan sonra "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən Masazır bələdiyyəsinə 13 yanvar 2020-ci il tarixdə rəsmi təqdim edilmiş 13 yanvar 2020-ci il tarixli Elektron Qaimə (Seriya:EBAE № 965550) və ********* saylı, 10 yanvar 2020-ci il tarixli Hesab ödəniş vərəqindən məlum olur ki, Cavabdeh Masazır bələdiyyəsinin sədri olduğu dövrdə bu rəsmi sənədlər bələdiyyəyə təqdim edilsə də bələlədiyyənin istifadə etdiyi elektrik enerjisinə görə 9 dekabr 2019-cu ildən 10 yanvar 2020-ci il tarixə olan 33.161.88 manat ödəniş qalıq borcu rəhbərlik etdiyi bələdiyyə tərəfindən səbəbsiz olaraq ödənilməyərək qalmışdır. Qeyd edilən ödəniş hər ay üst-üstə toplanaraq 33.161,88 manata gəlib çatmışdır. Cavabdehin Masazır bələdiyyəsində sədr olduğu dövrdə bələdiyyənin bank hesabında pul vəsaiti olsa da "xxxx" ASC-yə olan qalıq borcun ödənilməsi vaxtında təmin edilməmişdir. Bələdiyyə qanunvericiliyinə əsasən, hər ilin sonunda bələdiyyə tərəfindən büdcə təsdiq edilir. 2018-ci ilin dekabr ayında Masazır bələdiyyəsinin 2019-cu il üçün təsdiq edilmiş büdcəsində bələdiyyənin işıq enerjisinin sərfıyyatı ilə bağlı ayrılacaq məbləq bələdiyyə büdcəsində göstərilsə də bu borc ödənilməmiş və nəticədə külli miqdarda borc yaranmışdır. Masazır bələdiyyəsi olaraq tələb cavabdeh S.Əliyəvə aiddir. Cavabdeh sədr olduğu dövrdə öz səlahiyyətlərini qanunvericiliyə müvafiq olaraq həyata keçirməklə elektrik enerjisi istifadəyə görə bələdiyyə büdcəsindən ödəniş etsəydi, "xxxx" ASC bələdiyyənin elektrik enerjisini dayandırmazdı. Hər bir məsələdə məsul şəxs olduğu kimi bu işdə də məsul şəxs Cavabdehdir. 9 dekabr 2019-cu il tarixdən 10 yanvar 2020-ci il tarixə olan 33.161,88 manat ödəniş qalıq borcu Cavabdeh ödəməmişdir. Yəni hər ay üst-üstə toplanaraq borc 33.161,88 manat olmuşdur. Cavabdehin Masazır bələdiyyəsində sədr olduğu dövrdə bələdiyyənin bank hesabında pul vəsaiti olsa da "xxxx" ASC-yə olan qalıq borcun ödənilməsi vaxtında cavabdeh icra etməmişdir. Qey ediənlərə əsasən Abşeron Rayon Məhkəməsinin 2(012)-248/2021 saylı, 31 mart 2021-ci il tarixli qətnaməsi ləğv edilməli, iddiaçı Masazır bələdiyyəsinin iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsi xahiş ounmuşdur. P R O S E S S U A L M Ə S Ə L Ə L Ə R: İş üzrə iddiaçı Azərbaycan Respublikası Abşeron Rayonu Masazır Bələdiyyəsinə və Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də tərəflər məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə heç bir məlumat verilməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-haki¬min məruzəsini dinləyərək, apelyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilmədən, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apelyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən və apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. Mülki işin materiallarında olan Abşeron rayonu, Masazır Bələdiyyəsi tərəfindən "xxxx" ASC-yə ünvanlanan 13 oktyabr 2017-ci il tarixli, 464 saylı və 21 noyabr 2017-ci il tarixli, 530 saylı məktublardan müəyyən edilir ki, Masazır kəndinin mərkəzi küçəsi olan Ə.Vahid küçəsi boyunca işıqlandırma məqsədilə istifadə edilən elektrik enerjisinin haqqı Masazır bələdiyyəsi tərəfindən ödənilir. Son zamanlar bələdiyyə büdcəsinə daxil olmalar azaldığı üçün küçə işıqlarına sərf edilən enerji sərfiyyatının ödənilməsinə müəyyən çətinliklər yaranmışdır və bələdiyyə enerji haqqını ödəmək iqtidarında deyil. Bələdiyyə 04.10.2017-ci il tarixdən sonra küçə işıqlandırması ilə bağlı yaranacaq borcun ödənilməsinə təminat vermir. İşin materiallarında olan "xxxx" ASC tərəfindən məhkəmə sorğusuna verilən 18 noyabr 2020-ci il tarixli, 01/05/-06/3202 saylı cavab məktubundan müəyyən edilir ki, Masazır Bələdiyyəsinin elektrik enerjisindən istifadə etməsi nəticəsində 2015-ci ildən 10 yanvar 2020-ci il tarixədək Cəmiyyət qarşısında 33161,88 manat borc yaranmışdır. Həmin borcun 645,30 manatı 06 sentyabr 2015-ci il tarixədək olan borcdur. Qeyd edilən müddət üçün olan borcdan 14.715 manatını Masazır Bələdiyyəsi ödəmişdir. Borcun 976 manatı dəyişdirilmiş və quraşdırılmış sayğacların bədəli olaraq hesablanmışdır. Abonentin 31540.62 manat borcu elektrik sayğacı ilə istifadə edib, ödəmədiyi elektrik enerjisnin dəyəridir. 01 yanvar 2020-ci il tarixinə abonentin "xxxx" ASC-yə 33161,88 manat borcu vardır. Müəyyən edilmişdir ki, iddiaçı Azərbaycan Respublikası Abşeron Rayonu Masazır Bələdiyyəsinin Cavabdeh qarşı (üçüncü şəxs: "xxxx" ASC) elektrik enerjisindən istifadəyə görə pulun ödənilməsi tələbinə dair iddiası əsassızdır. Belə ki, müəyyən edilmişdir ki, cavabdeh həmin bələdiyyənin sabiq sədridir. İddiaçı, bələdiyyənin üçüncü şəxsə olan elektrik enerjisindən istifadəyə görə yaranmış borcun cavabdehdən tutulmasını məhkəmədən xahiş edir, halbuki 3-cü şəxsin iddiaçıya qarşı belə bir tələbinin olması barədə iddiaçı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Məhkəmə qeyd etmişdir ki, əgər iddiaçı qeyd edilən borcu bələdiyyənin deyil, cavabdehin borcu kimi qiymətləndirirsə o halda, iddiaçı bu iddianı 3-cü şəxsə qarşı qaldırmalıdır. Halbuki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əsasən iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə iddiaçının razılığı ilə ilk iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər (54.1.). İddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır (54.2.) Beləliklə, məhkəmə hesab etmişdir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. İş materiallarından görünür ki, iddiaçı hazırkı məhkəmə baxışının predmeti olan iddia tələbini irəli sürməsi ilə onların hüququnun pozulmasını əsaslandıran sübutu məhkəməyə təqdim etməmişlər. Belə ki, mülki məhkəmə icraatının vəzifələrini təsbit edən Azərbaycan Respublikası MPM-nin 2-ci maddəsində müəyyən olunmuşdur ki, mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Qanunvericilik fiziki və hüquqi şəxslərin hər hansı bir mənafe və maraqlarının müdafiəsini deyil, yalnız qanundan və digər normativ-hüquqi aktlardan irəli gələn, yəni qanunla qorunan mənafe və maraqlarını müdafiəsini nəzərdə tutub. Qeyd edilməlidir ki, məhkəmə mübahisəni həll edərkən iddiaçının subyektiv hüquqa malik olmasını müəyyən etdikdə həmin hüququn müdafiəsini təmin edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.5-ci maddəsinin həmin Məcəllənin 155, 156 və 372.4cü maddələri ilə müqayisəli şəkildə şərh edilməsinə dair» 27.08.2012-ci il tarixli Qərarında qeyd edilmişdir ki, qüvvədə olan prosessual qanunvericilikdə iddianı fərdiləşdirən iki elementə rast gəlmək olar: iddianın predmeti və onun əsası (məsələn, MPM-nin 53, 153cü maddələri). Bu elementlər nəinki iddianı, həmçinin iş üzrə prosesin özünü konkretləşdirməyə, onun həcmini, xarakterini, məhkəmənin fəaliyyətinin istiqamətini və xüsusiyyətlərini müəyyən etməyə imkan verir. Prosesdə iddianın predmeti dedikdə, iddiaçının, barəsində qərar qəbul olunmasını xahiş etdiyi subyektiv hüquq başa düşülür. İddianın predmetinə qanunla qorunan maraqları, o cümlədən bütövlükdə hüquq münasibətlərini aid etmək olar. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmə haqlı olaraq belə nəticəyə gəlmişdir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materialları və işdə olan sübutlar hərtərəfli və obyektiv araşdırılarkən müəyyən olunmuşdur ki, iddiaçının hazırkı məhkəmə baxışının predmeti olan iddia tələbində hüququnun pozulmasına dair heç bir sübut və əsas göstərilməmişdir. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərini əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin maddə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi «Brumaresku Rumıniyaya qarşı» iş üzrə 28 oktyabr 1999-cu il tarixli qərarında göstərmişdir ki, hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi digərləri ilə yanaşı tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır. “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin "Mahmudov Rusiyaya qarşı iş üzrə" 26 iyul 2007-ci il tarixli qərarında həmin məhkəmə xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, “affirmanti, non neganti, incumbit probation”, yəni, sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həmmövculuğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün "N.Məmmədovanm şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, “məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2-ci bəndinin izahına əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iş üzrə toplanılmış sübutlara məcmu halında qiymət verməklə belə nəticəyə gəlmişdir ki, iddia təmin edilməməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Bundan başqa müəyyən edilmişdir ki, apelyant apelyasiya şikayətində qətnamənin ləğv edilərək iddianın təmin edilməsini xahiş etsə də şikayətini əsaslandıra bilməmiş, buna dair hər hansı bir sübut təqdim etməmişdir. Belə olan halda məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşaraq hesab edir ki, iddiaçı Abşeron Rayonu Masazır Bələdiyyəsinin apelyasiya şikayəti isə təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392 və 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Abşeron Rayon Məhkəməsinin 2(012)-248/2021 saylı, 31 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. İddiaçı Abşeron Rayonu Masazır Bələdiyyəsinin apelyasiya şikayəti təmin olunmasın. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-2299/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2299/2021
27.07.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver