Məhkəmə qərarları › İş №2(105)-232/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-232/2024

29.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Digər icarə müqavilələri - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-232/2024 29.05.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" Şirkətinə qarşı mülki iş üzrə (Açar sözlər: icarə haqqının ödənilməsi tələbi, ekspert rəyi, sübutemtə yükü) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X11 (sədrlik edən və məruzəçi), Dəmirov İlqar Kamal oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili X2 və cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-79/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları

1. İcarəyə verən İddiaçı əvəzinə X3 ilə "xxxx" Şirkətinin (Vöen: **********) direktoru X9 arasında bağlanmış xx.xx.2017-ci il tarixli icarə müqaviləsindən görünür ki, icarəyə verən ünvan 1 ünvanında yerləşən 4-cü mərtəbə, blok A, ümumi sahəsi 246.8 kv.m olan 3 saylı mənzili xx.xx.2017-ci il tarixdən etibarən 2 il müddətinə, icarə haqqı 3000 manat, vergi haqqı 488.37 manat olmaqla, cəmi 3488.37 manat icarə haqqı ödənilməsi şərtilə icarəyə verməyi öhdəsinə götürmüşdür.

2. İcarəyə verən İddiaçı əvəzinə X3 ilə "xxxx" Şirkətinin (Vöen: **********) direktoru X9 arasında bağlanmış xx.xx.2018-ci il tarixli aktdan görünür ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün ünvan 2 ünvanında icarəyə götürülmüş obyektin xx.xx.2018-ci il tarixədək icarə haqqı borcu 55087 manat təşkil edir.

3. İcarəyə verən İddiaçı əvəzinə X3 ilə "xxxx" Şirkətinin (Vöen: **********) direktoru X9 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 1 saylı əlavədən görünür ki, tərəflər icarə müddətinin xx.xx.2019-cu il tarixdən başlayaraq 11 ay müddətinə uzadılmasına dair razılığa gəlmişlər.

4. İcarəyə verən İddiaçı əvəzinə X3 ilə "xxxx" Şirkətinin (Vöen: **********) direktoru X9 arasında bağlanmış xx.xx.2020-ci il tarixli 2 saylı əlavədən görünür ki, tərəflər icarə müddətinin xx.xx.2017-ci il tarixdən başlayaraq 11 ay müddətinə uzadılmasına dair razılığa gəlmişlər.

5. "xxxx" şirkətinin xx.xx.2021-ci il tarixədək hesablanan borcu üzrə cədvəldən görünür ki, xx.xx.2018-ci il tarixədək 55087 manat olmaqla, xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək 3000 manat olmaqla, ümumilikdə, cəmi 172087 manat borc hesablanmışdır.

6. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 4/874 saylı rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş mülki işin 80-84-cü vərəqlərində olan 01 mart 2017-ci il tarixli icarə müqaviləsinin “İcarəçi” qrafasında “Novruzov.A.M.” yazıları qarşısındakı imza; 75-ci vərəqində olan İddiaçı və "xxxx" Şirkəti arasında bağlanmış “19” aprel 2016-cı il tarixli icarə müqaviləsinə 01 mart 2017-ci il tarixli, 01 nömrəli əlavədə “İcarəçi” qrafasında “Novruzov.A.M.” yazıları qarşısındakı imza; 77-ci vərəqində olan 30 aprel 2018-ci il tarixli aktda “İcarəçi” qrafasında “Novruzov A.M.” yazıları qarşısındakı imza; 76-cı vərəqində olan İddiaçı və "xxxx" Şirkəti arasında bağlanmış “01” mart 2017-ci il tarixli icarə müqaviləsinə 01 mart 2019-cu il tarixli 01 nömrəli əlavədə “İcarəçi” qrafasında “Novruzov A.M.” yazıları qarşısındakı imza; 74-cü vərəqində olan İddiaçı və "xxxx" Şirkəti arasında bağlanmış “01” mart 2017-cı il tarixli icarə müqaviləsinə 01 fevral 2020-ci il tarixli 02 nömrəli əlavədə “İcarəçi” qrafasında “Novruzov A.M.” yazıları qarşısındakı imza X9 tərəfindən yox, başqa şəxslər tərəfindən icra olunmuşdur. Rəydən daha sonra görünür ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 138 manat təşkil edir.

7. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekpsertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli 4/387/-5/316 nömrəli ekspert rəyindən görünür ki, Ekspertizaya təqdim edilmiş, mülki işin 80-84-cü vərəqlərində olan 01 mart 2017-ci il tarixli “İcarə müqaviləsi”nin 5-ci vərəqinnin aşağı sağ hissəsində “İcarəçi” qrafasında “Novruzov A.M.” yazılarının qarşısındakı imza; mülki işin 76-ci vərəqində olan 01 mart 2019- cu il tarixli İddiaçı və "xxxx" Şirkəti arasında bağlanmış “01" mart 2017-ci il tarixli icarə müqaviləsinə 1 nömrəli “Əlavə”nin aşağı sağ hissəsində “İcarəçi” qrafasında “Novruzov A.M." yazılarının qarşısındakı imza; mülki işin 74-cü vərəqində olan 01 fevral 2020-ci il tarixli İddiaçı və "xxxx" Şirkəti arasında bağlanmış “01” mart 2017-ci il tarixli icarə müqaviləsinə 2 nömrəli “Əlavə”nin aşağı sağ hissəsində “İcarəçi” qrafasında “Novruzov A.M.” yazılarının qarşısındakı imza; mülki işin 77-ci vərəqində olan 30 aprel 2018-ci il tarixli “Akt”da “İcarəçi” qrafasında “Novruzov A.M.” yazılarının qarşısındakı imza - X9 tərəfindən yox, başqa şəxslər tərəfindən icra edilmişdir. Ekspertizaya təqdim edilmiş, mülki işin 78-ci vərəqində olan xx.xx.2016-cı il tarixli “İcarə müqaviləsi”nin 2-ci vərəqinin aşağı sağ hissəsində “İcarəçi” qrafasında “Novruzov A.M.” yazılarının qarşısındakı imza - X9 tərəfindən icra edilmişdir. Tədqiqata təqdim edilmiş 01 mart 2017-ci il tarixli İcarə müqaviləsində, həmin müqavilənin 01,03.2019-cu il tarixli Əlavə 1-də, 01,02.2020-ci il tarixli Əlavə 2-də, 30.04.18-ci il tarixli Aktda, xx.xx.2016-cı il tarixli İcarə müqaviləsində olan “Qafqazenerqoserviz”-nin möhür əksləri relyef klişe vasitəsilə sənədin üzərinə birbaşa vurulmuşdur. Tədqiqata təqdim edilmiş xx.xx.2017-ci il tarixli İcarə müqaviləsində, həmin müqavilənin xx.xx.2019-cu il tarixli Əlavə 1-də, xx.xx.2020-ci il tarixli Əlavə 2-də, 30.04.18ci il tarixli Aktda, xx.xx.2016-cı il tarixli İcarə müqaviləsində olan “Qafqazenerqoserviz”-nin möhür əksləri ekspertizaya təqdim edilmiş “Qafqazenerqoserviz”-nin möhür şirkətinin möhürünün eksperimental əks nümunələri ilə eyni və ya fərqli olmasını müəyyən etmək mümkün olmamışdır. Ekspertiza xərclərinə dair bildirişdən görünür ki, ekspert tədqiqatının dəyəri 138 manat təşkil etmişdir.

Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı cavabdeh "xxxx" Şirkətinə qarşı icarə haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh "xxxx" şirkətindən 172087 manat icarə haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı adından X3 ilə "xxxx" Şirkətinin (Vöen: **********) direktoru X9 arasında xx.xx.2017-ci il tarixli icarə müqaviləsi bağlanmış və həmin icarə müqavilələrinin uzadılması barədə olan müqavilələrə əsasən, icarəyə verən ünvan 3 ünvanında yerləşən sahəni (“Obyekt”) sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün icarəçiyə icarəyə vermiş, icarəçi isə müqavilə ilə razılaşdırılmış, hər təqvim ayı üçün aylıq 3000 manat icarə haqqını icarəyə verənə ödənilməsini öhdəsinə götürmüşdür. Həmin icarə müqaviləsinin 4.3-cü maddəsinə əsasən, cavabdeh hər ayın 3-cü təqvim günündən gec olmayaraq icarə haqqını icarəyə verənin bank hesabına köçürməli olmasına baxmayaraq 2017-ci ilin mart ayından 2021-ci ilin iyul ayı da daxil olmaqla cəmi 172087 manat icarə haqqını heç bir səbəb olmadan ödəməmişdir. Bununla əlaqədar tərəflər arasında dəfələrlə danışıqlar, yazışmalar, görüş olmuş, cavabdeh maddi imkanının olmamasını, hesablarında pulun olmamasını və sair bu kimi mənasız və əsassız bəhanələr gətirərək icarə haqqını ödəməkdən yayınmışdır. Bu səbəbdən də, icarə haqqı ödənişinin məhkəmə qaydasında ödənilməsi zərurəti yaranmışdır. Ona görə də göstərilənlərə əsasən, iddia ərizəsinin təmin olunması məhkəmədən xahiş olunmuşdur.

10. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-79/2023 nömrəli qətnaməsi ilə iddianın təmin edilməməsi, İddiaçı aparılmış ekspertiza tədqiqatına görə 138 (yüz otuz səkkiz) manat pul vəsaitinin alınaraq Məhkəmə Ekpsertiza Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir (hakim Habil Əhmədov).

11. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1, 329.2, 331.1, 700.1, 700.2, 700.3-cü maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 62.1, 76.1, 76.2, 88, 106.1, 101.3, 103.1, 217.3, 217.4-cü maddələri ilə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri

12. Qətnamədən iddiaçının nümayəndəsi və vəkili X5 apellyasiya şikayəti verərək, Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-79/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 700.1-ci maddəsində göstərilir ki, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Cavabdeh, icarəyəgötürən "xxxx" Şirkəti faktiki olaraq icarəyə götürdüyü ünvan 3 ünvanında yerləşən sahəni 2021-ci ilin yayına kimi istifadə etdiyi halda icarə haqqını ödəməmişdir. 2014-2016-cı illərə görə icarə haqqını ödəmişdir. Cavabdehin nümayəndəsi məhkəmə baxışında icarə müqavilələrində və icarə müqaviləsinə əlavələrdə imzanın onlara məxsus olmamasını bildirmişdir. Elə isə icarə müqaviləsi olmadığı halda hansı əsasla icarəyə götürülən ünvan 3 ünvanında yerləşən sahə cavabdeh tərəfindən istifadə edilmişdir? Məhkəmənin hazırlıq iclasının keçirilməsi barədə cavabdehin lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmənin hazırlıq iclasında üzrsüz səbəbdən iştirak etməmişdir. Məhkəmə baxışı zamanı iştirak edən cavabdehin nümayəndəsi, cavabdehin faktiki olaraq icarəyə götürdüyü ünvan 3 ünvanında yerləşən sahəni 2021-ci ilə kimi istifadə etməsi barədə suala, məlumatı olmamasını bildirmiş, bir neçə dəfə keçirilən məhkəmə baxışı zamanı axırıncı iclasda cavabdeh tərəfindən icarə müqavilələrində və icarə müqaviləsinə əlavələrdə imza etmədiyi barədə izahat verdiyi zaman, məhkəmə işin hallarını qiymətləndirmədən dərhal məhkəmə-xətt ekspertizası təyin edilməsi barədə qərardad qəbul etmişdir. Cavabdehin nümayəndəsi məhkəmədə bilmişdir ki, möhür də cavabdehə məxsus deyildir. Möhürün cavabdehə məxsus olmaması barədə izahat verilməsi məhkəmə-xətt ekspertizasının təyin edilməsi barədə qərardadda da göstərilmişdir. Halbuki məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə yol verilmir. Uzun müddət keçdikdən sonra məhkəmə-xətt ekspertizasının rəyi verilmişdir. Ekspertizaya təqdim olunan, cavabdehin sərbəst və eksperimental xətt nümunələrinin necə götürülməsi məlum olmamışdır. Həmin nümunələrin kim tərəfindən icra olunması, yəni iddiaçının iştirakı ilə cavabdeh şirkətin direktorunun sərbəst və eksperimental xətt nümunələrinin götürülməsi həyata keçirilməli idi. Lakin məhkəmə bu göstərilənlərə əməl etməmişdir. Məhkəmə-xətt ekspertizasının rəyi alındıqdan sonra cavabdeh məhkəmədə bildirmişdir ki, icarəyə verən, yəni iddiaçı tərəf cavabdehin möhürünü guya özündə saxlayıb istifadə etmişdir. Bu barədə - guya cavabdehin möhürünü alıb cavabdehə verən şəxsin məhkəmədə dindirilməsi və cavabdehin 2021-ci ilin yayına kimi icarəyə götürdyü sahəninin istifadə edilməsi barədə sübutları araşdırılması istənilsə də məhkəmə vəsatəti rədd etmişdir ki, işin müddəti qurtarır. Elə isə lazım olmadığı halda məhkəmə baxışını bir neçə dəfə keçirilməsi nəyə lazım idi? Məhkəmədə dindirilməsi lazım olan şahidlər və cavabdehin 2021-ci ilin yayına kimi icarəyə götürdyü sahəni istifadə etdiyi sahəyə görə ödədikləri kommunal xərclərin sübutları mövcuddur. Cavabdeh tərəfin göstərdiyi Əsgər adlı şəxsin məhkəmədə dindirilməsinin işin araşdırılması üçün mühüm əhəmiyyət kəsb etməsinə baxmayaraq məhkəmə həmin şəxsi dindirməmişdir. Guya Əsgər adlı şəxs cavabdehin möhürünü alıb cavadehə vermişdir. Eləcə də iddiaçı tərəfin məhkəmə araşdırmasının nəticələrini gözdən keçirib məhkəmə çıxışına hazır olmaması barədə müraciətinə məhkəmə əhəmiyyət verməyərək qətnamə qəbul etmişdir. Məhkəmə işin hallarına qiymət vermədən yalnız ekspert rəyini məcburi saymışdır.

Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

14. Cavabdeh “Qafqazenergoservis” şirkəti nümayəndəsi Nümayəndə tərəfindən apellyasiya şikayətinə yazılı etiraz ünvanlanaraq apellyasiya şikayətinin təmin edilməməsi xahiş edilmişdir. Nümayəndə etirazında göstərmişdir ki, apellyasiya şikayətində cavabdeh tərəfin iddia tələbinin qismən etiraf edildiyi bildirilir. Tam şəkildə yanlış qeyd edilmişdir. Belə ki, cavabdehin nümayəndəsi tərəflər arasında mövcud olmuş icarə müqaviləsinin son iki ayı üçün icarə haqqını ödəyə bilmədiyini və borclu qaldığını bildirmişdir. Tərəflər arasında son icarə müqaviləsi xx.xx.2014-cü il tarixdə bir il müddətinə bağlanmışdır. Həmin müqavilə üzrə tələb irəli sürülməmişdir. İddiaçı tərəfindən isə 2016-cı il və ondan sonrakı müddətlərdə tərtib edilmiş müqavilələr, əlavələr, aktlar təqdim edilmişdir. Əslində tərəflər arasında belə bir müqavilə münasibətləri olmamışdır. 2014-cü il də bağlanmış müqavilənin müddəti bitəndən sonra, cavabdehin maliyyə sıxıntıları olduğundan müddəti uzadılmamışdır. İddiaçı tərəfindən təqdim edilmiş 2016-cı və daha sonrakı müddətlərdə bağlandığı qeyd edilmiş müqavilə və əlavələrdə cavabdeh şirkətin möhürü vurulmuşdur. Bu mümkün idi. Çünki icarə haqqı ödənilmədiyi səbəbdən iddiaçı ofisin qapısını bağlamış, cavabdeh şirkətin əməkdaşlarını içəri buraxmamışdır. Şirkətin digər sənəd və vəsaitləri kimi möhürü də orada qalmışdır. Möhür və sənədlərin bir qismi 2016-cı ilin sonunda qaytarılmış, qalan vəsaitlər isə indiyə kimi icarə sahəsində saxlanılır, verilmir. Cavabdeh tərəfi təcübləndirilən məsələ təqdim edilmiş müqavilə və əlavələrdə şirkətin direktorun imzası idi. Çünki vizual baxışda imza oxşardır və direktora aid olduğu təsəvvürünü yaratmışdır. Lakin şirkətin direktoru israr etmişdir ki, son olaraq 2014-cü ildə icarə müqaviləsinə imza etmişdir. Məhkəməyə təqdim edilmiş müqavilələrdə imzalar onun imzasına oxsadılmaqla çəkilmişdir, ona məxsus deyildir. Məhz bu baxımdan imzaların yoxlanılması barədə şirkətin nümayəndəsi vəsatətlə çıxış etmiş, iddiaçı tərəf buna etiraz etsə də məhkəmə ekspertiza təyin etmişdir. Ekspertiza təhqiqatına təqdim edilməsi üçün cavabdeh şirkətin direktoru Altay Novruzov məhkəməyə çağırılmış, sərbəst imza nümunələri, Abşeron rayon Məhkəməsinin binasında, binanın birinci mərtəbəsində yerləşən iclas zalında işə baxan hakim və məhkəmə iclas katibinin iştirakı ilə götürülmüşdür. Göründüyü kimi apellyasiya şikayətinin dəlilləri əsassızdır və faktiki hallar yanlış qeyd olunmuşdur. Ona görə də apellyasiya şikayətinə baxılarkən qeyd edilənləri də nəzərə alınmasını, apellyasiya şikayətinin təmin edilməməsini xahiş edir.

Apellyasiya icraatı iştirakçılarının izahatları

15. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili X5 apellyasiya şikayətini müdafiə edib orada göstərilənlərə uyğun izahat verərək təmin edilməsini xahiş etdi.

16. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə yazılı etirazında qeyd etdiklərini nəzərə almaqla apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.

Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi

17. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.

18. Maddə 329.2. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır.

19. Maddə 331.1. Yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır.

20. Maddə 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.

21. Maddə 700.2. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər.

22. Maddə 700.3. Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir

Azərbaycan Respublikası Mülki Prosessual Məcəllə

23. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

24. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

25. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

26. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

27. Maddə 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.

28. Maddə 119.1 Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

29. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

30. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

31. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər.

32. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

33. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

34. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

35. Apellyasiya şikayətindən görünür ki, iddiaçı Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-79/2023 nömrəli qətnaməsini tam həcmdə mübahisələndirərək qətnamənin ləğv edilməsini xahiş etmişdir.

36. Ona görə də kollegiya Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

37. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

38. İşin mübahisəsiz hallarından müəyyən edilir ki, tərəflər arasında xx.xx.2014-cü il tarixdə bir il müddətinə icarə müqaviləsi bağlanmışdır. Həmin müqavilənin məzmunundan göründüyü kimi, icarəyə verən İddiaçı müqavilə ilə nəzərdə tutulmuş obyekti - ünvan 3 ünvanında yerləşən sahəni icarəçi "xxxx" şirkətinə təhvil verməklə tərəflər arasında icarə hüquq münasibətlərindən irəli gələn hüquq münasibətləri yaranmış və tərəflər həmin müqavilə üzrə qarşılıqlı hüquq və vəzifələr daşımışlar. İcarənin müddəti xx.xx.2014-cü il tarixindən başlayaraq 1 il təşkil etmişdir, icarə haqqı 1000 manat müəyyən edilmişdir. Cavabdehin nümayəndəsinin məhkəmə iclasında verdiyi izahatından məlum olur ki, tərəflər arasında icarə münasibətləri yalnız 2014-2016-cı illərdə mövcud olmuş, cavabdehin vergi orqanlara yaranmış borca görə açılmış cinayət işinə görə icarə haqqını bir neçə ay ödəyə bilmədiklərindən iddiaçı tərəfindən 2016-cı ilin əvvələrində obyektindən çıxarılmışlar, lakin möhür və bəzi sənədlər müəyyən müddət həmin ofisdə qalmışdır.

39. İddianın məzmunundan isə görünür ki, iddiaçı cavabdehdən ünvan 3 ünvanında yerləşən sahəni icarəyə verilməsi nəticəsində 2017-ci ilin mart ayından 2021-ci ilin iyul ayı da daxil olmaqla hər təqvim ayı üçün aylıq 3000 manat icarə haqqını, cəmi 172087 manat pul vəsaitini tələb edir. İddiaçı həmin tələbin əsası kimi xx.xx.2017-ci il tarixli icarə müqaviləsinə, həmin icarə müqavilənin uzadılması barədə xx.xx.2019-cu il tarixli 01 nömrəli və xx.xx.2020-ci il tarixli 02 nömrəli əlavələrinə, xx.xx.2018-ci il tarixli aktına istinad etmişdir.

40. İddianı təmin etməyən birinci instansiya məhkəməsi qeyd etmişdir ki, tərtib olunmuş müqavilə səlahiyyətli nümayəndənin deyil, başqa şəxsin imzası ilə təsdiq edilməklə müqavilə qanunvericiliyin tələblərinə zidd olaraq tərtib olunmuşdur. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, bağlanmış müqavilə üzrə cavabdehin öhdəlik daşımadığı təsdiq olunmaqla göstərilən hal cavabdehin iddiaçı qarşısında öhdəliyinin icrasını istisna edir. Ona görə də iddia tələbləri əsaslı olmadığından təmin edilməməlidir.

41. Belə ki, birinci instansiya məhkəməsinin icraatı zamanı əldə olunmuş xx.xx.2023cü il tarixli ekspert rəyindən görünür ki, 01 mart 2017-ci il tarixli icarə müqaviləsində, xx.xx.2016-cı il tarixli icarə müqaviləsinə 01 mart 2017-ci il tarixli, 01 nömrəli əlavədə, xx.xx.2018-ci il tarixli aktda, xx.xx.2017-ci il tarixli icarə müqaviləsinə 01 mart 2019-cu il tarixli 01 nömrəli əlavədə, xx.xx.2017-cı il tarixli icarə müqaviləsinə 01 fevral 2020-ci il tarixli 02 nömrəli əlavədə olan imzalar X9 tərəfindən yox, başqa şəxslər tərəfindən icra olunmuşdur.

42. Apellyasiya şikayətinin dəlilləri isə ondan ibarət olmuşdur ki, ekspertizaya təqdim olunan, cavabdehin sərbəst və eksperimental xətt nümunələrinin necə götürülməsi məlum olmamışdır. Həmin nümunələrin kim tərəfindən icra olunması, yəni iddiaçının iştirakı ilə cavabdeh şirkətin direktorunun sərbəst və eksperimental xətt nümunələrinin götürülməsi həyata keçirilməli idi. Məhkəmədə dindirilməsi lazım olan şahidlər və cavabdehin 2021-ci ilin yayına kimi icarəyə götürdyü sahəni istifadə etdiyi sahəyə görə ödədikləri kommunal xərclərin sübutları mövcuddur. Cavabdeh tərəfin göstərdiyi Əsgər adlı şəxsin məhkəmədə dindirilməsinin işin araşdırılması üçün mühüm əhəmiyyət kəsb etməsinə baxmayaraq məhkəmə həmin şəxsi dindirməmişdir.

43. İddiaçının iştirakı ilə cavabdeh şirkətin direktorunun sərbəst və eksperimental xətt nümunələrinin götürülməsi ilə bağlı dəlilini nəzərə alan məhkəmə kollegiyası məhkəməxətşünaslıq və sənədlərin texniki ekspertizasına dair qərardad qəbul emtiş və iddiaçının nümayəndəsi və vəkili X2 iştirakı ilə həmin nümunələr götürülmüşdür. Məhkəmə kollegiyası tərəfindən əldə olunmuş xx.xx.2024-cü il tarixli ekspert rəyinə əsasən, 01 mart 2017-ci il tarixli icarə müqaviləsində, 01 mart 2019-cu il tarixli 1 nömrəli əlavədə, 01 fevral 2020-ci il tarixli 2 nömrəli əlavədə, 30 aprel 2018-ci il tarixli aktda imza X9 tərəfindən yox, başqa şəxslər tərəfindən icra edilmişdir. xx.xx.2016-cı il tarixli icarə müqaviləsində imza X9 tərəfindən icra edilmişdir. Tədqiqata təqdim edilmiş 01 mart 2017-ci il tarixli icarə müqaviləsində, həmin müqavilənin xx.xx.2019-cu il tarixli əlavə 1-də, 01,02.2020-ci il tarixli əlavə 2-də, 30.04.18-ci il tarixli aktda, xx.xx.2016-cı il tarixli icarə müqaviləsində olan "xxxx" şirkətinin möhür əksləri relyef klişe vasitəsilə sənədin üzərinə birbaşa vurulmuşdur. Tədqiqata təqdim edilmiş xx.xx.2017-ci il tarixli icarə müqaviləsində, həmin müqavilənin xx.xx.2019-cu il tarixli əlavə 1-də, xx.xx.2020-ci il tarixli əlavə 2-də, 30.04.18-ci il tarixli aktda, xx.xx.2016-cı il tarixli icarə müqaviləsində olan "xxxx" şirkətinin möhür əksləri ekspertizaya təqdim edilmiş "xxxx" şirkətinin möhür şirkətinin möhürünün eksperimental əks nümunələri ilə eyni və ya fərqli olmasını müəyyən etmək mümkün olmamışdır.

44. Digər dəlil ilə bağlı kollegiya qeyd edir ki, Əsgər Novruzov Azərbaycan Respublikasının hüdudlarından kənarda olduğundan, onu şahid qismində dindirilməsi mümkün olmamışdır. Lakin cavabdeh tərəfindən təqdim olunmuş elektron poçt yazışmasından görünür ki, Əsgər Novruzov icarə müqaviləsinin 2016-cı ildən sonra bağlanmasını təsdiq etmir. Kollegiya məhkəmə iclasında iddiaçı tərəfindən təqdim olunan “Everton” firmasında işləyən şahidləri X8 və X1 dindirmişdir. Kollegiya həmin şahid ifadələrini və kommunal xidmətlərinə dair qəbzləri (ödənişlərin əksəriyyəti “Everton” firması tərəfindən edilmişdir) iddianın təmin olunması üçün mötəbər sübut hesab etmir.

45. Əvvəla kollegiya qeyd edir ki, İddiaçı cavabdeh "xxxx" şirkətindən 2017-ci ilin mart ayından 2021-ci ilin iyul ayı da daxil olmaqla hər təqvim ayı üçün aylıq 3000 manat icarə haqqını, cəmi 172087 manat pul vəsaitini tələb etsə də və tərəflər arasında icarə müqavilə münasibətlərinin davam etməsinə istinad etsə də, göstərilən dövrdə cavabdeh tərəfindən icarə obyektindən istifadə etməsini mötəbər sübutlarla sübut edə bilməmişdir.

46. Belə ki, Mülki Məcəllənin 700.1-ci maddəsinə əsasən, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.

47. Kollegiya apellyasiya şikayətinin dəlilləri ilə bağlı əvvəla qeyd edir ki, mülki prosessual qanunvericilik hakimin üzərinə öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmaq öhdəliyi qoyur və öz qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandırmağı qadağan edir. Qanun tərəflər arasında sübutetmə yükünü müəyyən etməklə yanaşı, işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılması, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməsi qaydasını müəyyən edir (MPM-in 9.3, 77.1, 88-ci maddələri).

48. Məhkəmə kollegiyası nəzərə alır ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir.

49. Kollegiya hesab edir ki, məhkəmə araşdırması zamanı 2017-ci ilin mart ayından 2021-ci ilin iyul ayınadək olan dövrdə göstərilmiş icarə obyektindən cavabdeh "xxxx" şirkəti tərəfindən istifadə etməsi öz təsdiqini tapmadığından, iddiaçının tələbi təmin oluna bilməz.

50. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

51. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392- 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-79/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 138 (yüz otuz səkkiz) manat İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, X4, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ ******************** SWİFT BİK CTREAZ 22, hesab nömrəsi «AZ34CTRE ********************) keçirilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemi”ndə yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar