Məhkəmə qərarları › İş №2(105)-2338/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2338/2020

01.10.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2338/2020 01.10.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi X2, iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Qaz İxrac” İdarəsinin nümayəndəsi X3, Cavabdeh oğlunun nümayəndəsi və vəkili X5 iştirakları ilə açıq məhkəmə iclasında Abşeron Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(012)-174/2020 saylı qətnaməsindən Cavabdeh oğlunun apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Abşeron Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(012)-174/2020 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Elman Məmmədov) iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Qaz İxrac” İdarəsinin Cavabdeh oğluna qarşı magistral qaz kəmərinin mühafizə zonasında qanunsuz inşa olunmuş fərdi yaşayış evinin sökülməsi tələbinə dair mülki iş üzrə iddia təmin edilmiş, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Qaz İxrac” X4 X11 balans və istismarında olan 1020/720 mm diametrli 37 atmosfer təzyiqli “Qaradağ KS-Digah-Şimal DRES” İ sinif yeraltı magistral qaz kəmərinin mühafizə zonasında Cavabdeh oğlu tərəfindən inşa edilmiş daş hasarın və fərdi yaşayış evinin cavabdehin hesabına əvəzi ödənilmədən sökülməsi, tikinti mal-materiallarının magistral qaz kəmərinin mühafizə zonasından çıxarılması qət edilmiş, Cavabdeh oğlu qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Qaz-İxrac” İdarəsi iddia ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Qaz İxrac” X4 X11 balans və istismarında olan 1020/720 mm diametrli 37 atmosfer təzyiqli “Qaradağ KS-Digah- Şimal DRES” İ sinif yeraltı magistral qaz kəmərinin Abşeron rayonu, Mehdiabad qəsəbəsindən keçən hissəsində, magistral qaz kəmərinin mühafizə zonasında Cavabdeh oğlu tərəfindən inşa edilmiş daş hasar və fərdi yaşayış evinin cavabdehin hesabına əvəzi ödənilmədən sökülməsi, tikinti malmateriallarının magistral qaz kəmərinin mühafizə zonasından çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmiş və tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh oğlu tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli, 103 saylı qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın tələbləri pozularaq SOCAR “Qaz İxrac” X4 X11 balans və istismarında olan 1020/720 mm diametrli “Qaradağ KS-Digah-Şimal DRES” yüksək təzyiqli (37 atmosfer) yeraltı magistral qaz kəmərinin Abşeron rayonu, Mehdiabad qəsəbəsindən keçən hissəsində, magistral qaz kəmərinin 39-cu kilometrliyində, magistral qaz kəmərinin mühafizə zonasında, daha dəqiqliklə müvafiq magistral qaz kəmərindən 25 metr məsafədə daş hasar və 30 metr məsafədə fərdi yaşayış evi inşa edilmişdir. Qeyd edilən ərazidə, magistral qaz kəmərinin mühafizə zonasında inşa edilmiş və inşası davam etdirilən tikililər barədə müvafiq tədbirlər görülməsi üçün xx.xx.2012-ci il tarixli, AP-927/4-14 saylı, xx.xx.2013-cü il tarixli, GB-71/4-14 saylı, xx.xx.2013-cü il tarixli, GB-327/4-14 saylı və xx.xx.2013-cü il tarixli, GB-850/4-14 saylı məktublarla müvafiq olaraq Abşeron rayon İcra Hakimiyyətinə, Abşeron rayon prokurorluğuna, Polis şöbəsinə, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Fövqəladə halların xəbərdar edilməsi Baş idarəsinə, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinə, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Əməliyyat-İstintaq İdarəsinə rəsmi müraciətlər edilmişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin xx.xx.2013-cü il tarixli, xx/xx- 01572 saylı məktubuna əsasən qeyd olunan ərazidə (magistral qaz kəmərinin mühafizə zonasında) texniki təhlükəsizlik qaydaları tələblərinin pozulması faktları təsdiqlənmiş və məhkəmə orqanlarına müraciət edilməsi məqsədəuyğun hesab edilmişdir. Qeyd olunan magistral qaz kəmərinin (Qaradağ KS- Digah-Şimal DRES) və eləcə də Abşeron rayonu ərazisindən keçən digər yüksək təzyiqli qaz kəmərlərinin mühafizə zonasında tikintisi aparılmış və aparılmaqda olan özbaşına tikililərlə bağlı müvafiq tədbirlərin görülməsinə, daha dəqiqliklə, magistral qaz kəmərlərinin bütövlükdə Abşeron rayonunun ərazisindən keçən hissəsində insan tələfatı ilə nəticələnə biləcək partlayış, yanğın, qəza və dağıntıların, hər hansı bir bədbəxt hadisənin vaxtında qarşısının alınması və magistral qaz kəmərlərinin normal iş rejiminin təmin edilməsi üçün kəmərlərin mühafizə zonasında ümumilikdə aparılmış və aparılan tikinti işlərinin dayandırılması, eləcə də həmin kəmərlərin mühafizə zonasında sakinlər tərəfindən tikinti işləri aparılmaqla qeyri-qanuni olaraq inşa edilmiş müxtəlif növ təyinatlı tikililərin həmin şəxslərin hesabına sökülməsi, həmin tikililərin yerləşdiyi torpaq sahəsinin tikinti materiallarından boşaldılaraq “Qaz İxrac” X4 X11 istifadəsinə geri qaytarılması, həmçinin kəmərlərin mühafizə zonasında yerləşən tikili sahiblərinin şəxsiyyətinin (ad, soyad, ata adı və təvəllüdü), sonuncu poçt ünvanlarının müəyyən edilməsi ilə əlaqədar ətraflı araşdırma aparılmasına dair aidiyyəti şəxslərə müvafiq göstərişlər verməsi, aparılmış və icra edilmiş araşdırmaların nəticəsi barədə müraciət müəllifi qismində Abşeron MQKS-yə qısa müddətdə cavab verilməsinin təmin edilməsi məqsədilə Abşeron rayon İcra Hakimiyyətinin başçısının adına MV- 190/01/OH saylı məktubla xx.xx.2017-ci il tarixdə təkrarən müraciət olunmuşdur. xx.xx.2019-cu il tarixdə Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində, 1020/720 mm diametrli “Qaradağ KS-Digah-Şimal DRES” yüksək təzyiqli (37 atm.) yeraltı magistral qaz kəmərinin mühafizə zonasında Cavabdeh oğlu tərəfindən magistral qaz kəmərindən 25 metr məsafədə daş hasarın və 30 metr məsafədə fərdi yaşayış evinin inşa edilməsi barədə 1 saylı Xətti İstismar Xidmətinin (XİX) məsul əməkdaşları tərəfindən akt və xəbərdarlıq məktubu tərtib edilmiş, lakin adı çəkilən vətəndaş ona təqdim edilən xəbərdarlıq məktubunu qəbul etməkdən imtina etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli, 103 saylı qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirlər Qaydaları”na əsasən, magistral qaz kəmərlərinin mühafizə zonalarında hər hansı bir tikinti quraşdırma islərinin aparılması qəti qadağandır. Beləliklə, cavabdeh tərəfindən inşa edilmiş tikili birbaşa kəmərin mühafizə zonasında yerləşir və həmin magistral qaz kəmərində baş verə biləcək kiçik bir qaz sızması insanların həyatına və sağlamlığına təhlükə yaradan partlayışa, yanğına və digər növ qəzalara, habelə kütləvi insan tələfatına səbəb ola bilər. Cavabdeh mühafizə zonasında inşa etdiyi tikili həm özü, həm də ətrafdakılar üçün ona məlum olan səbəblərdən (özünün kobud ehtiyatsızlığı nəticəsində) yüksək təhlükə mənbəyi hesab olunmaqla, həm özü tərəfindən, həm də digərləri tərəfindən ala bilinən zərərlərə görə məsuliyyət Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096 və 1108-ci maddələrinə əsasən təqsirli şəxs kimi özünün üzərinə düşür. Bu səbəbdən də, cavabdeh həmin özbaşına tikintiyə mülkiyyət hüququ əldə etməmişdir. Buradan da müəyyən olunur ki, Cavabdeh buna səlahiyyətli orqanların müvafiq icazəsi olmadan, eləcə də, tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla inşa etdiyi qanunsuz tikili cavabdehin öz hesabına sökülməlidir. Bundan əlavə “Əhalinin və iqtisadiyyatın enerji daşıyıcıları ilə təminatının yaxşılaşdırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2000-ci il tarixli, 356 saylı Fərmanının 10-cu bəndi ilə qaz kəmərləri keçən ərazilərdə qanunsuz tikililərin aparılması hallarının qarşısının qəti şəkildə alınması şəhər (rayon) icra hakimiyyəti orqanlarına tapşırılmışdır. Bu məqsədlə də aidiyyəti icra hakimiyyəti orqanına müvafiq yazışmalar edilmişdir. Qanunun tələbinə görə, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə prosessual hüquq normaları pozulmaqla qəbul edildiyi üçün ləğv edilməlidir. Məhkəmə işə baxarkən məhkəmə prosesini birtərəfli aparmış, mübahisənin həllində mühüm əhəmiyyət kəsb edən halları araşdırmamış və səhv nəticəyə gəlmişdir.Belə ki, sözügedən torpaq sahəsini 2014-cü ildə almışdır. Torpaq sahəsinə dair eskiz layihə və etibarnamə olsa da, lakin evə dair çıxarışı yoxdur. Qeyd olunan tikili ilə bağlı ona heç bir xəbərdarlıq olunmamışdır. Sökülməsi tələb edilən yaşayış sahəsi qaz kəmərindən 30 metr aralıda yerləşir, ev 1 mərtəbədən ibarətdir. O, bu evi alan zaman yarımtikili olmuş, evin tikintisini o, başa çatdırmışdır. Qeyd olunan problem barədə ona heç bir məlumat verilməmişdir. Əgər belə bir problemin olduğunu əvvəlcədən bildirsəydilər, evin tikintisini başa çatdırmazdı. Həmçinin, ona məxsus tikilinin yanında başqa tikililər də mövcuddur. Nə Abşeron rayon İcra Hakimiyyəti tərəfindən, nə də Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Qaz İxrac” İdarəsi tərəfindən ona hər hansı məlumat və bildiriş verilməmişdir. Apellyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılması xahiş olunmuşdur. xx xxxxxxxx 2020-ci il tarixdə keçirilən məhkəmə iclasında Cavabdeh oğlunun nümayəndəsi X7 apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verərək iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Qaz İxrac” İdarəsinin nümayəndəsi X6 məhkəmə iclasında apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, izahatında iş üzrə məhkəmə qətnaməsinin dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanılmasını xahiş etdi. Cavabdeh oğlu məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlmədiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən, maddi və prosessual hüquq normalarına düzgün riayət edilib, edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli aktdan görünür ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsinin 39-cü km-də yaşayan Cavabdeh oğlu tərəfindən 1020/720 mm-lik 37 atm təzyiqli “Qaradağ KS-Digah-Şimal DRES” magistral qaz kəmərinin mühafizə zonasında kəmərdən 25-30 metr məsafədə daş hasar və yaşayış evi inşa olunmuşdur. İş materiallarında olanAzərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Qaz İxrac” İdarəsi Abşeron MQKS-nin Cavabdeh oğluna ünvanladığı xx.xx.2019-cu il tarixli xəbərdarlıqdan görünür ki, təcili olaraq inşa etdiyi daş hasar və yaşayış evini ləğv edərək magistral qaz kəmərindən 50 metr kənarlaşdırması barədə xəbərdar edilmişdir. İş üzrə keçirilmiş ekspertizanın xx xxxx 2020-ci il tarixli, 1086 saylı rəyindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin Bakı Layihə-Tədqiqat İdarəsinin mühəndisinin tərtib etdiyi mütəxəssis rəyinə əsasən qeyd olunur ki, hüquqmüəyyənedici və texniki kadastr sənədləri təqdim olunmadığından torpaq sahəsinin Cavabdeh oğluna məxsus olubolmamasının araşdırılması mümkün olmamışdır. Lakin baxış zamanı Cavabdeh oğlu tərəfindən onun faktiki istifadəsində olan torpaq sahəsi kimi təqdim edilən ərazidə tikili (yaşayış evi) mövcuddur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin Bakı Layihə- Tədqiqat İdarəsinin mühəndisinin tərtib etdiyi mütəxəssis rəyinə əsasən qeyd olunur ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisindən keçən hissəsində, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Qaz İxrac” X4 X11 balans və istismarında olan 1020/720 mm diametrli 37 atmosfer təzyiqli “Qaradağ KS-Digah-Şimal DRES” İ sinif yeraltı magistral qaz kəmərinin Cavabdeh oğlunun faktiki istifadəsində olan daş hasara alınmış torpaq sahəsindən ara məsafəsi 19 metr təşkil edir. Beləliklə, Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisindən keçən hissəsində, Cavabdeh oğlunun faktiki istifadəsində olan torpaq sahəsinin daş hasarından “Qaz İxrac” X9 Kəmərləri Sahəsinin balans və istismarında olan 1020/720 mm diametrli 37 atmosfer təzyiqli “Qaradağ KS-Digah-Şimal DRES” İ sinif yeraltı magistral qaz kəməri arasındakı məsafəsi 19 metr olduğunu nəzərə aldıqda daş hasarın həmin yeraltı magistral qaz kəmərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1999-cu il tarixli, 103 saylı qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın 2.7 bəndində göstərilən 50.0 m-lik mühafizə zonasına düşdüyü müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli, 103 saylı qərarı ilə təsdq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın 2.11-ci bəndinin “a” yarımbəndinə əsasən boru kəmərlərinin mühafizə zonalarında, onu istismar edən hüquqi və fiziki şəxslər Dövlət Neft Şirkəti və onun yerli orqanlarının yazılı razılığı olmadan hər hansı tikinti və ya quraşdırma işləri aparılması qadağandır. Həmin Qaydaların 2.7-ci bəndinə görə boru kəmərlərinin, çəkilmə tərzindən asılı olmayaraq, istismarına normal şərait yaratmaq və zədələnmə hallarının qarşısını almaq məqsədi ilə mühafizə zonası təyin edilir. Boru kəmərləri xətti boyunca, onun orta oxundan hər tərəfə şərti xətlərlə 50 m keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır. Həmin Qaydaların 2-ci bəndinə əsasən boru kəmərlərinin mühafizə zonasında iş aparılması şərtləri magistral boru kəmərlərini istismar edən Dövlət Neft Şirkətinin yerli orqanları tərəfindən təyin edilir və müvafiq icra hakimiyyəti və Fövqəladə Hallar Nazirliyi orqanları ilə razılaşdırıldıqdan sonra həyata keçirilir. Həmin Qaydaların 2.13-cü bəndinə görə boru kəmərlərinin mühafizə zonalarında onların normal istismarını pozan və yaxud boru kəmərlərinin zədələnməsinə gətirib çıxara bilən bütün növ işlərin görülməsinə yol verilmir. Həmin Qaydaların 2.23-cü bəndinə əsasən magistral boru kəmərlərinin keçdiyi ərazilərdə hüquqi və fiziki şəxslərin (fərdi ev sahiblərinin) torpaq sahələri ayrılması haqqında ərizələrinə rayon və şəhər icra hakimiyyəti orqanları tərəfindən baxıldıqda, ayrılacaq torpaq sahəsi əvvəlcədən qaz kəmərlərini istismar edən orqanlarla (hüquqi şəxslərlə) razılaşdırılır. “Qaz təchizatı haqqında” qanunun 19-cu maddəsinin 2-ci hissəsinə görə, qaz kəmərlərinin mühafizə zonası dairəsində tikinti işləri aparılmasına, xüsusilə də binaların inşasına icazə verilmir. Azərbaycan Respublikası MM-nin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Həmin Məcəllənin 180.4-cü maddəsinə görə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. İşdən görünür ki, Cavabdeh oğlunun sökülməsi tələb edilən tikililərə və həmin tikililərin yerləşdiyi torpaq sahəsinə hər hansı bir hüququ (mülkiyyət, istifadə, icarə və s) yoxdur, həmin tikililər qanunvericiliyin tələbinə görə özbaşına tikinti sayılır. Məhkəmə kollegiyası yuxarıda sadalanan maddi hüquq normalarının tələblərini hazırki mübahisəli hüquq münasibətlərinə tətbiq edib, hesab edir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslıdır. Cavabdeh apellyasiya şikayətində məhkəmə qətnaməsinin prosessual hüquq normalarının pozulması ilə qəbul olunduğunu qeyd etsə də, bunların nədə ifadə olunmasını konkret göstərmədiyindən məhkəmə kollegiyası onun bu dəlili ilə razılaşmır. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən prosessual hüquq normaları pozulmamış, həmin normalar düzgün tətbiq edilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlilləri əsassız hesab edir. Cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən işə əlavə edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib, hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan, işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh oğlunun apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Abşeron Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(012)-174/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qətnamədən kassasiya şikayəti verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Telman Məmmədov Hakimlər: Şəmsəddin Abasov Gülnarə Tağızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar