Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2338/2022 29.11.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı, Cavabdeh, onun nümayəndə və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 25 avqust 2022-ci il tarixli 2(060)-3553/2022 nömrəli qətnaməsindən iş üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 25 avqust 2022-ci il tarixli 2(060)-3553/2022 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, 20 000 (iyirmi min) manat pul və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 240 manat dövlət rüsumunun 100 (yüz) manatının Cavabdeh tutularaq İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim Emin Abdullayev). İddiaçı apellyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin 25 avqust 2022ci il tarixli, 2(060)-3553/2022 nömrəli qətnaməsinin qismən, iddia tələbinin təmin edlməyən hissəsinin ləğv edilməsi, iddianın tam təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İŞİNHALLARİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehdən mənzilin alqı-satqısına görə ödədiyi 20 000 manat behin ikiqat məbləğinin, yəni 40 000 manat pulun, gecikdirməyə görə illik 5% cərimə pulu olaraq 2 000 manat pulun, mənəvi ziyan olaraq 10 000 manat pulun və ödədiyi 240 manat dövlət rüsumunun, ümumilikdə 52240 manat pulun tutularaq ona ödənilməsini xahiş etmişdir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. A P E L L Y A S İ Y A Ş İ K A Y Ə T İ N İ N D Ə L İ L L Ə R İ və PROSESİŞTİRAKÇİLARİNİNİZAHATLARİ: Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini müdafiə edərək göstərdi ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq Sumqayıt şəhərinin 12-ci mikrorayonu ərazisində, Koroğlu prospekti, 656 ünvanında yerləşən “Çinar” mağazası adlandırılan qeyri-yaşayış obyektindən istifadə edir.2020-ci ildə istifadə etdiyi qeyri-yaşayış obyektinin sahəsini genişlətmək məqsədi ilə qonşuluqda yerləşən tikilini satın alaraq müvafiq təmirtikinti işlərinə başlamış, bu zaman ona məxsus qeyri-yaşayış obyektinin arxasındakı binanın birinci mərtəbəsindəki mənzildə yaşayan Cavabdeh yaxınlaşaraq apardığı tikinti işlərinin onun və ailəsinin rahatlığını pozduğunu bildirmiş, bunun ardınca müxtlif dövlət qurumlarına ondan şikayət ərizələri ünvanlamağa başlamışdır. Aralarında yaranmış narazılıqları aradan qaldırmaq məqsədi ilə növbəti dəfə cavabdehlə görüşdükdə, Cavabdeh müxtəlif qurumlara ünvanladığı şikayətlərə son qoymaq üçün onun yaşadığı ünvan 2 ünvanında yerləşən yaşayış sahəsini almağı ona təklif etmişdir. Cavabdehin təklifini qəbul etmək məcburiyyətində qalmışdır. Aralarında əldə edilmiş razılaşmaya əsasən cavabdehə məxsus mənzili ilkin olaraq 10 000(on min) manat beh verməklə 100 000 (yüz min) manat müqabilində almağı öhdəsinə götürmüş, bunun üçün cavabdeh mənzilin sənədlərini 2-3 ay müddətinə qaydaya salacağını üzərinə götürmüş, mənzilin sənədləri hazır olduqdan sonra da alğı-satqı əməliyyatı həyata keçiriləcəkdi. Lakin ilkin razılaşmanın ziddinə olaraq cavabdeh behin miqdarını artıraraq ondan 20 000 (iyirmi min) manat verməyini tələb etmişdir. Cavabdehlə apardığı danışıqlar bir nəticə vermədiyindən əlacsız qalaraq onun tələbini qəbul edərək 2020-ci ilin iyul ayında “Çinar” mağazasında cavabdehlə görüşərək qardaşı Sərvərin və mağazanın işçisi Məkan adlı şəxsin iştirakı ilə 20000(iyirmi min) manat məbləğində behi Cavabdeh verib. Belə razılığa gəlinmişdir ki, cavabdeh 2-3 ay ərzində mənzilin sənədlərini qaydaya saldıqdan sonra qalan 80 000(səksən min) manat pulu ona ödəyərək alqı-satqını başa çatdıracaqdır. Ancaq behi verdikdən sonra aylar keçməsinə baxmayaraq cavabdehin mənzilin alqı-satqısını həyata keçirməkdə maraqlı olmadığını gördü.Hər dəfə mənzilin sənədlər ilə maraqlandıqda cavabdeh müxtəlif bəhanələr gətirərək işi uzadırdı. Nəhayət, cavabdehin hərəkətlərindən şübhələnərək ondan ya mənzili razılaşdıqları qiymətə satmağı, ya da ödədiyi behin geri qaytarılmasını tələb etdikdə, cavabdeh mənzili artıq 170 000 (yüz yetmiş min) manata satmağı qərara aldığını bildirərək ona 120 000(yüz iyirmi min) manat ödəməli olduğunu bildirmişdir. Nəticədə cavabdehlə aralarında mənzilin alqı-satqısı ilə bağlı daha öncə əldə edilmiş razılaşma Cavabdeh təqsiri ucbatından pozulmuş, münasibət tamamilə korlanmış, cavabdeh qanunsuz olaraq ona məxsus qeyri-yaşayış obyektinə müdaxilə etdiyi üçün aidiyyəti üzrə hüquq mühafizə orqanlarına müraciət etməli olmuşdur. Aralarında sözügedən mənzilin alğı-satqısına dair bağlanılmalı olan müqavilə cavabdehin təqsiri ucbatından pozulmuşdur. Belə ki, cavabdeh ondan aldığı 20 000 manat behi ələ keçirdikdən sonra müxtəlif bəhanələrlə mənzilin alqı-satqısını sənədləşdirməkdən yayınmış, sonradan da tamamilə imtina etmişdir. İşin bu halı polis orqanında cavabdehin cinayət təqibi ilə bağlı aparılmış araşdırma zamanı Cavabdeh verdiyi izahatla təsdiq olunmuşdur. Həmin izahatında cavabdeh ondan 20000 manat pulu beh kimi aldığını, sonradan da mənzilin alqı-satqı məbləğini artırdığını etiraf etmişdir. Ona görə də cavabdehin aldığı behi ikiqat məbləğdə, yəni 40 000 (qırx min) manat məbləğində ona qaytarmalıdır. Həmçinin həmin məbləği qaytarmağı gecikdirməyə görə tələb etdiyi 5 faiz məbləğində pulun və ona mənəvi ziyan vurduğuna görə mənəzi ziyan məbləğinin isə ödənilməməsini xahiş edir. Məhkəmə iş materiallrında kifayət qədər dəlillər olmasına baxmayaraq cavabdehdən tələb etdiyi 20 000 manat beh pulunu əsassız şəkildə özündə saxlamasına düzgün hüquqi qiymət verə bilməmiş, həmin pul məbləğinin bugünədək qaytarılmamasının səbəblərini müəyyən etməmiş, cavabdehin ifadələrində olan ziddiyyətli məqamları araşdırmamışdır. Odur ki, Sumqayıt Şəhər Məhkəməsinin 25 avqust 2022-ci il tarixli 2(060)-3553/2022 nömrəli qətnaməsinin qismən, iddia tələbinin təmin edlməyən hissəsinin ləğv edilməsi, iddianın tam təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətinə etiraz edərək göstərdi ki, iddiaçı ona yaxınlaşaraq bildirib ki, evi anbar kimi almaq istəyir. Evin qiymətinə gəldikdə bildirib ki, ev ona 150000 manata başa gəlib, evi 5 otaqlıdır. Qonşunun evini 125000 manata alıb. Onun evi 4 otaqlı olub. İşdə olan zaman iddiaçıdan aldığı 20000 manata görə polisə çağırılıb. Ona bildiriblər ki, pulu qaytarmalıdır. Sonradan onu məhkəməyə verib. Pulu ondan belə tez istəyəcəyini bilmirdi, hazırda 20000 manatı da yoxdur iddiaçıya qaytarsın. Odur ki, apellyasiya şikayətinin təmin edilməməsi, Sumqayıt Şəhər Məhkəməsinin 25 avqust 2022-ci il tarixli 2(060)-3553/2022 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh nümayəndə və vəkili Vəkil2 apellyasiya şikayətinə etiraz edərək göstərdi ki, cavabdeh iddiaçıdan beh almayıb. Avans alıb ki, bankın kreditini bağlayıb evi girovdan çıxarıb sata bilsin. Tərəflər arasında bağlanmış hər hansı beh müqaviləsi yoxdur. Qanunvericiliyə əsasən beh müaviləsinın yazılı formada bağlanması göstərilib. Belə bir müqavilə də mövcud deyil. Gecikdirməyə görə 5% faiz məsələsinə gəldikdə isə bu hal o zaman yaranır ki, cavabdeh iddiaçıdan borca pul alsın, halbuki cavabdeh avans alıb, sonradan iddiaçı evi almaqdan imtina edib. Odur ki, apellyasiya şikayətinin təmin edilməməsi, Sumqayıt Şəhər Məhkəməsinin 25 avqust 2022-ci il tarixli 2(060)-3553/2022 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. HÜQUQİMƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətindən və izahatlardan müəyyən edilir ki, iddiaçı birinci instansiya məhkəməsinin qətnaməsini iddia tələbinin təmin edilməyən hissəsində mübahisələndirir. Bu səbbədən məhkəmə kollegiyası qətnaməni iddia tələbinin təmin edilməyən hissəsini müzakirə edir. Məhkəmə kollegiyası iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 25 avqust 2022-ci il tarixli 2(060)-3553/2022 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Sumqayıt şəhər Polis İdarəsinin xx.xx.2021-ci il tarixli məktubunda iddiaçıya mübahisə mülki xarakter daşıdığı üçün məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Sumqayıt şəhər Polis İdarəsi İstintaq şöbəsi tərəfindən qəbul edilmiş cinayət işinin icraatına xitam verilməsi barədə xx.xx.2021-ci il tarixli qərarında cavabdehin iddiaçıya qarşı xeyli miqdarda dələduzluq etməsi və özbaşınalıq etməsi kifayət qədər mötəbər sübutlarla təsdiq edilmədiyindən və əməlində cinayət tərkibi olmadığından Azərbaycan Respublikası CM-nin 178.2.4 və 322.1-ci maddəsi ilə olan ********* nömrəli cinayət işinin icraatına xitam verilməsi, cavabdehin cinayət prosesində təqsirləndirilən şəxs kimi iştirakına xitam verilməsi və barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinin ləğv edilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi tərəflər arasında isə behlə bağlı hər hansı yazılı razılaşma bağlanmamasını, iddiaçı tərəfindən cavabdehə verilmiş məbləğin beh hesab edilə bilməməsini, bundan əlavə gecikməyə görə illik 5% faizlə hesablanmaqla ziyanın müəyyən edilməsi üçün tərəflər arasıdna müqavilə bağlanmadığını, həmçinin 10 000 manat mənəvi ziyan dəyməsinə dair sübutun təqdim edilməməsi əsası ilə iddianı yuxarıda göstərilən qaydada qismən təmin etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin əldiyi nəticəni əsaslı sayaraq hesab edir ki, məhkəmə iddianı mübahisələndirilən hissədə təmin etməməkdə haqlı olmuşdur. Belə ki, ilk öncə tərəflər arasında olan münasibətlərin beh münasibətləri olubolmaması aydınlaşdırılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 491.1-ci maddəsinə görə beh müqavilənin bağlanmasını təsdiq etmək və icrasını təmin etmək məqsədilə razılığa gələn tərəflərdən birinin müqavilə üzrə digər tərəfə verəcəyi ödənişlər hesabına verdiyi pul məbləğidir. Həmin Məcəllənin 491.2-ci maddəsinə əsasən behin məbləğindən asılı olmayaraq beh haqqında razılaşma yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 491.3-cü maddəsinə əsasən müqavilə üzrə tərəfin verəcəyi ödənişlər hesabına ödənilmiş məbləğin beh olub-olmadığına şübhə yarandıqda, o cümlədən bu Məcəllənin 491.2-ci maddəsində müəyyənləşdirilmiş qaydaya riayət edilməməsi nəticəsində şübhə yarandıqda həmin məbləğ, əgər əksi sübuta yetirilməsə, avans kimi ödənilmiş sayılır. Göründüyü kimi qanunvericilik beh müqaviləsinin yazılı formada bağlanmasını imperativ norma kimi müəyyən etmişdir. Hazırkı iş üzrə isə tərəflər arasında isə behlə bağlı hər hansı yazılı razılaşma bağlanmamışdır. Belə olan halda iddiaçı tərəfindən cavabdehə verilmiş məbləğ beh kimi hesab edilə bilməz və tərəflər arasında olan münasibətlərə mülki qanunvericiliyin beh müqaviləsi ilə bağlı müddəaları tətbiq edilə bilməz. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasındakı münasibətin beh müqaviləsindən irəli gələn münasibət kimi müəyyən etməyərək haqlı olaraq cavabdehdən iddiaçının xeyrinə 20000 manat pulun tutulması qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı sayır. Məhkəmə kollegiyası iddia tələbinin əlavə gecikməyə görə illik 5% faizlə hesablanmaqla 2000 manatın və 10 000 manat mənəvi ziyan tələbinə dair təmin edilməməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni də əsaslı sayır. Belə ki, Mülki Məcəllənin 439.3-cü maddəsinə əsasən qanuna və ya müqaviləyə əsasən borcun üstünə faizlər hesablanmalı olduqda, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, onlar iki faiz bəndi əlavə edilməklə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilən uçot dərəcəsi miqdarında, lakin ildə azı beş faiz miqdarında hesablanır. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Məhkəmə kollegiyası qeyd edir ki, həmin məbləğlər iddiaçının xeyrinə o vaxt tutula bilərdi ki, iddiaçı cavabdehin öz öhdəliyinə əməl etməyərək ona məxsus pul vəsaitini qanunsuz saxladığını və bunun nəticəsində ona mənəvi ziyan vurulduğunu sübuta yetirsin. Lakin, yuxarıda qeyd edildiyi kimi tərəflər arasında olan şifahi razılaşmanın hansı tərəfin təqsiri ucbatından pozulması işin məhkəmə baxışı zamanı müəyyən edilməmişdir. Bu səbəbdən iddia həmin hissədə əsaslı sayıla və təmin edilə bilməz. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı ona 10000 manat məbləğində mənəvi zərər dəydiyini bildirsə də, buna dair hər hansı sübutu təqdim etməmişdir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərini əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin maddə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəcsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yacud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbi qismən təmin edildiyindən ödənilmiş dövlət rüsumu da cavabdehdən tam həcmdə deyil, qismən tutulmalıdır. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, şikayətin dəlilləri iş materialları ilə təkzib edildiyindən əsaslı sayıla bilməz. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, qətnamənin mübahisələndirilən hissədə apellyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Həmin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 25 avqust 2022-ci il tarixli 2(060)-3553/2022 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392 və 393,405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 25 avqust 2022-ci il tarixli 2(060)-3553/2022 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-2338/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2338/2022
29.11.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver