Məhkəmə qərarları › İş №2(105)-2370/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2370/2022

19.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Müqavilənin etibarsız hesab edilməsi tələbi üz
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2370/2022 19.12.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X5 Tağızadənin sədrliyi və məruzəsi, X3 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Bəhruz Fizuli oğlu Mirzəzadənin katibliyi, Cavabdehin nümayəndəsi və vəkili: X2 iştirakı ilə, İlk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşı borc təbəlinə dair iddiası və ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı borc müqaviləsinin etibarsız hesab edilməsi və vurulmuş zərərin ödənilməsi barədə qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 05 sentyabr 2022-ci il tarixli qətnaməsindən ilk iddia üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Xaçmaz Rayon Məhkəməsinin 05 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim S.A.Səmədzadə) ilk iddia tələbinin təmin edilməsi, ilk iddia üzrə Cavabdeh xx.xx.2020-ci il tarixli borc müqaviləsində qeyd olunan ümumilikdə 15500 (on beş min beş yüz) manat pul, həmçinin ödədiyi 140 manat dövlət rüsumunun tutularaq ilk iddia üzrə İddiaçı xeyirinə ödənilməsi, qarşılıqlı iddia tələbinin rədd edilməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh xx.xx.2020-ci il tarixli borc müqaviləsində qeyd olunan ümumilikdə 15500 (on beş min beş yüz) manat pulun, həmçinin ödədiyi 140 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlk iddia üzrə iddia tələbini onunla əsaslandırmışdır ki, 2020-ci ilin əvvəlində Cavabdeh onun yanına gələrək ona 15500 manat borc pul lazım olduğunu bildirmişdir. O, cavabdehi tanıdığı üçün və münasibətləri yaxşı olduğuna görə borc istədiyi məbləği ona vermişdir. Sonra aralarında xx.xx.2020-ci il tarixində notariat ofisində borc müqaviləsi bağlamışlar. Həmin borc müqaviləsinə əsasən Cavabdeh ondan aldığı 15500 manat pulu xx.xx.2022-ci il tarixədək tam olaraq qaytarmalı idi. Lakin cavabdeh üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Müqavilədə göstərilən tarixədək qaytarmalı olduğu pulu cavabdeh bu günə qədər heç bir manatda olsa qaytarmamışdır. Müddət tamam olduqda onun yaşadığı ünvana rəsmi pretenziya ərizəsi göndərmiş, lakin bunun da nəticəsi olmamışdır. Cavabdehdən pulunu tələb etdikdə isə müxtəlif bəhanələr gətirməklə pulu qaytarmaqdan yayınır. Qeyd olunanlarla əlaqədar məhkəməyə müraciət etmiş, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəmə müraciət edərək ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ona qarşı verdiyi iddianın təmin edilməməsi, İddiaçı ilə aralarında bağlanmış xx.xx.2020ci il tarixli, 3M-73 reyestrli borc müqaviləsinin etibarsız hesab edilməsi və ona vurulmuş 45000 manat zərərin X1 alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia tələbini onunla əsaslandırılmışdır ki, ilk iddia üzrə İddiaçı Xaçmaz Rayon Məhkəməsində ona qarşı 15500 manat borclu olduğu pulun ondan alınması barədə iddia qaldırmışdır. O, İddiaçı tanımır və onun dediyi kimi heç bir münasibəti olmamışdır. Ona görə də heç tanımadığı bir şəxs və üzünü görmədiyi bir şəxsə 15500 manat borc pul verməyi ağlabatan deyildir. İddiaçı dolayı yollarla əldə edilmiş saxta borc müqaviləsindən istifadə etməklə ondan 15500 manat pul tələb etdiyi üçün qanun qarşısında məsuliyyətə cəlb olunmalıdır. O, Qarabağ müharibəsi qazisidir. İddiaçının əmisi Fərhad Yaqubov xx.xx.2020-ci il tarixində ona 15500 manat beh verib, ona görə ki, ona məxsus ünvan 1 ünvanında yerləşən yaşayış evini 45000 manata almaq fikrində idi. Həmin vaxt F.Yaqubovla beh müqaviləsi bağlamaq üçün Xaçmaz rayon notariusuna gəlmişdir. Lakin Fərhad notariat kontorundan çıxaraq beh müqaviləsinin orada bağlanması mümkün olmadığını bildirərək, beh müqaviləsini Qusar rayon notariusunda bağlayacaqlarını demişdir. F.Yaqubov qardaşı oğlu İddiaçıla birlikdə onu Qusar rayon notariusuna aparmışdı, beh müqaviləsi əvəzində ona borc müqaviləsi imzalatmışdır. Beləliklə, X7 şəhəri, N.Nərimanov küçəsi, 80 A ünvanında yerləşən evinə bitişik beş mərtəbəli bina tikməyə başlayandan sonra onun evini almaqdan imtina etmişdir. Həmin vaxt ona məlum olmuşdur ki, o, beh müqaviləsinə yox borc müqaviləsinə imza etmişdir. Ona görə də iddia ərizəsi ilə məhkəməyə müraciət edərək qardaşı oğlu İddiaçıla aralarında bağlanmış borc müqaviləsinə əsasən ondan 15500 manat pulu geri tələb edir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İlk iddia üzrə Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının tələbləri pozulmaqla çıxarılmışdır. Məhkəmə Qarabağ müharibəsində başından güllə yarası alaraq, kontuziya vəziyyətini və bununla əlaqədar öz hərəkətlərini idarə edə bilməməyini vəziyyətini araşdırmamışdır. Onun agır psixi vəziyyətindən istifadə etməklə F.Yaqubovun ona qarşı törətdiyi çirkin əməlini əvvəldən axıra kimi analiz olunsa aydın olur ki, onun niyyəti bu vəziyyətdən istifadə etməklə onu aldatmaq olmuşdur. Xaçmaz Rayon Məhkəməsinin 05 sentyabr 2022-ci il tarixli 2(067)-1625/2022 saylı qətnaməsinin ləğv edilməsi və onun iddianın təmin edilməsinə dair yeni qətnamə çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. İlk iddia üzrə Cavabdeh nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlillərini müdafiə etdi, ona oxşar izahat verdi və onun təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. İş üzrə İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzrsüz hesab etdikdə yaxud məhkəmə tərəfin icraatı qəsdən yubatdırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası işdə iştirak edən tərəfin nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara görə iş üzrə məhkəmə qətnaməsi dəyişdirilməməlidir, apellyasiya şikayəti isə təmin edilməməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə ilkin iddia ərizəsini təmin, qarşılıqlı iddia tələbinin rədd edərkən, tərəflər arasında borc müqaviləsinin olmasına, cavabdeh tərəfindən həmin müqavilənin şərtlərinin pozulmasına istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə qanuni və əsaslı olmaqla, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına tam uyğundur. Belə ki, Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, notarial qaydada təsdiq olunmuş 3M- 73 reyestr nömrəli borc müqaviləsindən müəyyən olunur ki, İddiaçı ilə Cavabdeh arasında 15500 (on beş min beş yüz) manat məbləğində borc müqaviləsi bağlanılmışdır. İşdə olan xx.xx.2022-ci il tarixli ərizə (pretenziya)-dən görünür ki, İddiaçı Cavabdeh borc müqaviləsinə əsasən 15500 manat pulun qaytarılmasını tələb etmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, ********* nömrəli qəbzdən müəyyən olunur ki, İddiaçı iddia ərizəsinin məhkəməyə verilməsi üçün 140 manat dövlət rüsumu ödəmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh borc müqaviləsinin etibarsız hesab edilməsinə və ona F.Yaqubov tərəfindən 45000 manat pulun ödənilməsinə dair məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. Qarşılıqlı iddia tələbinə dair yalnız borc müqaviləsini imzalayarkən, aldanmasını və hansı sənədə imza etməsini bilmədiyini dəlil kimi gətirmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Qeyd olunanlarla əlaqədar, məhkəmə hesab edir ki, hazırki iş üzrə cavabdehin ona borclu olmasını və cavabdehin həmin pulu ona qaytarmadığını sübut etmə yükü iddiaçının üzərinə, bunun əksini sübut etmə yükü isə cavabdehin üzərinə düşür. Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyin icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Belə olan halda, məhkəmə hesab edir ki, ilk iddia üzrə Cavabdeh borc müqaviləsi ilə üzərinə öhdəlik götürdüyündən həmin öhdəlik üzrə də iddiaçı qarşısında məsuliyyət daşıyır. Məhkəmə kollegiyası Cavabdeh borc müqaviləsini imzalayarkən, həmin sənədin beh müqaviləsi kimi qəbul etməsinə dair dəlilə tənqidi yanaşır və hesab edir ki, cavabdeh bu yolla məsuliyyətdən yanınmağa çalışır. Məhkəmə bu fikrini onunla izah edir ki, istənilən notariat ofisində istənilən əqd bağlanarkən, notarius əqdin mahiyyətini və hüquqi nəticələrini hər bir tərəfə şəxsən izah edir və yalnız tərəflərin razılıqlarından sonra əqdi təsdiq edir. Buna görə də, tərəflər arasında bağlanmış əqd etibarsız hesab edilə bilməz və həmin borc müqaviləsi üzrə ilk iddia üzrə Cavabdeh öhdəliklərini lazımınca icra etmədiyindən mülki məsuliyyətə cəlb olunmalıdır, yəni ilk iddia tələbində göstərilən pul məbləği ondan tutularaq İddiaçı ödənilməlidir. Beləliklə də, ilk iddia üzrə Cavabdeh xx.xx.2020-ci il tarixli borc müqaviləsində qeyd olunan ümumilikdə 15500 (on beş min beş yüz) manat pul, həmçinin ödədiyi 140 manat dövlət rüsumu alınıb ilk iddia üzrə İddiaçı verilməli, qarşılıqlı iddia tələbi isə rədd edilməlidir. Beləliklə, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərilən digər dəlilləri də araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan və işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: İlk iddia üzrə Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Xaçmaz Rayon Məhkəməsinin iş üzrə 05 sentyabr 2022-ci il tarixli 2(067)- 1625/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar