Məhkəmə qərarları › İş №2(105)-239/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-239/2021

10.02.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-239/2021 10.02.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Dadaşova Aynur Asif qızının katibliyi, iddiaçının nümayəndəsi vəkil X1, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə Quba rayon məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(027)-688/2020 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ Quba rayon məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim R.Həsənov) İddiaçı Cavabdeh qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, ona vurduğu maddi zərərə görə 1939 manat, mənəvi ziyana görə 10.000 manat məbləğində pul və iddia ərizəsini məhkəmə vermək üçün ödədiyi 30 manat məbləğində dövlət rüsumu, cəmi 11.969 manat məbləğində pulun Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, evinə istilik sistemi çəkmək istəmiş, bunun üçün yaşadığı kənddə bu işin ustası kimi tanınan Cavabdeh müraciət etmiş, sonuncu özünü yaxşı usta kimi təqdim edərək, öhdəsindən gələ biləcəyini demiş və ondan usta pulu kimi 420 manat istəmişdir. O, beh olaraq cavabdehə 200 manat vermiş, qalan pulu iş bitdikdən sonra verəcəyini demişdir. Cavabdeh istilik sistemi quraşdırmaq üçün ona müxtəlif sifarişlər vermiş, o da lazım ayrı-ayrı vaxtlarda avadanlıqlara ümumi 939 manat pul xərcləmişdir. Cavabdeh keyfiyyətsiz iş görmüş, quraşdırdığı istilik sistemi yararsız hala düşmüşdür. Buna baxmayaraq, cavabdeh qalan usta xərcini də götürüb getmişdir. Sonradan cavabdeh gəlib istilik sistemində olan nöqsanları aradan qaldıracağını bildirsə də, əməl etməmişdir. İstilik siteminin düzgün quraşdırılmaması nəticəsində cavabdeh ona 1.439 manat məbləğində ziyan vurmuşdur. Cavabdeh ziyanı ödəməkdən imtina etdiyi üçün o, məhkəməyə müraciət etmək qərarına gəlmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı Quba rayon məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qanunsuz, əsassız və ədalətsizdir. Məhkəmə işi hərtərəfli, tam və obyektiv araşdırmadan, yanlış qətnamə qəbul etmişdir. İşin düzgün nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən hallar tam və hərtərəfli araşdırılmamışdır. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən iddiaçının nümayəndəsi vəkil X2 apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən Cavabdeh apellyasiya şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. İş materiallarını araşdırıb, məruzəçini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, eləcə də apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməməsi ilə bağlı gəldiyi nəticəni iddiaçının cavabdehin işi qüsurla yerinə yetirməsini sübuta yetirməməsi ilə əsaslandırmış və gəldiyi nəticənin maddi hüququ əsası kimi Mülki Məcəllənin 752.1- 752.3; 762.1-762.2; 763.1; 1096.1, 1096.2, 1097.1, 1115, 21.1 və 21.2-ci maddələrinə istinad etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan iddiaçı vermiş olduğu apellyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticəni qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə görə Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər (Mülki Prosessual Məcəllənin 4.1. maddəsi). İşdən göründüyü kimi, iddiaçı mənzilində istilik sistemin çəkilməsi zamanı görülən işlərin keyfiyyətsiz, qüsurlu aparılması nəticəsində cavabdehin səhvinə görə zərərə məruz qaldığını iddia edərək, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etməmiş, iddiaçı həmin nəticəni apellyasiya qaydasında mübahisələndirmişdir. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (Mülki Məcəllənin 21.1. və 21.2. maddələri). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur (Konstitusiya Məhkəməsinin Plenumunun 31 may 2002-ci il tarixli qərarı). Məhkəmə kollegiyası qeyd edir ki, hər bir şəxsin hüququ qanunla mühafizə edilir. Hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə xx xxxxxx 2011-ci il tarixli Qərarı). Məhkəmə kollegiyası tərəflərin ədalətli məhkəmə araşdırılması hüququnun təmin edilməsindən ötrü məhkəmə mühəndis texniki ekspertizası təyin etmişdir. “xxxx" MMC tərəfindən verilmiş 03-04/20 saylı xx xxxxxx 2020-ci il tarixli ekspert rəyində İddiaçı Quba rayonu, Talabı kəndindəki fərdi yaşayış evində odunla qızdırılan (peçlə) soba vasitəsilə ilə işləməli olan istilik sistemi öz axımı ilə mövcud texniki şərt qaydalara əsasən düzgün quraşdırılmamışdır. Lakin istilik sisteminin motor vasitəsilə işlədiyi müəyyən edildi. Tədqiq olunan evin təmirsiz vəziyyətdə olduğunu nəzərə almaqla bu istilik sistemi çəkilib quraşdırılarkən həmin evə təmir-tikinti qaydalarının pozulması ilə İddiaçı vurulmuş maddi ziyan müəyyən edilmir. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir (Mülki Prosessual Məcəllənin 103.1. maddəsi). Nəzərə almaq lazımdır ki, iş üzrə keçirilmiş ekspertiza rəyi digər sübutlarla yanaşı qiymətləndirilməlidir. İddiaçı mənzilində işlərin keyfiyyətsiz, qüsurlu aparılması nəticəsində cavabdehin səhvinə görə zərərə məruz qaldığını iddia etsə də, bu halı təsdiq edən əsaslı şübhə yaratmayan hər hansı bir sübutla təsdiq etmir. Bunun üçün də iddiaçı mənzilində işlərin keyfiyyətsiz, qüsurlu aparılması nəticəsində cavabdehin səhvinə görə zərərə məruz qaldığını sübut etməlidir. Mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2006-cı il tarixli qərarı). “Mahmudov Rusiyaya qarşı” iş xx xxxx 2007-ci il tarixli qərarında insan hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, konvensiyanın araşdırmalarında sübutları qiymətləndirərkən, bir qatda olaraq, affirmanti, non, neganti incumbiti probation (sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur.Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (14.2., 77.1. və 88-ci maddələri). Kollegiya qeyd edir ki, hər bir tərəf öz hüquqlarının və ya qanunla qorunan maraqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək hüququna malikdir. Məhkəmə müdafiəsi mülki mühakimə icraatında tərəflərin bərabərliyi, çəkişmə prinsipləri ilə realizə edilir. Bu zaman hər bir tərəf öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etmə öhdəliyi daşıyır. Məhkəmə o sübutları qəbul edir ki, iddia predmeti ilə bilavasitə əlaqəli olsun. Məhkəmə iddia tələbi üzrə yekun nəticəyə gəlinərkən tələbin təmin və ya rəddinə yönəlmiş digər sübutlarla təsdiq olunan sübutlara istinad etməlidir. Mülki Məcəllənin 1132. maddəsinə əsasən malın, işin və ya xidmətin qüsurları nəticəsində vurulmuş zərər üçün məsuliyyət halında sübutetmə yükü zərəçəkənin öhdəsinə qoyulur. Göründüyü kimi üzərinə sübutetmə yükü düşən iddiaçı ona ziyanın dəyməsini və bu ziyanın məhz cavabdeh tərəfindən vurulduğunu təsdiq edən tutarlı sübutlar məhkəmə kollegiyasına təqdim edə bilməmişdir. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2006-cı il tarixli qərarı). Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə işin həqiqi hallarına uyğun olmaqla, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirir və eləcə də qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə qəbul edilmişdir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Quba rayon məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 385.2. maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə işin həqiqi hallarına uyğun olmaqla, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirir, eləcə də, qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsilə qəbul edildiyindən, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Bundan əlavə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tələbi mahiyyəti üzrə əsaslı hesab edilmədiyindən, iddianın qaldırılması ilə bağlı ödənilmiş dövlət rüsumu və “xxxx" MMC-yə ödənilmiş 400 manat iddiaçıdan tutulmalıdır. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır (Mülki Prosessual Məcəllənin 119.1. və 124.2. maddələri). Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 384.0, 384.0.1, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏT ETDİ Apellyasiya şikayəti təmin edilməsin. Quba rayon məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. İddiaçı keçirilmiş ekspertizanın dəyəri 400 manat alınaraq “xxxx” MMC-nin (Kapital Bank ASC Qara Qarayev filialı Kod 200145, VÖEN: **********, SWİFT kod AİİBAZ2X, M\h AZ37NABZ********************, VÖEN **********, Hesab: AZ90AİİB**********O817272114) hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səyyad Qafari Hakimlər Şəmsəddin Abasov Telman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar