Məhkəmə qərarları › İş №2(105)-241/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-241/2022

05.04.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-241/2022 05.04.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə Məhkəmə iclas katibi Məmmədova Ramilə Camaləddin qızının katibliyi, İddiaçı hüquqi varisi X4, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı torpağa dair alqı-satqı əqdinin bağlanmış hesab olunması və üzərində tikilmiş tikililərə mülkiyyət hüququnun tanınmasına dairmülki iş üzrə Quba Rayon Məhkəməsinin 12 avqust 2010-cu il tarixli, 2(027)-828/2010 saylı qətnaməsindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Quba Rayon Məhkəməsinin 12 avqust 2010-cu il tarixli, 2(027)-828/2010 saylı qətnaməsi ilə ərizə təmin olunmuş, 18 aprel 2005-ci il tarixli, 19 JN-660F KOD 30304038 saylı Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamə ilə Cavabdeh mülkiyyətinə verilmiş Quba rayonu İqrik kəndi ərazisində yerləşən 0,20 ha həyətyanı torpaq sahəsindən 0,10 hektarının 15 sentyabr 2004-cü il tarixdə İddiaçı satmasına dair aralarında bağlanmış alqı-satqı əqdi bağlanmış hesab edilmiş, İddiaçı Quba rayonu İqrik kəndi ərazisində yerləşən həmin 0,10 hektar torpaq sahəsinə və həmin 0,10 torpaq sahəsində tikdiyi 1 mərtəbəli, 2 otaqdan ibarət ümumi sahəsi 82,4 kvadrat metr, yaşayış sahəsi 40.1 kvadrat metr, köməkçi sahəsi 42,3 kvadrat metr olan fərdi yaşayış evinə İddiaçı mülkiyyət hüquqlarının tanınması, göstərilən 0,10 ha torpaq sahəsinə və bu torpaq sahəsində tikilmiş 1 mərtəbəli, 2 otaqdan ibarət ümumi sahəsi 12,4 kvadrat metr, yaşayış sahəsi 40.1 kvadrat metr, köməkçi sahəsi 42,3 kvdrat metr olan fərdi yaşayış evinə İddiaçı mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınıb adma daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Xaçmaz Ərazi İdarəsinə həvalə edilməsi, 19 JN-660F KOD 30304038 saylı Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamənin İddiaçı satılmış 0,10 ha torpaq sahəsi hissəsində qismən ləğv edilməsi qət edilmişdir.(hakim Z.Tahirov) Qətnamədən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi apelyasiya şikayəti verərək, Quba Rayon Məhkəməsinin 12 avqust 2010-cu il tarixli, 2(027)-828/2010 saylı qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh mülkiyyətində olan 0,20 ha torpaq məsini 0,10 hektarına alqı-satqı əqdinin bağlanmış hesab edilməsini, şəhadətnamənin qismən ləğv edilməsini, həmin 0,10 ha torpaq sahəsinə və üzərində tikilmiş ümumi sahəsi 82,4 kv. metr, yaşayış sahəsi 40,1 kv. metr, köməkçi sahəsi 42,3 kv.metr yaşayış evinə onun mülkiyyət hüquqlarının tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, 2003-cü ilin aprel ayında Cavabdeh Quba rayonu Dövlət Notariat Kontorunda təsdiq olunmuş 01 aprel 2003-cü il tarixli, 4-Ə- 119 saylı müqaviləyə əsasən 0,20 hektar həyətyanı torpaq sahəsini fərdi mənzil tikintisi üçün alqı-satqı yolu ilə almışdır, həmin torpaq sahəsi ilə bağlı ona JN-660F KOD 30304038 saylı Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamə verilmişdir. Cavabdeh pula ehtiyacı olduğundan mülkiyyətində olan 0,20 ha torpaq sahəsinin 0,10 hektar sahəsini satmaq qərarına gəldiyini ona bildirmişdir. Bundan sonra 2004-cü ilin sentyabr ayında ayında rəsmi qəbz imzalayaraq, həmin həyətyanı torpaq sahəsinin 0,10 hektarını 5000 ABŞ dollarına almış, bu barədə aralarında 15 sentyabr 2004-cü il tarixli alqı-satqı müqaviləsi bağlanmış, həmin torpaq sahəsində lazımi layihə-smeta sənədləri təsdiq olunmadan və lazımi icazə almadan bir mərtəbəli iki otaqlı, bir aynabənddən ibarət ümumi sahəsi 2.4 kv. metr, yaşayış sahəsi 40,1 kv. metr, köməkçi sahə 42,3 kv. mert olan yaşayış evi inşa etmişdir. Həmin torpaq sahəsini rəsmiləşdirmək üçün Cavabdeh dəfələrlə notariat kontoruna getməsini xahiş etmiş, lakin Cavabdeh hər dəfə bir bəhanə edərək notariat kentoruna getməkdən boyun qaçırmışdır. Sonradan həmin evin mülkiyyət huquqlarını öz adına qeydiyyata almaq üçün daşınmaz əmlakın dövlət reyestr xidmətinə müraciət etsə də, torpaq sahəsinin onun adına rəsmiləşdirilməməsi buna mane olmuşdur. Həmin evin tikintisinə külli miqdarda vəsait sərf etmiş, evə elektrik və xəttləri çəkdirmiş, kommunal xərclərini ödəmişdir. Hal-hazırda ailəsi ilə həmin yaşayış evində yaşayır və özünə məxusu başqa yaşayış evi yoxdur. Evin tikintisi ilə bağlı aidiyyəti dövlət qurumları tərəfindən ona heç bir irad və narazılıq bildirilməmiş, xəbərdarlıqlar edilməmiş, evin sökülməsi ilə bağlı iddia qaldırılmamışdır. Eyni zamanda cavabdeh və onun arvadı tərəfindən 15 sentyabr 2004-cü il tarixdən halhazıra kimi həmin 0,10 torpaq sahəsi ilə bağlı hər narazılıqlar bildirilməmiş, tələblər irəli sürülməmişdir. O, alqı-atqı müqaviləsi öhdəliklərini yerinə yetirmiş, torpaq sahəsinin razılaşdırılmış dəyərini cavabdehə ödəmiş və torpaq sahəsi onun faktiki sahiblik və istifadəsinə keçmişdir, cavabdeh müqavilə üzrə öhdəliklərini pozaraq, torpaq sahəsinin alqı-satqı müqaviləsini təsdiq etmək üçün notariat orqanına getməkdən boyun qaçırır. Torpaq sahəsinin sahiblik və istifadəsi ilə bağlı ona cavabdeh və ya başqa şəxslər tərəfindən 15 sentyabr 2004-cü il tarixdən bu günə kimi heç bir irad və naraz bildirilməmiş, tələblər verilməmişdir. Qeyd etdiyi səbəblərdən aldığı 0.10 1 torpaq sahəsini və üzərində tiklimiş tikililəri öz adma rəsmiləşdirə bilmir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ : İşə cəlb edilməyən, lakin qətnamə hüquq və vəzifələrinə toxunun şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının tələbləri pozulmaqla çıxarılmışdır. Belə ki, iddia ərizəsinə əsasən tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin konkret hansı hallardan asılı olaraq rəsmiləşdirilməməsi sübuta yetirilmir. Əgər tərəflər arasında hansısa formada daşınmaz əmlakın alqı-satqısına dair razılaşma olmuşdursa, həmin razılaşma yazılı formada tərtib edilməli və notarial qaydada təsdiq olunmalı idi. Belə ki, Mülki Məcəllənin 144.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. İşin faktiki hallarından göründüyü kimi, hazırkı daşınmaz əmlaka alqısatqı müqaviləsinin bağlanmış hesab edilməsi tələbinə dair ərizə formal xarakter daşıyır, iş üzrə tərəflərin izahatlarından da məlum olur ki, tərəflər arasında hər-hansı mübahisə yoxdur və məhkəmənin belə bir qətnamə qəbul etməsi qanunsuz əqdin rəsmiləşdirilməsinə şərait yaradılması kimi qiymətləndirilməlidir. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən olunmuş hesab edilən və iş üçün əhəmiyyətli olan hallar qətnamədə qanunla nəzərdə tutulan sübutlarla təsdiq edilməmişdir, gəldiyi nəticələrin təsdiq edilməsi üçün işə məhkəmə qeyri-mötəbər, ziddiyyətli və aid olmayan sübutlara istinad etmişdir. Buna görə də qətnamə ləğv olunmalıdır. Apellyasiya baxışı zamanı məhkəmə iclasında İddiaçı hüquqi varisi X6 apellyasiya şikayətini qəbul etməyərək qətnamənin qüvvədə saxlanılmasını xahiş etdi. Əlavə etdi ki, torpaq sahəsini 2006-cı il almışlar. Tərəflər arasında heç bir mübahisə yoxdur. Notariusa yox, məhkəməyə ona görə gediblər ki, onları belə başa salıblar, məsləhət belə olub. Apellyasiya baxışı zamanı məhkəmə iclasında Cavabdeh apellyasiya şikayətinə etiraz edərək onun rədd olunmasını xahiş etdi. Bununla belə əlavə etdi ki, o, torpaq sahəsini 2006-cı ildə satmışdır və bununla bağlı aralarında heç bir mübahisə yoxdur. Lazım olsa notariusa getməyə etiraz etmir. İşə cəlb edilməyən, lakin qətnamə hüquq və vəzifələrinə toxunun şəxs DƏDRXnin 5 saylı Xaçmaz Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilsə də,nümayəndəsini məhkəmə iclasına təkrar olaraq göndərməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə kollegiyası işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İş materiallarında olan 18 aprel 2005-ci il tarixli, JN-660F KOD 30304038 olan Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədən görünür ki, Quba rayon Dövlət Notariat Kontorunda bağlanmış 01 aprel 2003-cü il tarixli, 4-ə-l 19 saylı alqı-satqı müqaviləsinə əsasən X1 fərdi yaşayış evinin tikintisi üçün Quba rayon İqriq kəndi ərazisindən 0.20 hektar torpaq sahəsi verilmişdir. İşə əlavə edilmiş tərəflər arasında bağlanmış sadə yazılı müqavilədən və ərizələrdən görünür ki, Cavabdeh arvadı X2 razılığı əsasında mülkiyyətlərində olan 0,20 hektar həyətyanı torpaq sahəsindən 0,10 hektarını 15 sentyabr 2004-cü il tarixdə İddiaçı sataraq pulunu almışdır və həmin şəxslərin İddiaçı qarşı qarşı heç bir tələbləri yoxdur. Yenə işə əlavə edilmiş 02.12.2017-ci il tarixli, AZ-1№892125 olan ölüm haqqında Şəhadətnamədən görünür ki, İddiaçı 06.11.2017-ci ildə ölmüşdür. Yenə də işə əlavə edilmiş Qusar Rayon Məhkəməsinin 25.07.2006-cı il tarixli, 2- 279a/2006 saylı qətnaməsindən görünür ki, İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh mülkiyyətində olan 0,10 ha torpaq sahəsinin alqı-satqısına dair əqdin etibarlı hesab edilməsini xahiş etmiş və iddia təmin edilmişdir. M Ə H K Ə M Ə N İ N H Ü Q U Q İ M Ö V Q E Y İ: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Yenə həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçinin məruzəsini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməli, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilməli və iddia təmin olunmamalıdır. Birinci instansiya məhkəməsi mübahisə üzrə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, Cavabdeh ilə İddiaçı arasında bağlanmış 15 sentyabr 2004-cü il tarixli yazılı alqı-satqı müqaviləsi əsasında cavabdeh Quba rayonu İqrıq kəndi ərazisində yerləşən, mülkiyyətlərində olan 0,20 hektar həyətyanı torpaq sahəsindən 0,10 hektarını sonuncuya satmış, həmin torpaq sahəsinin dəyərini alaraq torpaq sahəsini İddiaçı təhvil vermiş, lakin bu müqavilə onun günahı səbəbindən notarial qaydada təsdiq olunmamışdır. Hal-hazırda bu şəxslərin İddiaçı qarşı hər hansı tələbləri yoxdur. 15 sentyabr 2004-cü il tarixdən bu 0,10 ha torpaq sahəsi İddiaçı faktiki sahibliyi və istifadəsindədir. İddiaçı lahiyə-smeta sənədləri təsdiq olunmadan və lazımi icazə almadan faktiki sahiblik və istifadəsində olan həmin 0,10 ha torpaq sahəsində 1 mərtəbəli, 2 otaqlı, ümumi sahəsi 82,4 kv. metr, əsas sahəsi yaşayış sahəsi 40.1 kv. metr, köməkçi sahəsi 42.3 kv. metr olan fərdi yaşayış evi tikmişdir. Bu tikinti qanun normalarına uyğun tikilmişdir, digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur və fiziki şəxslərin həyat və sağlamlığı üçün təhlükə yaratmır. İddiaçı həmin evin tikintisinə külli miqdarda vəsait sərf etmiş, elektrik və qaz xəttləri çəkdirmiş, evin kommunal xərclərini ödəmişdir. İddiaçı hazırda ailəsi ilə həmin evdə yaşayır və onun özünə məxsus başqa fərdi yaşayış evi yoxdur. Fərdi yaşayış evi və torpaq sahəsi ilə bağlı İddiaçı maraqlı şəxslər və ya aidiyyəti dövlət qurumları tərəfindən hər hansı iradlar bildirilməmiş, tələblər irəli sürülməmişdir. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 146.1, 152.1, 157.1, 180.3 və 335.2-ci (24.06.2005-ci ildən qüvvədən düşmüşdür) maddələrinin və digər prosessual hüquq normalarının tələbləri ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsi məlum nəticəyə gələrkən həmçinin ona əsaslanmışdır ki, məlum torpaq sahəsi ilə bağlı heç bir mübahisə yoxdur.. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hazırda mübahisələndirilən hissədə gəldiyi nəticə ilə razılaşmır və mübahisə üzrə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşin faktiki hallarından görünür ki, Cavabdeh mülkiyyətində olan 0,20 hektar həyətyanı torpaq sahəsindən 0,10 hektarını İddiaçı satmışdır və bununla bağlı tərəflər arasında heç bir mübahisə yoxdur. Göründüyü kimi torpaq sahəsinin alqı-satqısı həyata keçirilmiş, lakin qanunun tələb etdiyi kimi bu alqı-satqı notarial qaydada təsdiq edilməmiş və həmin əmlaka dair hüquqlar dövlət qeydiyyatına alınmamışdır. Mülki Məcəllənin 144.1-ci maddəsinin tələblərinə görə daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır. Yenə həmin Məcəllənin 144.2-ci maddəsinə əsasən sərəncam hüququ sərəncam verən tərəfin daşınmaz əmlakın dövlət reyestrinə əsasən bu hüquqa malik olması və ya ixtiyarlı şəxsin ona həmin səlahiyyəti verməsi ilə təsdiqlənir. Bu səlahiyyət də notariat qaydasında təsdiqlənməlidir. Müqavilənin qanunauyğunluğu notariat qaydasında təsdiqləmə ilə təsbit olunur Yenə də həmin Məcəllənin 146.1 və 146.2-ci maddələrinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. İşin tədqiq olunan faktiki hallarından göründüyü kimi mübahisə tərəfləri məlum normaların tələblərinə əməl etməmişdir. Bundan başqa, iddia ərizəsində torpaq sahəsinin 2004-cü ilin sentyabr ayında alındığı yazılsa da, məhkəmədə tərəflər izahatlarında həmin torpağın alqı-satqısının 2006-cı ildə baş tutduğunu bildirdilər. Qusar Rayon Məhkəməsinin 25.07.2006-cı il tarixli, 2-279a/2006 saylı qətnaməsindən isə bu tarixin 2005-ci ilin iyun ayı olduğu görünür. Başqa sözlə, məlum alqı-satqının tarixinə dair ziddiyəti nəzərə alaraq məhkəmə kollegiyası, iş üzrə tərəflərin məhkəmədə verdikləri izahatlarını daha ağlabatan və inandırıcı hesab edir. Başqa sözlə, məhkəmə kollegiyası tərəflər arasında mübahisəli hüquq münasibətinin 2006-cı ildə yarandığını qəbul edir. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən tərəflər arasında mübahisəli hüquq münasibəti yaranarkən qüvvədə olmayan, yəni “Azərbaycan Respublikasının Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə” 24 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunun ilə Mülki Məcəllədən xaric edilmiş 335.2-ci maddəsinin tələblərinə istinad etmişdir ki, bu da MPM-nin 217.2-ci maddəsinə tamamilə ziddir. Belə ki, həmin maddəyə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Bundan əlavə, qeyd edildiyi kimi Qusar Rayon Məhkəməsinin 25.07.2006-cı il tarixli, 2-279a/2006 saylı qətnaməsindən görünür ki, İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh mülkiyyətində olan 0,10 ha torpaq sahəsinin alqı-satqısına dair əqdin etibarlı hesab edilməsini xahiş etmiş və iddia təmin edilmişdir. Bu fakt onu deməyə əsas verir ki, əslində tərəflər əqdin notarial təsdiqi üçün lazımi hərəkətləri etməmiş, hansısa səbəblərdən məsələnin məhkəmə qaydasında həlli yolunu seçmişlər. Bundan əlavə, işin tədqiq olunan faktiki hallarından görünür ki, tərəflər arasında 0,10 ha torpaq sahəsinin alqı-satqısına dair mübahisə yoxdur. İstər apellyasiya baxışı zamanı, istərsə də birinci instansiya məhkəməsində cavabdeh iddianı etiraf etmişdir. Başqa sözlə, alqı-satqı tərəfləri arasında, yəni torpağın mülkiyyətçisi ilə torpağı alan şəxs arasında əslində mübahisə olmadığı halda və bu halın şübhə doğurmasına baxmayaraq məhkəmə hazırda mübahisəlndirilən nəticəyə gəlmişdir. Beləliklə, birinci instansiya məhkəməsi iddianı təmin edərkən mübahisə üzrə tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etməmiş, yaranmış mübahisəyə artıq hüquqi qüvvəsini itirmiş maddi hüquq normaları tətbiq etmiş, bununla da səhv nəticəyə gəlmişdir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi «Brumaresku Rumıniyaya qarşı» iş üzrə 28 oktyabr 1999-cu il tarixli qərarında göstərmişdir ki, hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi digərləri ilə yanaşı tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsi işin bütün faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmamış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, qanunu səhv təfsir etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə görə məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Beləliklə, məhkəmə kollegiyası işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilməli və iddia təmin olunmamalıdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməli, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 20 manat dövlət rüsumu İddiaçı hüquqi varisi X3 tutularaq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti DƏDKR publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinə verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Apellyasiya şikayəti təmin edilsin. Hazırkı iş Quba Rayon Məhkəməsinin 12 avqust 2010-cu il tarixli, 2(027)- 828/2010 saylı qətnaməsi ləğv olunsun. Yeni qətnamə qəbul edilsin. İddia təmin olunmasın. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 20 manat dövlət rüsumu İddiaçı hüquqi varisi X3 tutularaq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti DƏDKR publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinə verilsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar