Məhkəmə qərarları › İş №2(105)-2421/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2421/2021

22.09.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2421/2021 22.09.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Ağayeva Elnarə Nəriman qızının katibliyi, qarşılıqlı iddiaçı Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mülkiyyətində olan qeyri-yaşayış sahəsinin özgənin sahibliyindən geri alınması və həmin sahədən çıxarılma tələbinə dair ilkin, qarşılıqlı iddiaçı Cavabdeh İddiaçı qarşı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğvi və kompensasiya ödənilməsi tələbinə dair qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 06 aprel 2021-ci il tarixli 2(012)-696/2021-013 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Abşeron Rayon Məhkəməsinin 06 aprel 2021-ci il tarixli qətnaməsi ilə (hakim H.Əhmədov) ilkin iddia tələbinin təmin edilməsi, İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Masazır kəndi, Qaçaq Nəbi küçəsində yerləşən 83.8 kv.m sahəsi olan qeyriyaşayış binası Cavabdeh qeyri-qanuni sahibliyindən geri alınması, Cavabdeh və ailə üzvləri həmin qeyri-yaşayış sahəsindən çıxarılması, qarşılıqlı iddia tələbi təmin edilməməsi, qarşılıqlı iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu Cavabdeh aid edilməsi qət edilmişdir. Qarşılıqlı iddiaçı Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı Cavabdeh qarşı mülkiyyətində olan qeyri-yaşayış sahəsinin özgənin sahibliyindən geri alınması və həmin sahədən çıxarılma tələbinə dair ilkin iddia tələbi ilə Abşeron Rayon Məhkəməsinə müraciət etmişdir. İlkin iddia tələbini onunla əsaslandırmışdır ki, Abşeron rayonu, Masazır kəndi, Qaçaq Nəbi küçəsindəki qeyri-yaşayış sahəsi mülkiyyət hüququ əsasında ona məxsusdur. Cavabdeh və onun ailəsi həmin sahəyə qanunsuz olaraq daxil olmuş və oradan çıxmaq istəmirlər. Qarşılıqlı iddiaçı Cavabdeh İddiaçı qarşı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğvi və kompensasiya ödənilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət etmişdir. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, Cavabdeh ailə üzvləri ilə birlikdə 1998-ci ildən hal-hazıradək Abşeron rayonu, Masazır kəndində yerləşən Hövsan hərbi sovxozunun binasında məcburi köçkün kimi faktiki olaraq məskunlaşmışdır. Onun mülkiyyət hüququ qeydə alınmasa da, mülkiyyətçi ilə bərabər hüquqlara malikdir. O, orada yaşayır, faktiki istifadə və sahiblik edir, kommunal müqavilələr onun adınadır. O, uzun müddət ərzində həmin ərazidə abadlaşdırma işləri görərək 20 ədəd ağac əkmiş, öz vəsaiti hesabına evin bünövrəsini tökmüşdür. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Qarşılıqlı iddiaçı Rzalı X1 Rayon Məhkəməsinin 06 aprel 2021-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv olunmasını, ilkin iddia tələbinin rədd edilməsini, qarşılıqlı iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qanuni və əsaslı deyildir, qanunvericilik aktlarının tələbləri düzgün tətbiq edilməmiş, hüquq normaları pozulmuşdur. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında dindirilən qarşılıqlı iddiaçı Cavabdeh apellyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə ilkin iddiaçıya məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məhkəmə kollegiyasına heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Mülki Prossual Məcəllənin 376.2. maddəsinə əsasən ilkin iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdırıb, məruzəçini və qarşılıqlı iddiaçının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə qismən ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi ilkin iddia tələbinin təmin edilməsini həmin mənzilə hər hansı hüququ mövcud olmayan cavabdehin və onun ailə üzvlərinin bu mənzildə yaşamalarının həmin mənzilin mülkiyyətçisi olan iddiaçının mülkiyyət hüquqlarını məhdudlaşdırması, qarşılıqlı iddia ərizəsinin rədd edilməsini isə Şahsuvar Məhərrəmovun Daşınmaz əmlakın Dövlət reyestrində qeydə alınmış mülkiyyət hüququ qüvvədə olması, buna görə də çıxarışın ləğvi üçün heç bir əsas mövcud olmaması, qarşılıqlı iddia tələbinin “kompensasiya” hissəsinin iddiaçı tərəfindən nədən ibarət olması və nəyin əsasında tələb etməsi konkret göstərilməməsi, dəlillər təqdim edilməməsi, bu barədə heç bir tutarlı sübut təqdim edə bilməməsi, onun tərəfindən təqdim edilən sübutlar iddia tələbinin təsdiqi üçün kifayət etməməsi ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə qarşılıqlı iddiaçı Cavabdeh tərəfindən apellyasiya qaydasında mübahisələndirilmiş, verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayəti üzrə hüquqi dəyərləndirmə apararaq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşdən görünür ki, ilkin iddia tələbi qeyri-yaşayış sahəsinin özgənin sahibliyindən geri alınması və həmin sahədən çıxarılma, qarşılıqlı iddia tələbi isə çıxarışın ləğvi və kompensasiyanın ödənilməsi barədədir. İlkin iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 157-ci maddəsi, qarşılıqlı iddia tələbinin qanuni əsasını isə həmin məcəllənin 140-cı maddəsi təşkil edir. Qeyd etmək lazımdır ki, iddia tələbi konkret olmaqla, tələbin yönəldiyi şəxslər aydın və anlaşılan formada (kimliyi) dəqiq göstərilməlidir. İşdə iştirak edən şəxslərin adları, onların poçt ünvanları iddia ərizəsində göstərilməlidir. İddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində göstərilməlidir (Mülki Prosessual Məcəllənin 149.2.2.,149.2.3. maddəsi). Mülki Prosessual Məcəllənin 218.3. maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Qanunun mənasına görə məhkəmə işdə iştirak edən şəxslərin verdikləri tələblərdən kənara çıxa bilməz və verilməyən tələblər üzrə qətnamə çıxara bilməz. Başqa sözlə məhkəmə yalnız həmin tələblərə baxmalı və yalnız həmin tələblər üzrə qətnamə çıxarmalıdır. Lakin qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Göründüyü kimi iddiaçı cavabdehlərin ailə üzvlərinin və digər şəxslərin çıxarılmasını xahiş etsə də, digər şəxslərin kimliyini (ad, soyad və ata adlarını) dəqiqləşdirməmiş və onların çıxarılmaları nəticəsinə gələn aşağı instansiya məhkəməsi iddia tələbini onlara münasibətdə də təmin edərkən bu halı nəzərə almamış, nəticədə maddi və prosessual hüquq normalarının pozulması ilə nəticələnən qətnamə qəbul etmişdir. “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 may 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, “Apellyasiya məhkəmə icraatında ərizəçinin dəlillərindən asılı olmayaraq maddi və prosessual normalara riayət olunmasının yoxlanılmasına yol verilsə də (MPM-in 372.7-ci maddəsi), onun təyinatı məhz birinci instansiya məhkəmələrinin aktlarına (qərarlarına) bir qayda olaraq, bu məhkəmələrdə tərəflərin təqdim etdikləri faktiki material əsasında yenidən baxılmasından, habelə məhkəmə səhvlərinin və çatışmazlıqlarının düzəldilməsindən ibarətdir.” Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır (MPM-nin 385.1.1-ci maddəsi). Bu mənada məhkəmə kollegiyası hesab edir ki, ilkin iddia tələbi bu hissədə təmin edilə bilməz. Qarşılıqlı iddia tələbinə gəldikdə isə qeyd olunmalıdır ki, Mülki Məcəllənin 140-cı maddəsinə görə reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Azərbaycan Respublikası MPM-nin 384.0.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 06 aprel 2021-ci il tarixli qətnaməsi qismən ilkin iddia tələbinin ailə üzvlərinin çıxarılması hissəsində ləğv, qalan hissədə dəyişdirilmədən saxlanılmasına dair iş üzrə yeni qətnamə qəbul edilməlidir. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 384.0, 384.0.1, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏT ETDİ Apellyasiya şikayəti qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 06 aprel 2021-ci il tarixli qətnaməsi qismən ilkin iddia tələbinin ailə üzvlərinin çıxarılması hissəsində ləğv edilsin və həmin hissədə yeni qətnamə qəbul edilsin. İlkin iddia tələbi ailə üzvlərinin çıxarılması hissəsində rədd edilsin. İlkin və qarşılıqlı iddia tələbləri qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar