Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2447/2021 28.09.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Tağızadə Gülnarə Fikrət qızı və Quliyev Telman Osman oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 04 may 2021-ci il tarixli, 2(060)-1064/2021 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ : Sumqayıt Şəhər Məhkəməsinin 04 may 2021-ci il tarixli, 2(060)-1064/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, vurulmuş mənəvi zərərə görə 1000 (min) manat məbləğində pul və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 15 (on beş) manatının Cavabdeh2 tutularaq İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim Emin Abdullayev). Qətnamədən narazı qalan Cavabdeh2 apellyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin 04 may 2021-ci il tarixli, 2(060)-1064/2021 saylı qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı Cavabdeh1 qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək cavabdehdən maddi zərərə görə 3500 manat məbləğində pulun və ona dəymiş mənəvi zərərin əvəzi olaraq 10.000 manat məbləğində pulun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 17.11.1991-ci il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə X8 ilə ailə qurmuş və birgə nikahdan üç uşaq doğulmuşdur. Onun əri hazırda Rusiya Federasiyasının vətəndaşıdır və Rostov şəhərində yaşayır. 31.10.2009-cu il tarixdə səhhətində olan problemlə bağlı (sağ tərəfin pozulmuş boru hamiləliyi. Sol tərəfli xroniki salpingit) əməliyyat olunmaq üçün Sumqayıt şəhərində yerləşən "Şəfqət" Klinikasına müraciət etmiş və üzərində "sağ tərəfli pozulmuş boru hamiləliyi" ilə bağlı cərrahi əməliyyat aparılmışdır. Bu əhvalatdan 10 il sonra - 31.07.2019cu il tarixdə Cavabdeh1 onun əməliyyat olunduğu "Şəfqət" Klinikasının baş həkimi Cavabdeh2 müraciət edərək onun məlumatı və razılığı olmadan şəxsi və ailə həyatının sirrini təşkil edən sağlamlıq vəziyyəti ilə bağlı xəstəliyi və cərrahi əməliyyat olunmağı barədə epikrizi qanunsuz əldə etmiş və onun guya nikahdan kənar hamiləliklə bağlı cərrahi əməliyyat keçirməyi barədə məlumatı iddiaçının yaxınları arasında rüsvay etmək məqsədilə həmin epikrizin fotoşəklini özünə məxsus "Samsunq" markalı mobil telefonla çəkib ***-***-**-** mobil nömrəsi ilə qeydiyyatdan keçdiyi "WhatsApp" ani mesajlaşma sistemində 2019-cu ilin avqust-oktyabr aylarında əri X4, gəlinləri X5 göndərmiş, habelə dayısı X1 və qohumları X2 nümayiş etdirməklə qəsdən yaymışdır. Nəticədə Cavabdeh1 onu rüsvay etmək üçün həmin məlumatı qəsdən yaymış və cavabdehin bu təqsiri üzündən onun həm qohum-əqraba, həm də yaxın dost-tanışlar arasında şərəf və ləyaqəti alçalmışdır. İddiaçının şərəf və ləyaqəti kobud surətdə alçaldılmış, təhqir edilmiş və həyat yoldaşı ilə aralarında olan ailə münasibətləri pozulmuş, rəsmi nikahları artıq formal xarakter daşıyır. Eyni zamanda ona həm maddi, həm də mənəvi zərər dəymişdir. Cavabdehin bu qanunsuz hərəkəti nəticəsində iddiaçı hüquqmühafizə orqanlarına, məhkəməyə müraciət etməyə, vəkil xidmətindən istifadə etməyə məcbur olmuşdur. Dəfələrlə hüquq-mühafizə orqanlarına və məhkəməyə çağırılmağı nəticəsində həm işindən, normal həyat tərzindən, istirahətindən məhrum olmuş, həm də xeyli məbləğdə vəsait xərcləmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-60/2020 saylı, 08.06.2020-ci il tarixli hökmü ilə Cavabdeh1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 156.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib qazancından 20% məbləğində pul tutulmaqla 06 (altı) ay müddətinə islah işləri cəzasına məhkum edilmişdir. İddiaçı 02.03.2021-ci il tarixdə məhkəməyə daxil olmuş vəsatətində “Şəfqət” klinikasının baş həkimi Cavabdeh2 da cavabdeh qismində cəlb edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ və PROSES İŞTİRAKÇİLARİNİN İZAHATİ : Cavabdeh2 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüququ normalarının pozulması və düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçü mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, məhkəməin qətamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi sübuta yetirilir və bu səbəbdə qətnamə ləğv edilməli və idianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Belə ki, iddiaçı 31.10.2009-cu il tarixdə səhhətində olan problemlə bağlı (sağ tərəfində pozulmuş boru hamiləliyi. Sol tərəfli xroniki salpingit) əməliyyat olunmaq üçün onun rəhbəri olduğu Sumqayıt şəhərində yerləşən «Şəfqət» klinikasına müraciət etmiş və üzərində «sağ tərəfli boru hamiləliyi» ilə bağlı cərrahi əməliyyat aparılmışdır. 10 ildən sonra 31.07.2019-cu il tarixdə iddiaçı ona 2009-cu ildə vermiş olduğu epikrizi itirdiyi üçün təkrar Klinikaya müraciət etmiş və epikrizin surətinin verilməsini xahiş etmişdir. Klinika tərəfindən iddiaçya təkrar epikriz verilmişdir. Bildirir ki, Cavabdeh1 onun tərəfindən iddiaçıya aid heç bir tibbi sənəd verilməmişdir. Hesab edir ki, Klinika tərəfindən iddiaçıya verilmiş tibbi sənədlər onun özü tərəfindən Cavabdeh1 Göstərilmişdir. Sonradan iddiaçı ilə Cavabdeh1 arasında hansısa münaqişənin baş verməsinin və Şirinin onun haqqında hər hansı məlumatı yaymasının klinikaya heç bir aidiyyatı yoxdur. Bundan başqa iddiaçının klinikada əməliyyat olması barədə heç bir qohumunun məlumatı olmaması da şübhə doğurur. Ona görə də hesab edir ki, Sumqayıt Şəhər Məhkəməsinin 04 may 2021-ci il tarixli, 2(060)-1064/2021 saylı qətnaməsi tamamilə ləğv edilməliir. PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ: Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 vəkili X3 apellyasiya şikayətinin təmin edilib edilməməsi məsələsini məhkəmənin mülahizəsinə verdiyini bildirdi. PROSESSUAL MƏSƏLƏLƏR: İddiaçı, Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-haki¬min məruzəsini, cavabdehin vəkilinümayəndəsinin izahatını dinləyərək, apellyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə Cavabdeh2 münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 08.06.2020-ci il tarixli, 1(060)-60/2020 saylı hökmündən görünür ki, Cavabdeh1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 156.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək qazancından 20 faiz məbləğində pul tutulmaqla 06 ay müddətinə islah işləri cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsini 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitindəəldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Qeyd edilənlərə əsasən hazırkı mübahisə üzrə zərərin ödənilməsi üçün zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində, o cümlədən cavabdehin qanunsuz hərəkətləri nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması müəyyən edilməlidir. Bu əsaslar müəyyən olunmadan iddiaçının üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. Bundan başqa maddi zərərlə bağlı qeyd edilməlidir ki, iddiaçı bildirmişdir ki, cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində sağlamlığında problemlər yaranmış və bununla bağlı müalicəsinə xərci çıxmışdır. Beləliklə ona maddi ziyan dəymişdir. Hazırda o, həmin maddi ziyanın əvəzinin cavabdehlərdən tutulmasını xahiş edir. İddiaçı maddi ziyanla bağlı tələbinin sübutu kimi məhkəməyə resept blankları təqdim etmişdir. Həmin blanklarda iddiaçıya həkim tərəfindən müxtəlif dərman pereparatlarının təyin edildiyi qeyd edilmişdir. Məhkəmə haqlı olaraq hesab etmişdir ki, həmin resept blanklarında göstərilən dərman pereparatlarının iddiaçının səhhətində məhz cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində problemlərin yaranmasına görə təyin edilməsini müəyyən etmək mümkün deyildir. Yəni, iddiaçıya cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində maddi ziyan vurulması iş materialları ilə müəyyən edilmir. Bu səbəbdən iddia tələbi maddi ziyanın tutulması hissəsində təmin edilə bilməz. “Mənəvi zərərin ödənilməsi haqqında qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarına əsasən mənəvi zərər anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Azərbaycan Respublikası MPM-nin 82.4-cü maddəsində göstərilmişdir ki, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Məhkəmə hesab etmişdir ki, iddiaçının şəxsi, ailə və tibbi sirlərinin Cavabdeh1 tərəfindən yayılması Sumqayıt Şəhər Məhkəməsinin qanuni qüvvəyə minmiş 08.06.2020ci il tarixli hökmü ilə müəyyən edilmişdir. Lakin iddiaçı həmin cinayət işinə məhkəmədə baxılarkən həmin cavabdehə qarşı mülki iddia verməmiş, mülki iddianın verilməsi ilə bağlı prokurora müraciət etməmişdir. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, mənəvi zərərlə bağlı iddia tələbi Cavabdeh1 aid hissədə təmin edilməməlidir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-60/2020 saylı, 08.06.2020-ci il tarixli hökmündən görünür ki, Cavabdeh1 məhkəmə iclasında verdiyi ifadəsində bildirmişdir ki, 29.07.2019-cu il tarixdə iddiaçının əməliyyat olduğu Sumqayıt şəhərində yerləşən “Şəfqət” klinikasına yollanmış və klinikanın qeydiyyat şöbəsində tanımadığı xanıma yaxınlaşaraq şifahi formada iddiaçının sağ tərəfli pozulmuş hamiləliyi ilə bağlı olan əməliyyatının epikrizini istəmişdir. Həmin xanım baş həkimin işdə olmadığını və epikrizi vermək üçün baş həkimin imza çəkməli olduğunu bildirərək ona iki gün sonra, yəni 31 iyul 2019-cu il tarixdə gəlməsini söyləmişdir. Daha sonra o, həmin tarixdə yenidən klinikaya gedərək heç bir problem yaranmadan həmin sənədi ala bilmişdir. Həmin cinayət işi üzrə şahid qismində ifadə vermiş X7 ifadəsində bildirmişdir ki, həmin klinikanın qeydiyyat şöbəsində tibbi qeydiyyatçı işləyir. Araşdırma zamanı iddiaçı tərəfindən təqdim edilmiş diskdəki 2009-cu ilin noyabr ayında «Şəfqət» klinikasında aldığı müalicə ilə bağlı «stasionar xəstənin tibbi kartasından çıxma epikriz» (təkrar) ilə tanış olduqda epikrizin işlədiyi klinika tərəfindən verilməsini təsdiq edib, epikrizin aşağı sol hissəsində Müalicə həkimi:” və “Baş həkim:” rekvizitlərinin qarşısındakı imzanın baş həkim Cavabdeh2, möhürün isə klinikaya məxsus olduğunu bildirmişdir. 2019-cu ilin iyul ayının sonlarında tanımadığı şəxs klinikaya şifahi formada müraciət edərək qayınanasının ağır onkoloji xəstə olduğunu, İran İslam Respublikasında müalicə aldığını və özü gələ bilmədiyini demişdir. İddiaçının arxiv sənədlərinin və baş həkimin işdə olmadığını bildirərək daha sonra yaxınlaşmasını bildirmişdir. Baş həkim işə çıxdıqdan sonra bu barədə ona məlumat vermiş və 2-3 gün sonra iddiaçının “stasionar xəstənin tibbi kartasından çıxma epikrizini” (təkrar) həmin şəxsə vermişdir. Bu barədə qeydiyyat aparılmamış və iddiaçıya məlumat verilməmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 29.12.2011-ci il tarixli, 137 saylı əmri ilə təsdiq edilmiş “Həkimlərin etik davranış Qaydaları”nda göstərilmişdir ki, vətəndaşın tibbi yardım üçün müraciət edilməsi faktı, onun xəstəliyinin diaqnozu, sağlamlığının vəziyyəti, müayinə və müalicə vaxtı əldə edilən digər məlumatlar barədə informasiya həkim sirrini təşkil edir. Vətəndaşın verəcəyi məlumatın gizli saxlanılması haqqında ona zəmanət verilir (27.). Vətəndaşın və ya onun qanuni nümayəndəsinin razılığı ilə həkim sirrini təşkil edən məlumat pasiyentin müayinə və müalicəsinin mənafeyi naminə elmi tədqiqatların aparılması, elmi ədəbiyyatda nəşr edilməsi, tədris və digər məqsədlərlə istifadə olunması üçün başqa vətəndaşlara və vəzifəli şəxslərə verilə bilər (28.). Həkim sirrini təşkil edən məlumat vətəndaşın və ya onun qanuni nümayəndəsinin razılığı olmadan digər şəxslərə aşağıdakı hallarda verilə bilər: vətəndaş öz vəziyyətini izah etmək qabiliyyətinə malik olmadıqda, vətəndaşı müayinə və müalicə etmək məqsədilə; yoluxucu xəstəliklərin yayılması təhlükəsi olduqda, kütləvi zəhərlənmələr və zədələnmələr baş verdikdə; istintaq və təhqiqat orqanlarının, prokurorun və məhkəmənin sorğusu ilə; yetkinlik yaşına çatmayanların valideynlərinə və ya qanuni nümayəndələrinə məlumat vermək məqsədilə; hüquqa zidd hərəkətlər və vətəndaşın sağlamlığına vurulan zərər barədə şübhə olduqda (29.). Həkim sirrinə qanuni qaydada yiyələnən şəxslər onun yayılmasına və bununla əlaqədar vətəndaşa dəyən zərərə görə qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar (30.). Xəstənin müalicəsində iştirak edən digər şəxslərin həkim sirrinə riayət etmələrinə müalicə həkimi tərəfindən nəzarət edilməlidir (31.). Tibbi məlumatlardan istifadə hüququ olan şəxslər pasiyent haqqında əldə edilən bütün məlumatların məxfiliyini qorumalıdırlar (32.). Elmi tədqiqatlar, tələbələrin təlimi və həkimlərin təkmilləşdirilməsi prosesində həkim sirrinə riayət edilməlidir (33.). Müəyyən edilmişdir ki, iddiaçının tibbi sirrini təşkil edən məlumatlar "Şəfqət" Klinikasının baş həkimi Cavabdeh2 razılığı ilə Cavabdeh1 verilmişdir. Bununla da Cavabdeh2 “Həkimlərin etik davranış Qaydaları”na uyğun olmayan hərəkəti nəticəsində iddiaçıya məxsus şəxsi və tibbi sirr təşkil edən məlumatlar onun razılığı olmadan yayılmışdır. Yəni Cavabdeh2 qanunsuz hərəkəti nəticəsində iddiaçıya mənəvi ziyan dəymişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsində həmçinin göstərilmişdir ki, hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir (1099.1.). Bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun (1099.2.). Qeyd edilən hüquq normalarına əsasən məhkəmə qeyd etmişdir ki, iddiaçıya aid şəxsi və tibbi sirr təşkil edən məlumatlar hətta Cavabdeh2 razılığı olmadan onun rəhbərlik etdiyi klinikanın əməkdaşları tərəfindən digər cavabdehdə verilmiş olsa belə bu hal Cavabdeh2 iddiaçıya vurulmuş mənəvi zərər görə məsuliyyətdən azad etmir. İş materiallarından görünür ki, iddiaçı öz iddia ərizəsində cavabdehlərdən ona vurulmuş mənəvi zərərə görə 10.000 manat məbləğində pul tələb etsə də məhkəmə onun ağlabatan məbləğdə, yəni 1000 manat məbləğində müəyyən edilməsini daha məqsədəuyğun hesab etmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab etmişdir ki, iddia Cavabdeh2 mənəvi zərərin əvəzinin tutulması hissəsində qismən təmin edilməli və ondan 1000 manat məbləğində mənəvi zərərə görə pul iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab etmişdir ki, iddia qismən təmin edildiyindən iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 30 manat dövlət rüsumunun 15 manatı Cavabdeh2 aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərini əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin maddə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Bu normanın tələbinə görə məhkəməyə müraciət etmiş şəxs birinci növbədə özünün hansı hüquq və azadlığının, eləcə də maraqlarının pozulduğunu sübut etməli və bundan sonra onların təmin edilməsini tələb etməlidir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi «Brumaresku Rumıniyaya qarşı» iş üzrə 28 oktyabr 1999-cu il tarixli qərarında göstərmişdir ki, hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi digərləri ilə yanaşı tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iş üzrə toplanılmış sübutlara məcmu halında qiymət verməklə belə nəticəyə gəlmişdir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh apellyasiya şikayətini əsaslandıra bilməmişdir. Apelyasiya şikayətində cavabdeh qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, lakin buna dair hər hansı bir sübut təqdim edə bilməmişdir. Cavabdehin dəlillərinə isə qətnamədə araşdırılaraq hüquqi qiymət verilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Belə olan halda məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşaraq hesab edir ki, qətnamə qanuni və əsaslı olduğundan Cavabdeh2 münasibətdə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti isə təmin olunmamalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392 və 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 04 may 2021-ci il tarixli, 2(060)-1064/2021 saylı qətnaməsi Cavabdeh2 münasibətdə dəyişdirilmədən saxlanılsın. Cavabdeh2 apellyasiya şikayəti təmin olunmasın. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-2447/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2447/2021
28.09.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver