Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-246/2023 08.02.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X2 və X1 ibarət tərkibdə, Bünyatzadə Məsumə Sahib qızının katibliyi, Ərizəçi, ərizəçinin nümayəndəsi Vəkil iştirakı ilə, Ərizəçi maraqlı şəxs Sumqayıt şəhər İcra Hakimiyyətinə qarşı mülkiyyət hüququnun tanınması tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4846/2022 nömrəli, 23 sentyabr 2022-ci il tarixli qətnaməsindən Ərizəçi tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Sumqayıt Şəhər Məhkəməsinin 23 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim R.Qoşqarlı) ərizənin rədd edilməsi qət edilmişdir. Ərizəçi qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhəri, Corat qəsəbəsində yerləşən 2 saylı uşaq bağçasının mülkiyyət hüququ əsasında babası X4 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, onun mərhum babası X6 1937-ci ildə “xalq düşməni” adlandırılaraq Azərbaycandan sürgün edilib və elə sürgündə də dünyasını dəyişib. Həmin vaxt hökümət babasına məxsus Corat qəsəbəsində yerləşən mülkünü heç bir hüquqverici sənəd olmadan dövlət nəfinə müsadirə edərək dövlət ehtiyaclarına verib. Bu illər ərzində babasının həmin mülkü dövlətdədir. Hazırda uşaq bağçası kimi istifadə edilir. Lakin onlarda olan məlumata görə Corat qəsəbəsində yeni uşaq bağçası tikilir və hazırda həmin binaya ehtiyac yoxdur. Azərbaycan Respublikasının Prezidentinin imzaladığı 06 noyabr 1991-ci il tarixli Qanuna əsasən, müsadirə edilmiş və alınmış evlər onların qanuni sahibləinə geri qaytarılmalıdır. O, bu hüquqdan istifadə edərək babasının mülkinin ona qaytarılması barədə İcra hakimiyyətinə müraciət etmiş, ona cavab olaraq bildirilmişdir ki, bu məsələ məhkəmə qaydasında hüquqi müstəvidə həll edilməlidir. O, babasının vərəsəsi olmağı və X3 onun babası olması faktının müəyyən edilməsi barədə məhkəməyə ərizələrlə müraciət etmiş və məhkəmə qətnamələri əsasında X3 onun babası olması və onun həmin şəxsin vərəsəsi olmağı faktları müəyyən edilmişdir. Bundan sonra o, Sumqayıt şəhər İcra hakimiyyətinə müraciət etmişdir ki, babasının mülkinün ona qaytarılması məsələsinin həlli üçün Komissiyada bu məsələ müzakirə edilərək qərar qəbul edilsin. Sumqayıt şəhər İcra hakimiyyəti ərizəsinə imtina verərək belə hesab etmişdir ki, binaya dair hüquqi sənədlər olmadığı üçün onun belə bir ərizə vermək səlahiyyəti yoxdur. Sumqayıt şəhər İcra Hakimiyyətinin bu imtinası ilə razılaşmayaraq Sumqayıt İnzibati Məhkəməsinə iddia ərizəsi vermiş, Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qəraradına əsasən iddiası mümkünsüz hesab edilmiş və qərardadda göstərilmişdir ki, həmin mübahisəli binanın babasına məxsus olmasını təsdiq edən sənəd mövcud olmadığı üçün onun belə bir iddia ilə məhkəməyə müraciət etməyi üçün hüquqi əsası mövcud deyildir. Ona görə də hazırda o, bu ərizə ilə məhkəməyə müraciət edir. İşin göstərilən hallarından, məhkəmə qərarlarından, icra hakmiyyətinin cavab məktublarında da görünür ki, mübahisəli binaya dair babasının sənədlərini əldə etmək mümkün olmamışdır, icra hakimiyyətində də həmin sənədlər saxlanmamış, babası həbs edilib sürgün edilərkən həmin sənədlər digər əşyalarla birlikdə evdən götürülmüş və geri qaytarılmamışdır. Belə olan halda binanın babasına məxsus olması yalnız məhkəmə qaydasında müəyyən edilə bilər. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Ərizəçi Sumqayıt Şəhər Məhkəməsinin 23 sentyabr 2022-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və ərizənin təmin edilməməsi məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə işin hallarını düzgün araşdırmadığı üçün düzgün olmayan nəticəyə gəlmiş və onun haqlı və qanuni tələbini təmin etməmişdir. Məhkəmə işin hallarını düzgün araşdırsaydı, bu evin babana məxsus olmasını müəyyən edərək ərizəni təmin edərdi. Məhkəmə iş üzrə ifadə vermiş şahidlərin ifadələrinə düzgün hüquqi qiymət verməmiş və həmin ifadələr üzrə hər hansı bir araşdırma aparmamış, həmin ifadələrdə sübut növü olduğu halda, həmin sübutlarla təsdiq edilən hüquqi faktı müəyyən etməkdən imtina etmişdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən Ərizəçiapellyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən ərizəçinin nümayəndəsi Vəkil apellyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə maraqlı şəxs Sumqayıt şəhər İcra Hakimiyyətinə məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə kollegiyasının iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2. maddəsinə əsasən qeyd edilən şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdırıb, məruzəçini və işdə iştirak edən şəxslərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Şabran Rayon Məhkəməsinin 05 may 2016-ci il tarixli qətnaməsi ləğv edilməli, ərizə baxılmamış saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Mülki Prosessual Məcəllənin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 365-ci maddəsinə əsasən apellyasiya icraatına bu fəslin və bu Məcəllənin müddəaları tətbiq olunur. Birinci instansiya məhkəməsi ərizənin təmin edilməməsini ərizəçinin qeyd etdiyi halı təsdiq edən hər hansı hüquqmüəyyənedici sənədi təqdim edə bilməməsi ilə əsaslandırmışdır. İşdən görünür ki, ərizəçinin tələbi Sumqayıt şəhəri, Corat qəsəbəsində yerləşən 2 saylı uşaq bağçasının mülkiyyət hüququ əsasında babası X4 məxsus olması faktının müəyyən edilməsi barədədir. Məhkəmə kollegiyası ərizəçinin tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Mülki Prosessual Məcəllənin 307.1. maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 12 aprel 2019-cu il tarixli Qərarına əsasən hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir (1.2). Hüquq haqqında mübahisə dedikdə, digər şəxsin (şəxslərin) eyni predmetə hüquqlarının olması, maddi hüquq münasibətlərinin iştirakçıları arasında iddia edilən hüquqların yalnız ona məxsus olması və ya həmin hüquqların həcmi və sair barədə yaranan fikir ayrılığı başa düşülür. Hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi haqqında işlərə baxarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edilərsə, hakim MPM-in 259.0.10-cu maddəsinə və 306.4cü maddəsinə görə hakim ərizənin baxılmamış saxlanılması haqqında qərardad çıxarmalı, ərizəçi və maraqlı şəxslərə onların ümumi əsaslarla iddia vermək hüququnu izah etməlidir. Nəzərə alınmalıdır ki, maraqlı şəxsin hüquqi faktın müəyyən edilməsi barədə qətnamədən şikayət verərək qətnamənin qanuniliyini və əsaslılığını mübahisələndirməsi hüquq haqqında mübahisə demək deyildir və bu əsasla ərizənin baxılmamış saxlanılması yolverilməzdir. (1.5). Ərizənin baxılmamış saxlanılmasının əsaslarını nəzərdə tutan Mülki Prosessual Məcəlləsinin 19-cu fəslinin 259.0.10. maddəsinə görə hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi barəsindəki ərizələrə baxıldıqda hüquq haqqında mübahisə yarandığı aşkar edilərsə məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası MPM-nin 306.4. maddəsinə əsasən xüsusi icraat qaydasında işlərə baxarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edilərsə, hakim ərizənin baxılmamış saxlanılması haqqında qərardad çıxarır və maraqlı şəxslərə onların ümumi əsaslarla iddia vermək hüququnu izah edir. Azərbaycan Respublikası MPM-nin 384.0.5. maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8— 259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Ərizədən də göründüyü kimi hüquq haqqında mübahisənin yarandığı aşkardır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 23 sentyabr 2022-ci il tarixli qətnaməsi ləğv edilməli, ərizə baxılmamış saxlanılmalı, ərizəçiyə ümumi əsaslarla iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Azərbaycan Respulbikası Mülki Prosessual Məcəlləsinin 260.4. maddəsinə əsasən iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 259.0.10, 306.4, 384.0.5, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ Apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 23 sentyabr 2022-ci il tarixli qətnaməsi ləğv edilsin. Ərizəçi maraqlı şəxs Sumqayıt şəhər İcra Hakimiyyətinə qarşı Sumqayıt şəhəri, Corat qəsəbəsində yerləşən 2 saylı uşaq bağçasının mülkiyyət hüququ əsasında babası X4 məxsus olması faktının müəyyən edilməsi barədə ərizəsi baxılmamış saxlanılsın. Bu qərardad Ərizəçi yenidən ümumi əsaslarla iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququnu istisna etmir. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-246/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-246/2023
08.02.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar - Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver