Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2467/2020 28.10.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Dadaşova Aynur Asif qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı pul tələbinə dair mülki iş üzrə Sumqayıt şəhər məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(060)-167/2020 saylı qətnaməsindən İddiaçı və Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətlərinə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ Sumqayıt şəhər məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim A.Süleymanova) iddianın qismən təmin edilməsi, Cavabdeh MMC-dən təmir xərclərinə görə 1252 manat, dəymiş zərərin əvəzi olaraq 5250 manat, ümumilikdə 6502 manat ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 19 manat İddiaçı xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi, məhkəmə ekspertiza tədqiqatının dəyəri olaraq Cavabdeh MMC-dən 63 manat, İddiaçı 37 manat tutularaq Dövlət Xəzinədarlığı Agentliyinə ödənilməsi qət edilmişdir. İddiaçı və Cavabdeh MMC qətnamədən apellyasiya şikayətləri vermişlər. İŞİN HALLARİ İddiaçı Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ödənilməmiş icarə haqqına görə 528 manat, təmir pulu 1026,50 manat, əldən çıxmış gəlir, yəni dəymiş zərərin əvəzi olaraq 3500 manat pulun Cavabdeh MMCdən alınıb ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin artırılması barədə məhkəməyə ərizə təqdim edərək, ödənilməmiş icarə haqqının əvəzi olaraq 528 manat, mağazanın təmir pulu olaraq 1600 manat, mağaza binasını təmizləyən xidmətçi haqqı olaraq 400 manat, əldən çıxmış gəlir, dəymiş zərərin əvəzi olaraq 7680 manat cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, onunla «icarəçi» Cavabdeh MMC arasında bağlanmış icarə müqaviləsinə əsasən Quba rayonu Digah kəndində yerləşən ümumi sahəsi 120 kv.m olan ona məxsus qeyri yaşayış binasını 10 il müddətinə icarəyə vermişdir. İcarə müqaviləsinin xitamına tərəflərin razılığı ilə əməl olunaraq mağazanın açarlarını 2019-cu ilin yanvar ayının axırında təhvil almışdır. Bu icarə müqaviləsinə görə mübahisəli məsələlər tərəflərin qarşılıqlı razılığı ilə həll edilə bilər. Belə razılıq əldə etmək mümkün olmadıqda isə Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən mübahisələr həll olunur. Belə ki, icarə müqaviləsinə görə icarə haqqı hər ay üçün 350 manat müəyyən edildiyi halda icarəçi buna əməl etməyərək fəaliyyət göstərdiyi səkkiz ay ərzində Kapital Bank ASC Quba rayon filialı vasitəsilə hesabına köçürülməli olan (8 ay x 350 man) 2800 manat əvəzinə cəmisi 2272 manat pul köçürmüşdür. Həmin köçürmələrin bank sənədini ərizəsinə əlavə edir. Ona ödənilməli olan 528 manat pulu cavabdehdən tələb edir. Digər tərəfdən, tərəflər arasında bağlanmış müqavilə şərtlərinə görə icarəçi icarə müddəti qurtardıqdan sonra mağaza binasını OBA marketləri şəbəkəsi, sahibkarla təhvil-təslim aktına əsasən qəbul etdiyi vəziyyətdə təhvil verməlidir. xx.xx.2018-ci il tarixli, sahibkarla və digər tərəfdən OBA marketlər şəbəkəsinin maddi vəsaitlər əməkdaşı Vüsal Kazımov arasında bağlanmış təhvil-təslim aktından görünür ki, mağaza binası əla vəziyyətdə təmir edilib onun tərəfindən təhvil verilmişdir. Həmin təhvil-təslim aktını da ərizəsinə əlavə edir. Həmin müddətdən bu günə qədər mağaza binasını təmir etməkdən imtina etdiklərinə görə tərəfindən usta və köməkçisini dəvət etmiş, lazımi mal və materialların siyahısını tutmuş və tələb olunan 1026,5 manat pulu cavabdehdən tələb edir. Belə ki, təmir olunmalı mağazanın divarlarının ümumi sahəsi 256 kv metrdir. Təmirə lazım olan materialların qiyməti cəmisi 1026,5 manat tələb edir. Həmçinin o, mübahisə predmetinə aid qeyri-yaşayış sahəsini bir ildən artıqdır ki, cavabdehin təqsirindən icarəyə verə bilmir, bu səbəbdən də gəlirindən məhrum olmuş, ona xeyli miqdarda zərər dəymişdir. Belə ki, o, xx xxxx 2019-cu il tarixdən digər şəxslə icarə müqaviləsi bağlamasına baxmayaraq, qeyri-yaşayış sahəsini icarəçiyə təhvil verə bilməmişdir. Bunun səbəbkarı isə cavabdehdir. Cavabdeh ona həmin sahəni 2019-cu ilin yanvar ayında qüsurlu vəziyyətdə qaytarmışdır. Halbuki onun tərəfindən qeyri-yaşayış sahəsi tam təmirli vəziyyətdə icarəyə verilmiş, icarəçi olaraq Cavabdeh MMC müqavilə şərtlərinə əsasən həmin vəziyyətdə də geri qaytarmalı idi. Lakin cavabdeh müqavilə öhdəliyinə əməl etməmiş, yararsız vəziyyətdə qeyri-yaşayış sahəsini ona qaytarmışdır. Təmirə ehtiyac olduğundan, lakin vəsaiti olmadığından o, hazırki vaxtadək qeyri-yaşayış sahəsini təmir etdirə bilməmiş, cavabdeh isə təmir xərclərini ödəməmişdir. O, 2019-cu ilin mart ayında bağladığı icarə müqaviləsinə əsasən qeyri-yaşayış sahəsini hər ay 480 manata icarəyə verməyə razılaşmışdır, lakin təmir olunub təhvil verilmədiyindən müqavilə qüvvəyə minməmiş, nəticədə o, hazırki vaxtadək 7680 manat gəlirindən məhrum olunmuşdur. Eləcə də həmin sahənin təmizlənməsi üçün xidmət haqqı tələb olunur və o, bu xidmət haqqının ödənilməsi üçün 400 manat tələb edir. Bundan başqa, cavabdeh icarə haqqını tam ödəməmişdir. Cavabdehlə aralarında olan digər məhkəmə çəkişməsi zamanı o, səhvən icarə haqqının tam ödənildiyini bildirmişdir. Lakin sonradan müəyyən etmişdir ki, icarə haqqı tam ödənilməməklə cavabdehin ona 528 manat icarə haqqı borcu vardır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı Sumqayıt şəhər məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddia tələbi təmin olunmayan hissələrdə də təmin olunmalıdır. Cavabdeh MMC apellyasiya şikayəti verərək Sumqayıt şəhər məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamədən narazıdır. Qətnamə maddi və prosessual hüquq normaları pozulmaqla çıxarılmış, iddia tələbinə öz münasibətini bildirməmişdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən İddiaçı apellyasiya şikayətini müdafiə edərək, cavabdehin apellyasiya şikayətini qəbul etməyərək, şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən cavabdehin nümayəndəsi X3 cavabdehin apellyasiya şikayətini müdafiə edərək, şikayətinin təmin edilməsini, iddiaçının apellyasiya şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. İş materiallarını araşdıraraq, məruzəçini və tərəflərin izahatlarını dinləyərək, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətləri qismən təmin edilməli, Sumqayıt şəhər məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilməli, iddia tələbi məhkəmə aidiyyəti üzrə baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Mülki Prosessual Məcəllənin 372.1-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 365-ci maddəsinə əsasən apellyasiya icraatına bu fəslin və bu Məcəllənin müddəaları tətbiq olunur. Birinci instansiya məhkəməsi iddia tələbinin qismən təmin edilməsi barədə gəldiyi nəticəni cavabdehin öhdəliyi icra etməməsi ilə əsaslandırmışdır. İddiaçı və cavabdeh isə ayrı-ayrılıqda bu nəticədən narazı qalaraq apellyasiya şikayətləri verərək, iddiaçı qətnaməni təmin olunmayan, cavabdeh isə ümumilikdə mübahisələndirmişlər. Məhkəmə apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar iş materiallarını araşdıraraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 32.3. maddəsinə əsasən hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. Azərbaycan Respublikası MPM-nin 24.2. maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Qeyd edilən maddənin məzmunundan müəyyən edilir ki, məhkəmələr məhkəmə aidiyyətini müəyyən edərkən üç əsas xüsusiyəti – işdə iştirak edən şəxslərin subyektiv tərkibini (hüquqi, fiziki şəxslər və sahibkarlar), mübahisənin predmetini (iddia ərizəsində və ya ərizədə qoyulan tələbin xarakterini) və hüquq münasibətinin xarakterini (mübahisənin hansı hüquq münasibətindən yaranması, məsələn, mülki, ailə, iqtisad və.s) yoxlamalıdır. Bununla yanaşı hər üç xüsusiyyət bir-biri ilə birbaşa bağlı olduğundan, məhkəmə aidiyyəti müəyyən edilərkən, onların üçünün də yoxlanılması zəruridir. Halbuki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası MPM-nin “hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanır” prinsipini rəhbər tutaraq, iddia ərizəsini icraata qəbul etsə də, yaranan mübahisəyə hansı məhkəmədə baxılmasını (kommersiya və ya iqtisad), yəni mübahisənin məhkəmə aidiyyətini nəzərdə tutan prosessual hüquq normalarını pozaraq, mübahisə üzrə işdə iştirak edən şəxslərin subyektiv tərkibi, yaxud mübahisənin predmeti və ya hüquq münasibətinin xarakterini nəzərə almalı olduğu halda, buna əməl etməmiş və nəticədə qanunvericiliyin yuxarıda qeyd normalarının tələblərini pozmaqla qətnamə qəbul etmişdir. Məhkəmə baxışı zamanı dindirilən cavabdehin nümayəndəsi X3 da işin məhkəmə aidiyyəti üzrə göndərilməsinə etirazının olmadığını bildirdi. Məhkəmə kollegiyası gəlinən nəticənin aydın və anlaşılan olmasının təmin edilməsi məqsədi ilə hazırkı mülki iş üzrə Azərbaycan Respublikası MPM-nin 24.2-ci maddəsində sadalanan xüsusiyyətlər üzrə araşdıraraq, işin məhkəmə aidiyyəti ilə bağlı aşağıdakı nəticələri qeyd etməyi zəruri hesab edir. Məhkəmə baxışı zamanı İddiaçı hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirdiyini və qanunla müəyyən edilmiş qaydada fərdi sahibkar statusu əldə etdiyini bildirmişdir. Mülki Prosessual Məcəllənin 26.1. maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Azərbaycan Respublikası MPM-nin 44.2.2. maddəsinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa, məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, hazırkı iddia tələbi iddiaçı hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən və qanunla müəyyən edilmiş qaydada fərdi sahibkar statusu əldə edən fiziki şəxs və cavabdeh hüquqi şəxs arasında öhdəlik münasibətlərindən yarandığından birinci instansiya məhkəməsi aidiyyət qaydalarını pozmaqla işi icraata götürərək qətnamə qəbul etmişdir. Azərbaycan Respublikası MPM-nin 385.1.1-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normalarının və ya prossesual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. İnzibati məhkəmələrin və kommersiya məhkəmələrinin təşkili və “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 9 iyul tarixli 1632-VQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2019-cu il tarixli 1325 №li Sərəncamına əsasən kommersiya və inzibati məhkəmələri yaradılmışdır. “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” 2019-cu il 9 iyul tarixli 1633-VQD nömrəli Azərbaycan Respublikasının qanununa əsasən ismin müvafiq hallarında “inzibati-iqtisadi məhkəmə” sözləri ismin müvafiq hallarında “kommersiya məhkəməsi” sözləri ilə, ismin müvafiq halında “inzibatiiqtisadi məhkəmələr” sözləri ismin müvafiq halında “kommersiya məhkəmələri” sözləri ilə əvəz edilmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt şəhər məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilməli, iddia tələbi məhkəmə aidiyyəti üzrə baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 24.2., 26.1., 44.2.2., 263, 264, 400 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏRARA ALDİ İddiaçı və Cavabdeh MMC-nin apellyasiya şikayətləri qismən təmin edilsin. Sumqayıt şəhər məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilsin və iddia tələbi məhkəmə aidiyyəti üzrə baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Səyyad Qafari Hakimlər Şəmsəddin Abasov Telman Məmmədov
Məhkəmə qərarları › İş №2(105)-2467/2020
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2467/2020
28.10.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver