Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2488/2021 02.12.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədov Elman Məmməd oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Məmmədova Rəxşəndə Elşad qızının katibliyi, iddiaçının nümayəndəsi vəkil Nümayəndə, Cavabdeh, cavabdehin nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı cavabdeh X2 qarşı beh qismində verilmiş pulun geri qaytarılması tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 04 fevral 2020-ci il tarixli, e-2(012)-322/2020- 011 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ Abşeron Rayon Məhkəməsinin 04 fevral 2020-ci il tarixli qətnaməsi ilə (sədrlik edən, hakim Habil Əhmədov) İddiaçı Cavabdeh qarşı beh qismində verilmiş pulun geri qaytarılması tələbinə dair mülki iş üzrə iddia təmin edilməməsi qət edilmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 02 oktyabr 2020-ci il tarixli, 2(105)-1952/2020 nömrəli qətnaməsi ilə (hakim T.Q.Məmmədovun sədrliyi və məruzəsi, hakimlər Ş.R.Abasovdan və G.F.Tağızadədən ibarət tərkibdə) İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin 04 fevral 2020-ci il tarixli, 2(012)- 322/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi mülki kollegiyasının 17 may 2021-ci il tarixli qərarı ilə (hakimlər E.Şamayev (sədrlik edən və məruzəçi), E.Vəliyeva və A.Abbasov) İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməsi, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 02 oktyabr 2020-ci il tarixli, 2(105)-1952/2020 nömrəli qətnaməsi ləğv edilməsi və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması qərara alınmışdır. İŞİN HALLARİ İddiaçı iddia ilə məhkəməyə müraciət edərək beh üçün ödənilmiş 4000 manat məbləğində pulun icra edilmədiyinə görə iki misli hesablanmaqla, yəni 8000 manatın, həmçinin dövlət rüsumuna görə ödənilmiş 30 manatın, cəmi 8030 manatın Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Bakı şəhərində mənzil almaq məqsədilə müxtəlif alqı-satqı ofislərinə, həmçinin internet saytlarına müraciət etmişdir. 23.11.2018-ci il tarixdə mənzil almaq məqsədi ilə Bakı şəhəri, Xocalı prospekti, 29 saylı evin 195 saylı mənzilinə baxmış və mənzili bəyənmişdir. O, 26.11.2018-ci il tarixdə mənzilin mülkiyyətçisi Cavabdeh ilə mənzilin son qiymətini 238.000 manata razılaşıb, beh qismində 4000 manat pul vəsaitini cavabdehin həyat yoldaşı Etibar Nağıyevin şahidliyi ilə təqdim etmişdir. Bu barədə müvafiq sənəd yerində tərtib edilmiş və cavabdeh tərəfindən imzalanmışdır. Mənzilin alqı-satqısı təqribən 10-15 günə razılaşdırılmışdır. Bundan sonra Cavabdeh ilə mənzilin alqı-satqısını həyata keçirmək üçün dəfələrlə müxtəlif tarixlərə razılaşsalar da, cavabdeh müxtəlif bəhanələr gətirərək alqı-satqı etməkdən yayınmışdır. Bu günədək də cavabdehlə mənzilin alqı-satqısı həyata keçirilməmiş, həmçinin beh üçün ödənilən pul ona geri qaytarılmamışdır. Onunla cavabdeh arasında beh haqqında razılaşma 26.11.2018-ci il tarixdə yazılı formada bağlanmışdır. 4000 manat beh almış cavabdeh indiyədək onunla razılaşmasını icra etməmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı Nəcəfov X1 Rayon Məhkəməsinin 04 fevral 2020-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə həm maddi və prosessual hüquq normalarının tələbləri baxımından, həm də işin faktiki halları baxımından tam qanunsuz və əsassızdır. Cavabdehin və şahidlərin izahatları tam şəkildə qətnamədə öz əksini tapmamış, izahatlar qismən təhrif edilmişdir. O, aşağı məbləğdə beh vermək istəmiş, lakin cavabdeh mənzil tikinti kooperativinə vermək məqsədi ilə yüksək məbləğdə beh istəmiş və ondan almış, lakin satış hərəkətlərinə başlanması üçün mənzil tikinti kooperativinə verməmiş, ailə üzvləri tərəfindən notariat qaydada razılıq ərizələri hazırlanmamış və nəticə olaraq onunla alqı-satqını həyata keçirməkdən yayınmışdır. Çünki onunla cavabdeh mənzilin qiymətini cavabdehin müəyyən etdiyi 270000 manatdan aşağı razılaşmış, həmçinin aldığı behi uşağının təhsil xərclərinə ödədiyi və beləliklə, problemini həll etdiyi üçün artıq cavabdeh sonradan mənzili ucuz qiymətə satmaqda maraqlı olmamışdır. Cavabdeh izahatında dəfələrlə bildirmişdir ki, o, bahalı evinin qiymətini endirərək 238000 manata satmağa onu razı salmışdır. Ona görə də cavabdeh tez bir zamanda evi başqa şəxsə 255000 manata satmışdır. 2019-ci ilin aprel ayına qədər, yəni mənzilin başqa şəxsə satıldığı barədə məlumat əldə edənə qədər cavabdehin həyat yoldaşı dəfələrlə onunla danışmış və görüşmüş və hər dəfə yalan məlumatlar verərək alqısatqıdan boyun qaçırmışdır. Bu barədə mesajlar da mövcuddur. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən iddiaçının nümayəndəsi vəkil Nümayəndə apellyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən Cavabdeh apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən cavabdehin nümayəndəsi Vəkil2 apellyasiya şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində bildirdi ki, tərəflərlə heç bir qohumluğu və əvvəlcədən tanışlığı yoxdur, o, keçmiş polis işçisidir. Hazırda evlərin alqı-satqısı ilə məşğuldur. Ülkərin yoldaşı Etibar ona müraciət edərək evi satmaq istədiyini bildirmiş, Elnur isə ev almaq istədiyini ona bildirdikdə Ülkər xanımın evini ona göstərmişdir. Evə baxdıqdan sonra Elnur ondan xəbərsiz onlarla danışaraq 4000 manat beh vermişdir. Rəsmiləşmə üçün gəldikdə Elnur boşandığını, bankda olan pullarına həbs qoyulduğunu, bu səbəbdən evi almaqdan imtina etdiyini ona bildirmişdir. İş materiallarını araşdırıb, məruzəçini və tərəflərin izahatını, şahid ifadəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 04 fevral 2020-ci il tarixli qətnaməsi ləğv edilməli və iddia tələbinin təmin edilməsinə dair iş üzrə yeni qətnamə qəbul edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməməsini iddiaçı iddia tələbində vermiş olduğu behin davamı olaraq, dəfələrlə mənzilin satılması barədə cavabdehə müraciət etdiyini, lakin cavabdehin bundan yayındığını göstərsə də, bunu təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim edə bilməməsi ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticədən narazı qalan iddiaçı apellyasiya şikayəti vermiş, apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlanılması barədə qətnamə qəbul etmişdir. Bu nəticədən narazı qalan iddiaçı qətnamədən kassasiya şikayəti vermiş və işə kassasiya qaydasında baxan kassasiya instansiya məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qətnaməni ləğv edərək, işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılması qərara alarkən məhkəmənin sübutetmə yükünün düzgün bölüşdürülməsinin ziddiyyətli olduğunu, iddiaçının ilkin göstərmiş olduğu zaman çərçivəsində mənzili əldə etmək üçün müvafiq addımlar atmadığını, üstəlik ailə problemlərinin olduğunu, mənzilin alınmasının qeyri-mümkün olduğunu bildirməsi barədə məhkəmələrin göstərdiyi həmin hallar yalnız cavabdeh izahatı və şahid qismində dindirilmə sonuncunun həyat yoldaşının ifadəsində öz əksini tapmasını, bununla bağlı işdə mötəbər digər sübut əlavə olunmadığını, cavabdehin izahatını əsas götürüb iddianı rədd etməklə MPM-nin 106.1-ci maddəsinin tələblərinin pozulduğunu, cavabdehin yazılı etirazda beh müqaviləsi bağlandıqdan sonra mənzilin yerləşdiyi MMC-nin komendantının mənzilin iddiaçıya satılması ilə bağlı müvafiq işlər gördüyü, lakin 3 gün sonra iddiaçının və mənzilin alışında iştirak edən vasitəçinin onlara gələrək, həyat yoldaşı ilə aralarında mübahisənin olmasını, onun iddiası əsasında bank hesablarına həbs qoyulmasını göstərməklə, mənzili almaqdan imtina etdiyi qeyd olunsa da, cavabdeh tərəf həmin hallar ilə bağlı hər hansı sübut təqdim etmədiyini, cavabdeh tərəfin birinci instansiya məhkəməsinə təqdim etdiyi MMC-nin 23.01.2020-ci il tarixli məktubunda cavabdehin behi aldığı tarixdən sonrakı müddət ərzində mənzilin iddiaçının adına rəsmiləşdirilməsi üçün müraciət edilməməsi, yalnız 19.12.2018-ci il tarixdə mənzildən Elçin Əkbərovun xeyrinə imtina etməsi göstərməsi və mənzil sonuncuya satılarkən onunla müqavilə bağlanmasından 6 gün əvvəl 19.12.2018-ci ildə bununla bağlı MMC-yə müraciət etməsi və mənzilin son nəticədə iddiaçı ilə razılaşdırılmış məbləğdən daha yüksək qiymətə satmaqla məhz cavabdehin iddiaçı ilə müqavilə bağlamaqda marağının olmamasına dair işin faktiki hallarına düzgün hüquqi qiymət vermədiyini, tərəflər arasında behlə təmin olunmuş müqavilənin bağlanmamasının məsuliyyətinin kimin üzərində düşməsini müəyyən olunmasını, tərəflərin təqdim etdikləri və iş üzrə toplanmış sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 217.4-cü maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verilməsini, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını qeyd etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, kassasiya instansiya məhkəməsi qərarında şərh edilən məcburi göstərişin tam, hərtərəfli və obyektiv araşdırılmaqla birinci instansiya məhkəmənin qəbul etdiyi qətnamənin qanuniliyi və əsaslılığı məsələsinə apellyasiya şikayətinin dəlilləri nəzərə alınmaqla hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri nəzərə alınmaqla iddia tələbi üzrə hüquqi dəyərləndirmə aparmaqla, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İlk növbədə qeyd olunmalıdır ki, mülki iş üzrə mübahisəni həll edən məhkəmənin ilkin vəzifələrindən biri prosessual qənaət prinsipini təmin etmək və araşdırmanın predmetini müəyyən etmək üçün tərəflərin mübahisələndirmədikləri faktları, yəni işin mübahisəsiz hallarını müəyyən etmək və iddia tələbinin qanuni əsasını tapmaqdan ibarətdir. Yalnız bundan sonra məhkəmə tərəflər arasında mübahisəli hallarla bağlı sübutetmə yükünü müəyyən etməli və MPM-nin 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməlidir. İddia tələbi beh qismində verilmiş pulun geri qaytarılması barədədir. İşin mübahisə olunmayan halı ondan ibarətdir ki, tərəflər arasında behlə bağlı münasibətlərin yaranmış, işdə olan yazılı qəbzdə cavabdeh sahibliyində olan mənzili 238000 manata iddiaçıya satacağını öhdəsinə götürmüş və öhdəliyinin icrasını təmin etmək məqsədi ilə 26 noyabr 2018-ci il tarixdə 4000 manat beh almış, tərəflər arasında mənzilin alqı-satqısı baş tutmamış, həmin mənzil 25 dekabr 2018-ci il tarixdə üçüncü şəxsə 255000 manata satılmışdır. Baxılan iş üzrə iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 492-ci maddəsi təşkil edir. İşdən görünür ki, iddiaçı behlə təmin olunan öhdəliyin cavabdehin təqsirindən icra edilmədiyini iddia edərək Mülki Məcəllənin 492.2-ci maddəsinə əsasən verilmiş vəsaitin iki mislinin qaytarılmasını xahiş etmiş, aşağı instansiya məhkəməsi müqavilə şərtinin iddiaçı tərəfindən pozulması qənaətinə gələrək iddianı rədd etmişdir. Beh müqavilənin bağlanmasını təsdiq etmək və icrasını təmin etmək məqsədilə razılığa gələn tərəflərdən birinin müqavilə üzrə digər tərəfə verəcəyi ödənişlər hesabına verdiyi pul məbləğidir. Behin məbləğindən asılı olmayaraq beh haqqında razılaşma yazılı formada bağlanmalıdır. Öhdəliyin icrasına başlanana qədər ona tərəflərin razılaşması üzrə və ya icranın mümkün olmaması nəticəsində xitam verildikdə beh qaytarılmalıdır. Əgər müqavilənin icra edilməməsi üçün beh vermiş tərəf məsuliyyət daşıyırsa, beh digər tərəfdə qalır. Əgər müqavilənin icra edilməməsi üçün beh almış tərəf məsuliyyət daşıyırsa, o, digər tərəfə behin iki mislini ödəməlidir. Bundan əlavə, müqavilənin icra edilməməsi üçün məsuliyyət daşıyan tərəf, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, beh məbləği hesaba alınmaqla, zərərin əvəzini digər tərəfə ödəməyə borcludur (Mülki Məcəllənin 491.1., 491.2., 492.1., 492.2. maddələri). Qeyd olunmalıdır ki, beh müqavilənin bağlanmasını təsdiq etmək və həmin müqavilə üzrə yaranan öhdəliklərin icrasını təmin etmək məqsədilə razılığa gələn tərəflərdən birinin müqavilə üzrə digər tərəfə verəcəyi ödənişlər hesabına verdiyi pul məbləğidir. Behin öz təminedici funksiyasını real olaraq yerinə yetirəcəyinə Mülki Məcəllənin 492-ci maddəsində nəzərdə tutulmuş tədbirlər təminat verir. İcrası belə təmin edilmiş öhdəliyi icra etməyən və ya lazımınca icra etməyən tərəf üçün əlverişsiz əmlak nəticələri yaranır və o, behin məbləği həcmində pul itkisinə məruz qalır. Prosessual qanunvericilik sübutetmə yükünün bir qayda olaraq tələb edən tərəfin üzərində olduğu barədə ümumi prinsipi əks etdirir. Sözsüz ki, iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarında, habelə mübahisəyə tətbiq edilməli olan digər hüquq normalarında tərəflərdən hansının işin hansı hallarını sübut etməli olması barədə fərqli qaydalar müəyyən oluna bilər. Mülki Məcəllənin 491-ci maddəsinin tələbi üzrə pulun beh verən müqavilə üzrə digər tərəfə, yəni beh alana verildiyini sübut etmək yükü beh verən tərəfin üzərinə düşür. İddiaçı həmin pulu sübut etmək yükündən o vaxt azad edilə bilər ki, cavabdeh beh müqaviləsi üzrə müəyyən edilən pulun ona verildiyini mübahisələndirməsin. Qeyd olunan müqavilə üzrə beh verilməsi isə işin mübahisəsiz halıdır. Odur ki, müqavilə üzrə öhdəliyin icrasını təmin edilməsi və ya lazımınca icra edilməsinin sübutetmə yükü isə MPM-nin 77.1-c maddəsinə əsasən tərəflərin üzərinə düşür. Bu mənada müqavilə üzrə tərəflər həmin müqavilənin icrasını təmin etmək məqsədilə müəyyən hərəkətləri etməlidir. İşdən göründüyü kimi bu müqavilə mənzilin alqı-satqısı məqsədilə bağlanmış və həmin müqavilədə müddət göstərilməmişdir. Cavabdeh tərəfin özünün birinci instansiya məhkəməsinə təqdim etdiyi “X6 LTD” MMC-nin 23 yanvar 2020-ci il tarixli məktubunda cavabdehin behi aldığı tarixdən sonrakı müddət ərzində mənzili iddiaçının adına rəsmiləşdirilməsi üçün müraciət edilməməsi, yalnız 19 dekabr 2018-ci il tarixdə mənzildən Elçin Əkbərovun xeyrinə imtina etməsi göstərmişdir. Halbuki, mənzil MMC ilə bağlanmış müqaviləyə əsasən cavabdehin sahibliyində və istifadəsində olmuş və satılacağı halda alıcının adına yeni müqavilənin rəsmiləşdirilməsi üçün məhz satıcı olan cavabdeh tərəfindən müəyyən hərəkətlər edilməlidir (özünün və ailə üzvlərinin MMC-nin səlahiyyətli şəxslərinə müraciət etməklə, müqavilənin başqa şəxsin adına rəsmiləşdirilməsini xahiş etməlidir). Lakin beh müqaviləsi bağlanıldıqdan sonra cavabdeh iddiaçının xeyrinə belə hərəkətlər etməmişdir. İşdən göründüyü kimi mənzil üçüncü şəxs Elçin Əkbərova satılarkən onunla müqavilə bağlanmasından 6 gün əvvəl, 19 dekabr 2018-ci ildə bununla bağlı MMC-yə müraciət etməsi və mənzilin son nəticədə iddiaçı ilə razılaşdırılmış məbləğdən (255.000– 238.000=17.000) daha yüksək qiymətə satmaqla məhz Cavabdeh iddiaçı ilə müqavilə bağlamaqda marağı olmamışdır. Bununla yanaşı cavabdehin vəsatəti əsasında şahid qismində dindirilən Rizvan Rəhimov iddiaçının boşandığını, bankda olan pullarına həbs qoyulduğu barədə ifadəsinə gəldikdə isə məhkəmə kollegiyası hesab edir ki, bu hal cavabdeh və şahid qismində dindirilmiş cavabdehin həyat yoldaşının ifadəsindən başqa işin digər materialları ilə öz təsdiqini tapmamışdır. İddiaçının polis şöbəsinə şikayəti ilə bağlı Cavabdeh behin 2000 manatının (200 manatlıq əskinazlar olmaqla) Xətai rayon İcra Hakimiyyətinin yanında iddiaçıya verməsi barədə apellyasiya baxışı zamanı verdiyi izahatına gəldikdə isə məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi Xətai rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinə sorğu verilmiş və əldə edilmiş 04 noyabr 2021-ci il tarixli məktubda cavabdehin iddiaçıya behin əvəzi olaraq 2000 manat məbləğində pulun qaytarılması öz əksini tapmamışdır. Aşağı instansiya məhkəməsində dindirilmiş şahid E.Nağıyevin ifadəsinə gəldikdə isə məhkəmə kollegiyası hesab edir ki, sonuncu cavabdehin həyat yoldaşı olduğundan onun mənafeyinə zidd ifadə verməyəcəyi nəzərə alınarsa, şahidin bu ifadəsi inandırıcı hesab oluna bilməz. Əksinə iddiaçının müqavilədə göstərilən beh məbləğinin əvvəlcə polis şöbəsinə, sonra isə məhkəməyə müraciət etməklə cavabdehdən tələb etməsi, eləcə də "xxxx" ASCnin 22.01.2020-ci il tarixli məktubunda iddiaçının bank hesabına hər hansı bir həbs və digər sanksiyanın tətbiq edilməməsi müqavilənin məhz onun təqsiri üzündən pozulması barədə cavabdehin etirazı əsaslı olmadığından, məhkəmə kollegiyası Mülki Məcəllənin 492.2. maddəsinin tələbi baxımından iddiaçının apellyasiya şikayətinin dəlillərini əsaslı hesab edir. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Azərbaycan Respublikası MPM-nin 384.0.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 04 fevral 2020-ci il tarixli qətnaməsi ləğv edilməli və iddia tələbinin təmin edilməsinə dair iş üzrə yeni qətnamə qəbul edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ Apellyasiya şikayəti təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 04 fevral 2020-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi təmin edilsin. Cavabdeh 8000 manat və dövlət rüsumuna görə ödənilmiş 30 manat, cəmi 8030 manat tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-2488/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2488/2021
02.12.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver