Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-25/2025 25.06.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı ümumi paylı mülkiyyətdə müəyyənləşdirilmiş payın naturada ayrılması tələbinə dair mülki iş üzrə (Açar sözlər: payların naturada ayrılması) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X8 (sədrlik edən və məruzəçi), X4 və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə Siyəzən Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(059)-12/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları
1. Sumqayıt Apellyasiya Məhkəməsinin qanuni qüvvəsini almış 04 sentyabr 2014-cü il tarixli, 2(105)-1142/2014 saylı qətnaməsinin surətindən görünür ki, Siyəzən Rayon Məhkəməsinin 17 mart 2014-cü il tarixli, 2(059)-78/2014 saylı qətnaməsi ləğv edilməklə, yeni qətnamə qəbul edilərək, iddia qismən təmin edilmiş, X1 və Cavabdeh paylı mülkiyyətinə Siyəzən rayonu Aqrar İslahat Komissiyasının 24 dekabr 1997-ci il tarixli, 23-İİİ nömrəli qərarı ilə verilmiş 1,05 ha torpaq sahəsinin miras açılmış ½ hissəsinin 2/3 hissəsində İddiaçı, 1/3 hissəsində Cavabdeh, həmçinin X1 və Cavabdeh paylı mülkiyyətinə Siyəzən rayonu Aqrar İslahat Komissiyasının 16 fevral 1998-ci il tarixli, 35-11 nömrəli qərarı ilə verilmiş 0,12 ha həyətyanı torpaq sahəsinin miras açılmış ½ hissəsinin 2/3 hissəsində İddiaçı, 1/3 hissəsində Cavabdeh miras payı müəyyən edilmişdir.
2. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 06 avqust 2016-cı il tarixdə verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Siyəzən rayonunun Qərəh kəndində yerləşən 0,12 ha torpaq sahəsi 1/3 hissədə İddiaçı, 2/3 hissədə isə Cavabdeh adına paylı mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
3. Siyəzən RİHB-nın Məşrif kənd İƏD üzrə nümayəndəliyindən 18 oktyabr 2016-cı il tarixdə verilmiş 356 nömrəli arayışın surətindən görünür ki, mərhum X2 məxsus ərazinin Qərəh kəndində 0,12 ha həyətyanı torpaq sahəsində 2003-cü ildə mişar daşından inşa olunmuş bir mərtəbəli, bir otaqlı, ümumi sahəsi 54,7 kv.m olan fərdi yaşayış evi vardır. Həmçinin, həmin ərazidə sahəsi 5,7 kv.m-dən ibarət yay mətbəxi, 2,9 kv.m olan hamam, 2,1 kv.m olan sanitar qovşağı, 34,4 kv.m olan talvar və 170,2 kv.m olan tövlə də vardır.
4. Siyəzən Rayon Məhkəməsinin 13 iyul 2022-ci il tarixli, 2(059)- 425/2022 saylı qərardadı ilə məhkəmə tikinti-texniki və torpaqşünaslıq ekspertizası təyin edilmiş, lakin Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin aparıcı eksperti Hüseyn Məmmədov 27 aprel 2023-cü il tarixdə məhkəmə ekspertizasının aparılmasından imtina etmiş, habelə bu barədə tərtib etdiyi eyni tarixli məlumatında, iş materiallarında olan torpaq sahəsinin plan ölçü sənədində əlavə torpaq sahəsinin olmasının şrtixlənmiş şəkildə qeyd olunduğunu, faktiki vəziyyətdə isə torpaq sahəsinin hasara alınmaması səbəbindən hansı tikililərin sənəd üzrə, hansı tikililərin isə ştrixlənmiş əlavə torpaq sahəsində yerləşib-yerləşməməsinin müəyyən etməyin mümkün olmadığını göstərmişdir.
5. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsi xx.xx.2024-cü il tarixli, xx.xx.2025-ci il tarixli məktublarında göstərilmişdir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə qoyulmuş suallarında cavablandırılması üçün təyin edilən vaxtda mütəxəssis ayrılaraq Siyəzən rayonu, Qərəh kəndinə göndərilsə də, mübahisə predmetinə baxış keçirilməsi, müvafiq ölçmə işlərinin aparılmasına şərait yaradılmadığından icrası mümkün olmamışdır. Əlavə olaraq bildirilir ki, qeyd olunan əmlak ilə bağlı kameral şəraitdə tədqiqat aparılaraq mütəxəssis rəyinin verilməsi mümkün deyil.
Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı Cavabdeh qarşı "ümumi paylı mülkiyyətdə müəyyənləşdirilmiş payın naturada ayrılması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 06 avqust 2016-cı il tarixli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əsasında Siyəzən rayonunun Qərəh kəndində yerləşən mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə, ümumi mülkiyyətdə olan 0,12 ha həyətyanı torpaq sahəsinin İddiaçı məxsus 1/3 hissəsi üzərində mövcud tikililərin, o cümlədən ümumi sahəsi 54,7 kv.m fərdi yaşayış evinin, həyətyanı tikililərin, yəni 5,7 kv.m-dən ibarət yay mətbəxinin, 2,9 kv.m hamamın, 2,1 kv.m sanitar qovşağın, 34,4 kv.m talvarın, 170,2 kv.m tövlənin, yəni bu əmlakların yerləşdiyi torpaq sahəsinin 1/3 hissədə yerləşməsi şərtilə naturada bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. Sumqayıt Apellyasiya Məhkəməsinin qanuni qüvvəsini almış 04 sentyabr 2014-cü il tarixli qətnaməsi ilə X1 və Cavabdeh paylı mülkiyyətinə Siyəzən rayonu Aqrar İslahat Komissiyasının 24 dekabr 1997-ci il tarixli, 23İİİ nömrəli qərarı ilə verilmiş 1,05 ha torpaq sahəsinin miras açılmış ½ hissəsinin 2/3 hissəsində İddiaçı, 1/3 hissəsində Cavabdeh, həmçinin X1 və Cavabdeh paylı mülkiyyətinə Siyəzən rayonu Aqrar İslahat Komissiyasının 16 fevral 1998-ci il tarixli, 35-11 nömrəli qərarı ilə verilmiş 0,12 ha həyətyanı torpaq sahəsinin miras açılmış ½ hissəsinin 2/3 hissəsində İddiaçı, 1/3 hissəsində Cavabdeh miras payı müəyyən edilmişdir. O, ümumi paylı mülkiyyətdə olan 0,12 ha həyətyanı torpaq sahəsinin miras açılmış ½ hissəsinin 2/3, yəni 1/3 hissəsinə dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 06 avqust 2016-cı il tarixdə çıxarış alsa da, ümumi paylı mülkiyyətdə olan 0,12 ha həyətyanı torpaq sahəsinin üzərində mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmayan, ümumi sahəsi 54,7 kv.m fərdi yaşayış evinə, həmçinin həyət tikililərinə, o cümlədən sahəsi 5,7 kv.m olan yay mətbəxinə, 2,9 kv.m olan hamama, 2.1 kv.m olan sanitar qovşağa, 34,4 kv.m olan talvara, 170,2 kv.m olan tövləyə, bu əmlakların mövcud olmasına baxmayaraq, mülkiyyət hüququ əldə edə bilmir. Ona görə ki, qeyd edilən əmlaklar ümumi paylı mülkiyyətdə olan torpaq sahəsində yerləşdiyindən üzərində aidiyyəti orqan tərəfindən qanuna uyğun ölçmə işləri aparılaraq müvafiq mülkiyyət sənədlərinin alınması cavabdehin qanunsuz, habelə qərəzli maneəçiliyi səbəbindən mümkün olmamışdır. Bundan əlavə, hazırda cavabdeh sözügedən fərdi evdə yaşamayaraq, evi kənar şəxslərə kirayə verərək, onun ata ocağına gəlməsinə imkan vermir. Hesab edir ki, həmin tikililərin 1/3 hissəsinə mülkiyyət payı mövcuddur. Bir sözlə, mülkiyyətindən payına uyğun, maneəsiz, istədiyi kimi istifadəsi üçün birgə mülkiyyətin əmələ gəlməsinə əsas vermiş ümumiliyin mövcudluğuna son qoyulmalı və buna görə ümumi mülkiyyətdə olan 0,12 ha həyətyanı torpaq sahəsinin miras açılmış ½ hissəsi üçün müəyyənləşdirilmiş torpaq payı naturada ayrılmalı və üzərində tam pay hüququ ilə çıxarış alınmalıdır. Bundan sonra, naturada ayrılan torpaq sahəsi üzərində qeyd edilən əmlaklara dair mülkiyyət sənədini maneəsiz əldə etmək mümkündür. Bütün mübahisələrə son qoyulması üçün ümumi mülkiyyətdə olan 0,12 ha həyətyanı torpaq sahəsi üzərində 1/3 hissədə iddiaçının və 2/3 hissədə cavabdehin müəyyənləşdirilmiş payları naturada ayrılıb verilməlidir. Ona görə də, iddiaçı iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. Məhkəmə iclasında iştirak edən İddiaçı müdafiə etdiyi iddia ərizəsində göstərilənləri təsdiq etməklə, yanaşı əlavə olaraq izahatında göstərmişdir ki, o, ümumi paylı mülkiyyətdə olan 0,12 ha həyətyanı torpaq sahəsinin 1/3 hissəsinə dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən bütün lazımı tədbirləri görüb, dövlət rüsumlarını ödəməklə çıxarış alsa da, mübahisəli torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 54,7 kv.m olan fərdi yaşayış evinə, həmçinin orada olan digər tikililərə dair mülkiyyət hüququ əldə edə bilmir. Belə ki, bütün zəruri sənədlər toplansa da, lazımı ölçülər alına bilmədiyi üçün qeyd olunan evə dair çıxarış əldə edə bilmir. Çünki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin nümayəndələri hazırkı torpaq sahəsi üzərində ölçülərin aparılması üçün təhlükəsizliklərinin təmin edilməsini tələb etdiklərindən bu ölçmələrin aparılması mümkün olmamışdır. Bundan əlavə, ümumi paylı mülkiyyətdə olan 0,12 ha həyətyanı torpaq sahəsinin 1/3 hissəsi ona məxsusdur. Eyni zamanda, həmin 0,12 ha həyətyanı torpaq sahəsi üzərində ümumi sahəsi 54,7 kv.m fərdi yaşayış evi, həyətyanı tikililər, yəni 5,7 kv.mdən ibarət yay mətbəxi, 2,9 kv.m hamam, 2,1 kv.m sanitar qovşağı, 34,4 kv.m talvar və 170,2 kv.m tövlə yerləşir. Beləliklə o, bu əmlakların torpaq sahəsinin ona məxsus hissəsi üzərində yerləşməsi şərtilə naturada bölünməsini istəyir. Bundan əlavə, o atası öldükdən, yəni yas mərasimləri bitdikdən sonra mübahisəli evə gedə bilmir. Odur ki, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş edir.
9. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, o, hazırda mübahisəli ümumi paylı mülkiyyətdə olan 0,12 ha həyətyanı torpaq sahəsinin üzərində yerləşən 54,7 kv.m fərdi yaşayış evində yaşayır. Belə ki, o, cavabdehin atası mərhum X3 ilə 1986- cı ildə faktiki nikaha daxil olduqdan sonra, sonuncunun yaşamağa evi olmadığına görə mərhum Şiraslan Məhərrəmovun bibisi oğluna məxsus tövləni bir qədər təmir etməklə, iki ilə yaxın müddət orada yaşamaqla, 1988-ci ildə nikahlarını rəsmiləşdirmişlər. Bundan sonra, mərhum Şiraslan Məhərrəmovla birlikdə dağın ətək hissəsini yarmaqla orada məskunlaşmışlar. Sonradan sözügedən tikililər 2012-2013-cü illərdə onun qardaşı və sonuncunun qaynı tərəfindən tikilsə də, mərhum Şiraslan Məhərrəmov orada yaşamamışdır. O, 40 ilə yaxın müddətdir, yəni 1986cı ildən sözügedən torpaq sahəsində yaşayır. Odur ki, iddia tələbinin təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş edir.
10. Siyəzən Rayon Məhkəməsinin 23 iyun 2023-cü il tarixli, 2(059)-12/2023 saylı qətnaməsi ilə iddia təmin edilməmiş, tələb üzrə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun İddiaçı özünə aid edilməsi qət edilmişdir (hakim Bəylər Ələkbərov).
11. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213, 220.3-220.5-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1, 5.3, 14.2, 76.1, 76.2, 14.2, 77.1, 78.1, 88, 107, 119.1, 124.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri
12. İddiaçı apellyasiya şikayəti verərək Siyəzən Rayon Məhkəməsinin 23 iyun 2023cü il tarixli, 2(059)-12/2023 saylı qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməsini xahiş etmişdir.
13. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Siyəzən Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(059)-12/2023 saylı qətnaməsi maddi və prosessual hüquq normaları pozulmaqla və tətbiq edilən hüququ normalarını səhv təfsir edilməklə, habelə məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmadan və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlmədiyi halda qəbul edildiyindən qanuni və əsaslı sayıla bilməzliyinə görə ləğv edilməlidir. İşin faktiki, habelə mübahisənin düzgün həlli üçün əhəmiyyətli hesab etdiyi digər halların məhkəmə tərəfindən araşdırılmadığı ilə bağlı mövqeyi ondan ibarətdir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 04 sentyabr 2014-cü il tarixli qətnaməsi ilə Siyəzən rayon Aqrar İslahat Komissiyasının 1998-ci il 16 fevral tarixli,35-11 nömrəli qərarı ilə verilmiş 0,12 ha həyatyanı torpaq sahəsinin miras açılmış 1/2 hissəsinin 2/3 hissəsidə İddiaçı,1/3 hissəsində Cavabdeh miras payı müəyyən edilmişdir. Bundan sonra onun tərəfindən ümumi paylı mülkiyyətdə olan 0,12 ha. həyatyanı torpaq sahəsinin miras açılmış 1/2 hissəsinin 2/3 hissəsinə, yəni 1/2x2/3=2/6= 1/3 hissəsinə dair “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2016-ci il tarixli “Çıxarış” almışdır. Lakin torpaq üzərində 1/3 hissədə payı naturada ayrılmadığından ümumi paylı mülkiyyətdə olan 0,12 ha həyatyanı torpaq sahəsinin üzərində mülkiyyət hüququları daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınmayan, ümumi sahəsi, 54,7 kv.m. fərdi yaşayış evinin, həyət tikililəri: yay mətbəxi-5.7 kv.m, hamam-2.9 kv.m.,sanitar qovşağı-2.1 kv.m., talvar- 43,4 kv.m., tövlə-170,2 kv.m. kimi əmlaklar faktiki mövcud olsa da sadalanan bu əmlaklar üzərində mülkiyyət hüququ əldə edə bilmir. Belə ki, qeyd edilən əmlaklar, ümumi paylı mülkiyyətdə olan torpaq sahəsində yerləşdiyindən üzərində adiyyəti orqan tərəfindən qanuna uyğun ölçmə işləri aparılaraq müvafiq mülkiyyət sənədləri alınması cavabdehin qanunsuz, habelə qərəzli maneə göstərməsi nəticəsində mümkün olmamışdır.
14. Habelə hazırda cavabdeh ümumi paylı torpaq sahəsinin üzərində olan fərdi evdə yaşamayaraq, evi kənar şəxslərə kirayə vermiş və guya onu ev, habelə digər tikililər üzərində hər hansı mülkiyyət hüquqlarının olmadığını iddia edərək, həm cavabdeh, həm də kirayəşinlər tərəfindən onu ata ocağına daxil olmağa imkan vermirlər. Baxmayaraq ki, ümumi paylı torpaq sahəsində faktiki mövcud olan tiklilər, o, cümlədən ümumi sahəsi, 54,7 kv.m.fərdi yaşayış evinin, həyət tikililəri: yay mətbəxi-5.7 kv.m, hamam-2.9 kv.m., sanitar qovşağı-2.1 kv.m., talvar-43,4 kv.m., tövlə-170,2 kv.m. üzərində (miras açılmış 1/2 hissəsinin 2/3, yəni 1/3 hissəsinə mütanasib olaraq) 1/3 hissədə mülkiyyət payı mövcuddur (Siyəzən RİHB-nin Məşrifkənd İƏD üzrə nümayəndəliyin arayışı). Bu mübahisəni həll etməkdən ötrü, yəni maneəsiz payına uyğun mülkiyyətindən istədiyi kimi istifadə üçün birgə mülkiyyətin əmələ gəlməsinə əsas vermiş ümumiliyin mövcudluğuna son qoyulmalıdır və buna görə də ümumi paylı mülkiyyətdə olan 0,12 ha. həyatyanı torpaq sahəsinin miras açılmış 1/2 hissəsinin 2/3, yəni 1/3 hissəsinə uyğun ona məxsus torpaq payı naturada ayrılmalı və adına ayrıca tam pay hüquq ilə çıxarış alınmalıdır. Bundan sonra 1/3 hissədə naturada ayrılan torpaq sahəsi üzərində qeyd edilən əmlaklara dair mülkiyyət sənədini maneəsiz əldə etmək mümkündür. Lakin Məhkəmə 1/3 hissədə həyətyanı torpaq sahəsini naturada ayrılması tələbini təmin etməyən qətnamə qəbul edərək, AR MM-nin 220-ci maddənin tələbini və bununla da onun Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsində təsbit olunmuş mülkiyyət hüquqlarını pozulmuşdur.
15. Belə ki, məhkəmə AR MM-nin 220-ci maddəsinin mənasına görə iddiaçının, yəni “Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını, habelə Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər” hüququnu, “ekspertiza tərəfindən aparılmış tədqiqat zamanı torpaq sahəsinin plan ölçü sənədində əlavə torpaq sahəsinin olmasının ştrixlənmiş şəkildə qeyd olunduğu, faktiki vəziyyətdə isə torpaq sahəsinin hasara alınmaması səbəbindən hansı tikililərin sənəd üzrə, hansı tikililərin isə ştrixlənmiş əlavə torpaq sahəsində yerləşib-yerləşməməsinin müəyyən etməyin mümkün olmadığı təsbit edilmişdir. Torpaq sahəsinin dəqiq sərhədlərinin müəyyənləşdirilməsi, eləcə də həmin ərazinin digər sahələrdən təcrid edilməsi üçün mərzin çəkilməsi həlledici əhəmiyyət daşımaqla, yanaşı onun qorunub, saxlanması mülkiyyətçilərin borcudur. Məhz bu səbəbdən, həmçinin qeyd olunanlara əsasən mübahisəli torpaq sahəsinin iddiaçının tələb etdiyi kimi naturada bölüməsi mümkün deyildi, habelə istisna edilir”, məzmunlu ekspert məlumatına istinad edərək əsassız və qanunsuz qətnamə qəbul edərək pozmuşdur. Başqa sözlə, məhkəmə tərəfindən təyin etdiyi tikinti-texniki və torpaqşünaslıq ekspertizasının hər hansı normativ hüquqi akta, habelə müvafiq Metodologiya əsaslamayan mənasız məzmunlu, əslində ekspertin ekspertiza aparılmasında imtina edilmiş “iş materiallarında olan torpaq sahəsinin plan ölçü sənədində əlavə torpaq sahəsinin olmasının ştrixlənmiş şəkildə qeyd olunduğunu, faktiki vəziyyətdə isə torpaq sahəsinin hasara alınmaması səbəbindən hansı tikililərin sənəd üzrə, hansı tikililərin isə ştrixlənmiş əlavə torpaq sahəsində yerləşib-yerləşməməsinin müəyyən etməyin mümkün olmadığı göstərilmişdir”, mənasız məzmunlu, yəni heç bir hüquqi nəticə yarada bilməyən rəyinə əsaslanaraq iddianı təmin etməmişdir. Hesab edir ki, qeyd edilən ekspertiziya növü aparılmadığı halda qəbul edilən qeyri-müəyyən, mənasız məzmun kəsb edən rəy heç bir hüquqi mahiyyətə malik olmadığı üçün məhkəmə tərəfindən tələbin təmin edilməməsinin əsası kimi bu rəyə istinad edilməsi qanunsuz olmuşdur. Belə ki, ümumi paylı mülkiyyətdə olan 0,12 ha həyatyanı torpaq sahəsinin naturada yerləşmə vəziyyətini, yəni dönmə nöqtələrini (koordinatlarını) müəyyən edilməsi tikinti-texniki və torpaqşünaslıq ekspertizasının predmenti olmasına baxmayaraq, ekspert kənd yerlərində dədə babalardan hasarlanmayan həyətyanı torpaq sahəsinin hasara alınmaması səbəbindən qarşısına qoyulmuş tapşırığın müəyyən edilməsinin mümkün olmadığı qənaətinə gəlmişdir. Hansı ki, Dövlət Reyestr Xidməti tərəfindən 06 avqust 2016-cı il tarixdə verilmiş reyestridən çıxarışın surətindən görünür ki, Siyəzən rayonunu Qərəh kəndində yerləşən 0,12 ha torpaq sahəsi, habelə tərəflərin müvafiq torpaq payları qeydiyyata alınmışdır. Buradan məlum olur ki, ekspertin bahanə gətrib axtardığı hasara ehtiyac yoxdur, çünki artıq həmin torpaq sahəsi, yer üzərində müvafiq ölçmə işləri aparılaraq koordinatları müəyyən edlərək 06 avqust 2016-cı il tarixdə verilmiş reyestridən çıxarışla təsbit edilmişdir.
16. Ona görə də ekspertin hasar bahənəsinin əvəzinə ən azı 0,12 ha həyatyanı torpaq sahəsinin naturada yerləşmə vəziyyətini müəyyən etdikdən sonra tikililərin həmin sahənin perimetri daxilinə düşüb-düşmədiyini təyin edə bilərdi. Lakin Məhkəmə ekspertin mənasız və hər hansı hüquqa əsaslanmayan rəyini, MPM-nin 88-ci və 103-cü maddələrinin tələbləri baxımından araşdırmadan, daha doğrusu pozaraq mötəbər sübut vasitəsi kimi qəbul edərək əsasında əmlak hüquqlarını pozan qətnamə qəbul etmişdir.
17. Bundan əlavə məlumdur ki, ekspert bu və ya digər torpaq sahəsini torpaq üzərində naturada təyin etmək üçün torpaq sahəsinin hasarını axtarmamalı, müasir cihazlardan GPS ölçü cihazlardan istifadə etməlidir. Habelə işin hallarından məlumdur ki, hazırki, mübahisə üzrə artıq 0.12 ha torpaq sahəsi üzrə çıxarış olduğundan GPS ölçü cihazlardan istifadəyə də ehtiyac yoxdur.
18. Habelə Məhkəmə kollegiyasının nəzərinə çatdırır ki, Azərbaycan Respublikasında dövlət tərəfindən mülkiyyət kimi tanınan, yəni Dövlət reyestrindən qeydiyytdan keçən bütün torpaq sahələrinin kadastr planı mövcud olduğundan, həmin torpaq sahələrinin istənilən vaxt yer üzərində yerləşmə vəziyyətini təyin edilməsi sadə bir işdir. Habelə bildirir ki, əgər həyətyanı torpaq sahəsinin hasara alınmaması səbəbindən ekspert qarşısına qoyulmuş tapşırığın müəyyən etməyin mümkün olmadığı qənaətinə gəlmişdirsə, onda Dövlət reyestrindən qeydiyyatdan keçən torpaq sahələrini hansı təşkilat torpaq üzərində yerini müəyyən edir. Qoy onda birici instansiya məhkəməsi ona izah etsin ki, mübahisənin həlli ilə əlaqədar, ümumiyyətlə yer üzərində torpaq sahələrinin mövcud yerləşmə vəziyyətini (koordinatarının) və ya yeni torpaq sahələrinin sərhədlərinin tərtib edilməsi üçün o hansı təşkilata müraciət etməlidir. Başqa sözlə, torpaqların yer üzərində yerləşmə vəziyyətini koordinatlarını, yəni kadastrını hansı təşkilat aparır? bu tip işlər üzrə ekspertizanı kim aparır?
19. Beləliklə, qeyd edilənlərlə məlum olur ki, məhkəmə qanunsuz qətnaməsi ilə əsassız olaraq onun Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsində təsbit olunmuş mülkiyyət hüquqları pozulmuşdur. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Mülkiyyət hüququnun məzmunu Konstitusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdən biridir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cümaddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Habelə Mülkiyyət hüququ cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir, şəxsiyyətin inkişafı üçün zəruri şərtdir. Nəzərə almaq lazımdır ki, mülkiyyət insanın xüsusi maraqlarının həyata keçirilməsində vacib funksiya daşımaqla yanaşı, Konstitusiyanın 15-ci maddəsinin məzmununa əsasən, sosial yönümlü dövlətdə həm də mühüm sosial funksiyaya malikdir. (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107-2.1 və 107-5.1-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2011-ci iltarixli Qərarı). Ona görə də AR MM-nin 157-ci maddəsi Mülkiyyətin müdafiəsi maddəsinin tələbinə görə “Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır”. Əgər hansısa insanın mülkiyyət hüququ pozularsa bu zaman qanunda nəzərdə tutulmuş müdafiə vasitələrindən istifadə edərək öz hüququn bərpası üçün müəyyən işlər görməlidir. Odur ki, belə olan halda o da məhkəməyə müraciət edərək mülkiyyət hüququnun pozuntusunun tanınmasını və mülkiyyətinin müdafiəsini tələb edir. AR Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 152.5-cimaddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləriedə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşulalrın və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
20. İşin faktiki hallarına (obyektiv həqiqətə) və ya işdə olan sübutlar əsasında məhkəmənin gələ biləcəyi nəticəyə (formal həqiqətə), yəni hər hansı birinə istinad etsək tələbin təmin olunmasının əsaslarının mövcud olmasını görərik. Lakin məhkəmə işdə olan bu iki növ həqiqətin heç birini iddiaçının xeyrinə nəzərə almadan qərar qəbul etmişdir. Onu da qeyd edim ki, qanunvericilikdə “formal həqiqətin müəyyən edilməsi” ayrıca prinsip kimi nəzərdə tutulmasa da, məhkəmənin yalnız işdə olan sübutlar əsasında həqiqəti müəyyən etmək vəzifəsi aydın ifadə edilmişdir. Lakin Məhkəmə tələbin faktiki hallarını təsdiq edən işdə olan sənədlərə, habelə mülahizələrə iddiaçının xeyrinə istinad etməmişdir.
Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
21. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Apellyasiya icraatı iştirakçılarının izahatları
22. Məhkəmə iclasında İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edib məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etdilər.
23. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə Cavabdeh, üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməməmiş, gəlməməsini səbəbləri barədə məlumat verməmişlər.
24. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
25. Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan suiistifadə olmasın.
26. Maddə 220.1. Paylı mülkiyyətdə olan əşya, mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər.
27. Maddə 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər.
28. Maddə 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir.
Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 4 aprel tarixli qərarı
29. Konstitusiya Məhkəməsinin Plenumu qeyd edilən maddənin tətbiqi ilə bağlı vurğulamışdır ki, ümumi paylı mülkiyyətə pay hüququndan məhrum etmək yalnız müstəsna hallarda mümkündür (Mülki Məcəllə, 220.4-cü maddə). Ümumi paylı mülkiyyətin mülkiyyətçisinin ümumi əmlakın istifadəsində mühüm mənafeyinin olub-olmaması məsələsi məhkəmələr tərəfindən hər bir konkret halda tərəflərin təqdim etdikləri sübutları məcmu şəklində tədqiq etməklə və qiymətləndirməklə həll olunur. Həmin maddənin üçüncü cümləsinin tətbiq olunması yalnız qanunverici tərəfindən sadalanan bütün şərtlərin eyni zamanda mövcud olması halında mümkündür: mülkiyyətçinin payı cüzi olduqda; naturada ayrılması mümkün olmadıqda; ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda. Bununla, Mülki Məcəllənin 220.4-cü maddəsində öz payının ümumi əmlakdan ayrılması tələbini irəli sürməyən mülkiyyətçinin əmlaka olan mülkiyyət hüququndan onun iradəsinə zidd olaraq digər mülkiyyətçilər tərəfindən kompensasiyanın ödənilməsi yolu ilə məhrum edilməsi nəzərdə tutulmamışdır, əks yanaşma mülkiyyət hüququnun toxunulmazlığı prinsipinə zidd olardı.
Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyaları Azərbaycan Respublikası Mülki Məcəlləsinin paylı mülkiyyətlə bağlı bəzi müddəalarının tətbiqi məsələləri üzrə xx.xx.2024-cü il tarixli qərardadı
30. Bənd 37. İlk növbədə qeyd olunmalıdır ki, hər bir mülkiyyətçi yalnız özünə məxsus payın ayrılmasını tələb etmək hüququna malikdir. Digər mülkiyyətçinin payının naturada ayrılması və ya kompensasiya ödənilməklə ümumi mülkiyyətdəki payına xitam verilməsi barədə iddia qaldırıla bilməz. Bu qaydanın yeganə istisnası Mülki Məcəllənin 220.4-cü maddəsində nəzərdə tutulmuşdur. Həmin maddəyə əsasən mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər.
31. Bənd 39. Mülki Məcəllənin 220-ci maddəsinin məzmunundan və Konstitusiya Məhkəməsinin Plenumunun həmin qərarındakı izahlardan müəyyən olunur ki, ümumi paylı mülkiyyətdə olan əşyadan payın ayrılması aşağıdakı üç mərhələdən ibarətdir: 1) ümumi paylı mülkiyyətdə olan əşyadan payın natura formasında ayrılması; 2) kompensasiya (payın dəyəri) ödənilməsi; 3) əşyanın məhkəmə qərarı ilə açıq hərracdan satılması və əldə olunan vəsaitin paylara mütənasib surətdə mülkiyyətçilər arasında bölüşdürülməsi.
32. Bənd 40. Bu tələblər üzrə hər növbəti mərhələnin yoxlanılmasına özündən əvvəlki mərhələnin tətbiqi mümkün olmadığı halda yol verilir. Yəni əgər payın naturada ayrılmasına yol verilmirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin digər mülkiyyətçilər tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Bu qaydalara əsasən əvvəlki iki mərhələnin tətbiqi mümkün olmadığı halda isə əşya məhkəmə qərarı ilə açıq hərracdan satıla və əldə olunan vəsait paylara mütənasib surətdə mülkiyyətçilər arasında bölüşdürülə bilər.
33. Bənd 41. Qeyd edilən məcburi qaydanın tətbiqi həm ayrılmaq istəyən paylı mülkiyyətçinin, həm də qalan mülkiyyətçilərin mülkiyyət hüquqlarının müdafiəsinə yönəlmişdir. Belə ki, bununla bir tərəfdən mülkiyyətçiyə əmlakdakı payına sərəncam vermək, digər tərəfdən isə qalan mülkiyyətçilərə əşyanı ümumi paylı mülkiyyətlərində saxlamaq imkanı verilir. Ona görə də, bu mərhələlərin yoxlanılması formal xarakter daşımamalı, tərəflər bundan istifadə etməklə bir-birinin hüquqlarını reallaşdırmağa maneə yaratmamalı, hüquqdan sui-istifadəyə yol verilməməlidir.
34. Bənd 42. Birinci mərhələ üzrə məhkəmə tərəfindən ilk növbədə iddiaçının əşya üzərində mülkiyyət hüququndakı payının naturada bölgüsünün mümkün olub-olmadığı, ayrılan payın vahid daşınmaz əşya konsepsiyasına uyğun gəlib-gəlmədiyi istiqamətində araşdırma aparılmalıdır. Əşyanın xüsusiyyətləri nəzərə alınmaqla onun naturada bölgüsünün aşkar surətdə mümkünsüzlüyü halında məhkəmə hər hansı əlavə araşdırma aparmadan bu mərhələnin yoxlanılmasını yekunlaşdırmaqla, iddiaçının istəyinə uyğun olaraq ikinci mərhələyə keçid etməlidir.
35. Bənd 43. Digər hallarda isə məhkəmə payın naturada ayrılmasının formaları barədə hər bir tərəfin təklifini dinləməli, mübahisəli məqamların alternativ həlli yolları ilə bağlı qarşılıqlı müzakirələr aparmalıdır. Bundan sonra yekun təkliflər əsasında, bunun mümkün olmadığı halda isə tərəflərin mənafelərinə bərabər şəkildə xidmət edəcək ən əlverişli formada naturada ayrılmanın mümkünlüyünü prosessual qanunvericiliyin yol verdiyi imkanlardan istifadə etməklə araşdırmalıdır.
Mülki Prosessual Məcəllə
36. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
37. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
38. Maddə 97.5. Tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər.
39. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
40. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
41. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər.
42. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
43. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
44. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
45. Apellyasiya şikayətindən görünür ki, iddiaçı Siyəzən Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(059)-12/2023 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
46. Ona görə də kollegiya Siyəzən Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
47. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və tərəflərin izahatlarını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
48. Məhkəmə araşdırmaları ilə müəyyən olunmuşdur ki, Siyəzən rayonunun Qərəh kəndində yerləşən mübahisəli 0,12 ha torpaq sahəsi 1/3 hissədə İddiaçı, 2/3 hissədə isə Cavabdeh adına paylı mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınsa da, torpaq sahəsinin naturada bölünməsi ilə bağlı mülkiyyətçilər arasında razılıq əldə olunmamışdır.
49. İddianı təmin etməyən birinci instansiya məhkəməsi qeyd etmişdir ki, mübahisənin obyektiv, tam və hərtərəfli araşdırılması məqsədilə xüsusi bilik tələb olunan sualları izah etmək üçün müvafiq məhkəmə ekspertizasının təyin edilməsinə baxmayaraq, aparılmış tədqiqat zamanı torpaq sahəsinin plan ölçü sənədində əlavə torpaq sahəsinin olmasının şrtixlənmiş şəkildə qeyd olunduğu, faktiki vəziyyətdə isə torpaq sahəsinin hasara alınmaması səbəbindən hansı tikililərin sənəd üzrə, hansı tikililərin isə ştrixlənmiş əlavə torpaq sahəsində yerləşib-yerləşməməsinin müəyyən etməyin mümkün olmadığı təsbit edilmişdir. Torpaq sahəsinin dəqiq sərhədlərinin müəyyənləşdirilməsi, eləcə də həmin ərazinin digər sahələrdən təcrid edilməsi üçün mərzin çəkilməsi həlledici əhəmiyyət daşımaqla, yanaşı onun qorunub, saxlanması mülkiyyətçilərin (istifadəçilərin və icarəçilərin) borcudur. Məhz bu səbəbdən, həmçinin qeyd olunanlara əsasən mübahisəli torpaq sahəsinin iddiaçının tələb etdiyi kimi naturada bölünməsi mümkün deyildir, habelə istisna edilir.
50. Məhkəmənin gəldiyi nəticə ilə razılaşmayan iddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə ekspert rəyini araşdırmadan, daha doğrusu pozaraq mötəbər sübut vasitəsi kimi qəbul edərək əsasında əmlak hüquqlarını pozan qətnamə qəbul etmişdir. Məhkəmə nəzərə almamışdır ki, artıq plan ölçüləri (çıxarışı), o, cümlədən koordinatları mövcud olan 0.12 ha. torpaq sahəsinin naturada yerləşməsi üçün həmin torpaq sahəsinin hasara alınmasına heç bir lüzum olmamadığından və ekspertin elspertizanın aparılmasının mümkünsüz olması kimi gəldiyi nəticə əsassız olmuşdur. Beləliklə, onun konstitusion hüququ olan mülkiyyət hüququ pozulmuş,
51. Kollegiya apellyasiya şkayətinin dəlillərini nəzərə alaraq, işin mahiyyəti üzrə həlli baxımından mübahisənin obyektiv, tam və hərtərəfli araşdırılması məqsədilə xüsusi bilik tələb olunan sualları izah etmək zərurəti yarandığından iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(105)-1723/2023 saylı qərardadı ilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, lakin Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin aparıcı eksperti Hüseyn Məmmədov 18 sentyabr 2024-cü il tarixdə məhkəmə ekspertizasının aparılmasından imtina etmişdir.
52. Sumqayıt Apellyasiya Məhkəməsinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə ünvanlanmış xx.xx.2024cü il tarixli məktubu ilə ekspertin iştirakı olmadan mütəxəssislər tərəfindən rəyin verilməsini, yerində baxış keçirilməsi mümkün olmadıqda isə kadastr məlumatları, mübahisəli ərazini əks etdirən rəqəmsal xəritələr, yerquruluşu planı barədə peyk sistemindən alınan məlumata əsasən kameral şəraitdə aparılan tədqiqat əsasında mütəxəssis rəyinin verilməsi xahiş olunmuşdur.
53. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məlumatın təqdim edilməsi barədə məktubu ilə bildirilmişdir ki, daha əvvəl müraciətin mümkünsüzlüyü barədə xx.xx.2024-cü il tarixli, 3-21-3-31/2-2422/2024 nömrəli cavab məktubu göndərilərək təyin edilən vaxtda Siyəzən rayonu, Qərəh kəndinə mütəxəssis göndərilsə də, mübahisə predmetinə baxış keçirilməsinə, müvafiq ölçmə işlərinin aparılmasına şəraitt yaradılmadığı bildirilmişdir. Əlavə olaraq bildirilmişdir ki, qeyd olunan əmlak ilə bağlı kameral şəraitdə tədqiqat aparılaraq mütəxəssis rəyinin verilməsi mümkün deyil.
54. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(105)-318/2024 nömrəli qərardadı ilə iş üzrə təkrar məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Ekspertizanın aparılması Siyəzən Rayon İcra və Probasiya Şöbəsinin nümayəndəsinin iştirakı ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə həvalə edilmişdir.
55. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin Sumqayıt Apellyasiya Məhkəməsinə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubunda göstərilmişdir ki, təyin edilən vaxtda mütəxəssis ayrılaraq Siyəzən rayonu, Qərəh kəndinə göndərilsə də, mübahisə predmetinə baxış keçirilməsinə, müvafiq ölçmə işlərinin aparılmasına şərait yaradılmadığından işin icrasını təmin etmək mümkün olmamışdır. Əlavə olaraq bildirilmişdir ki, qeyd olunan əmlak ilə bağlı kameral şəraitdə tədqiqat aparılaraq mütəxəssis rəyinin verilməsi mümkün deyil.
56. Kollegiya apellyasiya şikayətinin dəlilləri ilə bağlı əvvəla qeyd edir ki, mülki prosessual qanunvericilik hakimin üzərinə öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmaq öhdəliyi qoyur və öz qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandırmağı qadağan edir. Qanun tərəflər arasında sübutetmə yükünü müəyyən etməklə yanaşı, işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılması, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməsi qaydasını müəyyən edir (MPM-in 9.3, 77.1, 88-ci maddələri).
57. Məhkəmə kollegiyası nəzərə alır ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir.
58. Məhkəmə kollegiyası qeyd edir ki, iddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətlərinin iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır.
59. Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə məhkəmənin mülki prosessual qanunvericilikdən (Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2 və 77.1-ci maddələri) irəli gələn statusunun hazırkı işə tətbiqi baxımından sadalanan halları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, ilk iddiaçının əmlakına dair iddiasının tam təmin edilməsi üçün əsaslı şübhələrdən kənar sübutlar kifayət deyildir.
60. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qətnamədə göstərilən qaydada iddianı təmin etməməklə düzgün hüquqi nəticəyə gəlmişdir.
61. Mülki məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019-cu il 18 mart tarixli Qərarı).
62. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392- 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Siyəzən Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(059)-12/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.