Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2507/2020 02.09.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə açıq məhkəmə iclasında, Şamaxı Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(074)-597/2020 saylı qərardadından İddiaçı şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Şamaxı Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(074)-597/2020 saylı qərardadı ilə (sədrlik edən, hakim Etibar Hümbətov) İddiaçı Cavabdeh qarşı vərəsəlik hüququnun tanınması, miras payın təsbit edilməsi, naturada təhvil verilməsi, maddi və mənəvi ziyan tələbinə dair mülki iş üzrə iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmış, iddiaçı qərardaddan şikayət vermişdir. İŞİN HALLARİ: İş materiallarından görünür ki, İddiaçı iddia ilə məhkəməyə müraciət edərək onun miras qoyan atası X3 dair qanun üzrə vərəsəlik hüququnun tanınması, miras qoyan atası X2 miras qoyduğu Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı X7 verdiyi məlumata görə 2691 saylı inventar ilə təsdiq olunmuş texniki pasportla qeydiyyata alınmış Şamaxı rayonu, Əziz Əliyev küçəsindəki 12 nömrəli fərdi yaşayış evindən düşən qanun üzrə miras payının təsbit edilməsi və ona naturada təhvil verilməsi, Cavabdeh tərəfindən onu vurulan maddi zərər üçün 5000 manat, mənəvi zərər üçün 1000 manat, cəmi 6000 manat, 31 manat dövlət rüsumu və 200 manat hüquqi xidmət xərcinin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən qərardad qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSİN İZAHATİ: İddiaçı şikayətini onunla əsaslandırmışdır ki, qərardad Azərbaycan Respublikası MPM-nin tələblərinə uyğun deyildir. Belə ki, o, Azərbaycan Respublikası MPM-nin 149-cu maddəsinin tələblərinə əməl etmişdir. Həmin maddədə deyilir ki, iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir, o, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. Bu qaydaya onun tərəfindən əməl olunmuşdur, yəni iddia ərizəsi onun və nümayəndəsi tərəfindən imzalanmışdır. Azərbaycan Respublikası MPM-nin 149.2-ci maddəsinə görə ərizədə ərizənin verildiyi məhkəmənin adı, işdə iştirak edən şəxslərin adları, onların poçt ünvanları, iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb, müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat, ərizəyə əlavə edilən sənədlərin siyahısı göstərilməlidi. Azərbaycan Respublikası MPM-nin 149.2-ci maddəsinin də tələbinə əməl edilərək göstərilən bütün məlumatlar iddia ərizəsində yazılmışdır. İddia ərizəsi Azərbaycan Respublikası MPM-nin 149-cu maddəsinin tələbinə əməl edilməklə məhkəməyə verilmişdir. Şikayətdə iş üzrə məhkəmə qərardadının ləğv edilməsi xahiş edilmişdir. İddiaçı nümayəndəsi Vəkil məhkəmə iclasında şikayətdə göstərilənlərə uyğun izahat verdi. İddiaçı, Cavabdeh, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər Şamaxı regional “Asan xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu, Ağayev Adıgözəl Ağaxan oğlu, X5 və X4 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlmədiklərdən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, şikayətin dəlillərini araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən şikayət təmin edilməli, iş üzrə məhkəmə qərardadı ləğv edilməli,iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün Şamaxı Rayon Məhkəməsinə qaytarılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində, apellyasiya üçün müəyyən olunmuş qaydada baxır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının şikayəti iş üzrə məhkəmə qərardadının ləğv edilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qərardadının qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinə görə iddia ərizəsinin bu Məcəllənin 149cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarılır. İddia ərizəsindən görünür ki, İddiaçı iddia tələbləri miras qoyan atası X3 dair qanun üzrə vərəsəlik hüququnun tanınması, miras qoyan atası X2 miras qoyduğu Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı X7 verdiyi məlumata görə 2691 saylı inventar ilə təsdiq olunmuş texniki pasportla qeydiyyata alınmış Şamaxı rayonu, Əziz Əliyev küçəsindəki 12 nömrəli fərdi yaşayış evindən düşən qanun üzrə miras payının təsbit edilməsi və ona naturada təhvil verilməsi, Cavabdeh tərəfindən onu vurulan maddi zərər üçün 5000 manat, mənəvi zərər üçün 1000 manat, cəmi 6000 manat, 31 manat dövlət rüsumu və 200 manat hüquqi xidmət xərcinin cavabdehdən tutularaq ona ödənilməsi barədədir. Birinci instansiya məhkəməsi iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytararkən iddiaçının hansı əmlaka vərəsəlik hüququnun tanınmasını tələbdə konkret göstərməməsinə, miras payın müəyyən olunması üçün notariat ofisinə müraciət etməli olmasına, bundan sonra əmlakın naturada bölünməsini tələb etməsinə, qanun üzrə vərəsəlik hüququnun tanınması və maddi, mənəvi ziyan tələblərinin bir-biri ilə bağlı olmamalarına istinad etmişdir. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, İddiaçı vərəsəlik hüququnun tanınmasını tələb etdiyi əmlakı iddia ərizəsində konkret göstərmişdir, yəni Şamaxı şəhəri, Əziz Əliyev küçəsindəki 12 nömrəli fərdi yaşayış evindən ona düşən paya vərəsəlik hüququnun tanınmasını tələb etmişdir. İddia ərizəsinə əlavə edilmiş notariat əməliyyatı aparmaqdan imtina haqqında Şamaxı regional “Asan xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusunun xx xxxx 2020-ci il tarixli qərarından görünür ki, İddiaçı Şamaxı şəhəri, Əziz Əliyev küçəsindəki 12 nömrəli fərdi yaşayış evinə dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. Həmçinin İddiaçı maddi və mənəvi zərərə dair tələblərini cavabdeh tərəfindən vərəsəlik hüquqlarının pozulması, ona düşən miras payı verməkdən imtina etməsi və miras əmlakdan istifadəsini qadağan etməsi ilə əsaslandırmışdır. Göründüyü kimi, iddia tələblərinin bir-biri ilə əlaqəsi vardır. Birinci instansiya məhkəməsi iddia ərizəsini geri qaytararkən qeyd edilən halları nəzərə almayaraq düzgün nəticəyə gəlməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı prosessual hüquq normalarının tələblərinin pozulması ilə qəbul edilmiş, nəticədə iddiaçının Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə təsbit edilmiş məhkəmə müdafiəsi hüquqları pozulmuşdur. Azərbaycan Respublikası MPM-nin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsinin məhkəmənin qərardadını tam və ya qismən ləğv edib, yaxud dəyişib, işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməli, məhkəmə qərardadı ləğv edilərək iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün Şamaxı Rayon Məhkəməsinə qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264 və 398-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçı şikayəti təmin edilsin. İş üzrə Şamaxı Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(074)-597/2020 saylı qərardadı ləğv edilsin. Mülki iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün Şamaxı Rayon Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Telman Məmmədov Hakimlər: Şəmsəddin Abasov Səyyad Qafari
Məhkəmə qərarları › İş №2(105)-2507/2020
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2507/2020
02.09.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver