Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-252/2025 01.04.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər X10 və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Rəhimova Ülkər Cabbar qızının katibliyi, İddiaçı, Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Siyəzən rayon dövlət notariat ofisinə qarşı daşınmaz əmlaka qeydiyyatların və bu barədə çıxarışların, eləcə də vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi tələbinə dair mülki iş üzrə Siyəzən Rayon Məhkəməsinin 06 noyabr 2024-cü il tarixli, e-2(059)-455/2024 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Siyəzən Rayon Məhkəməsinin 06 noyabr 2024-cü il tarixli qətnaməsi ilə (hakim B.Ələkbərov) iddianın təmin edilməsi, ünvan 1 ünvanda yerləşən, 0,03 ha torpaq sahəsinin üzərində olan, ümumi sahəsi 69,3 kv.m təşkil edən fərdi yaşayış evinin xüsusi mülkiyyət hüququ ilə mərhum X2 adına qeydiyyata alınması barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən aparılmış **********82-10301 reyestr qeydiyyatı və bu barədə verilmiş 14 noyabr 2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarış, eləcə də həmin daşınmaz əmlaka dair Siyəzən rayon dövlət notariat ofisi tərəfindən 29 iyul 2022-ci il tarixdə Cavabdeh1 verilmiş, reyestrdə 2V-88 nömrə ilə qeyd edilmiş vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə, habelə sözügedən daşınmaz əmlakın xüsusi mülkiyyət hüququ ilə Cavabdeh1 adına qeydiyyata alınması barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən aparılmış **********82-10301 reyestr qeydiyyatı və bu barədə verilmiş 17 avqust 2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi, iddia tələbi üzrə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun İddiaçı özünə aid edilməsi qət edilmişdir. Cavabdeh1 qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı cavabdehlər Cavabdeh1 və Siyəzən rayon dövlət notariat ofisinə qarşı daşınmaz əmlaka qeydiyyatların və bu barədə çıxarışların, eləcə də vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi tələbinə dair iddia ərizəsi, eləcə də bu ərizənin dəqiqləşdirməsinə dair digər ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 2 ünvanda yerləşən, 0,03 ha torpaq sahəsinin üzərində olan, ümumi sahəsi 69,3 kv.m təşkil edən fərdi yaşayış evinin xüsusi mülkiyyət hüququ ilə mərhum X2 adına qeydiyyata alınması barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən aparılmış **********82-10301 reyestr qeydiyyatının və bu barədə verilmiş 14 noyabr 2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın, eləcə də həmin daşınmaz əmlaka dair Siyəzən rayon dövlət notariat ofisi tərəfindən 29 iyul 2022-ci il tarixdə Cavabdeh1 verilmiş, reyestrdə 2V-88 nömrə ilə qeyd edilmiş vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, habelə sözügedən daşınmaz əmlakın xüsusi mülkiyyət hüququ ilə Cavabdeh1 adına qeydiyyata alınması barədə Azərbaycan Respublikası Əmlak Məsələlri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən aparılmış **********82-10301 reyestr qeydiyyatının və bu barədə verilmiş 17 avqust 2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanda yerləşən 1 mərtəbəli, 2 yaşayış otaqlı, həyətyanı sahəsi 0,03 ha olan fərdi yaşayış evi üzərində Cavabdeh1 (iddiaçının anası) mülkiyyət hüquqları qeydə alınmışdır. Həmin ev üzərində ilkin hüquqi qeydiyyatin aparılmasının əsasını Siyəzən Rayon Məhkəməsinin 09 dekabr 2010-cu il tarixli, 2(059)-213/2010 nömrəli qətnaməsi təşkil etmişdir. Sözügedən qətnamə ilə ərizəçi X2 özbaşına tikintiyə mülkiyyət hüququnun tanınmasına dair ərizəsi təmin edilmiş, həmin ev üzərində sonuncunun mülkiyyət hüquqları qeydə alınmışdır. Həmin iş üzrə o, maraqlı şəxs kimi cəlb edilmiş və onun apellyasiya şikayəti təmin olunmaqla, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27 iyun 2013-cü il tarixli qərardadı ilə Siyəzən Rayon Məhkəməsinin 09 dekabr 2010-cu il tarixli qətnaməsi ləğv edilmiş, ərizəçi X2 maraqlı şəxslər Siyəzən Rayon İcra Hakimiyyətinə və AR ƏMDK yanında DƏDRX-nin Abşeron Rayon Ərazisinə qarşı özbaşına tikintiyə mülkiyyət hüququnun tanınmasına dair ərizəsi baxılmamış saxlanılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin həmin qərardadı Azərbaycan Respublikası Ali Məhkəməsinin 25 sentyabr 2013-cü il tarixli qərardadı ilə dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi, qeyd edilən daşınmaz əmlak üzərində ilkin mülkiyyət hüququnun qeydə alınmasına əsas olan məhkəmə aktı (Siyəzən Rayon Məhkəməsinin 09 dekabr 2010-cu il tarixli qətnaməsi) ləğv edilmişdir. Belə ki, Güldənə Şahbazova 12 iyun 2021-ci il tarixdə vəfat etmiş, 29 iyul 2022-ci il tarixli, "2V-88 reyestr nömrəli "Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında" şəhadətnaməyə əsasən notarial qaydada təsdiq edilmiş vəsiyyətnaməyə görə onun vərəsəsi Cavabdeh1 olmuş, miras əmlakın isə yuxarıda qeyd edilən ünvanda yerləsən 0,03 ha torpaq sahəsindən və onun uzərində yerləsən fərdi yaşayış evindən ibarət olması qeyd edilmişdir. Bundan sonra, həmin şəhadətnamə əsasında 0,03 ha torpaq sahəsi və onun uzərində yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Qeyd edilən halı əsas tutaraq həmin fərdi yaşayış evi üzərində Cavabdeh1 adına xüsusi mülkiyyət hüququ barədə qeydiyyatın və bu barədə çıxarışın ləğv edilməsi məqsədilə maraqlı şəxs olan inzibati orqana müraciət edilmişdir. Maraqlı şəxsin 03 noyabr 2022-ci il tarixli, **********66 saylı cavab məktubu ilə həmin müraciət təmin edilməmişdir. Həmin imtina qanunsuz və əsassız olduğundan Sumqayıt İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edilərək, ünvan 3 ünvanında yerləsən 1 mərtəbəli, 2 yaşayış otaqlı, həyətyanı sahəsi 0,03 ha olan fərdi yaşayış evi üzərində Cavabdeh1 adına xüsusi mülkiyyət hüququ barədə qeydiyyatın və bu barədə çıxarışın ləğv edilməsi vəzifəsinin inzibati orqanın üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 07 iyun 2023-cü il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27 oktyabr 2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin həmin qərardadı Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 25 sentyabr 2013-cü il tarixli qərardadı ilə dəyişdirilmədən saxlanılmışdır. Məhkəmələr qeyd edilən iddianı mümkünsüz saymasını onunla əsaslandırmışlar ki, işə mülki qaydada baxılmalıdır. İşin yuxarıdakı hallarından mübahisəsiz şəkildə müəyyən edilir ki, Siyəzən rayon İcra Hakimiyyəti Başçısının 21 aprel 2006-cı il tarixli, 93 nömrəli Sərəncamı ilə X4 ayrılmış Siyəzən şəhərində yerləşən 0,03 ha torpaq sahəsinə dair keçmiş Azərbaycan Respublikası Dovlət Torpaq və Xəritəçəkmə Komitəsinin Siyəzən rayon şöbəsi tərəfindən sonuncunun adına 03 may 2006-cı il tarixli, JN seriyalı, 373F nömrəli, 30501004 kodlu "Torpağın mulkiyyətə verilməsinə dair" şəhadətnamə tərtib edilmişdir. Beləliklə, reyestrdə aparılmış mülkiyyət hüququ barədə qeydiyyat ləğv edilmiş məhkəmə qətnaməsinə əsaslanır və bu cür qeydiyyat əsasında verilmiş vərəsəlik haqqında şəhadətnamə etibarsızdır İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh1 Siyəzən Rayon Məhkəməsinin 06 noyabr 2024-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamədə qeyd edildiyi kimi” mübahisəsiz şəkildə müəyyən edilir ki, Siyəzən rayon İcra Hakimiyyəti başçısının 21 aprel 2006-cı il tarixli 93 saylı sərəncamı ilə X5 ayrılmış Siyəzən şəhərində yerləşən 0,03 ha torpaq sahəsinə dair keçmiş AR DT və XK-nin Siyəzən rayon şöbəsi tərəfindən sonuncunun adına 03 may 2006-cı il tarixli, JN seriyalı 373F nömrəli 30501004 kodlu “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə tərtib edilmişdir. Başqa sözlə 16 iyul 1996-cı il tarixli "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən, “vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, və s. altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir”, tələbinə əsasən Siyəzən şəhərində yerləşən 0,03 ha torpaq sahəsi yalnız mərhum X3 xüsusi mülkiyyətinə verilmişdir, tələb bu hissədə mübahisələndirilməmişdir. Bundan sonra torpağın xüsusi mülkiyyətçisi Güldanə Şahbazova onun xüsusi mülkiyyətində olan torpaq sahəsində tikilmiş və ərindən qalan, habelə sənədləşdirilməyən fərdi yaşayış evini qanuni əsaslarla (MM-nin 180, 238.3, 240.2, 240.3 maddələrinin tələblərinə əsaslanaraq) mülkiyyəti hüququ ilə sənədləşdirmiş və öldükdən sonra ondan miras qalmış ümumi sahəsi 69,3 kv.m fərdi yaşayış evi və 0.03 ha ölçüdə həyətyanı torpaq sahəsi, iddiaçı ləyaqətsiz vərəsə hesab edildiyindən, o, istisna edilməklə digər övladların onun xeyrinə mirasdan imtina etdiyinə görə Siyəzən rayon dövlət notariat ofisi tərəfindən 29 iyul 2022-ci il tarixdə reyestr 2V-88 nömrə ilə qeyd edilmiş vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə qeyd edilərək Cavabdeh1 verilmiş və sonuncu da şəhadətnamədə qeyd edilən əmlaklara dair öz növbəsində daşınmaz əmlakın reyestr nömrəsi **********82-10301 olan, 17 avqust 2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış almışdır. Onu da qeyd edir ki, ləğv edilmiş, Cavabdeh1 adına verilən Daşınmaz əmlakın reystr nömrəsi **********82-10301 olan, 17 avqust 2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışda eyni zamanda iki əmlak növü 69,3 kv.m fərdi yaşayış evi və 0.03 ha ölçüdə həyətyanı torpaq sahəsi xüsusi mülkiyyətdə olması göstərilmişdir. Məlum olduğu kimi Siyəzən Rayon Məhkəməsi 69,3 kv.m fərdi yaşayış evinə dair çıxarışı, habelə bu əmlaka dair vərəsəlik şəhadətnaməsini ləğv edərkən, eyni zamanda iş üzrə mübahisələndirilməyən 0.03 ha ölçüdə həyətyanı torpaq sahəsinə dair çıxarışı, habelə müvafiq olaraq vərəsəlik şəhadətnaməsini də ləğv edərək, əmlak hüquqlarını pozan, o cümlədən onu 0.03 ha ölçüdə həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququndan da məhrum edən qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Siyəzən Rayon Məhkəməsinin qanunsuz və əsassız qətnaməsindən verilən apellyasiya şikayətinin dəlilləri, habelə qətnaməsnin ləğv edilməsinin əsasları: 1) Məlum olduğu kimi Siyəzən Rayon Məhkəməsi xx.xx.2024-cü il tarixli, 2(059)-455/2024 nömrəli qətnaməsi ilə 0,03 ha torpaq sahəsinin üzərində ümumi sahəsi 69,3 kv.m olan fərdi yaşayış evinin xüsusi mülkiyyəti hüququ ilə mərhum X3 adına qeydiyyata alınması barədə **********82-10301 reyestr qeydiyyatı və bu barədə verilmiş 14 noyabr 2019-cu il tarixli ********** qeydiyyat nömrəli çıxarış, eləcə də həmin daşınmaz əmlaka dair Siyəzən rayon dövlət notariat ofisi tərəfindən 29 iyul 2022-ci il tarixdə Cavabdeh1 verilmiş, reyestr 2V-88 nömrə ilə qeyd edilmiş vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə, habelə sözügedən daşınmaz əmlakın xüsusi mülkiyyət hüququ ilə Cavabdeh1 adına qeydiyyata alınması barədə **********82-10301 reyestr qeydiyyatı və bu barədə verilmiş 17 avqust 2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış, məhkəmə tərəfindən qanunsuz olaraq hissəvi, yəni ümumi sahəsi 69,3 kv.m olan fərdi yaşayış evinə münasibətdə ləğv edilmədiyindən, başqa sözlə çıxarış tam hissədə ləğv edildiyindən, mərhum X3, daha sonra vərəsəlik qaydasında Cavabdeh1 keçən 0,03 ha həyətyanı torpaq sahəsidə eyni zamanda ləğv edilərək, bununla da sonuncuların torpağa mülkiyyət, o cümlədən əmlak hüquqları da ləğv edilmişdir. Başqa sözlə işə baxan hakim normaları düzgün tövsif etməyərək, dürüst hüquqi nəticələrə gəlmədiyindən sözügedən çıxarışları, habelə miras qalmış ümumi sahəsi 69,3 kv.m olan fərdi yaşayış evinə və 0,03 ha həyətyanı torpaq sahəsinə verilmiş 2V-88 nömrə ilə qeyd edilmiş vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməni hissəvi, yəni ümumi sahəsi 69,3 kv.m olan fərdi yaşayış evinə münasibətdə ləğv etməyərək, tam hissədə ləğv edərək, hüquqlarını pozan qanunsuz qətnamə qəbul etmişdir. 2) İddiaçı hazırki tələb üzrə iddia qaldırmağa subyektiv hüququnun olmaması aşağıda qeyd edilənlərlə müəyyən olunur. Belə ki, Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-5126/2016 nömrəli 13 oktyabr 2016-cı il tarixli qərarı ilə İddiaçı, cavabdeh X7 qarşı evə mülkiyyət hüquqqunun tanınması və miras qalmış əmlakdan qanun üzrə vərəsə kimi payın müəyyən edilməsi tələbinin təmin edilməməsinə dair Sumqayıt Apellyasiya Məhkəməsinin 08 iyun 2016-cı il tarixli qətnaməsi dəyşdirilmədən saxlanılmışdır. Habelə Ali Məhkəmənin qeyd edilən qərarının “Hüquqi məsələlər”-hissəsində qeyd edilir ki, İddiaçı atasının mülkiyyət hüququnun tanınmasının tələb etdiyi yaşayış evi isə cavabdeh Güldanə Şahbazovanın mülkiyyətində olan torpaq sahəsində yerləşməklə özbaşına tikilidir. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz (MM-nin 180.3). Habelə Ali Məhkəmə qərarında qeyd etmişdir ki, qanunun həmin norması (MM-nin 180.3) göstərilən vəziyyətdə evə iddiaçının (İddiaçı) 1963-cü ildə vəfat etmiş mərhum atası X1 mülkiyyət hüququnun tanınması və bundan sonra onun miras əmlakdan paynını müəyyən olunması üçün əsas vermədiyindən kollegiya hesab edir ki, apellyasiya instansiya məhkəməsinin iddia tələbinin rədd olunmasının qanuniliyi barədə gəldiyi nəticə əsaslıdır (Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-5126/2016 saylı,13 oktyabr 2016-cı il tarixli qərarı). Habelə qanuni qüvvəsinin almış Sumqayt Apellyasiya Məhkəməsinin 2(105)- 238/2013 nömrəli 26 fevral 2013-cü il tarixli qətnaməsi ilə X6, cavabdeh İddiaçı qarşı qanun üzrə birinci növbə vərəsə İddiaçı ləyaqətsiz vərəsə saylımaqla mülkiyyət hüququ ilə iddiaçı cavabdeh X7 məxsus olan Siyəzən şəhəri, Keçmiş Əzizbəyov küçəsi 7 saylı evdən məcburi pay almaq hüququndan məhrum edilməsinin qət edilməsinə dair Siyəzən Rayon Məhkəməsinin 01 mart 2012-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmış və apellyasiya şikayəti təmin olmumamışdır. Habelə qanuni qüvvəsinin almış 2(059)-19/2019 nömrəli 13 noyabr 2019-cu il tarixli Siyəzən Rayon Məhkəməsinin qətnaməsinə əsasən iddiaçılar İddiaçı və digərləri Siyəzən şəhəri A.Qaradağlı küçəsindəki 7 saylı evə köçürülməsi qət edilmişdir. Onu da qeyd edir ki, fərdi yaşayış evinə dair müvafiq çıxarış ləğv edildiyindən iddiaçının evə köçürülmə barədə məhkəmə qərarı da öz qüvvəsini itirmişdir. İddiaçı istifadə hüquqi olan əmlakın mülkiyyətçisinin dəyişməsinin, yəni kimin olmasının onun əmlak üzrə mövcud olan hüquqlarına, habelə qanuni mənafeyinə xələl gətirmədiyinə görə onun yalnız istifadə hüququ olan əmlaka dair çıxarışın ləğv edilməsi kimi məhkəmədə tələb irəli sürməsində subyektiv hüquq olmamışdır. X6 0.03 ha ölçüdə mülkiyyətində olan torpaq sahəsinin üzərində olan fərdi yaşayış evi üzərində ən azı gözlənilən mülkiyyət hüququ mövcud olmuş və bu əmlaka dair çıxarışın alınması qanunsuz olmamışdır. Habelə hal-hazırda 0.03 ha ölçüdə torpaq sahəsi onun mülkiyyətində olduğundan onun da eyni zamanda bu torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinə gözlənilən mülkiyyət hüququ vardır. Habelə məlumdur ki, “Torpaq sahəsinin mülkiyyətçisi, əgər qanunla ayrı qayda nəzərdə tutulmayıbsa və digər şəxslərin hüquqlarını pozmursa, həmin sahənin üstündə və altında olan hər şeydən istifadə edə bilər. Əgər qanunla ayrı qayda nəzərdə tutulmayıbsa, yerin təki və faydalı qazıntılar Azərbaycan Respublikasının mülkiyyətidir (MM-nin 238.3-cü maddəsi)”. Torpaq sahəsinin mülkiyyətçisi özünə mənsub sahədə ucaldılmış və ya yaradılmış binaya, qurğuya və digər daşınmaz əmlaka mülkiyyət hüququ əldə edir (MM-nin 240.2-ci maddəsi), tələbinə əsasən cavabdeh mülkiyyətində olan 0.03 ha ölçüdə olan torpaq sahəsində tikilmiş fərdi yaşayış evi üzərində mülkiyyət hüququ əldə etməsi qanuni olmuşdur. Ona görə ki, iddiaçı X5 nisbətdə (münasibətdə) qanun üzrə birinci növbə vərəsə İddiaçı ləyaqətsiz vərəsə sayılmaqla mülkiyyət hüquq ilə iddiaçı cavabdeh X5 məxsus olmuş Siyəzən şəhəri, Keçmiş Əzizbəyov küçəsi 7 saylı evdən məcburi pay almaq hüququdan məhrum edilmiş və MM-nin 180.3-cü maddəsinin mənasına görə isə iddiaçının 1963-cü ildə vəfat etmiş mərhum atası X1 mülkiyyət hüququnun tanınmasının mümkünsüzlüyü müəyyən olunmuşdur. Bununla da məlum olur ki, İddiaçı Siyəzən şəhəri A.Qaradağlı küçəsindəki 7 saylı fərdi yaşayış evindən yalnız istifadə hüquq etimal edilir. Onda buradan görünür ki, İddiaçı mülkiyyət hüquq olmayan, yalnız ən çoxu istifadə hüquqi olan əmlakın mülkiyyətçisinin dəyişməsinin, yəni kimin olmasının onun əmlak üzrə mövcud olan hüquqlarına, habelə qanuni mənafeyinə xələl gətirmədiyinə görə onun yalnız istifadə hüququ olan əmlaka dair çıxarışın ləğv edilməsi kimi məhkəmədə tələb irəli sürməsində subyektiv hüquq olmamışdır. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən Cavabdeh1 apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən İddiaçı apellyasiya şikayəti qəbul etməyərək, şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə digər cavabdehə məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2. maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdırıb, məruzəçini və işdə iştirak etmiş şəxslərin izahatlarını dinləyib, eləcə də apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Siyəzən Rayon Məhkəməsinin 06 noyabr 2024-cü il tarixli qətnaməsi ləğv edilməli və iddia tələbinin rədd edilməsinə dair iş üzrə yeni qətnamə qəbul edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməsini mövcud olmayan əsas üzrə əmlakla bağlı müvafiq hərəkətlərin aparılması, həmçinin qanuni əsas olmadan, hər hansı predmetə miras əmlak kimi hüquqi qiymətin verilməsi özlüyündə Mülki qanunvericiliyin tələblərinin birbaşa pozulması deməkdir ki, bu halın da məhkəmə qaydasında aradan qaldırılmasının məqsədəmüvafiq olması ilə əsaslandırmış və bu nəticə ilə razılaşmayan Cavabdeh1 qətnamədən apellyasiya şikayəti vermişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 noyabr 2019-cu il tarixli çıxarışına əsasən Siyəzən rayon İcra Hakimiyyəti başçısının xx.xx.2006-cı il tarixli 93 saylı sərəncamı ilə mərhum Güldanə Şahbazova ayrılmış Siyəzən şəhəri Aydın Qaradağlı küçəsində 0,03 ha torpaq sahəsinə sonuncunun adına xx.xx.2006-cı il tarixdə şəhadətnamənin verilməsi, Siyəzən Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli qətnaməsi ilə həmin torpaq sahəsinin üzərində inşa edilmiş fərdi yaşayış evinə Güldanə Şahbazovanın mülkiyyət hüququnun tanımaqla, xx.xx.2011-ci ildə çıxarışla rəsmiləşdirilməsi və daha sonra apellyasiya məhkəməsinin qətnaməsi ilə Siyəzən Rayon Məhkəməsinin həmin qətnaməsinin ləğv edilərək baxılmamış saxlanılması, o cümlədən Güldanə Şahbazovanın 12 iyun 2021-ci il tarixdə vəfat etməsi işin mübahisəsiz halıdır. İşin digər mübahisəsiz hallarına əsasən qanuni qüvvədə olan Siyəzən Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə İddiaçı ailəsi ilə birlikdə mübahisəli evə köçürülməsi və Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi ilə hazırkı iş üzrə Cavabdeh1 mübahisəli evə istifadə hüquqlarına xitam verilməsinə dair iddiası təmin edilməmişdir. Baxılan iş üzrə iddia tələbi daşınmaz əmlaka qeydiyyatın və bu qeydiyyat əsasında verilmiş çıxarışın, eləcə də vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və həmin şəhadətnamə əsasında verilmiş çıxarışın ləğv edilməsi barədədir. Mövcud tələblərlə bağlı qanuni əsası kimi Mülki Məcəllənin 149.2, 140, 1272-ci maddələri nəzərdən keçirilə bilər. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə hüquqi dəyərləndirmə aparmaqla iddia tələbləri üzrə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İlk öncə iddia tələbinin mərhum G.Şahbazovanın adına məhkəmə aktı əsasında aparılmış qeydiyyat və onun əsasında verilmiş çıxarışın ləğvi hissəsi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, ləğv edilmiş qətnamə və ya qərardad əsasında aparılmış icra olunanların geriyə dönüşü barədə işdə iştirak edən, habelə işdə iştirak etməyə cəlb edilməyən şəxslərin ərizəsi əsasında baxılması qaydası MPM-nin 236.1.3-cü maddəsində öz əksini tapmışdır. Eyni zamanda icra edilmiş qətnamə ləğv edildikdə və işə yenidən baxıldıqdan sonra iddianın tamamilə və ya onun bir hissəsinin rədd edilməsi haqqında qətnamə çıxarıldıqda bu qətnaməni qəbul etmiş məhkəmənin MPM-nin 236-1-ci maddəsinə müvafiq olaraq icrada dönüş edilməsi barədə tədbirlər görməli olması, o cümlədən ləğv edilmiş qətnamə üzrə bir tərəfin xeyrinə alınanları digər tərəfə qaytarması, əmlakı qaytarmaq mümkün olmadıqda isə, həmin əmlakın dəyərini tutulması qaydası Ali Məhkəmə Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli qərarının 11.3. bəndində də nəzərdə tutulmuşdur. Göründüyü kimi, iddiaçının hazırki tələbində göstərilən məsələlərin həlli qaydası qanunvericilikdə yuxarıda qeyd olunan qaydada müəyyən edilib. Odur ki, bu məsələ onun ləğvi yolu ilə həll olunmadığından, qaldırılan iddianın qanuni əsasını təşkil edən Mülki Məcəllənin 149.2-ci maddəsinin dispozisiya şərtlərinə cavab vermir. Lakin iddiaçının mövcud tələblə məhkəməyə xx.xx.2024-cü ildə müraciət etdiyini nəzərə alaraq prosessual qənaət prinsipi baxımından məhkəmə kollegiyası bu tələblərə hazırkı iddia icraatı çərçivəsində baxaraq qiymət verilməsini zəruri hesab edir. Məlum olduğu kimi daşınmaz əmlakın dövlət reyestrindəki qeydin ləğv edilməsi tələbi mahiyyəti etibarilə reyestrdə düzəlişin aparılması barədə iddiadır. Mülki Məcəllənin 149.2-ci maddələrinə əsasən əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. Baxılan işin müəyyən edilmiş hallarından görünür ki, mübahisə predmeti olan əmlaka dair dövlət reyestrində mərhum Güldanə Şahbazovanın adına aparılmış qeydiyyatın əsasında xx.xx.2010-cu il tarixli məhkəmə aktı dayanır. Həmin qətnamə ilə mübahisəli əmlak üzərində mərhum Güldanə Şahbazovanın mülkiyyət hüququ tanınmış və Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərardadı ilə həmin qətnamə ləğv edilməklə iddia baxılmamış saxlanılmışdır. Baxmayaraq ki, qeydiyyat və çıxarışın verilməsinə əsas olan məhkəmə aktı ləğv olunsa da, mövcud vəsiyyətnamə əsasında Cavabdeh1 tərəfindən əldə edilmiş vərəsəlik şəhadətnaməsi əsasında sonuncuya xx.xx.2022-ci il tarixli çıxarış verilərkən həmin əmlaka dair mərhum Güldanə Şahbazovanın adına məhkəmə aktı əsasında aparılmış qeydiyyat və çıxarış öz-ozünə hüquqi qüvvəsini itirmiş olur. Bu mənada artıq ləğv edilmiş qeydiyyat və çıxarışın ləğv edilməsi zərurəti qalmır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, mövcud tələb iddianın qanuni əsasını təşkil edən Mülki Məcəllənin 149.2-ci maddəsinin dispozisiya şərtlərinə cavab vermədiyindən, iddia tələbləri bu hissədə təmin edilə bilməz. İddia tələbinin vərəsəlik şəhadətnaməsinin ləğvi tələbinə gəldikdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Mülki Məcəllənin 1272-ci maddəsinə əsasən, mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun A.Nadirova və qeyrilərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 25 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 16 mart 2022-ci il tarixli qərarında qeyd edilmişdir ki, mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barədə mübahisənin açılması ilə bağlı olan müddət iddia müddəti deyil, kəsici müddətdir. Qanunvericiliyin bu normasının məqsədi miras qoyanın ölümündən sonra onun əmlakına dair hüquqi münasibətlərin müqəddəratının mümkün qədər qeyri-müəyyənlikdə qalmamasını, bununla da mülki dövriyyədə hüquqi etimad və davamlılığı etibarlı bir şəkildə təmin etməkdir. Buna görə də maraqlı şəxs mirasın qəbul və imtina edilməsi ilə bağlı hüquqi mübahisəyə əsas verən halları bildiyi gündən iki ay ərzində bununla bağlı mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanuna əsasən qeyd olunan müddət hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. İşdən görünür ki, iddiaçı həmin fərdi yaşayış evi üzərində Cavabdeh1 adına xüsusi mülkiyyət hüququ barədə qeydiyyatın və bu barədə çıxarışın ləğv edilməsi məqsədilə maraqlı şəxs olan inzibati orqana müraciət etmiş və maraqlı şəxsin 03 noyabr 2022-ci il tarixli, **********66 saylı cavab məktubu ilə həmin müraciət təmin edilməmişdir. Daha sonra İddiaçı Sumqayıt İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edilərək, ünvan 3 ünvanında yerləsən 1 mərtəbəli, 2 yaşayış otaqlı, həyətyanı sahəsi 0,03 ha olan fərdi yaşayış evi üzərində Cavabdeh1 adına xüsusi mülkiyyət hüququ barədə qeydiyyatın və bu barədə çıxarışın ləğv edilməsi vəzifəsinin inzibati orqanın üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 07 iyun 2023-cü il tarixli qərarı ilə iddia mümkün sayılmamışdır. Göründüyü kimi iddiaçının mübahisələndirdiyi mövcud şəhadətnamədən 03 noyabr 2022-ci il tarixində, hətta Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarının qüvvəyə mindiyi vaxt hesablanmalı olduğu nəzərə alınsa belə iddiaçının bu şəhadətnamədən artıq məlumatı olduğu halda, hazırkı iddianı xx.xx.2024-cü il tarixdə qaldırmaqla Mülki Məcəllənin 1272-ci maddəsində nəzərdə tutulmuş 2 aylıq (kəsici) müddəti ötürmüşdür. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, Siyəzən rayon dövlət notariat ofisi tərəfindən 29 iyul 2022-ci il tarixdə Cavabdeh1 verilmiş, reyestrdə 2V-88 nömrə ilə qeyd edilmiş vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi hissəsində iddia tələbi təmin edilməməlidir. İddia tələbinin çıxarışın ləğvi hissəsinə gəldikdə qeyd olunmalıdır ki, Mülki Məcəllənin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Qeyd olunmalıdır ki, daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatı və reyestrinin həyata keçirilməsi ictimai qaydanın, əşya hüquq münasibətlərinin sabitliyinin təmin edilməsi məqsədi daşıyaraq müəyyən prinsiplərə əsaslanır. Bu prinsiplərdən biri olan dövlət reyestrinin açıqlığı prinsipi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsində müəyyən edilmişdir. Həmin Qanunun 2-ci maddəsinə görə, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Belə hüquqi akta ictimai güvənin və etimadın təmin edilməsi üçün daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası qəbul edilmişdir ("xxxx" ASC-nin şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 18 iyul 2018-ci il tarixli qərarı). Bu prezumpsiyaya əsasən, dövlət orqanının həyata keçirdiyi reyestrə və verdiyi hüquqi aktın məzmununa inanaraq əşya üzərində hüquqlar əldə etdiyini güman edən şəxslərin hüquqları dövlət tərəfindən qorunur. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, çıxarışın verilməsinə əsas olan vərəsəlik hüququ haqqında şəhadətnamə ləğv edilmədiyindən, başqa sözlə, qüvvədə olduğundan, iddia tələbi bu hissədə də təmin edilə bilməz. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, birinci instansiya məhkəməsinin iddia tələbinin təmin edilməsinə dair gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamaqla, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirmir, eləcə də qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh1 apellyasiya şikayəti təmin edilməli, Siyəzən Rayon Məhkəməsinin 06 noyabr 2024-cü il tarixli qətnaməsi ləğv edilməli, iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası MPM-nin 384.0.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halların araşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin əhəmiyyətli olan hallarının sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrin işin faktiki hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır (Azərbaycan Respublikası MPM-nin 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4 maddələri). Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ Cavabdeh1 apellyasiya şikayəti təmin edilsin. Siyəzən Rayon Məhkəməsinin 06 noyabr 2024-cü il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdehlər Cavabdeh1 və Siyəzən rayon dövlət notariat ofisinə qarşı daşınmaz əmlaka qeydiyyatın və bu barədə çıxarışın, eləcə də vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və onun əsasında verilmiş çıxarışın ləğv edilməsi barədə iddia tələbi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-252/2025
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-252/2025
01.04.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver