Məhkəmə qərarları › İş №2(105)-2526/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2526/2022

08.12.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2526/2022 08.12.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağəli oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh İB-nə qarşı torpaq sahəsinin girişinin təmin edilməsi və sair tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 01 noyabr 2022-ci il tarixli 2(067)-3215/2022 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏNETDİ İddiaçı cavabdeh “ Azəriqaz” İB-yə qarşı iddia ərizəsi ilə Xaçmaz Rayon Məhkəməsinə müraciət edərək, iddiaçıya məxsus torpaq sahəsinə giriş-çıxışın təmin edilməsi məqsədi ilə qaz xəttinin qoşqulu traktorun keçə bilməsi üçün arka formasında yerdən 3.5 metrə hündürlüyündə və 4.5 metrə enində qaldırılmasını, həmin sahənin önünə yığılmış tullantıların Cavabdeh İB tərəfindən təmizlənməsi, ərazinin əvvəlki vəziyyətə qaytarılması və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Xaçmaz Rayon Məhkəməsinin 01 noyabr 2022-ci il tarixli 2(067)-3215/2022 nömrəli qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Qərardaddan İddiaçı şikayət verərək, Xaçmaz Rayon Məhkəməsinin 2(067)- 3215/2022 nömrəli, 01 noyabr 2022-ci il tarixli qərardadının ləğv edilməsini və iddia ərizəsinin icraata qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmənin iddia ərizəsinin geri qaytarılması barədə mövqeyi əsassız və qanunsuzdur. Məhkəmə öz qərardadında iddia ərizəsinin geri qaytarılmasına hüquqi əsas kimi “Qaz təchizatı” haqqında Azərbaycan Respublikasının Qanununun 22-1-ci maddəsinin tələblərinə riayət edilmədiyini göstərmişdir. Bu əsaslandırma tamamilə yanlışdır. Qərardad Azərbaycan Respublikasının qanunvericiliyinə və hüquqa ziddir. İstinad olunan Qanunun 22-1-ci maddəsində qeyd olunub ki, istehlakçı qaz paylayıcısının qərarlarından, digər hərəkət və hərəkətsizliyindən inzibati qaydada və “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla məhkəməyə şikayət verə bilər. Qərardadda isə məhkəmə iddiaçının istehlakçı olmasının necə müəyyən etdiyini göstərməyib. Qaz xətti iddiaçının nə evinə, nə sahəsinə getmir və iddiaçının cavabhehlə heç bir müqaviləsi yoxdur. İkincisi, mübahisənin əsasını mülkiyyət hüququnun məhdudlaşdırılması təşkil edir, istehlak hüquqlarının pozulması mübahisə predmeti deyildir. Yəni məhkəmə iddianın mahiyyətini aşkar edə bilməmişdir. Beləliklə, hazırkı qərardad onun məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdırır. Göstərilənlərə əsasən şikayət təmin edilməlidir. Xaçmaz Rayon Məhkəməsinin 10 noyabr 2022-ci il tarixli, 2(067)-3215/2022 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. MƏHKƏMƏNİNMÖVQEYİ Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini dinləyib, iş materiallarını şikayətlə birgə araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Xaçmaz Rayon Məhkəməsinin 01 noyabr 2022-ci il tarixli 2(067)-3215/2022 nömrəli qərardadı ləğv edilməli, mülki iş icraata qəbul edilərək baxılması üçün Xaçmaz Rayon Məhkəməsinə qaytarılmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab etmir və yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakı maddi hüquq normalarına istinad edilməsini zəruri hesab edir. “Qaz Təchizatı” haqqında Qanunun 22-1-ci maddəsinə əsasən istehlakçı qaz paylayıcısının qərarlarından, digər hərəkət və hərəkətsizliyindən inzibati qaydada və “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla məhkəməyə şikayət verə bilər. İşdən görünür ki, hazırkı mübahisə istehlakçının hüquqlarının müdafiəsindən yaranan münasibətlərdən irəli gələn iddia deyil. Belə ki, iddiaçı hazırkı tələbində ona məxsus torpaq sahəsindən sərbəst istifadəyə yaranmış maneənin aradan qaldırılmasını tələb edir, dolayısıyla hazırkı iddia tələbi mülkiyyət hüququnun müdafiəsi ilə əlaqədar iddiadır. Bu tip hüquq münasibətlərinə isə mövcud qanunvericilik mediasiya prosesisinin tətbiqini nəzərdə tutmamışdır. Şərh olunan səbəblərdən hazırkı halda qeyd olunan əsasla iddia ərizəsinin geri qaytarılması barədə birinci instansiya məhkəməsinin mövqeyi qanuni hesab edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməli, Xaçmaz Rayon Məhkəməsinin 01 noyabr 2022-ci il tarixli 2(067)-3215/2022 nömrəli qərardadı ləğv edilməli, mülki iş icraata qəbul edilərək baxılması üçün Xaçmaz Rayon Məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.3. maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin, şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Şərh olunanları və Azərbaycan Respublikası MPM-nin 263, 264, 398.0.3., 400 və 402ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Şikayət təmin edilsin. Xaçmaz Rayon Məhkəməsinin 01 noyabr 2022-ci il tarixli 2(067)-3215/2022 nömrəli qərardadı ləğv edilsin. İddiaçı Cavabdeh İB-nə qarşı torpaq sahəsinə girişin təmin edilməsi və sair tələbinə dair mülki iş icraata qəbul edilərək baxılması üçün Xaçmaz Rayon Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar