Məhkəmə qərarları › İş №2(105)-2563/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2563/2020

18.11.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2563/2020 18.11.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Dadaşova Aynur Asif qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və X1 qarşı əqdin etibarlı hesab edilməsi tələbinə dair mülki iş üzrə Xaçmaz rayon məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(067)-888/2020 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ Xaçmaz rayon məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim X.Quliyev) İddiaçı cavabdehlər Cavabdeh1 və X1 qarşı əqdin etibarlı hesab edilməsi tələbinə dair iddianın təmin edilməməsi qət edilmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı cavabdehlər Cavabdeh1 və X1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək torpağa mülkiyyət hüququna dair JN-0450 seriyalı, 30220087 kodlu dövlət aktında 450 planşetdə göstərilmiş koordinatlardakı 6181,39 kv.m torpaq sahəsinin alqı-satqısına dair onunla Abdullayeva Xədicə və cavabdehlər Cavabdeh1 və X2 arasında xx xxxxxx 2002-ci il tarixdə bağlanmış əqdin etibarlı sayılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, ailəsi ilə birlikdə Xaçmaz rayonunun Yeni həyat qəsəbəsində yaşayır. Cavabdehlər Cavabdeh1 və X2 qardaş olmaqla onlarla qonşuluqda yaşayır. 2002-ci ilin əvvəllərində cavabdeh Mehrəli Kamilovun və anası Xədicə Abdullayevanın adlarına olan pay torpaq sahəsindən 0,61 ha hissəsini satdıqlarını eşitmişdir. Məsələ ilə maraqlandıqda məlum olmuşdur ki, həqiqətən də onlar həmin torpaq sahəsini satırlar. Cavabdeh1 satılan torpaq sahəsində payı olmasa da anası Xədicə və qardaşı Mehrəli torpaq sahələrini Binalinin rəhbərliyi ilə satmışlar. Cavabdehlərlə satılan torpaq sahəsini 600000 köhnə Azərbaycan manatına razılaşmışlar. xx xxxxxx 2002-ci il tarixdə cavabdehlərlə aralarında torpaq sahəsinin alqı-satqısına dair akt tərtib edilmiş, həmin aktda qeyd olunmuşdur ki, 450 nömrəli dövlət aktına əsasən Abdullayeva Xədicənin mülkiyyətində olan 6181,39 kv.m torpaq sahəsi Yeni həyat qəsəbəsinin sakini İddiaçı 600000 manata satılmışdır. Abdullayeva Xədicə, Cavabdeh1 və Kamilov Mehrəli satıcı tərəf kimi və o, torpaq sahəsinin alıcısı kimi həmin aktı imzalamışlar. Aktda həmçinin qeyd olunmuşdur ki, «torpaq sahəsi təhvil verildi-təhvil alındı». Beləliklə, 2002-ci ilin 27 yanvar tarixində Abdullayeva Xədicə və X1 məxsus JN-0450 seriyalı, 30220087 kodlu torpağa mülkiyyət hüququna dair dövlət aktında 450 nömrəli planşetdə göstərilmiş 6181,39 kv.m torpaq sahəsini o, torpaq sahəsinin mülkiyyətçilərindən faktiki olaraq satın almış və həmin vaxtdan da torpaq sahəsi onun istifadəsindədir. O, torpaq sahəsini alarkən qanuna müvafiq olaraq alqı-satqı müqaviləsini notariat kontorunda təsdiq etdirmək istəmişdir. Lakin həmin vaxt cavabdehlərin sənədləri qaydasında olmadığından belə razılığa gəlmişlər ki, hazırki vəziyyətdə alqı-satqıya dair rəsmi sənəd tərtib etsinlər, sənədləri qaydaya saldıqdan sonra alqı-satqı müqaviləsini notarial qaydada təsdiq etdirərlər. Bundan sonra dəfələrlə cavabdehlərə müraciət edərək alqı-satqı müqaviləsini notarial qaydada təsdiq etdirmələrini xahiş etsə də, cavabdehlər hər dəfə bir bəhanə ilə bundan yayınmışlar. Cavabdehlər həmkəndliləri olduğu üçün özü də bu məsələyə ciddi yanaşmamış, fikirləşmişdir ki, nə vaxtsa onlar sənədlərini qaydaya salar və müqaviləni lazımi qaydada təsdiq etdirərlər. 2006-cı ildə torpaq sahəsinin mülkiyyətçilərindən Abdullayeva Xədicə vəfat etmişdir. Onun vəfatından sonra o, cavabdehlərə müraciət edərək alqı-satqı müqaviləsinin rəsmiləşdirilməsini xahiş etmiş, lakin cavabdehlər hər dəfə söz versələr də bu günə kimi bir nəticəsi olmamışdır. Ona görə də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı Xaçmaz rayon məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının pozmaqla qəbul olunmuşdur. Məhkəmə qətnamə çıxararkən mülki iş üzrə dəlillərə və sübutlara düzgün qiymət verməmişdir. Qətnamə əsassız, ədalətsiz və qanunsuzdur. Məhkəmə gəldiyi nəticə üçün bütün faktiki halları aydınlaşdırmamışdır. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən İddiaçı apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə cavabdehlərə məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmiş, iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2. maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdırıb, məruzəçini və iddiaçının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Xaçmaz rayon məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-nin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Birinci instansiya məhkəməsi iddia tələbinin rədd edilməsini iddiaçının sübut kimi təqdim etdiyi yuxarıda istinad olunan akt şəklində yazılmış sənəd iddiaçı tərəfindən notarial qaydada təsdiqlənməsi tələb olunan əqdin tamamilə və ya qismən icra edilməsinin əsasını təşkil edən sübut kimi qiymətləndirilə bilməməsi və belə əqdlərin bağlanmasının yazılı formasına riayət edilməməsi xüsusi əhəmiyyət daşımaqla birbaşa onların etibarsızlığına səbəb olması ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi bu nəticədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qətnaməni apellyasiya qaydasında mübahisələndirmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticəni aşağıdakı əsaslara görə qanuni və əsaslı hesab edir. Hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir (Azərbaycan Respublikası Konstitusiyasının 26 və 60-cı maddələrinin İ hissələri). Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır (Mülki Prosessual Məcəllənin 2.1. maddəsi). İşdən görünür ki, iddiaçı Abdullayeva Xədicənin mülkiyyətində olan 6181,39 kv.m torpaq sahəsini 600000 manata (köhnə Azərbaycan manatı) aldığını, Abdullayeva Xədicə, Cavabdeh1 və Kamilov Mehrəli satıcı tərəf kimi və o, torpaq sahəsinin alıcısı kimi həmin aktı imzaladığını, 2002-ci ilin 27 yanvar tarixində Abdullayeva Xədicə və X1 məxsus JN- 0450 seriyalı, 30220087 kodlu torpağa mülkiyyət hüququna dair dövlət aktında 450 nömrəli planşetdə göstərilmiş 6181,39 kv.m torpaq sahəsini o, torpaq sahəsinin mülkiyyətçilərindən faktiki olaraq satın aldığını və həmin vaxtdan da torpaq sahəsi onun istifadəsində olduğunu əsas gətirərək torpağa mülkiyyət hüququna dair JN-0450 seriyalı, 30220087 kodlu dövlət aktında 450 planşetdə göstərilmiş koordinatlardakı 6181,39 kv.m torpaq sahəsinin alqı-satqısına dair onunla Abdullayeva Xədicə və cavabdehlər Cavabdeh1 və X2 arasında xx xxxxxx 2002-ci il tarixdə bağlanmış əqdin etibarlı sayılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, iddiaçı mübahisə predmeti təşkil edən torpaq sahəsini 2002-ci ilin yanvar ayında aldığını iddia edir. Mülki Prosessual Məcəllənin 217.2. maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Bununla bağlı məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında torpaq sahəsinin özgəninkiləşdirilməsindən ötrü əqdin etibarlı sayılması ilə bağlı münasibətlərə hüquq münasibətlərinin yarandığı vaxt qüvvədə olan Mülki Məcəllənin 335-ci maddəsinin müddəalarına uyğun hüquqi qiymət verilməlidir. Mülki Məcəllənin 335.2-ci maddəsinin tələbinə görə əgər tərəflərdən biri notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı vardır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “İ.K.Rəcəbovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının x xxxx 2005-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxxx 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, göstərilən müddəanın mahiyyətinə görə əqdi tamamilə və ya qismən icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün bir neçə şərtə, o cümlədən onun yazılı formada tərtib edilməsinə riayət edilmiş olmalıdır. Konstitusiya Məhkəməsinin Plenumu qeyd olunan hüquqi mövqeyini bir sıra qərarlarında (S.Əliyevanın şikayəti üzrə xx xxx 2006-cı il tarixli Qərar, C.Abdullayevanın şikayəti üzrə xx xxxxx 2007-ci il tarixli Qərar və s.) təsdiq etməklə göstərmişdir ki, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab etməsi üçün mütləq aşağıdakı hallar mövcud olmalıdır: əqdin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsi əks tərəfin təqsiri ucbatından baş verməli; məhz əks tərəf əqdin notariat qaydasında təsdiqlənməsindən yayınmalı; əqdin özü qanuna zidd olmamalı və onun yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilmiş olmalıdır. Sonuncu şərt qanunvericilikdə etibarlılığı birbaşa yazılı formada tərtib edilməsindən asılı hala gətirilmiş əqdlər üçün xüsusi əhəmiyyət daşıyır. Mülki qanunvericiliyin tələblərinə görə əmlakın (əşyanın) hüquqi müqəddəratını (qanunvericilik tərəfindən müəyyən edilən istisnalar nəzərə alınmaqla) yalnız mülkiyyətçi təyin edə bilər (İ.Rəcəbovun şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2006-cı il tarixli qərarı). Hər hansı əqdin (o cümlədən alqı-satqı müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir (Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxx 2004-cü il tarixli qərarı). Məhkəmə kollegiyası qeyd edir ki, əqdin məhkəmə tərəfindən təsdiq edilərək bağlanmış hesab edilməsindən ötrü, digər tərəfin təqsirinə görə müqavilənin bağlanması mümkünsüz olsun. Lakin hazır ki, işdə məhkəmənin əqdi etibarlı hesab edilməsi üçün bir neçə şərtə (əqdin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsi əks tərəfin təqsiri ucbatından baş verməsi; əks tərəf əqdin notariat qaydasında təsdiqlənməsindən yayınması; əqdin özünün qanuna zidd olmaması), o cümlədən əqdin sadə yazılı formada tərtib edilməsinə riayət edilməmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, mübahisə predmeti təşkil edən torpaq sahəsinin alqı-satqısı zamanı qanunvericiliklə müəyyən edilmiş şərtlərə riayət edilmədiyindən, iddia tələbini təmin etməməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2006-cı il tarixli qərarı). Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə işin həqiqi hallarına uyğun olmaqla tərəflərin qarşılıqlı münasibətlərini əks etdirir, eləcə də qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə qəbul edilmişdir. Azərbaycan Respublikası MPM-nin 385.2. maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Xaçmaz rayon məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Xaçmaz rayon məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səyyad Qafari Hakimlər Şəmsəddin Abasov Telman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar