Məhkəmə qərarları › İş №2(105)-2601/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2601/2020

28.10.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2601/2020 28.10.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə katibi X1, İddiaçı iştirakı ilə Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(060)-568/2020 saylı qətnaməsindən İddiaçı verdiyi apelyasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(060)-568/2020 saylı qətnaməsi ilə (hakim A.İ.İsmayılov) İddiaçı Cavabdeh qarşı maddi və mənəvi ziyan tələbinə dair iddia ərizəsi təmin edilməmişdir. İddiaçı apelyasiya şikayəti verib, Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(060)-568/2020 saylı qətnaməsininin ləğv edilərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddianı onunla əsaslandırmışdır ki, o, 2006-cı ildə Bakı şəhərinin Yeni Yasamal massivində şirkətdə işləyərkən 10-cu mərtəbədən aşağıya «xxxxxx»a yıxılmış və sol qolundan xəsarət almış, bütün sümükləri sınmışdır. Şirkətin səlahiyyətli nümayəndələri heç bir sənədləşmə aparmayaraq bildirmişlər ki, getsin evə, gəlib onu müalicə etdirəcəklər. Lakin ardınca gələn olmamışdır. Məcbur olub Şirvan şəhər xəstəxanasına getmiş və öz vəsaiti hesabına 2 dəfə əməliyyat olunmuşdur. Sümüyünün birini bitirsələr də, digərini bitirə bilmədilər. Sonra qoluna saldıqları mili çıxarmışlar və bir daha əməliyyat etməmişlər. Qolu ağrımadığı üçün dolanışıq xatirinə təxminən 10 il – 2017-ci ilə kimi bənna, suvaqçı kimi tikinti işlərində işləmişdir. Həmin ilin noyabrında qolu ağrı verməyə başlamışdır. Sumqayıt şəhər X4 Xəstəxanasına travmatoloq həkim olan Cavabdeh müraciət etmişdir. Qoluna baxandan sonra cavabdeh söz vermişdir ki, əməliyyat edəcək və əməliyyatdan sonra qolu 100 faiz düzələcəkdir. Şahidləri də var, cavabdehin şəxsən özünə 1500 manat pul çatdırmış və 2018ci ilin mart ayında əməliyyat olunmuşdur. Qolu 1-ci dəfə əməliyyat olunanda düzəlməmiş, 2-ci dəfə əməliyyat edəndə cavabdeh ona bildirmədən salamat sümüyünü kəsmişdir. Əvvəlcədən ona bunu desəydi salamat sümüyünün kəsilməsinə razılıq verməzdi. Cavabdeh qoluna «Elza» aparatı qoymuş və 3-4 aydan sonra çıxararaq plastik qaba qoymuşdur. Bütün bunlara baxmayaraq qolu düzəlməmiş, əksinə vəziyyəti bir az da ağırlaşmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə müraciət etdikdən sonra göndəriş əsasında Travmatologiya İnstitunda onu 2019-cu il iyunun axırları, iyulun əvvəllərində, xx.xx.2019-cu ildə «sol said sümüklərinin orta 1/3nin əməliyyatdan sonrakı yalançı oynağı» diaqnozu ilə həkim Fikrət Bayramov əməliyyat etmişdir. Fikrət həkim tam sağala biləcəyinə zəmanət verməmişdir. Lakin demişdir ki, kəsilən sümüyün bitsə də, gec bitəcək, ümid azdır. Onun dolanışığı, müalicə xərcləri sosial şəbəkələr vasitəsilə camaatın hesabınadır. Maddi durumu çox acınacaqlı vəziyyətdədir. 20 aya yaxındır şikəstdir, gecəsi-gündüzü yoxdur, ağrılardan yata bilmir. Özü-özünə xidmət etmək iqtidarında deyildir. Cavabdeh ona zülm edib, dilənçi kökünə salmışdır. Əgər bu işin öhdəsindən gələ bilməyəcəkdirsə, nəyə görə əməliyyatı boynuna götürmüş, onu maddi və mənəvi zərərə salmışdır. Ona görə də, Cavabdeh 7000 manat maddi və 10.000 manat mənəvi ziyanın alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİNDƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN İZAHATİ: İddiaçı verdiyi apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Sumqayıt Şəhər Məhkəməsi xx xxxx 2020-ci il tarixli qətnaməni qəbul edərkən Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin, Azərbaycan Respublikası MPM-nin 4, 6-cı maddələrinin və “X3” Ümumi Bəyənnamənin 8-ci maddəsinin tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı apelyasiya şikayətini müdafiə edib, təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada Cavabdeh məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən Cavabdeh iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-ha¬ki¬min məruzəsini və işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitunun şöbə rəhbəri tərəfindən təsdiq olunmuş xx.xx.2019-cu il tarixli epiqrizin surətindən görünür ki, xəstə - İddiaçı klinikaya xx.xx.2019 tarixində daxil olub. Xəstənin deməsinə görə 2006-cı ildə hündürlükdən yıxılaraq, said sümüklərinin hər ikisinin yerdəyişən açıq sınığı olub. Şirvan şəhərində hər iki said sümükləri osteosintez olunub. Sonra sümüklərdə təkrari yerdəyişmə olduğuna görə Sumqayıt şəhərində yenidən əməliyyat olunub. Hal hazırda sınıq nahiyyəsində patoloji hərəkət olduğuna görə Səhiyyə Nazirliyi tərəfindən Travmatologiya İnstitutuna göndərilib. Diaqnoz: Sol said sümüklərinin orta 1/3 hissəsinin əməliyyat sonar yalançı oynağı. Klinikanın Plani: Said sümüklərinin açıq üsulla repazisiyası, İlizarov üsulu ilə ostyeosintez. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertizası və X2” X5 tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 718 nömrəli rəydən görünür ki, 1969-cu il təvəllüdlü İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə, iş materiallarına əlavə edilmiş məlumatlara, özünün məhkəmə-tibbi və mütəxəssis müayinələrinə əsaslanaraq, qərarda qarşıya qoyulan suallara uyğun ekspert komissiyası aşağıdakı nəticəyə gəlir: Tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, İddiaçı xx.xx.2018-ci il tarixdə “Şəfqət” Klinikasına müraciət etmiş, aparılmış müvafiq müayinələrdən sonra ona, “Sol mil sümüyü orta l/3-nin böyük sümük deffekti ilə bitişməyən sınığı. Sol mil-bilək oynağın deformasiyası. Kontrakturası. Funksiya pozğunluğu” diaqnozu düzgün təyin edilmişdir. Təyin edilmiş diaqnoza uyğun olaraq opertiv müalicə taktikası seçilmiş və həmin tarixdə “Sol mil sümüyü deffektinin autotransplantla bərpası. Kilidli metallövhə və vintlərlə metalloosteosintezi” cərrahiyyə əməliyyatı icra edilmişdir. Əməliyyatdan sonra xəstə kafi vəziyyətdə xx.xx.2018-ci il tarixdə ambulator nəzarətə evə buraxılmışdır. İddiaçı xx.xx.2019-cu il tarixdə “Liman” Klinikasına “Sol mil sümüyün metallövhə ilə təsbit edilmiş bitişmiş sınığı. Sol dirsək sümüyünün deformasiyası. Sol mil-bilək oynağının deformasiyası” diaqnozu ilə daxil olmuş və üzərində “Metallövhənin xaric edilməsi. İlizarov aparatı ilə sol said sümüklərinin osteosintezi” cərrahiyyə əməliyyatı icra edilmişdir. Xəstə xx.xx.2019-cu il tarixdə kafi vəziyyətdə evə buraxılmışdır. İddiaçı üzərində icra edilmiş etaplı cərrahi müdaxilələr tibbi göstəriş əsasında taktiki və texniki cəhətdən düzgün yerinə yetirilmişdir. İddiaçı mütəxəssis müayinəsi zamanı onda keçirilmiş cərrahiyyə əməliyyatlarından sonra said sümüklərinin hipertrofık yalançı oynağının əmələ gəldiyi müəyyən edildi. Bu patologiya İddiaçı almış olduğu travma və eyni zamanda xəstənin təkidi ilə xarici fıksasiya aparatının tez çıxarılması nəticəsində meydana çıxmışdır. Bu patalogiyanın aradan qaldırılması üçün onun təkrarı opertiv müdaxiləyə ehtiyacı vardır. İşin tədqiq edilən hallarından görünür ki, İddiaçı mütəxəssis müayinəsi zamanı onda keçirilmiş cərrahiyyə əməliyyatlarından sonra said sümüklərinin hipertrofık yalançı oynağının əmələ gəldiyi müəyyən edilmiş, bu patologiya İddiaçı almış olduğu travma və eyni zamanda xəstənin təkidi ilə xarici fıksasiya aparatının tez çıxarılması nəticəsində meydana çıxmışdır. Birinci instansiya məhkəməsi iddia ərizəsini təmin etməkdən imtina etdikdə gəldiyi nəticənin əsası kimi göstərmişdir ki, iddiaçı ona cavabdeh tərəfindən 7000 manat maddi ziyan dəydiyini qeyd edərək, cavabdehdən həmin ziyanın və 10.000 manat məbləğində mənəvi zərərin alınıb ona ödənilməsini tələb etsə də, iddiasının əsası kimi istinad etdiyi hallara dair məhkəməyə mötəbər sübutlar təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinin tələblərinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” xx xxx 2002-ci il tarixli qərarında qeyd edilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2008-ci il tarixli, 7 saylı qərarının 4-cü bəndində təsbit edilmişdir ki, şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər və zərər vuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Həmin qərarın 2-ci bəndində göstərilir ki, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə, onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarının və ya iş yerinin itirilməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi ailə və tibbi sirlərin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü biruzə verə bilər. İddia tələbinin maddi ziyan tələbi hissəsi iddiaçı tərəfindən sübuta yetilmədiyindən, iddianın mənəvi zərər tələbinə dair hissəsi də təmin edilə bilməz Tərəflər arasında yaranmış mübahisə üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apelyasiya şikayətinin dəlilləri əsasız olub, başqa sübutlarla öz təsdiqini tapmayıb, toplanmış sübutlarla təkzib olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin apelyasiya qaydasında dəyişdirilmədən, apelyasiya şikayətinin isə təmin edilmədən saxlanması üçün əsasdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392-393, 402- 403 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı verdiyi apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(060)-568/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Telman Quliyev Hakimlər: Gülnarə Tağızadə Lətifə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar