Məhkəmə qərarları › İş №2(105)-2602/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2602/2020

26.11.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2602/2020 26.11.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X9, İddiaçı iştirakı ilə açıq məhkəmə iclasında Quba Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(027)-248/2020 saylı qətnaməsindən İddiaçı apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq MÜƏYYƏN ETDİ: Quba Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(027)-248/2020 saylı qətnaməsi ilə (sədrlik edən, hakim İlqar Məmmədov) İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı miras qalmış yaşayış evinin, meyvə bağının hərraca çıxarılıb satılması, evə köçürülmə, yaşayış evinin sökülməsi və torpaq sahəsindən çıxarılma tələbinə dair mülki iş üzrə iddia qismən təmin edilmiş, İddiaçı Quba rayonu, Susayqışlaq kəndindəki yaşayış sahəsi 88 kv.metr olan evə köçürülməsi, İddiaçı məxsus Quba rayonu, Susayqışlaq kəndində yerləşən 0,09 ha torpaq sahəsindən Cavabdeh1 və Cavabdeh2 çıxarılması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmiş, İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. İ Ş İ N H A L L A R İ: Mülki işin materiallarından görünür ki, İddiaçı iddia ilə məhkəməyə müraciət edərək mərhum atası X3 məxsus torpağın mülkiyyətə verilməsinə dair kodu 30308028 olan JN-155F saylı şəhadətnaməyə əsasən verilmiş torpaq sahəsində yerləşən sahəsi 88 kv.m. olan evin və torpağa mülkiyyətə hüququna dair kodu 30308028 olan JN-104 saylı dövlət aktına əsasən verilmiş 1,15 ha torpaq sahəsinin satılaraq əldə olunan vəsaitin payçılar arasında bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş və tələblərini onunla əsaslandırmışdır ki, Quba Rayon Məhkəməsinin xx.xx.2002-ci il tarixli, 2-8/2002 saylı qətnaməsi ilə mərhum X3 məxsus Quba rayonu, Susay Qışlaq kəndində yaşayış sahəsi 88 kv.metr olan evin, torpağın mülkiyyətə verilməsinə dair kodu 30308028 olan JN 155F saylı şəhadətnaməyə əsasən verilmiş 0,30 ha torpaq sahəsinin, torpağa mülkiyyət hüququna dair kodu 30308028 olan JN-104 saylı dövlət aktına əsasən verilmiş 1,15 ha torpaq sahəsinin 1/16 hissəsinə cavabdeh X5 payı, digər vərəsələr-onun, X2, X4, Cavabdeh1, X1 hərəsinin, X10 və X6 isə birlikdə 1/16 hissəsinə vərəsəlik payının müəyyən edilməsi, evə və torpaq sahəsinə vərəsəlik hüququna dair şəhadətnamənin verilməsinin Quba rayon Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinə və Quba rayon torpaq şöbəsinə həvalə edilməsi qət edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* saylı Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Quba rayonu, Susayqışlaq kəndində yerləşən 0,09 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə onun adına daşınmaz əmlakın dövlət reyestrində 115 nömrəli reyestr kitabının 3 nömrəli vərəqində xx.xx.2015-ci il tarixdə qeydiyyata alınmışdır. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış aldıqdan sonra 16 ildir 900 manat vəsaiti hesabına ağaclar əkib meyvə bağı salmışdır. Torpaq sahəsini ona 10 metr eninə, 90 metr uzunluğunda icra məmuru və bələdiyyənin əməkdaşı ölçüb vermişir. Hətta 6 otaqlı yaşayış evininin 1 otağını icra məmuru ona təhvil vermiş, həmin evdə yaşamışdır. Lakin uzun illərdir Rusiyada qeydiyyatda olan, əmlakına görə onu iki dəfə döyüb məhkum olunmuş, Quba Rayon Məhkəməsinin qərarı ilə 2019-cu ildə Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə 500 manat cərimə olunmuş, 5 ildir əmlakını qarət edib ələ keçirən, 35000 manat dəyərində məhsulunu xuliqanlıq edib oğurlayan və qanunsuz ev tikən Cavabdeh1 və arvadı Cavabdeh2 onun evini zəbt etmiş, digər vərəsələri də evdən qovmuş, əmlakı bütövlüklə ələ keçirib mənimsəmişlər. O, uzun illərdir kirayədə yaşayır, 9000 manat borcu vardır. Eyni zamanda Cavabdeh1 bağ sahəsinin məhsulunu oğurlayıb satmış və pulu Rusiyadakı ailəsinə göndərmişdir. O, əmlakından öz məqsədləri üçün istifadə edə bilmir. Dəfələrlə evin və bağın satılmasına görə müştəri gətirsə də, Cavabdeh1 müştəriləri evdən qovmuşdur. Ona görə də mübahisəli ev və bağ sahəsi hərraca çıxarılıb satılmalıdır. İddiaçı iddianın həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək mərhum atasına məxsus mülkdə cavabdehlərin qanunsuz inşa etdikləri iki mərtəbəli yaşayış evinin sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək onun Quba rayonu, Susayqışlaq kəndində yerləşən sahəsi 88 kv.m olan evə köçürülməsi və cavabdehlərin ona məxsus Quba rayonu, Susayqışlaq kəndində yerləşən 0,09 ha torpaq sahəsindən çıxarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSİN İZAHATİ: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə əsassızdır. Belə ki, Quba Rayon Məhkəməsinin xx.xx.2002-ci il tarixli qətnaməsi əsasında Susayqışlaq kəndində mərhum atasına məxsus mülkdən 30 sot həyətyanı və 88 kv.m yaşayış sahəsi olan evdən 1 otaq və 1 ha 15 sot bağ sahəsindən 9 sot bağ sahəsi ona verilmişdir. 09 sot bağ sahəsi 15 ildir çıxarışla onun mülkiyyətindədir. Lakin Cavabdeh1 atasının mülkünü bütövlükdə ələ keçirmək məqsədi ilə Xucbala kəndində qeydiyyatda olan Cavabdeh2 və 18 yaşlı oğlu Soltan Yaralıyevi də gətirib qanunsuz olaraq atasının mülkünə soxulmuşdur. Cavabdeh1 15 ildir onun 900 manat xərc çəkib saldığı, hər il 6-8 ton məhsul verən bağın ümumilikdə 40000 manat gəlirini hədə qorxu gələrək oğurlamışdır. Soltan Yaralıyev heç bir hüquqi sənəd, layihə və sərəncam olmadan torpaq sahəsində 2 mərtəbəli villa tikmiş, 15 ildir onun evini ələ keçirmişdir. Hətta 2019-cu ilin iyun ayının 24-də Cavabdeh1, Cavabdeh2 və Soltan Yaralıyev onun 18000 manatlıq məhsulunu hədə-qorxu gəlib oğurlamış, ona xəsarət yetirmişlər. Cavabdehlər bağı evini satmağa imkan vermirlər. O, evindən məhrum olmuşdur. 4000 manat borcu olduğu üçün qanunsuz tikintiyə görə Soltan və Cəmilə onu öldürməyə cəhd etmişlər. Evin və bağın sənədlərini cavabdeh oğurladığı üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət etmiş, mərhum atası Balasultana məxsus sənədlər aşkar olunmadığı barədə cavab məktubu almışdır. Apellyasiya şikayətində iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin qismən ləğv edilməsi və iddianın təmin edilməmiş hissəsində təmin edilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verdi. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlmədiklərindən, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, iş üzrə məhkəmə qətnaməsi iddianın təmin edilməmiş hissələrində dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, apellyasiya şikayəti qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin iddianın təmin edilməmiş hissələrində ləğv edilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı bu hissədə yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* saylı Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Quba rayonu, Susayqışlaq kəndində yerləşən 0,09 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 115 nömrəli reyestr kitabının 3 nömrəli vərəqində xx.xx.2015-ci il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan Quba Rayon Məhkəməsinin xx xxxxxx 2002-ci il tarixli, 2-8/2002 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı cavabdeh X7 və qeyrilərinə qarşı vərəsəlik payının müəyyən edilməsi və evə köçürülmə tələbinə dair mülki iş üzrə iddia qismən təmin edilmiş, mərhum X3 məxsus Quba rayonu, Susay Qışlaq kəndindəki yaşayış sahəsi 88 kv.metr olan evin, “Torpağın mülkiyyətə verilməsinə dair” kod 303080** JN ***F saylı şəhadətnaməyə əsasən verilmiş 0,30 ha torpaq sahəsinin, “Torpağa mülkiyyət hüququna dair” kod 30308028 JN-104 saylı dövlət aktına əsasən verilmiş 1,15 ha torpaq sahəsinin 9/16 hissəsinə cavabdeh X5 payı, digər vərəsələr - İddiaçı, X2, X4, Cavabdeh1, X1 hərəsinin, X10 və X6 ikisinin birlikdə 1/16 hissəsinə vərəsəlik payının müəyyən edilməsi, evə və torpaq sahəsinə vərəsəlik hüququna dair şəhadətnamənin verilməsinin Quba rayon Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinə və Quba rayon torpaq şöbəsinə həvalə edilməsi qət edilmişdir. İş materiallarında olan Quba Rayon Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli, 2(027)-4/2018 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı Cavabdeh2 qarşı fərdi yaşayış evindən və torpaq sahəsindən çıxarılma, maddi və mənəvi ziyan tələbinə dair iddiası rədd edilmişdir. İş materiallarında olan “xxxx” MMC-nin xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, Quba Rayon Məhkəməsinin 2(102)-2423/2019 saylı qərardadının icrası ilə bağlı mülki işdə sözügedən yaşayış evinə baxış keçirilmiş, sahə ölçü işləri aparılmış, lakin İddiaçı payı olan sahə və ya hissə barədə heç bir hüquqi sənəd təqdim edilmədiyindən, fərdi yaşayış evinin İddiaçı məxsus olan payı müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İV hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya”nın 1 saylı protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası MM-nin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84.1-ci maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Həmin Məcəllənin 111-ci maddəsinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikası MM-nin 180.1-ci maddəsinə görə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.4-cü maddəsinə görə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. İddiaçı sökülməsini tələb etdiyi evin yerləşdiyi torpaq sahəsinə hər hansı hüququnun, yəni mülkiyyət, icarə, istifadə və s. hüququnun olduğuna, cavabdehlər tərəfindən inşa edilmiş evin onun hüquq və mənafeyinə toxunduğuna dair məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Həmçinin iş materiallarında olan Quba Rayon Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli, 2(027)- 4/2018 saylı qətnaməsində Quba Rayon Məhkəməsinin xx.xx.2002-ci il tarixli, 2-8/2002 saylı qətnaməsinə əsasən kodu 30308028 olan JN 1198F saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə ilə Quba rayonu, Susay Qışlaq kəndində İddiaçı 0,02 ha torpaq sahəsinin verildiyi göstərilmişdir. Azərbaycan Respublikası MM-nin 220.3-cü əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Həmin Məcəllənin 220.4-cü maddəsinə görə bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Həmin Məcəllənin 220.5-ci maddəsinə əsasən mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir. Həmin Məcəllənin 220.6-cı maddəsinə görə bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Həmin Məcəllənin 221-ci maddəsinə görə ümumi paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xitam verilir. Əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür, bu, əşyanın dəyəri əhəmiyyətli dərəcədə azalmadan mümkün olmadıqda isə açıq hərracdan və ya iştirakçılar üçün hərracdan satılır. Fiziki bölgü bərabər olmayan payların əvəzinin pulla ödənilməsi ilə birləşdirilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” x xxxxx 2014-cü il tarixli qərarında qeyd olunur ki, əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Digər mülkiyyətçilərin kompensasiya vermək imkanı olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin mənasına görə bütün paylı mülkiyyətçilərin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür. İddiaçı ona meyvə bağının miras qalmasına dair məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi iddia tələbinin miras qalmış yaşayış evinin və meyvə bağının hərraca çıxarılıb satılması hissəsində düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusuna hüquqi qiymət verib, apellyasiya şikayətində sadalanan digər dəlilləri də araşdırıb, hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin edilməmiş hissələrində faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan və işdə, iş üzrə məhkəmə qətnaməsinin iddianın təmin edilməmiş hissələrində apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə məhkəmə qətnaməsi iddianın təmin edilməmiş hissələrində dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Quba Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(027)-248/2020 saylı qətnaməsi iddianın təmin edilməmiş hissələrində dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qətnamədən kassasiya şikayəti verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Telman Məmmədov Hakimlər: Şəmsəddin Abasov Səyyad Qafari

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar