Məhkəmə qərarları › İş №2(105)-2608/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2608/2021

01.10.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2608/2021 01.10.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Əliyev Əliağa Vahid oğlunun katibliyi, İddiaçı, Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı maddi və mənəvi zərərin ödənilməsi, öhdəliklərin cavabdehə ötürüməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 2(012)-280/2021 saylı, 09 aprel 2021-ci il tarixli qətnaməsindən cavabdeh "xxxx" MMC tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Abşeron Rayon Məhkəməsinin 2(012)-280/2021 saylı, 09 aprel 2021-ci il qətnaməsi ilə (hakim Elman Məmmədov) iddia qismən təmin edilmiş, "xxxx" MMCdən 11653,31 manat məbləğində pul vəsaiti və 30 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi və iddia tələbinin digər hissələrdə rədd olunması qət edilmişdir. İŞİN HALLARİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla "xxxx" ASC arasında bağlanmış 29 mart 2015-ci il tarixli, 6- 29-03-2015-YS-AAAF-AE saylı Təminatlı Kredit Müqaviləsi üzrə tərəfindən ödənilmiş 16653,31 manat məbləğində pul vəsaitinin, dəymiş maddi zərərlə bağlı 12600 manat məbləğində pul vəsaitinin və dəymiş mənəvi zərərlə bağlı 10000 manat məbləğində pul vəsaitinin, 30 manat dövlət rüsumunun, ümumilikdə 34283,31 manat vəsaitin "xxxx" MMC-dən alınaraq ona ödənilməsi və onunla "xxxx" ASC arasında bağlanmış 29 mart 2015-ci il tarixli, 6-29-03- 2015-YS-AAAF-AE saylı Təminatlı Kredit Müqaviləsi üzrə hal-hazırda onun üzərinə qoyulmuş öhdəliklərin "xxxx" MMC-yə ötürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, "xxxx" MMC arasında bağlanmış 24 mart 2015-ci il tarixli ABB YM-0215 saylı “Mənzilin alqı-satqısı haqqında müqaviləyə əsasən, "xxxx" MMC-nin, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167 ünvanda “AAAF-Park” yaşayış massivinin 28 saylı küçəsində hələ inşa edilməmiş bina 5, mərtəbə 11, ümumi sahə 31,2 kv.m ibarət 1 otaqlı 87 nömrəli təmirli və mebel ilə təchiz olacaq mənzili ona təhvil verilməli, o isə bunun qarşılığında Cəmiyyətə razılaşdırılmış pul vəsaiitini müəyyən edilmiş müddət ərzində (əvvəlcədən) ödəməyi və müqavilə ilə nəzərdə tutulmuş digər öhdəlikləri yerinə yetirməyi öhdəsinə götürmüşdür. Aralarında bağlanmış 24 mart 2015-ci il tarixli, ABB YM-0215 saylı müqavilənin 3-cü bəndinə əsasən müqavilənin ümumi dəyəri 29,640 manat müəyyən edilmişdir və həmin məbləğin 2970 manat hissəsi onun şəxsi vəsaiti hesabına, qalan 26,670 manatı isə "xxxx" ASC (bundan sonra Bank) ilə bağlanmış təminatlı (ipoteka) kredit müqaviləsi əsasında 5 iş günü ərzində ödənilməli idi. O, 24 mart 2015-ci ildə "xxxx" MMC ilə bağlanmış müqaviləyə əsasən Cəmiyyətə 2970 manat məbləğində nağd pul vəsaitini ödəmiş və həmin müqaviləyə əsasən ödəməli olduğu 26670 manat məbləğində pul vəsaitini ödəmək üçün isə "xxxx" ASC ilə 29 mart 2015-ci il tarixdə Təminatlı (ipoteka) kredit müqaviləsi bağlamışdır. Bununla da, "xxxx" ASC ilə onun arasında bağlanmış 29 mart 2015-ci il tarixli, 6-29-03-2015-YS-AAAF-AE saylı Təminatlı Kredit Müqaviləsinin şərtlərinə əsasən Bank ona 26670 manat məbləğində kredit verilməsini öhdəsinə götürmüşdür. Aydın olduğu kimi onun burada marağı mənzil əldə etmək, cavabdeh "xxxx" MMC-nin marağı mənzili satmaq, "xxxx" ASC-nin marağı isə pul vəsaitini kredit vermək olmuşdur. Nəticə etibarı ilə "xxxx" MMC öz mənzilini sataraq razılaşdırılmış məbləği tam əldə etmiş olsa da, bugünə qədər (5 ildirki) hələ də həmin mənzil ona təhvil verilməmişdir. Bir sözlə, bu vaxta qədər o "xxxx" ASC-yə 11653,31 manat məbləğində kredit və "xxxx" MMC-yə nağd qaydada 2970 manat nəbləğində pul vəsaiti ödəsə də, həmin məbləğin qarşılığında artıq 5 ildir ki, "xxxx" MMC-nin vəzifəli şəxslərinin qanunsuz əməllərinin qurbanına çevrilmişlər. "xxxx" MMC ona təhvil verməli olduğu mənzili hələ də inşa edib başa çatdırmamış, yəni 24 mart 2015-ci il tarixli müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş və onun həmin mənzilə marağı tamamilə itmişdir. Başına gətirilən oyunlara son qoyulması və vururmuş zərərin ödənilməsinə dair tələbi ilə bağlı tərəfindən (2019-cu ildə) məhkəməyə müraciət edilmiş və Nəsimi Rayon Məhkəməsinin 13.03.2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edərək, onunla "xxxx" MMC arasında bağlanmış 24 mart 2015-ci il tarixli, ABB YM-0215 saylı Mənzilin alqı-satqı müqaviləsi”nə xitam verilməsi və həmin müqaviləyə əsasən ödədiyi 2970 manat məbləğində pul vəsaitinin "xxxx" MMC-dən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul etmişdir. Nəsimi Rayon Məhkəməsi "xxxx" ASC-yə ödədiyi 11653,31 manat məbləğində pul vəsaitinin "xxxx" ASC-dən tutularaq ona ödənilməsi ilə bağlı tələbi təmin etməmişdir. Eyni zamanda həmin mənzilin ona vaxtında (ağlabatan müddətdə) təhvil veriləcəyi təqdirdə onun hal-hazırda çəkdiyi kirayə xərclərini (36 ay x350 manat aylıq kirayə haqqı=12,600 AZN) azaldacağı barədə güman etdiyi fayda əlindən çıxmışdır. Həmçinin cavabdehin yaşatdığı stressə görə ona mənəvi zərər dəymişdir. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ : Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti apellyasiya şikayəti verərək, Abşeron Rayon Məhkəməsinin 2(012)-280/2021 nömrəli, 09 aprel 2021-ci il tarixli qətnaməsinin qismən, İddiaçı xeyrinə cavabdehdən 9310,54 manat faiz məbləğinin tutulmasına dair iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Abşeron Rayon Məhkəməsinin sözügedən qətnaməsində maddi hüquq normaları tam əsaslandırılmamış və gələcəkdə yarana biləcək hüquq münasibətləri qiymətləndirilməmişdir. Belə ki, məhkəmə Azərbaycan Respublikası Mülki Məcəllənin 389.1, 421.3, 424.2, 424.4-cü maddələrini rəhbər tutaraq, iddiaçı tərəfindən ödənilmiş 11653.31 manat məbləğin geri qaytarılması qənaətinə gəlmişdir. Halbuki iş üzrə əhəmiyyət kəsb edən maddi hüquq normaları tətbiq edilməmişdir. Halbuki tərəflər: İddiaçı ilə cavabdeh "xxxx" MMC arasında mənzil münasibətlərinə dair müqavilə "xxxx" ASC ilə bağlanmış 29.03.2015-ci il tarixli, 6-29-03- 2015-YS-AAAF-AE saylı Təminatlı kredit müqaviləsi üzrə maliyyələşdirilmə (kredit) vəsaiti ilə əlaqəlidir. Həmin Müqavilənin 4-cü bəndinə əsasən, bu müqavilə ilə müəyyən edilən kredit öhdəliklərin icrasının təminat üsulu ipoteka və Zaminlik müqaviləsindən irəli gələn zaminlikdir. 29.03.2015-ci il tarixli, 6-29-03-2015-YS-AAAF-AE saylı Təminatlı Kredit Müqavilənin 12.2- ci bəndinin tələbinə görə, borcalan bu Müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanmış faizləri ödəmək vəzifəsidir. Sadalanan normaların mənasından göründüyü kimi iddiaçı A.Abbasov(texniki səhv gedib, İddiaçı) "Azərbaycan Beynəlxalq Bankı” ASC-nin qarşısında 29.03.2015-ci il tarixli 6-29-03-2015- YS-AMF-AE saylı Təminatlı Kredit (daxili ipoteka krediti üçün) Müqaviləsi üzrə ayrılmış 26.670 manat vəsaitin tam və vaxtında icrası öhdəliyini həyata keçirməlidir və vəzifə daşıyır. Halbuki həmin müqavilə üzrə tələb hüququ İddiaçı deyil, "xxxx" ASC-nə aiddir. Azərbaycan Respublikası Mülki Məcəllənin 14.1 -ci maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Maddi normaya görə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərdir. 29.03.2015-ci il tarixli, 6-29-03- 2015-YS- AAAF-AE saylı Təminatlı Kredit (daxili ipoteka krediti üçün) müqavilə tərəflərin qəbul etdikləri və qarşılıqlı şəkildə qismən icra etdikləri əqdlərdəndir. 29.03.2015-ci il tarixli, 6-29- 03- 2015-YS-AAAF-AE saylı Təminatlı Kredit (daxili ipoteka krediti üçün) müqaviləsinin 13cü bəndinə görə yaranmış əsas, faiz və cərimə borcunun tələb edilməsi hüququ İddiaçı deyil, "xxxx" ASC-na məxsusdur. Həmin hüququn ötürülməsi barədə iddiaçının hər hansı bir sübutu mövcud deyildir. Bir daha qeyd olunur ki, 29.03.2015-ci il tarixli 6-29-03-2015- YS-AAAF-AE saylı Təminatlı Kredit (Daxili ipoteka krediti üçün) müqaviləsi əsasında maliyyələşdirilmiş vəsaitlə 29.03.2015-ci il tarixli ABB YM-0215 saylı Mənzilin alqı-satqı müqaviləsi üzrə mübahisəli mənzilin dəyərinə görə vəsait tam təyinatı üzrə istifadə edilmişdir. Yuxarıda qeyd olunanlardan göründüyü kimi rayon məhkəməsi mübahisə predmetinə tam hüquqi qiymət verməmiş, qət edilmiş məbləğin həmin kredit müqaviləsi üzrə hansı məbləği əks etdirməsi mövcud sübutlarla ziddiyyət təşkil edir. 29.03.2015-ci il tarixli 6-29-03-2015-YS-AAAF-AE saylı Təminatlı Kredit (Daxili ipoteka krediti üçün) müqavilənin 13.1-ci bəndinə görə, borcalan öz üzərinə götürdüyü öhdəlikləri vaxtıbda və lazımi qaydada yerinə yetirmədikdə Borcverən öhdəliklərin icrasını təminat üsuluna yönəltmək hüququna malikdir. "xxxx" ASC-nin ABB Müştəri xidməti departamentinin MXK- 022 nömrəli 11.02.2020-ci il tarixli Arayışına görə, sözügedən müqavilə üzrə ödənilmiş borc 2342.77 manat əsas, 9310.54 manat faiz məbləği olmaqla cəmi 11653.11 manat təşkil edir. İş üzrə iddia tələbinə hüquqi qiymətləndirmə zamanı mübahisəli 29.03. 2015-ci il tarixli, ABB YM-0215 saylı Mənzilin alqı-satqı müqaviləsinə münasibətdə aydın olduğu təqdirdə, 29.03.2015-ci il tarixli 6-29-03-2015-YS-AAAF-AE saylı Təminatlı kredit (Daxili ipoteka krediti üçün) müqaviləsi üzrə tam icra olunmayan öhdəlik üzrə tələb hüququnun iddia İddiaçı aid olmasının hüquqi əsası mövcud deyildir. Xüsusilə vurğulanır ki, 29.03.2015-ci il tarixli, 6-29-03-2015-YS-AAAF-AE saylı Təminatlı Kredit (Daxili ipoteka krediti üçün) müqaviləsi üzrə tərəflər arasında münasibətlər davam etməsinə baxmayaraq hüquqi qiymət verilməmişdir. Tərəflərin iradə ifadəsini əks etdirən əqd-müqavilənin 5, 6, 7, 8.1, 9.1, 9.2, 9.3, 9.4-cü bəndləri üzrə hüquqların subyektlər münasibətləri müəyyən edilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 14.07.2015-ci il tarixli Qərarında qeyd edilir ki, iradə sərbəstliyi və müqavilə azadlığı əsas mülki hüquqlar sırasında olmaqla mülki hüquqların maneəsiz həyata keçirilməsi, pozulmuş hüquqların bərpası və mülki hüquqların məhkəmə müdafiəsi prinsipləri ilə ayrılmaz hüquqi vəhdət təşkil edirlər. Konstitusiya Məhkəməsinin Plenumu həmçinin qeyd edir ki, mülki dövriyyənin sabitliyini təmin edən və fəaliyyət göstərməsi üçün əsas şərtlərdən biri mülki hüquq subyektlərinin müqavilələrdən irəli gələn öhdəlikləri vicdanla və lazımınca yerinə yetirmələrindən ibarətdir. Sözügedən bank məktublarından göründüyü kimi iddiaçı tərəfindən 2342.77 manat əsas borcdan ödəniş həyata keçirmişdir. “Azərbaycan Beynəlxalq Bankı" ASC-nin MXK0222 nömrəli 11.02.2020-ci il tarixli məktubla müəyyən edilmişdir ki, mübahisə predmetindən doğuran 29.03.2015-ci il tarixli 6- 29-03- 2015-YS-AAAF-AE saylı Təminatlı Kredit (Daxili ipoteka krediti üçün) müqaviləsi üzrə İddiaçı ilə "Azərbaycan Beynəlxalq Bankı” ASC arasında müqavilə münasibətlərinin davam etməsini şərtləndirir və gələcəkdə oxşar predmet üzrə mübahisənin yaranmasına zəmin yaradır.İddiaçı Nigar Həsənovnın hazırki iddia tələbini reqres öhdəlik kimi yanaşsaq belə əsassızdır. Mülki Məcəllənin 377.4-cü maddəsinə əsasən, reqres öhdəliklər üzrə iddia müddətinin axımı əsas öhdəliyin icrası anından başlanır. Mülki Məcəllənin 453.4, 474.3, 509, 1114-cü maddələrinin hüquqi təbiətinə ziddir. Birgə öhdəliyi icra etmiş borclu, əgər müqavilədə və ya bu Məcəllədə ayrı qayda müəyyənləşdirilməyibsə, qalan borclular barəsində onların paylarına mütənasib surətdə, lakin öz payı çıxılmaqla reqres qaydasında tələb hüququna malikdir. "xxxx" ASC-nin 22- 5564/2021 nömrəli 03.05.2021-ci il tarixli Xəbərdarlıqla, borclu İddiaçı 29.03.2015-ci il tarixli 6-29-03-2015-YS-AAAF-AE saylı Təminatlı Kredit (Daxili ipoteka krediti üçün) müqaviləsi üzrə əsas borc 23327.23 manat və 5282.92 manat faiz borcu olmaqla cəmi 29610.15 manat məbləğini tələb edir. Bu tələb üzrə yaranacaq məhkəmə mübahisəsi mövcud mülki işlə uyğunsuzluq yarada bilər. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası 28.10.2020-ci il tarixli 2(105)- 2656/2020 nömrəli qətnaməsində qeyd edir ki, hər hansı tələb üzrə hüquqi dəyərləndirmə prosesində ilk addım iddiaçının tələbinə uyğun gələn qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin hüquqi əsasın dispozisiya şərtlərinə uyğunluğunun yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Tərəflər arasında müqavilə bağlandığı üçün iddia tələblərinə müqavilədən irəli gələn öhdəliklər çərçivəsində hüquqi qiymət verilməlidir. Cavabdehin sözügedən müqavilə öhdəliyini pozmasına görə iddiaçının tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 447.7-ci maddəsi çıxış edir. Həmin normanın dispozisiya şərtlərindən biri müqavilənin icra edilməməsi nəticəsində kreditora zərərin dəyməsi halıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-3602/2020 nömrəli 29.07.2020-ci il tarixli qərarında hazırki oxşar mübahisə predmetinə düzgün hüquqi qiymət verərək yenidən araşdırılması üçün apellyasiya instansiyasına qaytarmışdır. Həmin Qərarda, tələb hüququnun yaranma əsaslarını diqqətə çatdıraraq əsas kredit borcuna görə hesablanmış faiz borcunun tələb hüququna qiymət vermişdir. Ali Məhkəmənin oxşar mübahisə predmetlərinə dair digər qərarları da mövcuddur. Bununla da, İddiaçı "xxxx" ASC qarşısında götürdüyü kredit öhdəlikləri üzrə yaranmış mülki hüquq və vəzifələri müəyyənləşdirilmişdir. Lakin həmin Təminatlı kredit müqaviləsi üzrə qismən icra olunmuş öhdəliyin hansı həcmdə tələb etmək hüququnun olması müəyyən olunmur və sübutu da mövcud deyildir. Göstərilənlərə əsasən qətnamə qismən- İddiaçı xeyrinə cavabdehdən 9310,54 manat faiz məbləğinin tutulmasına dair hissədə ləğv edilməli, bu barədə iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmalıdır. Məhkəmə kollegiyasının iclasında cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X2 apelyasiya şikayətini müdafiə etdi və onun təmin edilməsini xahiş etdi. Apelyasiya baxışı zamanı məhkəmə iclasında İddiaçı şikayətlə razılaşmadı və bildirdi ki, müqavilənin şərtləri məhz cavabdeh MMC tərəfindən pozulub. Ona artıq "xxxx" MMC-dəki heç bir mənzil lazım deyil. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını, şikayətin rədd olunmasını xahiş edir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına nümayəndəsini göndərməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə həmin üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə kollegiyası işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İş materiallarında olan 24 mart 2015-ci il tarixli, ABB YM-0215 saylı mənzilin alqısatqı müqaviləsindən görünür ki, "xxxx" MMC ilə alıcı İddiaçı arasında alqısatqı müqaviləsi bağlanılmış və bu müqaviləyə əsasən "xxxx" MMC Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 167 ünvanında “AAAF- Park” yaşayış massivinin 28 saylı küçəsində inşa edilən bina 5, mərtəbə 11, ümumi sahəsi (balkon və eyvan, sanitar qovşağı, mətbəx, dəhliz, yığmaq yeri, balkonun qoruyucu konstruksiyaları daxil olmaqla, eyni zamanda divarın çöl hissəsindən hesablanmaqla) 31,2 kv.m-dən ibarət, 1 otaqlı, 87 №-li mənzili İddiaçı təhvil verməyi, İddiaçı isə bunun qarşılığında Cəmiyyətə razılaşdırılmış pul vəsaitini, yəni 29640 manatı müəyyən edilmiş müddət ərzində ödəməyi və müqavilə ilə nəzərdə tutulmuş işləri yerinə yetirməyi öhdəsinə götürmüşdür. Müqavilənin 3.2.-ci bəndinə görə müqavilə qiymətinin 2970 manatı Alıcının şəxsi vəsaiti hesabına, qalan 26670 manat isə "xxxx" ASC ilə bağlanılmış kredit müqaviləsi əsasında 5 iş günü ərzində ödəniləcəkdir. Yenə iş materiallarında olan 29 mart 2015-ci il tarixli, 6-29-03-2015-YS-AAAF-AE saylı Təminatlı Kredit Müqaviləsindən (daxili ipoteka krediti üçün) görünür ki, Borc verən yəni, "xxxx" ASC borcalana yəni, İddiaçı mənzilin alnması üçün 26670 manat məbləğində kreditin verilməsini, Borcalan isə bu müqaviləyə əsasən krediti qəbul etməyi, bu müqavilədə göstərilən qaydada krediti və kredi üzrə hesablanacaq faizləri Borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Yenə də iş materiallarında olan Nəsimi Rayon Məhkəmısinin 2(006)1461/2020 saylı, 13.03.2020-c il tarixli qətnaməsindən görünür ki, İddiaçı ilə cavabdeh "xxxx" MMC arasında bağlanmış 24 mart 2015-ci il tarixli, ABB YM-0215 saylı mənzilin alqı-satqı müqaviləsinin ləğv edilməsi və həmin müqaviləyə görə ödənilmiş 2970 manat məbləğində pulun "xxxx" MMC tərəfindən İddiaçı ödənilməsi qət edilmişdir. İşdə olan "xxxx" ASC-nin Müştəri Xidməti Departamentinin 09.10.2020-ci il tarixli 2083 saylı arayışından görünür ki, borclu İddiaçı "xxxx" ASC-yə 29.03.2015-ci il tarixli 6- 29-03-2015-YS- AAAFAE saylı (daxili ipoteka krediti üçün) Təminatlı Kredit müqaviləsi üzrə (sonuncu ödəniş 11.03.2019- cu il tarixində 150 manat olmaqla) hazırki dövrədək cəmi 11653,31 manat, bundan 2342,77 manat əsas borc, 9310,54 manat isə faiz borcu ödənilmişdir. MƏHKƏMƏNİN HÜQUQİ M Ö V Q E Y İ: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6.-cı maddəsinə görə apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İddianın təmin edilməmiş hissəsində qətnamədən apelyasiya şikayəti verilmədiyindən məhkəmə kollegiyası, Azərbaycan Respublikasının MPM-nin 372.6-ci maddəsinin tələblərini, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarını rəhbər tutaraq hesab edir ki, hazırda həmin hissədə qətnamə apelyasiya baxışının predmeti ola bilməz. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini, tərəflərin izahatlarını dinləyib, apelyasiya şikayətinin dəlillərini araşdırıb, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin 2(012)-280/2021 saylı, 09 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Yaranmış mübahisə üzrə isə məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İş materiallarından və tərəflərin izahatlarından müəyyən olunur ki, iddiaçının "xxxx" ASC ilə 29 mart 2015-ci il tarixli, 6-29-03-2015-YS-AAAF-AE saylı Təminatlı Kredit Müqaviləsi (daxili ipoteka krediti üçün) bağlaması və iddiaçının cavabdehlə 24 mart 2015-ci il tarixli, ABB YM0215 saylı mənzilin alqı-satqı müqaviləsi bağlaması, hüquqi təbiətinə görə müqavilənin podrat müqaviləsi olması, tikilən mənzilin ümumi dəyərinin 29640 manat olması, iddiaçının mənzilin dəyərindən ümumilikdə 2970 manatı öz hesabına, qalan 26670 manatın isə "xxxx" ASC tərəfindən "xxxx" MMC-in bank hesabına ödənilməsi işin mübahisə edilməyən hallarıdır. Eləcə də, iş materiallarına əlavə edilmiş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 13.03.2020-ci il tarixli, 2(006)-146\2020 saylı qətnaməsindən məlum olur ki, İddiaçı "xxxx" ASC-yə və "xxxx" MMC-yə qarşı iddiası Nəsimi Rayon Məhkəməsinin 13.03.2020-ci il tarixli qətnaməsi ilə qismən təmin edərək, onunla "xxxx" MMC arasında bağlanmış 24 mart 2015-ci il tarixli, ABB YM-0215 saylı Mənzilin alqı-satqı müqaviləsi”nə xitam verilməsi və həmin müqaviləyə əsasən ödədiyi 2970 manat məbləğində pul vəsaitinin "xxxx" MMC-dən alınaraq ona ödənilməsi, "xxxx" ASC-yə ödədiyi 11653,31 manat məbləğində pul vəsaitinin "xxxx" ASC-dən tutularaq ona ödənilməsi hissəsində isə təmin edilməməsi qət edilmişdir. İş materiallarından həmçinin müəyyən olunur ki, iddiaçı ilə "xxxx" MMC arasında bağlanmış mənzil alqı-satqı müqaviləsində mənzilin tikintisi və iddiaçıya təhvil verilməsi ilə bağlı cavabdehin öhdəliyinin icrasi müddəti müəyyən edilməmişdir, həmçinin şəraitə görə də bunu təyin etmək mümkün deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 759.1-ci maddəsinə görə sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir. Yenə həmin Məcəllənin 759.2-ci maddəsinə əsasən əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 424.5-ci maddəsinə əsasən əgər müqavilənin dəyişdirilməsinə və ya ləğvinə onu tərəflərdən birinin əhəmiyyətli dərəcədə pozması əsas vermişdirsə, digər tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidirlər. Yenə həmin Məcəllənin 441.1-ci maddəsinə görə tərəflərdən birinin öhdəliyi icra etməsi müqaviləyə uyğun olaraq digər tərəfin öz öhdəliklərini icra etməsi ilə şərtləndirildikdə qarşılıqlı icra sayılır. Yenə də həmin Məcəllənin 441.2-ci maddəsinə əsasən mükəlləfiyyətli tərəf müqavilədə şərtləşdirilmiş öhdəliyin icrasını həyata keçirmədikdə və ya həmin icranın müəyyənləşdirilmiş müddətdə həyata keçirilməyəcəyini aşkar edən hallar olduqda qarşılıqlı icra öhdəsinə düşən tərəf öz öhdəliyinin icrasını dayandıra bilər və ya öhdəliyin icrasından imtina edib zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Eyni Məcəllənin 441.3-cü maddəsinə əsasən əgər müqavilədə şərtləşdirilmiş öhdəliyin icrası tam həcmdə həyata keçirilməzsə, qarşılıqlı icra öhdəsinə düşən tərəf öz öhdəliyinin icrasını dayandıra bilər və ya həyata keçirilməmiş icraya müvafiq hissədə icradan imtina edə bilər. Mülki Məcəllənin 441.3-cü maddəsinə əsasən əgər digər tərəf müqavilədə şərtləşdirilmiş öhdəliyinin icrasını həyata keçirmədiyinə baxmayaraq öhdəliyin qarşılıqlı icrası həyata keçirilərsə, digər tərəf öz öhdəliyini icra etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Yenə həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Yenə də həmin Məcəllənin 443.2-ci maddəsinə əsasən zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Məhkəmə kollegiyası hesab edir ki, ötən 5 il ərzində mənzil iddiaçıya təhvil verilməmiş, belə olan halda, təhvil verilməsi qeyri-müəyyən müddətə ehtimal olan mənzilə iddiaçının marağının itməsi təbii haldır və buna görə də sifarişçi olaraq iddiaçının müqavilədən imtinası Nəsimi Rayon Məhkəmısinin 2(006)1461/2020 saylı, 13.03.2020-c il tarixli qətnaməsi ilə qanuni hesab edilmişdir. Həmçinin iş materiallarına əlavə edilmiş 09.10.2020-ci il tarixli 2083 №-li arayışından da göründüyü kimi borclu İddiaçı "xxxx" ASC-yə 29.03.2015-ci il tarixli, 6-29-03-2015-YS- AAAF-AE saylı (daxili ipoteka krediti üçün) Təminatlı Kredit müqaviləsi üzrə (sonuncu ödəniş 11.03.2019-cu il tarixində 150 manat olmaqla) hazırki dövrədək cəmi 11653,31 manat, bundan 2342,77 manat əsas borc, 9310,54 manat isə faiz borcu ödənilmişdir. Məhkəmə hesab edir ki, "xxxx" MMC mənzilin dəyərini əvvəlcədən və tam şəkildə almasına, həmçinin həmin puldan tam şəkildə yararlanmasına baxmayaraq sonuncu tərəflər arasında bağlanmış müqavilə üzrə üzərinə düşən öhdəliyini yerinə yetirməmiş və nəticədə iddiaçının ümid etdiklərindən məhrum olmasına səbəb olmuş, halbuki hər bir tərəf vicdanlığın tələb etdiyi tərzdə hərəkət etməlidir. Belə olan təqdirdə məhkəmə kollegiyası hesab edir ki, baxmayaraq ki, "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış 29.03.2015-ci il tarixli, 6-29-03-2015-YS- AAAF-AE saylı (daxili ipoteka krediti üçün) Təminatlı Kredit müqaviləsi tərəflər arasında bağlanmış müstəqil müqavilədir, həmin müqavilənin təyinatı üzrə sonda iddiaçının mənzil eldə etməsi olmuş, lakin yuxarıda qeyd olunan faktiki hallardan göründüyü kimi cavabdehin təqsirli və səbəbli əlaqəli hərəkətləri nəticəsində iddiaçı heç nə əldə etməmiş, ümid etməyə haqqı çatanlardan məhrum olmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı "xxxx" ASC-yə ödədiyi 11653,31 manat pulun cavabdeh "xxxx" MMC-dən tələb etməsi, həmçinin birinci instansiya məhkəməsinin qeyd olunan məbləğin cavabdeh "xxxx" MMC-dən alınaraq iddiaçıya ödənlməsinə dair qənaəti qanuni və əsaslı olmuşdur. Bununla belə, qeyd edildiyi kimi "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış 29.03.2015-ci il tarixli müqavilə müstəqil müqavilədir və İddiaçı həmin kredit müqaviləsi üzrə bankdan kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Kreditin alınmasına baxmayaraq, o, kredit vəsaitinin ödənilməsinə dair vəzifələrini tam yerinə yetirməmişdir. Başqa sözlə, İddiaçı bank qarşısında öhdəliyi yaranmışdır və bu öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İşdən görünüdüyü kimi İddiaçı "xxxx" ASC-dən aldığı kredit hesabına "xxxx" MMC-yə mənzilə görə ödəməli olduğu pulu tam ödəmişdir. Daha öncə qeyd olunduğu kimi Nəsimi Rayon Məhkəməsinin 13.03.2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edərək, İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış 24 mart 2015-ci il tarixli, ABB YM-0215 saylı Mənzilin alqı-satqı müqaviləsinə xitam verilməsi və həmin müqaviləyə əsasən İddiaçı şəxsi vəsaiti hesabına ödədiyi 2970 manat məbləğində pul vəsaitinin "xxxx" MMC-dən alınaraq ona ödənilməsi qət edilmişdir. Başqa sözlə, İddiaçı kredit hesabına ödədiyi 26670 manat pul vəsaitinin talehi açıq qalmışdır. İddiaçı hazırki iddia ilə həmin pulun yalnız 11 653,31 manatını tələb etmiş və o, hissədə iddia təmin edilmişdir. Onun məhkəmə tərəfindən rədd edilən və apelyasiya qaydasında mübahisələndirilməyən digər tələbləri vurulmuş maddi və mənəvi zərərlə bağlı olmuşdur. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halında qiymət verərək hesab edir ki, cavabdeh "xxxx" MMC-nin apellyasiya şikayətinin dəlilləri hüquqi əsası olmayan formal mülahizə xarakterli dəlillər olduğundan birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğv edilməsi üçün əsas kimi qəbul edilə bilməz və ona görə də apellyasiya şikayəti təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin 2(012)-280/2021 saylı, 09 aprel 2021-ci il tarixli qətnaməsi qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən apelyasiya şikayətinin verilməsi üçün cavabdeh "xxxx" MMC tərəfindən ödənilmiş 15,40 manat dövlət rüsumu onun özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Apelyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 2(012)-280/2021 saylı, 09 aprel 2021-ci il tarixli qətnaməsi cavabdeh "xxxx" MMC tərəfindən verilmiş apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayətinin verilməsi üçün cavabdeh "xxxx" MMC tərəfindən ödənilmiş 15,40 manat dövlət rüsumu onun özünə aid edilsin. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar