Məhkəmə qərarları › İş №2(105)-262/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-262/2025

27.01.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-262/2025 27.01.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Sumqayıt şəhəri 4 saylı notariat ofisinə (üçüncü şəxs Maraqlı şəxs) qarşı mülki iş üzrə (Açar sözlər: icra qeydinin ləğv edilməsi) X1 (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə İddiaçı cavabdeh Sumqayıt şəhəri 4 saylı notariat ofisinə (üçüncü şəxs Maraqlı şəxs) qarşı icra qeydinin ləğv edilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(060)-5241/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İşin halları

1. xx.xx.2023-cü il tarixli “Kredit müqaviləsi”nin surətindən görünür ki, Maraqlı şəxs İddiaçı 50000 (əlli min)manat borc vermişdir. İddiaçı həmin borcu xx.xx.2023-cü il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür.

2. xx.xx.2023-cü il tarixli “Kredit müqaviləsi”nin surətindən görünür ki, Maraqlı şəxs İddiaçı 32700 (otuz iki min yeddi yüz) manat borc vermişdir. İddiaçı həmin borcu xx.xx.2023-cü il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür.

3. xx.xx.2024-cü il tarixli İcra qeydinin surətindən görünür ki, Maraqlı şəxs xeyrinə İddiaçı 50000 (əlli min) manat tutulmalıdır.

4. xx.xx.2024-cü il tarixli İcra qeydinin surətindən görünür ki, Maraqlı şəxs xeyrinə İddiaçı 32700 (otuz iki min yeddi yüz) manat tutulmalıdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

5. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsi ilə müraciət edərək, Sumqayıt şəhəri, 4 saylı Notariat ofisi tərəfindən İddiaçı barəsində verilmiş xx.xx.2024-cü il tarixli 8İ- 9245 reyester nömrəli və xx.xx.2024-cü il tarixli 8İ-9246 reyestr nömrəli İcra qeydlərinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddia tələbini onunla əsaslandırmışdır ki, Sumqayıt şəhəri 4 saylı saylı Notariat ofisi tərəfindən borclu qismində Maraqlı şəxs ilə İddiaçı arasında bağlanmış müqavilələr əsasında verilmiş xx.xx.2024-cü il tarixli, 8İ-9245 və xx.xx.2024-cü il tarixli 8İ-9246 reyestr nömrəli icra qeydləri icra olunması üçün İcra şöbəsinə göndərilmişdir. İddiaçı hesab edir ki, göstərilən əsaslara və maddi hüquq normalarına görə hər iki icra qeydi qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. Tərəflərindən kredit müqavilələri 21 fevral 2023-cü il tarixdə və 08 fevral 2023-cü il tarixdə Abşeron rayonu, 1 saylı Notariat ofisində bağlanmışdır. Amma nədənsə icra qeydini Sumqayıt şəhəri 4 saylı Notariat ofisi vermişdir. 08 fevral 2023-cü il tarixli kredit müqaviləsinə əsasən borcverən iddiaçıya 08 fevral 2023cü il tarixdə guya 50000 (əlli min) manat məbləğində kredit verilmişdir. 21 fevral 2023-cü il tarixdə isə 32700 (otuz iki min yeddi yüz) manat kredit verilmişdir. Həmin kredit müqavilələri özü əsassızdır. Həmin pullar iddiaçıya faizlə verilmişdir. Həmin kredit müqavilələri müddət başa çatmadan ikinci dəfə yazılmışdır. Çünki iddiaçı 17300 manat faizi ödədikdən sonra ikinci dəfə guya ona 32700 manat kredit verilmişdir. Görünən odur ki, iddiaçı hələ kredit müqaviləsi başa çatmadığı halda iki həftə sonra yenidən kredit verib. Əgər o, krediti dərhal ödəmək imkanı olsaydı onda ikinci kredit müqaviləsinə nəyə görə ehtiyac olmalı idi. Qeyd etdiyi kimi birinci müqavilə üzrə ödədiyi pullar çıxıldıqdan sonra ikinci formal müqavilə bağlanmışdır. Hər iki pul faizə yığılmış pullardır. Həmin vaxtı orada pul olmamışdır. Bu müqavilələr formal olsa da iddiaçı sonradan müxtəlif vaxtlarda 10000 və 20000 manat məbləğində və digər məbləğlərdə pullar ödəmişdir. Bununla bağlı iddiaçıda cavabdehin üçüncü şəxslərlə arasında vatsap yazışmaları mövcuddur. İcra qeydi əsaslandırılmadan verilmişdir. Hər iki icra qeydinin verilməsinə əsas olmuş borcun məbləği dəqiqləşdirilməmişdir. Yəni bu məsələ icra qeydində aydınlaşdırıla bilməz. Buna məhkəmə araşdırması lazımdır. Borc məbləğinin təxminən bir qismi ödənilmişdir. Ancaq icra qeydində pulun hamısı tələb olunur. Bundan başqa pretenziya qaydalarına riayət etmədən notarial qaydada icra qeydi alınmışdır. İddiaçıya məlumat verilməmişdir. Hər iki icra qeydi üzrə bildiriş iddiaçıya çatmamışdır. Ümumiyyətlə ona bildiriş göndərilməmişdir. Göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir.

7. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(060)-5241/2024 nömrəli qətnaməsi ilə (hakim G.Tağızadə) iddia təmin edilməmişdir.

8. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının nümayəndəsi Vəkil1 öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Belə ki, iddiaçının nümayəndəsi icra qeydi əsasında tələb olunan məbləğin faiz borca hesablanmış borc olduğunu bildirsə də, bu barədə hər hansı bir sənəd məhkəməyə təqdim etməmişdir. Bu səbəbdən məhkəmə iddianı rədd etmişdir.

9. Məhkəmə öz mövqeyini “İnsan Hüquqlarının və X3 Haqqında” Konvensiyanın müvafiq maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəllənin 406.2, 407.2-ci maddələri, Azərbaycan Respublikası “Notariat haqqında” qanunun 76, 78, 79-cu maddələri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 80 , 124.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat a) Apellyasiya şikayətinin dəlilləri

10. Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti vermişdir.

11. Apellyasiya şikayətinin dəlilləri əsasən iddia ərizəsinin dəlilləri ilə analoji qaydada tərtib olunmuşdur. Şikayətdə göstərilir ki, məhkəmənin iş üzrə qəbul etdiyi qətnamə qanunsuz və əsassızdır. Borclunun olduğu yer üzrə notarius borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq və ya bunun əvəzinə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 529.8-ci maddəsinə əsasən öhdəliyin icrası əvəzinə razılaşdırılmış peşman haqqını almaq üçün “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinə uyğun olaraq tələbkar tərəfindən borcluya bildiriş göndərildikdə və öhdəlik bildirişin verildiyi müddətdə icra edilmədikdə, borcu müəyyən edən sənədlərdə 1 (bir) iş günü müddətində icra qeydi aparır və icra olunması üçün “Elektron notariat” informasiya sistemi vasitəsilə “Elektron icra” informasiya sisteminə göndərir. Notarius tərəfindən borcun mübahisəsizliyi tələbkarın tələbinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli 156 nömrəli Qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş sənədlərlə təsdiq olunması və borclunun həmin tələbdən irəli gələn öhdəliyi icra etməməsinin yoxlanılması ilə müəyyən edilir. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda, icra qeydinin aparılacağı barədə müəyyən edilmiş formada bildiriş göndərməlidir. Lakin ona hər hansı bildiriş göndərilməmişdir. Notariat işində olan xəbərnaməni iddiaçı tərəf tərtib etmişdir. Ümumiyyətlə işə baxan məhkəmə heç bir araşdırma aparmamışdır. İddia tələbi göstərilən formada rədd edilə bilməz. Notariat işində onun və ailə üzvlərinin imzası olan bildiriş yoxdur. Xəbərnamə saxtadır. Məhkəməyə xəbərnaməni qəsdən elə vəziyyətdə təqdim etmişlər ki, ümumiyyətlə onu oxumaq mümkün deyildir. Göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməlidir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

13. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək bildirdi ki, iddia tələbi əsaslı və qanunidir. Belə ki, mübahisələndirilən xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə borc ödənildikdən sonra tərəflər arasında ikinci kredit müqaviləsi bağlanmışdır. İddiaçı ilkin kredit müqaviləsi üzrə borcunu ödədiyi üçün həmin müqavilənin ləğv edildiyini güman etmişdir. Lakin sonradan bəlli olmuşdur ki, hər iki kredit müqaviləsi faktiki olaraq qüvvədədir. İddiaçı həmin krediti faizilə birlikdə qaytarmışdır. Lakin notarius icra qeydi verərkən bu halları nəzərə almamış, ümumiyyətlə iddiaçıya icra qeydi veriləcəyi barədə xəbərdarlıq edilməmişdir. İş materiallarında olan bildirişlər isə oxunaqlı deyildir. Həmin bildirişlərdən iddiaçının yaxud ailə üzvlərinin xəbərdar olmasını təsdiq edən sübut yoxdur. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 sonda apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.

14. İş üzrə cavabdeh Sumqayıt şəhəri 4 saylı Notariat Ofisi məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclasının notariusun iştirakı olmadan keçirilməsini xahiş etmişdir.

15. İş üzrə üçüncü şəxs Maraqlı şəxs məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

16. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2ci maddəsinə əsasən işə qeyd olunan şəxslərin (nümayəndələrinin) iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

17. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Madddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, beləşərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Madddə 739. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlüəşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Madddə 739.2.Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.

18. “İcra haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 6.1.4. Notariusun icra qeydləri icra sənədi sayılır.

19. “Notariat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 76. Borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. İcra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə elektron formada müraciət edə bilərlər. İcra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Maddə 79. İcra qeydinin aparılması barədə ərizə müvafiq icra hakimiyyəti orqanının Elektron notariat informasiya sisteminə və ya fiziki şəxsin yazılı ərizəsi notariat ofisinə daxil olduqdan sonra notarius bir iş günü müddətində icra qeydini aparır və icra qeydini müvafiq icra hakimiyyəti orqanının Elektron notariat informasiya sistemi vasitəsilə “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq icra olunması üçün müvafiq icra hakimiyyəti orqanının Elektron icra informasiya sisteminə göndərir

20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat” Bənd 161. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda, icra qeydinin aparılacağı barədə müəyyən edilmiş formada bildiriş göndərməlidir. Bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər və ya bununla bağlı məlumatlar (korporativ məlumat mübadiləsinin istifadəçiləri üçün) icra qeydinin aparılması ilə bağlı ərizəyə və ya məlumata əlavə olunur. Tələbkar tərəfindən icra qeydinin aparılacağı barədə bildiriş borcu müəyyən edən sənədlərə və ya borclunun məlumatına (olduğu halda) əsasən tələbkara məlum olan ünvana “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərilir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 (beş) gün keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 (üç) gün keçdikdən sonra borclu şəxsə təqdim olunmuş sayılır. Borclunun yaşadığı (olduğu) ünvanda olmaması bildirişin borcluya çatdırıldığını təsdiq edən sənəddə qeyd olunmalıdır. İcra qeydinin aparılması üçün tələbkar borclunun olduğu yer üzrə notariat ofisinə müraciət etdikdə, notarius depozit hesabları vasitəsilə həmin borcun qaytarılıbqaytarılmamasını yoxlayır. Bu abzasın birinci cümləsi borcun depozit hesabı vasitəsilə verildiyi hallara şamil edilir. Bənd 162. İcra qeydləri aşağıdakı hallarda aparılır: 1) əgər təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq edirsə; 2) tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçməmişdirsə.

21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli, 156 nömrəli qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin” Siyahısı . Hesablaşma və kredit münasibətlərindən irəli gələn əsaslarla borcun alınması... 2. Borclular və onlara tapşırıq verənlər tərəfindən kredit idarələrinin kredit əməliyyatları üzrə ödəniş müddətinin keçirilməsinə yol verilməsi ilə əlaqədar sənədlər. İcra qeydi almaq üçün aşağıdakılar təqdim olunur: a) əsasında borcun alındığı sənədlərin, o cümlədən kredit xətti müqaviləsinin əsli; b) müddəti keçirilmiş borcun məbləği göstərilməklə, borclunun hesabından tələbkar tərəfindən təsdiq olunmuş çıxarış; c) alınmış borc üzrə faiz və cərimələrin hesablanma tarixi və məbləğləri göstərilməklə, tələbkar tərəfindən tərtib olunmuş təfsilatlı maliyyə arayışı.

22. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır Maddə 372.2. Əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

23. Apellyasiya şikayətindən görünür ki, apellyator Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(060)-5241/2024 nömrəli qətnaməsini tam həcmdə mübahisələndirərək, qətnamənin ləğv edilib, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

24. Ona görə də kollegiya birinci instansiya məhkəməsinin qətnaməsini tam həcmdə yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

25. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

26. Tələb notariusun icra qeydinin ləğv edilməsi barədədir.

27. İşin məhkəmə tərəfindən müəyyən edilən halına görə, Maraqlı şəxs ilə İddiaçı arasında xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə kredit müqaviləsi rəsmiləşdirilmiş, birinci müqaviləyə əsasən Maraqlı şəxs İddiaçı 50.000 manat, ikinci müqaviləyə əsasən 37000 manat pul vermiş və sonuncu hər iki müqavilə üzrə ona verilmiş pulu müəyyənləşdirilmiş vaxtlarda qaytarmağı öhdəsinə götürmüşdür.

28. Müqavilə bağlanan zaman tərəflər hüquq və vəzifələri, notariat hərəkətlərinin aparılmasının hüquqi nəticələri barədə xəbərdar edilmiş, şəxsiyyətləri müəyyən edildikdən sonra heç bir təzyiq olmadan müqaviləni imzalamışlar. Borc mübahisəsiz olduğundan, borclunun tələbkar qarşısında məsuliyyəti təsdiq edildiyindən, həmçinin kreditorun ödəniş müddətinin keçirilməsi haqqında yazılı bildiriş borcluya göndərildikdən sonra Sumqayıt şəhəri 4 saylı notariat ofisinin notariusu tərəfindən icra qeydləri aparılmışdır

29. Notariusun icra qeydini mübahisələndirən iddiaçı iddia ərizəsi ilə eynilik təşkil edən apellyasiya şikayətini onunla əsaslandırır ki, bağlanmış kredit müqavilələri özlüyündə etibarsızdır. Həmin pullar ona faizlə verilmişdir. O, bu müqavilələrin formal olmasına baxmayaraq müxtəlif vaxtlarda 10.000 və 20.000 manat məbləğində və digər məbləğlərdə ödənişlər etmişdir.

30. Göründüyü kimi iddiaçı onunla Maraqlı şəxs arasında müqavilə bağlandığını inkar etmir, hətta müqavilələrin əsassız və formal olduğunu bildirsə belə, ödənişlər etdiyini bəyan edir.

31. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qənaəti ilə razılaşaraq, iddiaçının icra qeydi verilən borc müqaviləsinin etibarsız olması barədə dəlilinə münasibətdə qeyd edir ki, həmin məsələ hazırkı məhkəmə baxışının predmeti olmadığından, məhkəmə həmin əqdin etibarlılığı məsələsini yoxlamır.

32. Apellyasiya şikayətinin digər dəlili isə notarius tərəfindən ona bildirişin göndərilməməsidir.

33. Nəzərə alınmalıdır ki, icra qeydinin verilməsi üçün zəruri şərtlərdən biri borcun mübahisəsiz olmasıdır. O da qeyd edilməlidir ki, notarius tərəfindən borcun mübahisəsizliyi, tələbkarın tələbinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli 156 nömrəli Qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş sənədlərlə təsdiq olunması və borclunun həmin tələbdən irəli gələn öhdəliyi icra etməməsinin yoxlanılması ilə müəyyən edilir. Bu cür yoxlama üsullarından biri, icra qeydi verilməmişdən əvvəl borcluya bildirişin göndərilməsidir. Həmin bildiriş məhz təqdim olunmuş borc sənədi üzrə mübahisənin olub-olmamasının müəyyən olunmasına xidmət edir.

34. Kollegiya apellyasiya şikayətinin bu dəlili ilə razılaşmayaraq qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən notariat ofisinə sorğu ünvanlanaraq aidiyyəti notariat işi tələb olunmuş və müəyyən edilmişdir ki, notarius tərəfindən qeyd olunan notariat hərəkəti aparılarkən borcluya “bildiriş” göndərilmiş və həmin bildiriş sonuncu tərəfindən imzalanaraq qəbul edilmişdir (i/m səh.36-38).

35. Məhkəmə kollegiyasının mövqeyinə görə, müvafiq icra qeydinin verilməsi zamanı qanunvericilik müddəalarının pozuntusu hallarının olduğu müəyyən edilmir və birinci instansiya məhkəməsi maddi hüquq normasını düzgün tətbiq etməklə düzgün nəticəyə gəlmişdir.

36. Beləliklə kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi yuxarıda qeyd edilən maddi və prossesual hüquq normalarının tələblərinə cavab verir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

37. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı Vəkil2 Balayar oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(060)-5241/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər (elektron kabinet və vəkil vasitəsilə) Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar