Məhkəmə qərarları › İş №2(105)-2623/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2623/2020

28.10.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2623/2020 28.10.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), X6 və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi Heyran Mehman qızı Mürsəlovanın katibliyi, İddiaçı, cavabdehlər X4 və Cavabdeh2 iştirakı ilə, Xaçmaz Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(067)-916/2020 saylı qətnaməsindən İddiaçı və Cavabdeh1 verdiyi apelyasiya şikayətləri üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Xaçmaz Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(067)-916/2020 saylı qətnaməsi ilə (hakim A.B.Sadıqov) İddiaçı cavabdehlər X4 və Cavabdeh2 qarşı pul tələbinə dair iddiası qismən təmin edilib, X1 6400 manat məbləğində pul və pulun ödənilməsi ilə bağlı gecikdirilmiş 12 il müddət üçün illik 5 faiz olmaqla 3840 manat pul olmaqla, cəmi 10240 manat məbləğində pulun tutularaq İddiaçı verilməsi, ödənilmiş 30 manat dövlət rüsumunun 15 manatının iddiaçıya aid edilməsi, 15 manat pulun isə cavabdeh X1 tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. İddiaçı apelyasiya şikayəti verərək Xaçmaz Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(067)-916/2020 saylı qətnaməsinin dəyişdirilməsini, iddia tələbinin tam həcmində təmin edilməklə tələbin hər iki cavabdehə qarşı yönəldilməsini xahiş etmişdir. Cavabdeh1 apelyasiya şikayəti verərək Xaçmaz Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(067)-916/2020 saylı qətnaməsinin ləğv edilib, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tələbini onunla əsaslandırmışdır ki, 2007-ci ildə oğlu Zaidov Xanlar ona bildirmişdir ki, Yalama kəndində torpaqların alqı-satqısı ilə məşğul olan Nəsrulla Şeydayev ilə görüşmüş və sonuncu ona bildirmişdir ki, qaynı Cavabdeh2 özünə məxsus 3,0 ha torpaq sahəsini satır və qiyməti 6400 manatdır. Həmin ərəfədə o yenicə pensiyaya çıxmış və təsərrüfatla məşğul olmaq arzusunda olmuşdur. Ona görə də oğluna razılıq vermişdir ki, həmin torpaq sahəsini alsın. Bundan sonra oğlu Nəsrulla ilə görüşmüş, ona razılaşdıqları kimi 6400 manat pul ödəmiş və Nəsrulla söz vermişdir ki, torpağa dair sənədləri onun adına keçirib təhvil verəcəkdir. Həqiqətən də aralarında şifahi alqı-satqının baş tutduqdan müəyyən müddət sonra Nəsrulla Şeydayev torpağa dair sənədləri oğlu Xanlara təhvil vermiş və o vaxtdan başlayaraq o, həmin 3,0 ha torpaq sahəsindən əkin əkməklə istifadə etməyə başlamışdır. Cavabdeh1 təqdim etdiyi sənədlər əsasında o həmin 3,0 ha torpaq sahəsinə dair DƏDRX-nin Xaçmaz ərazi idarəsindən öz adına çıxarış da almışdır. Oğlu Xanlar 2015-ci ildə vəfat etmişdir. Onun ölümündən sonra Cavabdeh2 2017-ci ildə Qusar Rayon Məhkəməsində ona qarşı çıxarışın etibarsız hesab edilməsinə dair iddia qaldırmışdır. İddia təmin olunmuş, son olaraq Azərbaycan Respublikası Ali Məhkəmənin xx xxxx 2018-ci il tarixli qərarı ilə apelyasiya məhkəməinin qətnaməsi qüvvədə saxlanılmış, adına olan çıxarışın etibarsız hesab edilməsi qərara alınmışdır. xx xxxxxx 2017-ci il tarixdə o, həmin 3,0 ha torpaq sahəsini digər oğlu X9 bağışlamış və onun adına çıxarış da alınmışdır. Bundan sonra Cavabdeh2 yenidən ona və oğlu Zahidə qarşı bağışlanma müqaviləsinin, həmin müqavilə əsasında oğlunun adına alınmış çıxarışın etibarsız hesab edilməsi və 3,0 ha torpaq sahəsinin istifadələrindən alınması barədə iddia qaldırmış və iddia təmin edilmişdir. Həmin qətnamədən tərəflərindən verilmiş apelyasiya şikayəti təmin edilməmişdir. Apelyasiya məhkəməsinin qətnaməsində göstərilmişdir ki, mərhum Xanlar Zaidov tərəfindən 6400 manat pulun X3 ödənilməsi sübut olunmuşdur. Bu hal alqı-satqının etibarlılığı üçün əsas olmasa da cavabdehin Cavabdeh1 qarşı pul tələbinə dair iddiasını istisna etmir. Beləliklə 3,0 ha torpaq sahəsinə görə tərəfindən cavabdehlərə 2007-ci ildə 6400 manat pulun verilməsi öz təsdiqini tapmışdır. Cavabdehlər 2007-ci ildə ondan oğlu Xanlar vasitəsi ilə 6400 manat pul alaraq ona satdıqları 3,0 ha torpaq sahəsinə aid özlərinin hazırladıqları sənədləri guya saxta olması barədə oğlu Xanların 2015-ci ildə vəfat etdikdən sonra mübahisəli 3,0 ha torpaq sahəsinin ondan geri alınmasına nail olmuşlar. Ortada onun torpağa görə ödədiyi 6400 manat pul batmış və öz adına, oğlu Zahidin adına çıxarışların alınmasına, notariatda bağışlama müqaviləsinin təsdiqinə xərclərə məruz qalmışdır. Hesab edir ki, cavabdehlər ondan aldıqları 6400 manat pulu devalvasiya nəzərə alınmaqla, həm də ona dəymiş maddi ziyanı və mənəvi ziyanı ödəməlidirlər. Cavabdehlərə ödədiyi 6400 manat pul 2007-ci ildə dolların manata nisbətdə kursu 0,78 olmuşdur. 6400 manat həmin dövrdə 8205 ABŞ dolları təşkil etmişdir. Hazırda 1 ABŞ dolları 1,7 manat təşkil edir, bu hesabla 8205 manat ABŞ dolları 13948 manat təşkil edir. 2007-ci ildə 1,0 ha torpaq sahəsinin bazar qiyməti 2000-2500 manat civarında idisə hazırda 1,0 ha torpaq sahəsinin bazar qiyməti 8000-10000 manat civarındadır. Cavabdehlərin ona qarşı etdikləri qanunsuz hərəkətləri nəticəsində ona dəymiş maddi ziyanı (çıxarışların alınmasına, müqavilənin təsdiqinə, üç il ərzində məhkəmələrə gedib gəlməsinə və s.) 5000 manat və mənəvi zərərə görə dəymiş ziyanın 10000 manat qiymətləndirir. Ona görə də cavabdehlər X1 və Cavabdeh2 24000 manat məbləğində pulun, 5000 manat maddi ziyanın, 10000 manat mənəvi ziyanın və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq ona qaytarılması barəsində qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİNDƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN İZAHATİ: İddiaçı apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Xaçmaz Rayon Məhkəməsi xx xxxx 2020-ci il tarixli qətnaməni qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 445.7, 1091.1, 1092.1, 1093.1-ci maddələrinin və prosessual hüquq noromalarının tələbləri pozulmuş və işin faktiki hallarına hüquqi qiymət verilməmişdir. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilib, iddia tələbinin tam həcmində təmin edilməklə tələbin hər iki cavabdehə qarşı yönəldilməsini xahiş etmişdir. Cavabdeh1 apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Xaçmaz Rayon Məhkəməsi xx xxxx 2020-ci il tarixli qətnaməni qəbul edərkən maddi və prosessual hüquq noromalarının tələbləri pozulmuş və işin faktiki hallarına hüquqi qiymət verilməmişdir. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək İddiaçı iddiasının rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı özü tərəfindən verilmiş apelyasiya şikayətini müdafiə, Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayətinə etiraz edərək birinci instansiya məhkəmsəsinin qətnaməsinin dəyişdirilib, iddia tələbinin tam həcmində təmin edilməklə tələbin hər iki cavabdehə qarşı yönəldilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 özü tərəfindən verilmiş apelyasiya şikayətini müdafiə, İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə etiraz edərək birinci instansiya məhkəmsəsinin qətnaməsinin ləğv edilib, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 apelyasiya şikayətlərinə etiraz edib, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-ha¬ki¬min məruzəsini və işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayətləri təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Xaçmaz rayon Qeydiyyat şöbəsi tərəfindən xx xxxxxx 2015-ci il tarixdə verilmiş AZ-İ seriyalı, 758923 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.2015-ci il tarixdə “qara ciyər çatışmazlığından” ölmüşdür. Xaçmaz rayon yalama kənd sovetliyindən xx xxxxxx 1961-ci ildə verilmiş AZ seriyalı, 068860 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx xxxx 1961-ci ildə doğulmuşdur, şəhadətnamənin ata qrafasında X12, ana qrafasında X13 qeydi aparılmışdır. Xaçmaz RİHB-nın Yalama İƏD üzrə nümayəndəsinin xx.xx.2020-ci il tarixli, 225 nömrəli arayışdan görünür ki, mərhum X11 Xaçmaz rayonu, Yalama kəndində vəfat edən günədək atası İddiaçı ilə eyni ünvanda birgə yaşamışdır. İş materiallarında olan notarial qaydada təsdiq olunmuş notariat ofisində yazılmış ərizədə İddiaçı göstərmişdir ki, X5 şəhərində yaşamış oğlu X11 xx.xx.2015-ci il tarixdə vəfat etmişdir. Onun vəfatından sonra miras qalmış əmlak: Xaçmaz rayonu ərazisində yerləşən daşınmaz əmlaklardan ibarətdir. Göstərilən əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. İş materialları ilə müəyyən olur ki, Qusar Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(029)- 1397/2017 nömrəli qətnaməsinə əsasən cavabdeh İddiaçı adına Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Xaçmaz Ərazi idarəsi tərəfindən verilmiş xx xxx 2009-cu il tarixli, MH seriyalı, ******* saylı çıxarışın etibarsız hesab edilməsi qət edilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxx 2018-ci il tarixli, 2(105)- 1370/2018 saylı qətnaməsi ilə Qusar Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2(029)- 1397/2017 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2018-ci il tarixli 2(102)- 5057/18 saylı qərarı ilə Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxx 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qusar Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(029)-216/2019 saylı qətnaməsi ilə Cavabdeh2 İddiaçı, X14 və Qusar Rayon Notariat Kontoruna qarşı bağışlama müqaviləsinin və çıxarışın etibarsız hesab edilməsi, torpaq sahəsinin qaytarılması tələbinə dair ilk iddia təmin edilib, cavabdehlər İddiaçı və X14 arasında Qusar Rayon Notariat Kontorunda bağlanmış xx.xx.2017-ci il tarixli, 4Ə-1418 reyestr nömrəli bağışlama müqaviləsinin, həmin müqavilə əsasında cavabdeh X7 adına Daşınmaz Əmlakın Dövlət Reysteri Xidmətinin Xaçmaz Ərazisi İdarəsi tərəfindən verilmiş çıxarışın etibarsız hesab edilməsi, Qusar rayonu, Gilahoba kəndində yerləşən 3.0 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin cavabdehlər X7 və İddiaçı sahibliklərindən və istifadələrindən alınaraq iddiaçı, qarşılıqlı iddia üzrə Cavabdeh2 və onun ailə üzvlərinin sahibliyinə və istifadələrinə qaytarılması, İddiaçı Cavabdeh2 qarşı əqd üzrə aldıqlarının qaytarılması və çəkilmiş xərclərin əvəzinin ödənilməsi tələbinə dair qarşılıqlı iddiası təmin edilməmişdir. Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(105)- 2755/2019 saylı qətnaməsi ilə ilk iddia üzrə cavabdehlər İddiaçı və X14 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş Qusar Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(029)- 216/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(102)-8265/2019 saylı qərarı ilə ilk iddia üzrə cavabdehlər İddiaçı və X14 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş və Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(105)-2755/2019 saylı qətnaməsi dəyişdirilmədə saxlanmışdır. Sadalanan qanuni qüvvəsini almış məhkəmə aktları ilə müəyyən edilmişdir ki, İddiaçı mübahisəli torpaq sahəsini 2007-ci ildə oğlu Xanlar Zaidov vasitəsi ilə Cavabdeh2 6400 manat pul ödəyərək aldığını bildirmişdir. İşin tədqiq olunan faktiki hallarına və şahid ifadələrinə əsasən məhkəmə kollegiyası müyyən etmişdir ki, mübahisəli torpaq sahəsinin alınması üçün göstərilən pul məbləği mərhum Xanlar Zaidov tərəfindən torpağın mülkiyyətçisi Cavabdeh2 yox, onun qohumu X3 ödənilmişdir. Həmin pulun sonradan Cavabdeh2 ödənilməsinə dair isə məhkəməyə heç bir mötəbər və legitim sübut təqdim edilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasənbir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmin Məcəllənin 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Həmin Məcəllənin 439.3-cü maddəsinə əsasən qanuna və ya müqaviləyə əsasən borcun üstünə faizlər hesablanmalı olduqda, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, onlar iki faiz bəndi əlavə edilməklə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilən uçot dərəcəsi miqdarında, lakin ildə azı beş faiz miqdarında hesablanır. Həmin Məcəllənin 739.1.-ci maddəsinə uyğun olaraq borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pulu və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni kefiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəkilində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 385-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə uyğun olaraq öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olunması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” xx xxx 2002-ci il tarixli qərarında qeyd edilmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Mülki Məcəllənin 21.1-ci maddəsində göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Məcəllənin 21.2-ci maddəsində müəyyən edilir ki, zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Beləliklə bu maddədə nəzərdə tutulmuş zərər real zərər və əldən çıxmış faydadan ibarətdir. Göstərilənlərdən görünür ki, Mülki Məcəllənin 21-ci maddəsi şəxsin hüquqlarının pozulması nəticəsində yaranan maddi zərərin ödənilməsinin ümumi qaydaları kimi qəbul oluna bilər. Bununla yanaşı birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı ona əlavə maddi və mənəvi ziyanın dəyməsi barədə hər hansı bir mötəbər sübutu məhkəməyə təqdim etmədiyindən iddia tələbi həmin hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair xx.xx.2014-cü il tarixli Qərarı ilə müəyyən edilmişdir ki, kreditor (borc verən) və borclu arasında bağlanmış kredit müqaviləsində öhdəliklərin xitamı ilə bağlı digər şərt nəzərdə tutulmadığı halda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin ikinci cümləsinə əsasən öhdəliyin icrasının qurtarmasının müqavilədə müəyyənləşdirilmiş anına qədər müqavilə qüvvədə sayılır. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. İşin yuxarıda qeyd olunan hallarına əsasən birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddia tələbi ilə bağlı 6400 manat pulun iddiaçıya qaytarılması ilə bağlı iddia ərizəsi verilən günədək keçən 12 il ərzində cavabdeh tərəfindən iddiaçıya qaytarılmaması məhkəmə araşdırması zamanı öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası işin həqiqi hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının tələbinin qismən təmin edilib, X1 6400 manat məbləğində pul və pulun ödənilməsi ilə bağlı gecikdirilmiş 12 il müddət üçün illik 5% olmaqla 3840 manat pul, cəmi 10240 manat məbləğində pul tutularaq İddiaçı verilməsi, ödənilmiş 30 manat dövlət rüsumunun 15 manatının iddiaçıya aid edilməsi, 15 manat pulun isə cavabdeh X1 tutularaq iddiaçıya ödənilməsi barədə düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətlərinin dəlillərini müzakirə edərək hesab edir ki, apelyasiya şikayətlərinin dəlilləri əsassız olub, başqa sübutla öz təsdiqini tapmamış və toplanmış sübutlarla təkzib olunmuşdur. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin apelyasiya qaydasında dəyişdirilmədən, apelyasiya şikayətlərinin isə təmin edilmədən saxlanması üçün əsasdır. Ona görə də, apelyasiya şikayətləri təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392-393, 402- 403, və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı və Cavabdeh1 verdiyi apelyasiya şikayətləri təmin edilməsin. Xaçmaz Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(067)-916/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Telman Quliyev Hakimlər: Gülnarə Tağızadə Lətifə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar