Məhkəmə qərarları › İş №2(105)-2623/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2623/2021

17.09.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2623/2021 17.09.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respubikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Əliyev Əlağa Vahid oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh1 MMC-nin direktoru (qanuni təmsilçisi) Cavabdeh2, Cavabdeh1 MMC-nin iştirakçıları Cavabdeh4 və Cavabdeh3 qarşı «məlumatların verilməsinin və iştirakçıların ümumi yığıncağında iştirakının təmin edilməsi vəzifəsinin həvalə edilməsi» tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 19 fevral 2021-ci il tarixli, 2(012)-435/2021 saylı qətnaməsindən Cavabdeh1 MMC tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Abşeron Rayon Məhkəməsinin 19 fevral 2021-ci il tarixli, 2(012)-435/2021 saylı qətnaməsi ilə iddia tələbi təmin olunmuş, "xxxx" MMC-nin indiyədək və bundan sonra təsərrüfat fəaliyyəti və maliyyə vəziyyəti barədə bütün məlumatların müraciəti əsasında İddiaçı verilməsi, eləcə də iştirakçıların növbəti və növbədənkənar ümumi yığıncaqlarında iştirakının təmin edilməsi vəzifəsinin cavabdehlər "xxxx" MMC-nin, "xxxx" MMC-nin direktoru (qanuni təmsilçi) Cavabdeh2, "xxxx" MMC-nin iştirakçısı Cavabdeh3 və "xxxx" MMC-nin iştirakçısı Cavabdeh4 üzərinə qoyulması qət edilmişdir. (hakim E.Məmmədov) Qətnamədən Cavabdeh1 MMC apelyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın rədd edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı Cavabdeh1 MMC-nin iştirakçısı İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC-nin indiyədək və bundan sonra təsərrüfat fəaliyyəti və maliyyə vəziyyəti barədə bütün məlumatların müraciəti əsasında ona verilməsi, eləcə də iştirakçıların növbəti və növbədənkənar ümumi yığıncaqlarında iştirakının təmin edilməsi vəzifəsinin cavabdehlər "xxxx" MMC-nin, "xxxx" MMCnin direktoru (qanuni təmsilçi) Cavabdeh2, "xxxx" MMC-nin iştirakçısı Cavabdeh3 və "xxxx" MMC-nin iştirakçısı Cavabdeh4 üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı Nizamnamə kapitalında 33.3 %-lik iştirak payıyla Cavabdeh1 MMC-nin 3 təsisçisindən biridir. Cəmiyyətin təsis edilməsində iştirakı cəmiyyətin fəaliyyətindən mənfəət əldə etmək məqsədi ilə edilmişdir. Lakin Cəmiyyətin dövlət qeydiyyatına alındığı 2010-cu ildən indiyədək nəinki onun fəaliyyətindən hər hansı bir dividend əldə edə bilməmiş, eləcə də Cəmiyyətin təsərrüfat fəaliyyəti və maliyyə vəziyyəti, eləcə də hər ildə bir dəfədən az olmayaraq çağırılması qanunvericiliklə məcburi hesab edilən iştirakçıların növbəti ümumi yığıncağı barədə hər hansı bir məlumatı yoxdur. Cəmiyyətin təsərrüfat fəaliyyəti və maliyyə vəziyyəti, eləcə də iştirakçıların ümumi yığıncağı barədə məlumatların ona verilməsi, iştirakçıların ümumi yığıncağında iştirakının təmin edilməsi barədə cavabdehə dəfələrlə etdiyi şifahi və yazılı müraciətlər cavabsız saxlanılır, eləcə də iştirakçıların ümumi yığıncaqlarında iştirakı qəsdən təmin edilmir. "xxxx" MMC-nin maliyyə hesabatının audit yoxlanışının həyata keçirilməsi üçün 2010-2019-cu il üzrə illik maliyyə hesabatının onun tərəfindən müəyyən edilmiş auditora təqdim edilməsinə dair ərizə ilə 09.12.2019-cu ildə "xxxx" MMC-yə müraciət etmişdir. Məktub poçt tərəfindən "ünvan səhvdir" yazılaraq geri qaytarılmışdır. Bu məktubdan başqa, Cəmiyyətin digər təsisçilərinin qeydiyyatda olduqları ünvana, Cəmiyyətin direktorunun qeydiyyatda olduğu ünvana, direktorun nömrəsinə, elektron poçt ünvanına da eyni məzmunlu məktublar göndərmişdir. Lakin cavabdehlər bu günə kimi ərizəsində qeyd etdiyi tələbini təmin etməmiş və bununla bağlı ona hər hansı cavab verməmişdir. Cavabdehlər onun iştirakçı olaraq bütün hüquqlarını pozduğundan və pozmaqda davam etdiyindən Cəmiyyətin təsərrüfat fəaliyyəti və maliyyə vəziyyəti barədə bütün məlumatların ona verilməsi, eləcə də iştirakçıların ümumi yığıncağında iştirakının təmin edilməsi vəzifəsi cavabdehlərə həvalə edilməlidir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ : Cavabdeh1 MMC apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmənin qərarı qanunsuz və əsassızdır. İddiaçınının iddia etdiyi məlumatların ona verilməsi barədə iddiaçı tərəfindən Cavabdeh1 MMC-yə hər hansı müraciət daxil olmamışdır. İddiaçının iddia ərizəsində digər təsisçiləri cavabdeh qoyması və məhkəmənin iddiaçının bu tələbini təmin etməsi Mülki Məcllənin 46-cı və 52-ci maddələrinin tələblərinə ziddir. Belə ki, Mülki Məcəllənin 46-cı maddəsində qeyd olunmuşdur ki, hüquqi şəxsin təsisçiləri hüquqi şəxsin dövlət qeydiyyatına alınmasına qədər əmələ gəlmiş, hüquqi şəxsin yaradılması ilə bağlı olan öhdəliklər üzrə birgə məsuliyyət daşıyırlar. Bundan əlavə həmin Məcəllənin 52.2-ci maddəsində göstərilir ki, Bu Məcəllədə və ya hüquqi şəxsin nizamnaməsində nəzərdə tutulan hallar istisna olmaqla, hüquqi şəxsin təsisçisi (iştirakçısı) hüquqi şəxsin öhdəlikləri üçün, hüquqi şəxs isə təsisçinin (iştirakçının) öhdəlikləri üçün cavabdeh deyildir. Abşeron Rayon Məhkəməsi digər cavabdehlərin iştirakını təmin etməmişdir. Apelyasiya baxışı zamanı məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil apelyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etdi. Apelyasiya baxışı zamanı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehlər heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəməmiş, nümayəndələrini göndərməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək və iddiaçı tərəfin rəyini nəzərə alaraq məhkəmə kollegiyası işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır: İş materiallarına əlavə edilmiş Cavabdeh1 MMC-nin Nizamnaməsində görünür ki, Cəmiyyətin Nizamnaməsi 06.10.2010-cu ildə qeydə alınmışdır. Nizamnamənin 2-ci redaksiyası 12.06.2017-ci ildə qeydə alınmışdır. Təsisçilər İddiaçı, Cavabdeh3 və Cavabdeh4 olmaqla hər biri 10 paya malikdir. İş materiallarında olan Azərbaycan Respublikası Vergilər Nazirliyi Kommersiya qurumunun dövlət reyestrindən çıxarışından görünür ki, İddiaçı və digər təsisçilərin Cavabdeh1 MMC-nin nizamnamə kapitalındakı mayasının miqdarı 10 pay müəyyənləşdirilmişdir və Cəmiyyətin qanuni təmsilçisi Cavabdeh2dur. M Ə H K Ə M Ə N İ N H Ü Q U Q İ M Ö V Q E Y İ: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Yenə həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini dinləyərək, apelyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməməli, hazırkı iş üzrə Abşeron Rayon Məhkəməsinin 19 fevral 2021-ci il tarixli, 2(012)- 435/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı Cavabdeh1 MMC-nin təsisçilərindən biri olmaqla məhdud məsuliyyətli cəmiyyətinin fəaliyyətinə dair məlumatlar almaq hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 90-1.1-ci maddəsinə əsasən məhdud məsuliyyətli cəmiyyətin fəaliyyəti nəticəsində əldə edilmiş xalis mənfəətin iştirakçılar arasında bölüşdürülməsi cəmiyyətin ümumi yığıncağı tərəfindən qəbul edilən qərar əsasında cəmiyyətin nizamnaməsində müəyyən edilmiş qaydada həyata keçirilir. Həmin qərarda mənfəətin tamamilə və ya qismən bölüşdürülməsi müəyyən edilə bilər. Yenə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 90-1.2-ci maddəsinə əsasən məhdud məsuliyyətli cəmiyyətin hər bir iştirakçısının nizamnamə kapitalındakı mayalarına uyğun olaraq mənfəət almaq hüququ vardır. Xalis mənfəət ümumi yığıncağın qərarı qəbul edildikdən sonra bir ay müddətində ödənilməlidir. Mülki Məcəllənin 91.1-1-ci maddəsinə əsasən məhdud məsuliyyətli cəmiyyətin iştirakçılarının ümumi yığıncağı növbəti və növbədənkənar ola bilər. Hər bir iştirakçının cəmiyyətin iştirakçılarının ümumi yığıncağında iştirak etmək, cəmiyyətin orqanlarını seçmək (təyin etmək), onlara seçilmək (təyin edilmək) və səsvermədə iştirak etmək (bu Məcəllənin 49-1.2-ci və 49-1.3-cii maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla), şəxsən iştirak etmək və ya bu Məcəllə ilə müəyyən edilmiş qaydada təyin etdiyi nümayəndə vasitəsilə təmsil olunmaq, ümumi yığıncağın gündəliyində dəyişikliklərin edilməsini və gündəliyə yeni müzakirə mövzularının əlavə olunmasını tələb etmək hüququ vardır, iştirakçıların həmin hüquqlarını məhdudlaşdıran hər hansı razılaşma və ya hərəkət etibarsızdır. Cəmiyyətin iştirakçılarının ümumi yığıncaqda hər bir iştirakçının onun nizamnamə kapitalındakı payına mütənasib səsi vardır. Cəmiyyətin iştirakçısı olmayan kollegial icra orqanının rəhbəri və üzvləri və ya cəmiyyətin təkbaşçı icra orqanının rəhbəri ümumi yığıncaqda məşvərətçi səs hüququ ilə iştirak edə bilər. Bu Məcəllə ilə cəmiyyətin iştirakçılarının ümumi yığıncağının müstəsna səlahiyyətlərinə aid edilən məsələlərdən başqa, cəmiyyətin nizamnaməsinə uyğun olaraq cəmiyyətin iştirakçılarının ümumi yığıncağının səlahiyyətlərinə digər məsələlər də aid edilə bilər. Nizamnamədə müəyyən edilib-edilməməsindən asılı olmayaraq, ümumi yığıncaq cəmiyyətin fəaliyyəti ilə əlaqədar istənilən məsələni müzakirə edə bilər. Həmin Məcəllənin 91.1-2-ci maddəsinə əsasən cəmiyyətin iştirakçılarının növbəti ümumi yığıncağı icra orqanı tərəfindən nizamnamədə müəyyən edilmiş müddətdə, lakin ildə bir dəfədən az olmayaraq çağırılır. Cəmiyyətin illik fəaliyyətinin yekunlarına həsr olunmuş ümumi yığıncaq hesabat-maliyyə ili başa çatdıqdan sonra dörd aydan gec olmayaraq çağırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 91.3.3-cü maddəsinə əsasən cəmiyyətin illik hesabatlarını və maliyyə hesabatlarını təsdiq etmək, onun mənfəətini və zərərini bölüşdürmək məhdud məsuliyyətli cəmiyyət iştirakçılarının ümumi yığıncağının müstəsna səlahiyyətinə aiddir. Yenə həmin Məcəllənin 49.4-cü maddəsinə əsasən hüquqi şəxs adından çıxış edən şəxs, o cümlədən hüquqi şəxsin idarəetmə orqanlarında (müşahidə (direktorlar) şurası, icra orqanı) təmsil olunan hər hansı şəxs hüquqi şəxsə və ya səhmdara (payçıya) dəyən zərərə görə məsuliyyət daşıyır. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırki halda məhkəmə kollegiyası hesab edir ki, cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvinə dair apelyasiya şikayətinin dəlillərini sübut edə bilməmişdir. Bu baxımdan, məhkəmə kollegiyası onun apelyasiya şikayətində göstərdiyi dəlilləri qiymətləndirirərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Məhkəmə kollegiyası həmçinin hesab edir ki,Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən apelyasiya şikayətinin verilməsi üçün cavabdehin ödədiyi dövlət rüsumu onun özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 384.0.3, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Apelyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Abşeron Rayon Məhkəməsinin 19 fevral 2021-ci il tarixli, 2(012)-435/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu Cavabdeh1 MMC-nin özünə aid edilsin. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar