Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2647/2021 07.10.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, İddiaçı və Cavabdeh iştirakları ilə açıq məhkəmə iclasında Sumqayıt Şəhər Məhkəməsinin 26 aprel 2021-ci il tarixli, 2(060)-980/2021 saylı qətnaməsindən İddiaçı apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhər Məhkəməsinin 26 aprel 2021-ci il tarixli, 2(060)-980/2021 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Azər İsmayılov) İddiaçı Cavabdeh qarşı pul və dəymiş mənəvi ziyan tələbinə dair mülki iş üzrə iddia qismən təmin edilmiş, Cavabdeh 20000 manat məbləğində pulun və 30 manat ödənilmiş dövlət rüsumunun İddiaçı xeyrinə tutulması, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmiş, iddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, İddiaçı iddia ilə məhkəməyə müraciət edərək Cavabdeh 40000 manat məbləğində pulun, 5000 manat məbləğində mənəvi ziyana görə təzminatın və dövlət rüsumu kimi ödədiyi 30 manat məbləğində pulun alınaraq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmiş və tələblərini onunla əsaslandırmışdır ki, 28.04.2020-ci il tarixdə cavabdeh özünə məxsus olan Abşeron rayonu, Saray bağlar sahəsində yerləşən 3 sot torpaq sahəsini 20000 manata satdığını bildirmiş, həmin torpaq sahəsini bəyəndiyi üçün almaq qərarına gəlmişdir. O, həmin gün cavabdehə 20000 manat məbləğində pul ödəmiş, cavabdeh bir ay müddətində torpağı onun adına rəsmiləşdirməklə ona təhvil verəcəyini öhdəsinə götürmüşdür. Cavabdeh pulu götürərkən onu tam əmin etmişdir ki, əgər torpaqla bağlı hər hansı bir problem yaranarsa, aldığı pulun iki qatını, yəni 40000 manat məbləğində pulu qaytaracaqdır. Bu barədə yazılı iltizam verməsinə baxmayaraq cavabdeh ona satdığı və dəyərini də ondan qəbul etdiyi həmin torpaq sahəsini adına rəsmiləşdirməmiş, üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Keçən müddət ərzində cavabdehə vermiş olduğu pulları geri tələb etsə də, cavabdeh hər dəfə bir bəhanə gətirməklə həmin pulları ona qaytarmamış, onu ağır bir duruma salmışdır. Halbuki, cavabdeh pulu alarkən götürdüyü öhdəliklərlə bağlı məsuliyyət daşıyır və buna görə də almış olduğu pulun iki qatını, yəni 40000 manat məbləğində pulu ona qaytarmalıdır. Bundan başqa, cavabdehin onu aldatması, pulunu aldıqdan sonra üzərinə götürdüyü öhdəliyi yerinə yetirməməsi səbəbindən əsəb-stres keçirmiş, diskomfort vəziyyətinə düşmüş, nəticədə ona mənəvi ziyan dəymişdir ki, həmin ziyanı 5000 manat məbləğində qiymətləndirir. Mübahisə üzrə yuxarıda göstərilən qətnamə qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə ilə iddia tələbinin təmin edilməmiş hissəsində razı deyildir. Belə ki, 28.04.2020-ci il tarixdə cavabdeh özünə məxsus olan Abşeron rayonu, Saray bağlar sahəsində yerləşən 3 sot torpaq sahəsini 20000 manata satdığını bildirmiş və həmin torpaq sahəsini bəyəndiyi üçün almaq qərarına gəlmişdir. O, həmin gün cavabdehə 20000 manat məbləğində pul ödəmiş, cavabdeh bir ay müddətində torpağı onun adına rəsmiləşdirməklə ona təhvil verəcəyini öhdəsinə götürmüşdür. Cavabdeh pulu götürərkən onu tam əmin etmişdir ki, əgər torpaqla bağlı hər hansı bir problem yaranarsa, aldığı pulun iki qatını, yəni 40000 manat məbləğində pulu qaytaracaqdır. Bu barədə yazılı iltizam verməsinə baxmayaraq cavabdeh ona satdığı və dəyərini də ondan qəbul etdiyi həmin torpaq sahəsini adına rəsmiləşdirməmiş, üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Keçən müddət ərzində cavabdehə vermiş olduğu pulları geri tələb etsə də, cavabdeh hər dəfə bir bəhanə gətirməklə həmin pulları ona qaytarmamış, onu ağır bir duruma salmışdır. Halbuki, cavabdeh pulu alarkən götürdüyü öhdəliklərlə bağlı məsuliyyət daşıyır və buna görə də almış olduğu pulun iki qatını, yəni 40000 manat məbləğində pulu ona qaytarmalıdır. Bundan başqa, cavabdehin onu aldatması, pulunu aldıqdan sonra üzərinə götürdüyü öhdəliyi yerinə yetirməməsi səbəbindən əsəb-stres keçirmiş, diskomfort vəziyyətə düşmüş, nəticədə ona mənəvi ziyan dəymişdir ki, həmin ziyanı 5000 manat məbləğində qiymətləndirir. İddiaçı apellyasiya şikayətində məhkəmə qətnaməsinin ləğv edilməsi və iddianın bütünlüklə təmin edilməsi, cavabdehdən 40000 manat məbləğində pulun, 5000 manat məbləğində mənəvi ziyana görə təzminatın və dövlət rüsumu kimi ödədiyi 30 manat məbləğində pulun alınaraq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verdi. Cavabdeh məhkəmə iclasında apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, izahatında iş üzrə məhkəmə qətnaməsinin iddianın təmin edilməmiş hissəsində dəyişdirilmədən saxlanılmasını, apellyasiya şikayətinin isə təmin edilməməsini xahiş etdi və əlavə olaraq göstərdi ki, ona məxsus Abşeron rayonu Saray qəsəbəsində yerləşən 0,02 ha torpaq sahəsini başqa şəxsə satmışdır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, iş üzrə məhkəmə qətnaməsi iddianın təmin edilməmiş hissələrində dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, apellyasiya şikayəti qətnamənin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin faktiki olaraq iddianın təmin edilməmiş hissələrində ləğv edilməsinə yönəldiyindən iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı bu hissədə yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan 28.04.2020-ci il tarixli qəbzdən görünür ki, İddiaçı 20000 manat məbləğində pulu Abşeron rayonu, Saray bağlarında yerləşən 3 sot torpaq sahəsini almaq üçün Cavabdeh vermiş, əgər hər hansı bir problem yaranarsa Cavabdeh aldığı 20000 manat pulun iki qatını, yəni 40000 manat pulu İddiaçı ödəyəcəyinə söz vermişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Abşeron rayonu Saray qəsəbəsində yerləşən 0,02 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh adına 06.02.2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 451 nömrəli reyestr kitabının 60 nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası MM-nin 491.1-ci maddəsinə əsasən beh müqavilənin bağlanmasını təsdiq etmək və icrasını təmin etmək məqsədilə razılığa gələn tərəflərdən birinin müqavilə üzrə digər tərəfə verəcəyi ödənişlər hesabına verdiyi pul məbləğidir. Həmin Məcəllənin 491.2-ci maddəsinə görə behin məbləğindən asılı olmayaraq beh haqqında razılaşma yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 492.2-ci maddəsinə əsasən əgər müqavilənin icra edilməməsi üçün beh vermiş tərəf məsuliyyət daşıyırsa, beh digər tərəfdə qalır. Əgər müqavilənin icra edilməməsi üçün beh almış tərəf məsuliyyət daşıyırsa, o, digər tərəfə behin iki mislini ödəməlidir. Bundan əlavə, müqavilənin icra edilməməsi üçün məsuliyyət daşıyan tərəf, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, beh məbləği hesaba alınmaqla, zərərin əvəzini digər tərəfə ödəməyə borcludur. Maddənin tələbindən göründüyü kimi, behin məbləğindən asılı olmayaraq beh haqqında razılaşma yazılı formada bağlanmalı və əgər müqavilənin icra edilməməsi üçün beh almış tərəf məsuliyyət daşıyırsa, o, digər tərəfə behin iki mislini ödəməlidir. İş materiallarından görünür ki, tərəflər arasında yazılı formada bağlanmış beh müqaviləsi mövcud deyildir. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1 və 448.2-ci maddələrinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. İşin müəyyən edilmiş hallarından görünür ki, tərəflər arasında yazılı formada bağlanmış beh müqaviləsi olmasa da, Cavabdeh Abşeron rayonu Saray qəsəbəsində yerləşən özünə məxsus torpaq sahəsini 20000 manata iddiaçıya satmağı öhdəsinə götürmüş, həmin məbləğdə pulu iddiaçıdan almış, lakin öhdəliyini yerinə yetirməmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh İddiaçı xeyrinə 20000 manat tutulmasına dair birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. İddia ərizəsindən, iş materiallarından görünür ki, İddiaçı cavabdehdən 5000 manat məbləğində mənəvi ziyan tələb edir. Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli, 07 saylı qərarının 2-ci bəndində göstərilir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Həmin Qərarın 4-cü bəndinə görə şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquqpozmalarda) ifadə oluna bilər. Həmin Qərarın 8-ci bəndində göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, halda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə kollegiyası hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsas şübhədən kənar standartlar tətbiq edilir. İş materiallarında İddiaçı fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların Cavabdeh qanunsuz hərəkət və ya hərəkətsizlikləri nəticəsində baş verməsini təsdiq edən heç bir sübut yoxdur. Məhkəmə kollegiyası yuxarıda sadalanan maddi hüquq normalarının tələblərini hazırki mübahisəli hüquq münasibətlərinə tətbiq edib, hesab edir ki, iddianın təmin edilməmiş hissələrində birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslıdır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən işə əlavə edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib, hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin edilməmiş hissələrində faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan, işdə, iş üzrə məhkəmə qətnaməsinin bu hissələrdə apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə məhkəmə qətnaməsi iddianın təmin edilməmiş hissələrində dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 26 aprel 2021-ci il tarixli, 2(060)-980/2021 saylı qətnaməsi iddianın təmin edilməmiş hissələrində dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qətnamədən kassasiya şikayəti verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-2647/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2647/2021
07.10.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver