Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-266/2024 22.02.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Fuad Əli oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədzadə Səbinə Məhəmməd qızının katibliyi, İddiaçı və onun nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Maksimus MMC-yə qarşı “arakəsmələrin qoyulması və terrasa girişin qadağan edilməsi” tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 25 sentyabr 2023-cü il tarixli, 2(060)-4130/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Maksimus MMC-yə qarşı arakəsmələrin qoyulması və terrasa girişin qadağan edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən iddiaçıya məxsus Sumqayıt şəhəri, Sülh küçəsi, X5 cənubu, 1-ci döngə ünvanında yerləşən C-1 blok, 2-ci mərtəbədə yerləşən 1 nömrəli mənzilin qarşısında olan terrasa gül dibçəklərindən arakəsmə qoyulması, kənar şəxslərin terrasa girişinin qadağan edilməsi, kompleksin işçilərinin zərurət yarandığı halda iddiaçını qabaqcadan xəbərdar etməklə terrasa girişinə icazə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onunla "xxxx" MMC arasında 18 dekabr 2018-ci ildə 053/18 saylı “Mənzil İnşaat Müqaviləsi” bağlanmışdır. Həmin müqavilənin 1-ci bəndinə görə Sumqayıt şəhəri, Sülh küçəsi, X5 cənubu, 1-ci döngə ünvanında yerləşən C1-blok, 2-ci mərtəbədə yerləşən 1 nömrəli mənzil ona satılmışdır. Onunla "xxxx" MMC arasında 28 fevral 2022-ci ildə “yaşayış binasının sakinlərinin birgə yaşayış qaydaları haqqında” 0687 nömrəli kommunal müqaviləsi bağlanmışdır. Ona satılan 1 nömrəli mənzilin qarşısında təxminən 60-70 kv.m. terras ərazi vardır. Həmin terras ərazi bina rəhbərliyinin sərəncamındadır. Adı çəkilən kommunal müqaviləsinin 5.10-cu bəndinə görə “binanın terras mərtəbə hissələrindən yararlanan mənzil sahibləri mənzillərinin qarşısında yerləşən terrasdan istifadə edə bilərlər”. Müqavilənin həmin bəndinə görə terras ərazi mənzillər üzrə xüsusi gül dibçəkləri ilə bölünməlidir. Həmin gül dibçəklərinin və içindəki güllərin qorunub-saxlanması həmin mənzil sahiblərinə aiddir. Terrasın təmizliyini qoruyubsaxlamaq üçün terrasa düşən mənzil sahibləri terrasdan məhdud istifadə edə bilərlər. Həmin hissədə hər hansı bir inşaat işlərinin aparılması qadağandır. Cavabdeh mənzillərinin qarşısında olan terras ərazidə gül dibçəkləri qoymamışdır. Müqaviləyə əsasən həmin gül dibçəkləri onun evinin ön hissəsindəki terras ərazisinin sol yan tərəfinə arakəsmə formasında düzülməli idi. Həmin arakəsmə qoyulmadığına görə kənar şəxslər terrasda hərəkət edərək evin içərisində yaşamaqlarına süni əngəllər yaradır. Terras ərazi mənzili ilə paralel olduğu üçün terrasda hərəkət edən kənar şəxslər tərəfindən mənzilinin içərisi görünür. Bu da ailə üzvləri arasında narahatlıq yaradır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mənzilininin qapı və pəncərələri terras əraziyə tam açılır. Bu da tərəflər arasında bağlanmış “kommunal müqavilə”-nin 5.10-cu maddəsinin tələblərinə ziddir. Onunla bağlanmış 053/18 saylı “alqı-satqı” müqaviləsinin bağlanmasından beş ilə yaxın vaxt keçməsinə baxmayaraq cavabdeh gül dibçəklərindən ibarət arakəsmə qoyulacağı vədinə əməl etməmişdir. Onunla və digər sakinlərlə kompleks rəhbərliyi arasında arakəsmə qoyulacağı barədə şifahi razılaşma sakinlərin fikri nəzərə alınmadan ləğv edilmişdir. Dəfələrlər qeyd edilən nöqsanların aradan qaldırılması üçün cavabdehə müraciət etsə də heç bir tədbir görülməmişdir. Hesab edir ki, terrasa gül dibçəklərindən arakəsmə qoyulması, kənar şəxslərin terrasa girişinin qadağan edilməsi, kompleksin işçilərinin zərurət yarandığı halda onu qabaqcadan xəbərdar etməklə terrasa girişinə icazə verilməsi barədə qətnamə qəbul edilməlidir. Sumqayıt Şəhər Məhkəməsinin 25 sentyabr 2023-cü il tarixli, 2(060)-4130/2023 nömrəli qətnaməsi ilə İddiaçı cavabdeh Maksimus MMC-nə qarşı arakəsmələrin qoyulması və terrasa girişin qadağan edilməsi tələbinə dair iddiasının təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun İddiaçı aid edilməsi qət edilmişdir (hakim Aynur Behbudova). Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin 25 sentyabr 2023-cü il tarixli, 2(060)-4130/2023 nömrəli qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, hesab edir ki, aşağıdakılara görə iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 25 sentyabr 2023-cü il tarixli 2(060)- 4130/2023 nömrəli qətnaməsi iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmaması və işin hallarına uyğun olmaması səbəbindən qətnamə ləğv edilməli iddia tələbi təmin edilməlidir. Ona görə ki, Maksimus MMC müqavilənin “yaşayış binalarının sakinlərinin birgə yaşayış qaydaları haqqında 0687 nömrəli kommunal müqavilənin 5.10-cu bəndinə görə terras ərazi mənzillər üzrə xüsusi gül dibçəkləri ilə bölünməyini üzərinə götürdüyü öhdəliyini icra etməmişdir ki, onların iddiasının hüquqi əsası bundan ibarət olmuşdur. Yəni “ Maksimus MMC” üzərinə öhdəlik götürmüşdür ki, natural formada olmasa da belə terrasın mənzil sahiblərinə aid hissəsi dibçəklərlə və hər hansı digər yüngül konstruksiya ilə bölünərək müəyyənləşdirilməli idi. Bügünkü günədək Maksimus MMC-dən müqavilə üzrə üzərinə düşən həmin öhdəliyin icra olunmsını tələb edir. Lakin məhkəmə göstərilən hallara düzgün qiymət verməmiş, onun heç bir hüququnun pozulmadığı qənaətinə gəlmişdir. O, hazırkı iddianı preventiv iddia kimi qabaqlayıcı tədbir kimi qaldırır ki, mənzillə bağlı gələcək hüquqlarının təminat altına alsın. Belə ki, terrasdan istənilənan kənar şəxs mənzilinə daxil ola bilər. Orada fövqəladə hal və ya oğurluq hadisəsi törədilə bilər ki, bu özlüyündə ona ağır bərpa olunmaz zərərin vurulmasına gətirib çıxara bilər. Həmçinin hazırkı iddianın təmin olunmağı hər hansı 3-cü şəxslərin hüquqlarını pozmur. Eyni zamanda məhkəmə qeyd etmişdir ki, onun qonşunun təsirinə dözmək vəzifəsi var. Lakin qonşular məişət tullantılarını istifadəsində olan terras sahəsinə qoyurlar. Oranı zibil qabı kimi istifadə edirlər. Zibillərdən gələn təsirə isə dözmək vəzifəsi qanunla müəyyənləşdirilməmişdir. Həmçinin zibilin tökülmsi qonşular tərəfindən həddin aşılması deməkdir. Qanunun tələbinə görə bu qanunsuz təsirlər Mülki Məcəllənin 170-ci maddəsi ilə qadağan edilmişdir. Təsəvvür edilsin ki, hər dəfə terrasa çıxılan an yuxarıdan qonşular siqaret kötükləri, çirkab suları, məişət tullantıları, həmçinin tanımadıqları kənar şəxslərlə qarşılaşırlar və bir gün evin içində bütün baş verənləri sərbəst şəkildə görə bilirlər. Həmçinin müxtəlif qoxudan ibarət olan zibillər qarşınıza çıxır. Onun tələbi terrasın ümumi istifadəsində olan hissəsinə aid deyil. Sırf mənzildən çıxan hissəyə aiddir ki, bu qanunun tələbinə görə mənzil mülkiyyətçisinin keçid kimi zəruri istifadə üçün nəzərdə tutulan sahəyə aiddir. Məhkəmə bu halı araşdırmamış və hüquqi qiymət verməmişdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi X4 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq iş üzrə cavabdeh Maksimus MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsinə əsasən onun nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, iddiaçının və onun nümayəndəsinin izahatlarını dinləyərək, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 25 sentyabr 2023-cü il tarixli, 2(060)-4130/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Sumqayıt Bağça Şəhər yaşayış kompleksinin idarəetməsi tərəfindən X3 ünvanlanmış müraciətə cavabdan görünür ki, xx.xx.2018-ci il tarixində N053/18 saylı Mənzil İnşaat Müqaviləsi ilə İddiaçı Bina 18, mərtəbə 2, 1 nömrəli 103 kvadrat metr olan mənzil satılmışdır. Müqavilə üzrə şirkət üzərinə götürdüyü öhdəliyi icra etmiş, müqavilədə göstərilən vaxtdan əvvəl qeyd olunan mənzil sahibinə təhvil verilmişdir. Qeyd olunan mənzilin qarşısında təxminən 60-70 kvadrat metr terras ərazi vardır və həmin terras ərazi İddiaçı satılmamış və bina rəhbərliyinin sərəncamındadır. Həmin terras ərazidə yağış suları üçün nəzərdə tutulmuş daimi qulluq tələb edən trap xətləri, qeyri yaşayış obyektlərinə aid qurğular, elektrik xətləri və s. vardır. Bu səbəblə tələb olunduğu təqdirdə şirkətin işçi heyəti terras ərazidə təmir-bərpa və təmizlik işləri icra edirlər. Terras ərazi onlara satılmadığı üçün və müqavilə üzrə 103 kvadrat metrlik mənzilə hər hansı bir kənar müdaxilə olmadığı üçün rəsmi müraciətdə qeyd etdikləri Azərbaycan Respublikası Konstutsiyasının 31-ci, 33-cü və 43-cü maddələrinin pozuntusuna iddia etməklərinin heç bir hüquqi əsası yoxdur. Digər mərtəbələrdəki mənzillərdən fərqli olaraq terrasa düşən mənzillərin təhlükəsizliyi üçün şirkət əlavə vəsait xərcləyərək terras hissəyə düşən bütün pəncərələri tam örtməklə məhəccər ilə təmin etmişdir. Binaların terras hissəsi mənzil sahiblərinə satılmadığı üçün həmin hissələrdə mənzillər arası arakəsmə edərək bağlı şəkildə mənzil sahiblərinin istifadəsinə verilməsi nəzərdə tutulmamışdır. Bununla bağlı sonuncu müzakirədə verilən qərarı onlara bildirmiş, anlayış göstərilməsini xahiş etmişdir. İş materiallarında olan 053/18 nömrəli mənzil inşaatı müqaviləsindən görünür ki, inşaatçı "xxxx" MMC ilə İddiaçı arasında müqavilə bağlanmışdır. İnşaatçı Azərbaycan Respublikası Qanunverciliyinə, inşaat sənayesinə mövcud olan işgüzar adətlərə və müvafiq qaydada aidiyyəti təşkilatlarla təsdiq olunmuş layihə sənədlərə uyğun olaraq, ünvan 2 ünvanda özünəməxsus torpaq sahəsində inşa etdiyi yaşayış binasının C1-blok, 2ci mərtəbəsində yerləşən ümumi inşaat sahəsi 102 kvadrat metr olan, üç otaqlı, 1 nömrəli mənzil ilə təmin etməyi öhdəsinə götürür. Bu müqavilədə başqa hal nəzərdə tutulmazsa inşaatçı mənzilin inşaatını başa çatdırılması üçün lazım olan bütün materiallar, işçi qüvvəsi və avadanlıqları öz vəsaiti hesabına təmin edir. Bu maddənin məqsədləri üçün inşaat sahəsi dedikdə, mənzilin çöl və daxili divarların, eyvan, eləcə də kolonların tutduğu sahələrin tamamı və qonşu divarların yarısı nəzərdə tutulur. İş materiallarında olan 28 fevral 2022-ci il tarixli, 0687 nömrəli kommunal müqavilədən görünür ki, "xxxx" MMC ilə İddiaçı arasında yaşayış binasının sakinlərinin birgə yaşayış qaydaları haqqında kommunal müqaviləsi bağlanmışdır. Sumqayıt şəhəri, Sülh küçəsi ünvanda yerləşən “Sumqayıt Bağça Şəhər” hündürmərtəbəli, çoxmənzilli yaşayış binalarının sakinləri bu müqavilədə göstərilən norma, standartlara və qaydalara əməl edir. Şirkət isə bu müqavilənin tələblərinə sakin tərəfindən əməl olunmasına nəzarəti həyata keçirir. Müqavilənin icra olunmasını və bu müqavilənin 7.1-ci bəndində sadalanan kommunal xidmətlərin göstərilməsini təmin edir. Bu müqavilə üzrə sakinlər dedikdə qeyd olunan yaşayış binalarının ayrı-ayrı mənzil vahidlərinin mülkiyyətçiləri, həmin mülkiyyətçilərin mənzildə yaşayan ailə üzvləri, mənzildə müvəqqəti olaraq yaşayan şəxs (kirayəçi qismində) başa düşülür. Birinci instansiya məhkəməsində yerli baxış zamanı müəyyən edilmişdir ki, ünvan 2 ünvanında yerləşən C1-blok, 2-ci mərtəbədə yerləşən terras ümumi istifadədir. İddiaçının istifadəsində olan 1 nömrəli mənzil terrasın sonunda yerləşir. Terrasa 2-ci mərtəbədə yerləşən mənzillərdən, eləcə də, ümumi istifadədə sahələrdən (bloklardan) çıxışlar var. Sakinlər terrasa mənzillərindən çıxır. Bloklardan isə terrasa xüsusi arakəsməli qapılardan mövcud olan çıxışlar kilidlə bağlıdır. Həmin çıxışlardan yalnız cavabdehin əməkdaşları tərəfindən istifadə olunur. İddiaçının iştirakı ilə keçirilən video-diskə baxış zamanı müəyyən olunmuşdur ki, əyləşmək üçün yerə bərkidilməyən oturacaq qoyulmuşdur. Həmin oturacaqdan başqa əyləşmək üçün digər şəxslər tərəfindən başqa bir oturacaq yerləşdirilməmişdir. Sadalananlara əsasən, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməmiş və qətnaməsini onunla əsaslandırmışdır ki, arakəsmələrin qoyulması və terrasa girişin qadağan edilməsi tələbinə dair iddia irəli sürməklə İddiaçı hansı hüquqlarının pozulmasını, ümumilikdə iddia tələbinin hüquqi əsasının nədən ibarət olmasını əsaslandıra bilməmiş, mötəbər sübutları məhkəməyə təqdim etməmiş, yəni sübutetmə vəzifəsini yerinə yetirməmişdir. Buna görə də, məhkəmə iclasında təqdim olunmuş sübutlar qiymətləndirilərkən məhkəmə bu qənaətə gəlmişdir ki, iddia tələbi əsassız olmaqla öz təsdiqini tapmır. Məhkəmədə iddiaçı 28 fevral 2022-ci il tarixli kommunal müqaviləsinə istinad etsə də, həmin müqavilənin 5.10-cu bəndinə əsasən binaların 2-ci mərtəbəsində mənzil qarşısına düşən hissə terras adlanır və həmin ərazi alqı-satqı müqaviləsində qeyd olunmadığı üçün hər hansı bir mənzilə aid deyildir, bina rəhbərliyinin sərəncamındadır. Terras ərazi mənzillər üzrə xüsusi gül dibçəkləri ilə bölünməsi nəzərdə tutulmuşdur ki, həmin gül dibçəklərinin və içindəki güllərin qorunub baxılması həmin mənzil sahiblərinə aiddir. Gül dibçəklərini qəsdən və ya ehtiyatsızlıqdan sındıran və ya yararsız hala salan mənzil sahibləri terrasın təmizliyini icra etdikləri təqdirdə terrasdan məhdud şəkildə istifadə edə bilərlər. Terrasda yemək bişirmək, manqal, samovar və sair yanğın təhlükəsi olan əşya və avadanlıqların istifadə edilməsi qadağandır. Məhkəmə hesab etmişdir ki, ümumi istifadə üçün nəzərdə tutulmuş sahədə, arakəsmələrin qoyulması mənzilin görünüş və ümumi qaydaların tələblərinə zidd olmaqla, digər vətəndaşların hüquqlarının pozulmaqla, haqlı narazılıqlarına səbəb ola bilər. Bundan əlavə cavabdehin nümayəndəsi tərəfindən iddiaçının müraciətinə cavab məktubundan müəyyən edilmişdir ki, iddiaçının mənzilinin qarşısında yerləşən terrasda, ümumi işlərin görülməsi üçün, şirkətin işçi heyəti terras ərazidə təmir-bərpa və təmizlik işləri icra edərkən anlayışla qarşılanmasını diqqətə çatdırmışdır. İddiaçının hər bir vətəndaşın hüquqlarının pozulması ilə məhkəməyə müraciət etmək imkanın olması baxımından məhkəmə hesab etmişdir ki, arakəsmələrin qoyulması və sair tələbi ilə hansı hüquqlarının bərpa olunmasını əsaslandıra bilməmiş, bunun əsasında isə mütənasiblik təşkil etməmişdir. Məhkəmə Kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 170.1 və 170.2-ci maddəsinə əsasən ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, birbirinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Həmin Məcəllənin 171.1-ci maddəsinə əsasən torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisi, əgər öz sahəsindən istifadə etməkdə ona maneçilik yaranmırsa və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulursa, qonşu sahədən qazın, buxarın, qoxunun, hisin, tüstünün, səs-küyün, istiliyin, titrəyişlərin və ya digər oxşar amillərin öz sahəsinə təsirini qadağan edə bilməz. Məhkəmə kollegiyası terras ərazidən kənar şəxslərin istifadə etməsi ilə əlaqədar iddiaçının mənzil hüquqlarının pozulmasına dair apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, apellyasiya şikayətinin həmin dəlilləri əsassızdır və bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Belə ki, bununla əlaqədar məhkəmə kollegiyası tərəfindən də tam dolğun təsəvvür yaradılması məqsədi ilə qeyd olunan terras əraziyə baxış keçirilmiş və müəyyən olunmuşdur ki, həmin ərazidən kənar şəxslər deyil, yalnız binanın həmin mərtəbə sakinləri istifadə edə bilər. Mübahisələndirilən sahə binanın orta hissəsində deyil, tam baş tərəfində yerləşir. Bundan əlavə binanın həmin mərtəbə sakinləri bir-birlərinə qarşılıqlı hörmət göstərilməklə digərlərinin hüquqlarını pozmurlar. Ümumi istifadə olan həmin sahə cavabdeh tərəfindən tam təmiz vəziyyətdə saxlanılır. Hazırkı mübahisə ilə bağlı məhkəmə kollegiyası işin 44-45 vərəqində əks olunan cavabdehin etirazının dəlillərini tam əsaslı hesab edir. Belə ki, “... Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 35.1-ci maddəsinə görə də, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər (o cümlədən, mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər) (bundan sonra – çoxmənzilli binanın ümumi əmlakı) ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli 0687 №-li Kommunal müqaviləsi isə yaşayış kompleksinin çохmənzilli yаşаyış binаlarının sаkinləri tərəfindən birgəyaşayış qaydalarına riayət olunması və onlara kommunal xidmətlərin göstərilməsi ilə bağlı münasibətləri tənzimləyir. Həmin müqavilədə arakəsmələrin qoyulması və hər hansı şəxslərin terrasa girişinin qadağan edilməsi kimi öhdəlik cavabdeh "xxxx" MMC-nin üzərinə qoyulmamışdır. Belə bir öhdəlik cavabdehin üzərinə qoyula da bilməzdi, çünki belə olan halda müqavilənin bu cür müddəası digər mənzil mülkiyyətçilərinin hüquqlarını məhdudlaşdırdığına görə etibarsız hesab olunardı ...”. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 25 sentyabr 2023-cü il tarixli, 2(060)- 4130/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 25 sentyabr 2023-cü il tarixli, 2(060)-4130/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(105)-266/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-266/2024
22.02.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver