Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-267/2024 11.01.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Fuad Əli oğlu və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi Ağayeva Elnarə Nəriman qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 22 sentyabr 2023-cü il tarixli, 2(060)-4474/2023 nömrəli qətnaməsindən cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən onun sağlamlığına vurulmuş zərərin əvəzi olaraq 11 aprel 2022-ci il tarixdən başlayaraq hər ay 207 (iki yüz yeddi) manat məbləğində ödənişin və mənəvi zərərin əvəzi olaraq 5000 (beş min) manat məbləğində təzminatın onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, o, uzun müdddət ərzində "xxxx" zavodunda sulfat turşusu sexində tornaçı vəzifəsində işləmişdir. xx.xx.1999-cu il tarixində əmək vəzifələrini yerinə yetirərkən bədbəxt hadisə nəticəsində sağlamlığı pozulmuşdur. İstehsalatla əlaqədar olan bədbəxt hadisənin baş verməsi zavod üzrə müvafiq aktla təsdiq edilmişdir. "xxxx" zavodu ona əlillik dərəcəsini və əmək qabiliyyətinin itirilmə faizini nəzərə almaqla sağlamlığına vurulmuş zərərə görə, əmək xəsarəti almamışdan əvvəl olan orta əmək haqqını nəzərə almaqla aylıq ödənişlər ödənilmişdir. xx.xx.2001-ci il tarixdən "xxxx" zavodu özəlləşdirilməyə verilmiş və özəlləşdirmə nəticədə müəssisə "xxxx" Açıq Səhmdar Cəmiyyətinə çevrilmişdir. Müəssisə özəlləşdirilməyə verildikdən sonra xx.xx.2022-ci il tarixədək aylıq ödənişlər əvəzinə dövlət büdcəsinin vəsaiti hesabına aylıq müavinət verilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanladığı xx.xx.2022-ci il tarixli, **********7 saylı məktubda göstərilir ki, "xxxx" ASC-nin səhmlərinin özəlləşdirilməsi xx.xx.2022-ci il tarixdə tam başa çatmışdır. Müəssisənin özəlləşdirilməsi tam başa çatdığına görə, xx.xx.2022-ci il tarixdən təyin olunmuş aylıq müavinatın ödənilməsi dayandırılmışdır. Sağlamlığına vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə müraciət etmişdir. Lakin cavabdeh cavab məktubu ilə vurulmuş zərərin ödənilməsi məsələsinin yaxın vaxtlarda müsbət həll olunmasına zəmanət versə də, sonradan müxtəlif bəhanələr gətirməklə verdiyi vədlərə sahib çıxmamışdır. Hesab edir ki, cavabdeh bilərəkdən mövcud əmək qanunvericiliyinin tələblərinə məhəl qoymur və bu cür qanuna zidd hərəkətləri ilə könüllü ödəniş etməkdən boyun qaçırır. Cavabdeh xx.xx.2022-ci il tarixdən etibarən sağlamlığına vurulmuş zərərin ödənilməsindən qərəzli şəkildə boyun qaçırmaqla ona mənəvi zərər vurmuşdur. Artıq on aydır ki, o, əvvəllər aldığı müavinətdən məhrum olunmuş, üstəlik, ölkədə baş verən bahalaşma maddi durumunu gündən-günə çətinləşdirir. Buna görə də, cavabdeh ona 5000 (beş min) manat məbləğində mənəvi təzminat ödəməlidir. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi və vəkili Nümayəndə1 birinci instansiya məhkəməsinə ərizə ilə müraciət edərək göstərmişdir ki, iddia tələbini qanunsuz və əsassız hesab edir. Məlum olduğu kimi, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin İddiaçı ünvanlanmış 28 fevral 2023-cü il tarixli məktubunda deyilir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin rəhbərliyi onun ”özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrində istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə aylıq ödəncin ödənilməsinə dair” yazdığı 24 fevral 2023-cü il tarixli məktubuna (Qeyd-məktub xx.xx.2023-cü il tarixdə müəssisəyə daxil edilib) bildirir ki, araşdırılaraq sağlamlığınızın pozulması və əlilllik dərəcəsinin müəyyən edilməsi ilə bağlı aidiyyatı üzrə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə müraciət edərək, yenidən müvafiq rəsmi sənədi alıb, ona təqdim etməsini xahiş etmişdir.” Cavabdeh tərəf hesab edir ki, iddiaçının peşə əmək qabiliyyətinin itirilmə faizinin müəyyən edilmə tarixi məlum olmadığına və bu barədə hər hansı bir sənəd məhkəməyə təqdim edilmədiyinə, hal-hazırki dövrdə iddiaçının peşə əmək qabiliyyətinin itirilmə faizi cavabdeh tərəfdə ciddi və əsaslı şübhə doğurduğuna və ən əsası ölkədə əlilliyin müəyyən olunmasının yeni meyarları müəyyən olunduğuna görə, iddiaçının peşə əmək qabiliyyətinin itirilmə faizinin yenidən müəyyən edilməsinə və bu məqsədlə iddiaçı barəsində yenidən tibbi sosial ekspertiza keçirilməsi üçün bəhs edilən işin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə göndərilməsinə zərurət yaranmışdır. Sumqayıt Şəhər Məhkəməsinin 22 sentyabr 2023-cü il tarixli, 2(060)-4474/2023 nömrəli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, istehsalat qəzası nəticəsində əmək xəsarəti alması ilə əlaqədar İddiaçı 31 may 2022-ci il tarixdən 31 dekabr 2022-ci il tarixə qədər hər ay 180 manat, 1 yanvar 2023-cü il tarixdən məbləği 207 manat olmaqla aylıq ödənclərin hesablanaraq cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı ödənilməsi, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən iddiaçıya vurulmuş mənəvi zərərin əvəzi olaraq 500 (beş yüz) manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi, iddianın verilməsinə görə 97.63 manat dövlət rüsumunun cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutularaq dövlət büdcəsinə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim Aynur Behbudova). Qətnamədən narazı qalan cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti apellyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin 22 sentyabr 2023-cü il tarixli, 2(060)- 4474/2023 nömrəli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qeyd olunan qanunvericilik aktlarına və normalara istinadı tamamilə əsasız və qanunsuz yanaşmadı. Həmçinin sonda gəldiyi nəticə də əsassız və qanunsuzdur. Belə ki, müraciət edən və istehsalatda bədbəxt hadisə nəticəsində xəsarət almış şəxslərin indiki sağlamlıq vəziyyəti aydınlaşdırılmadan, ekspertiza təyin edilmədən, sadəcə 20 il əvvəlki sənədlərə istinad etməklə qətnamənin çıxarılması heç də ədalətin bərqərar edilməsi kimi qiymətləndirilə bilməz. Çünki insan bioloji varlıq olduğundan sürətli də olmasa, müəyyən zaman kəsiyində bərpa olunma və regenerasiya prosesi gedə bilər və təyin edilmiş faiz nisbəti dəyişə bilər. Bütün bunlar araşdırılmadan, həmçinin mənəvi ziyanın dəyməsi iddiaçı tərəfindən heç bir sübut ilə təsdiqini tapmadan hakim müəssisənin üzərinə öhdəlik qoyulmasını müəyyən etmişdir. Mənəvi ziyanın olması müəyyən olunmadan, hakim həmçinin subyektiv olaraq onun miqdarını da müəyyənləşdirmişdir. Bu da tamamilə əsassızdır və qəbul edilməzdir. Yuxarıdan qeyd edilənlərə əsasən demək olar ki, məhkəmə tam və ətraflı araşdırma aparmadan qanunsuz və əsassız qətnamə qət etmişdir. Bu da ləğv olunmalıdır. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsinə əsasən onun nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, iddiaçının izahatını dinləyərək hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan 14 iyun 2023-cü il tarixli MŞS/MT030/2023-01135 №-li “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayışdan görünür ki, telefon əlaqəsi saxlanılmış, lakin cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməkdən qəti şəkildə imtina etmiş, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş, 50 manat mediasiyaya dair xərci ödəmişdir. İş materiallarında olan İddiaçı tərəfindən "xxxx" ASC-yə ünvanlanmış özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrində istehsalat qəzası nəticəsində sağlamlığı pozulmuş işçiyə aylıq ödəncin ödənilməsinə dair ərizədən görünür ki, xx.xx.2022-ci il tarixdən etibarən ödənilən aylıq müavinət əvəzinə istehsalat qəzası nəticəsində sağlamlığa dəymiş zərərin əvəzi olaraq aylıq ödənişlər üzrə yaranmış borcu və hesablanmış ödənişlərə dair arayış verilməsini xahiş etmişdir. İş materiallarında olan "xxxx" ASC tərəfindən İddiaçı ünvanlanmış 11 nömrəli, 28 fevral 2023-cü il tarixli məktuba cavab olaraq bildirilmişdir ki, araşdırılaraq sağlamlığın pozulması və əlillik dərəcəsinin müəyyən edilməsi ilə bağlı, aidiyyatı üzrə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Tibbi Sosial- Ekspertiza və Reabilitasiya Agentliyinə müraciət edərək müvafiq sənədin onlara təqdim edilməsini xahiş etmişlər. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışından görünür ki, İddiaçı Ermənistan Respublikasında xx.xx.1960-cı il tarixdə anadan olmuş, 22 iyul 2005-ci il tarixdən ünvan 4 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi üzrə forma 88 nömrəli arayışdan görünür ki, İddiaçı müddətsiz olaraq xx.xx.1987-ci il tarixdə üçüncü dərəcə əlillik verilmiş, əlilliyin səbəbi əmək zədəsi-gözdən əlil kimi qiymətləndirilmiş, əmək qabiliyyətini 60% həcmdə itirmiş, göz sinirinin nevriti VOS=işıq duyğusu VOD=1.0 diaqnozu qoyulmuş, yüngül işlərdə işləyə biləcəyi qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin təyinatı üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı ünvanlanmış 15 iyun 2022-ci il tarixli, **********7 nömrəli aylıq ödənc əvəzinə aylıq müavinət haqqında məktubundan görünür ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2008-ci il tarixli, 804 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borcların tənzimlənməsi” qaydalarının 3-cü bəndinə əsasən dövlət müəssisələrinin müvafiq dövr üçün istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc əvəzinə dövlət büdcəsinin vəsaiti hesabına peşə əmək qabiliyyəti itirildikdə minimum aylıq əmək haqqının əmək qabiliyyətinin itirilmə faizi məbləğində (33 manatdan az olmayaraq), həlak olduqda – minimum aylıq əməkhaqqı məbləğində aylıq müavinət verilir. Məlumat üçün bildirmişlər ki, ona xx.xx.2009-cu il tarixindən özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc əvəzinə aylıq müavinət təyin edilmişdir. Sözügedən qaydaların 5.1-ci maddəsinə əsasən aylıq müavinət onu almaq hüququ yarandığı gündən tez olmamaq şərti ilə, 2003- cü il oktyabrın 1-dən başlayaraq dövlət müəssisələrinin özəlləşdirilməsi başa çatanadək və ya onları idarə etmək hüququna dair bağlanılmış müqavilə qüvvəyə minənədək olan dövr üçün verilir. Bildirmişlər ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin müvafiq məktubuna əsasən xx.xx.2022-ci il tarixindən "xxxx" ASC-nin özəlləşdirilməsi başa çatmışdır. Əlavə olaraq bildirmişlər ki, "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixindən özəlləşdirilməsinə baxmayaraq ona xx.xx.2009-cu il tarixindən təyin edilmiş aylıq ödənc əvəzinə aylıq müavinətin ödənişi xx.xx.2022-ci il tarixinədək davam etdirilmişdir. Nəticədə xx.xx.2022-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək 275 manat məbləğində artıq vermə müəyyən olunmuşdur. Qeyd olunanları nəzərə alaraq bildirmişlər ki, "xxxx" ASC-nin özəlləşdirilməsi başa çatdığı üçün aylıq ödənc əvəzinə aylıq müavinətin ödənişi onlar tərəfindən dayandırılmışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 71.2-ci və 73-cü maddələrinə əsasən qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüquqları vardır. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2715/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin məhkəmədən əvvəl mediasiya prosesində tərəflərin iştirak etməməsi əsas götürülərək geri qaytarılması qərara alınmışdır. Məhkəmə kollegiyası tərəfindən aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin təyinatı üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı ünvanlanmış 15 iyun 2022-ci il tarixli, **********7 nömrəli aylıq ödənc əvəzinə aylıq müavinət haqqında məktuba əsasən xx.xx.2022-ci il tarixindən "xxxx" ASC-nin özəlləşdirilməsi başa çatmışdır. "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixindən özəlləşdirilməsinə baxmayaraq iddiaçıya xx.xx.2009-cu il tarixindən təyin edilmiş aylıq ödənc əvəzinə aylıq müavinətin ödənişi xx.xx.2022-ci il tarixinədək davam etdirilmişdir. Nəticədə xx.xx.2022-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək 275 manat məbləğində artıq pul vəsaitinin verilməsi müəyyən olunmuşdur. "xxxx" ASC-nin özəlləşdirilməsi başa çatdığı üçün aylıq ödənc əvəzinə aylıq müavinətin ödənişi onlar tərəfindən dayandırılmışdır. Həmin dayandırma müvafiq normativ aktlara ziddir. Ona görə də məhkəmə hesab etmişdir ki, ödənişlərin ödənilməsi davam etməlidir. Məhkəmə iddianın sağlamlığına vurulmuş zərərin əvəzi ilə əlaqədar iddiaçıya 11 aprel 2022-ci il tarixdən başlayaraq 207 manat məbləğində ödənişin ödənilməsi hissəsini araşdıraraq qeyd etmişdir ki, iddia tələbi bu hissədə qismən əsaslı olduğundan qismən təmin edilməlidir. 2022-ci ilin yanvar ayının birindən Azərbaycan Respublikasında minimum əmək haqqının miqdarı 300 manat təşkil etmiş, iddiaçıya xx.xx.2009-cu il tarixindən təyin edilmiş aylıq ödənc əvəzinə aylıq müavinətin ödənişi xx.xx.2022-ci il tarixinədək davam etdirilmiş, ödənilməli məbləğ 60% olduğu üçün 300 manatın 60 %-i 180 manat təşkil etməlidir (Belə ki: 2022-ci ilin may ayı da daxil olmaqla ödənişlər ödənilmiş, yerdə qalan 7 (yeddi) ay üçün hər ay 180 manat). Hazırda Azərbaycan Respublikası ərazisində minimum əmək haqqının məbləği 345 manat təşkil edir. Ödənilməli məbləğ 345 manatın 60%-i 207 manat olduğu üçün tələb əsaslıdır. Ona görə də hər ay 207 manat məbləğində ödənclərin ödənilməsi davam etməlidir. İş materiallarında olan sənədlərə əsasən iddiaçıya xx.xx.2009-cu il tarixindən təyin edilmiş aylıq ödənc əvəzinə aylıq müavinətin ödənişi xx.xx.2022-ci il tarixinədək davam etdirilmişdir. Birinci instansiya məhkəməsi cavabdehin nümayəndəsi və vəkili tərəfindən verilmiş vəsatətə münasibət bildirərək qeyd etmişdir ki, cavabdehin nümayəndəsi və vəkili məhkəmədən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə sorğu verilməsini və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən - İddiaçı xx.xx.1999-cu il tarixində əmək vəzifələrini yerinə yetirərkən bədbəxt hadisənin baş verib-verməməsi, bədbəxt hadisə baş verdiyi halda həmin hadisə nəticəsində onun peşə əmək qabiliyyətinin itirilib-itirilməməsi, itirildiyi halda itirilmənin faizi və itirilmənin hansı tarixdən müəyyən edilməsi və sonuncu müayinənin hansı tarixdə həyata keçirilməsi barədə geniş və ətraflı məlumat verilməsi və sorğuya verilən cavab məktubunda qeyd edilən faktları, halları və məlumatları təsdiq edən bütün sənədlərin (mövcud olduğu halda “İstehsalatda baş verən bədbəxt hadisə haqqında” aktının, İddiaçı peşə əmək qabiliyyətinin itirilməsinə dair müayinə aktının və s.) lazımi qaydada təsdiq edilmiş surətləri - İddiaçı istehsalat qəzası nəticəsində sağlamlığını itirməsinə görə ödənişlər edilib-edilməməsi, ödənişlər edildiyi halda ödənişlərin hansı tarixlərdə aparılması və ödənişlərin barədə məlumatlar və buna əsas olan sənədlərin surətləri əldə edilməsini, İddiaçı peşə əmək qabiliyyətinin itirilmə faizinin təkrar müəyyən edilməsi və bu məqsədlə İddiaçı barəsində təkrar tibbi sosial ekspertiza müayinəsinin keçirilməsi üçün bəhs edilən mülki işin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə göndərilməsi və İddiaçı peşə əmək qabiliyyətinin itirilməsinin faizi, səbəbi və müddətinin təkrar müəyyən edilməsini xahiş etmişdir. Məhkəmə qeyd etmişdir ki, hazırki halda iddiaçıya əmək qabliyyətinin itirilməsi ilə bağlı təyin edilən 3-cü qrup əllik dərəcəsinin mübahisələndirilməsi işin mübahisə edilən halı olmayaraq, araşdırılan tələbdən kənara çıxmaqla vəsatətin verilməsi iddia tələbinin qəbul edilməməsinə dair verilən etirazın əsası qanunvericiliyin tələbinə ziddir. Mülki Məcəllənin 21.1 və 21.2-ci maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. İddiaçının mənəvi ziyana görə 5000 manat məbləğində pulun ödənilməsi tələbi ilə bağlı aşağıdakılar qeyd olunmuşdur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də, cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib haiların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. "Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarında göstərilmişdir ki, zərərçəkən fıziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfı psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fıziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması, həmçinin onun şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi hallarında özünü büruzə verə bilər. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Plenum izah etmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfındən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. “İnsan Hüquqlarının və X1 haqqında” Konvensiyanın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Birinci instansiya məhkəməsi mənəvi ziyana aid hissədə iddianı qismən təmin etmiş və bunu qətnaməsində onunla əsaslandırmışdır ki, iddiaçı iddia tələbində cavabdehin sağlamlığına vurulmuş zərərin ödənilməsindən qərəzli şəkildə boyun qaçırmaqla ona mənəvi iztirablar çəkdiyini göstərmişdir. Bununla əlaqədar birinci instansiya məhkəməsi mənəvi zərərlə bağlı vurulmuş məbləği müəyyən edərkən mütənasiblik dərəcəsinin nəzərə alınmasını qanuna uyğun hesab etməklə, 500 manat müəyyən edilməsini məqsədə uyğun hesab etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşaraq aşağıdakıları qeyd etməti zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1126.1-ci maddəsinə əsasən həyata və ya sağlamlığa zərər vurulması üçün məsuliyyəti müəyyənləşdirilmiş qaydada təsdiq edilən hüquqi şəxsin yenidən təşkil edildiyi halda müvafiq ödənişləri icra etmək vəzifəsini onun hüquq varisi daşıyır. Zərərin əvəzinin ödənilməsi tələbləri də ona qarşı irəli sürülür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 9 yanvar tarixli 3 saylı Qərarı ilə təsdiq edilmiş ”İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə ödənclərin verilməsi qaydalarının, şərtlərinin və məbləğinin təsdiq edilməsi haqqında” Qərarının 1.1-ci bəndinə əsasən işçinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulduqda və ya bu səbəbdən həlak olduqda, bədbəxt hadisənin təhqiqat aktına əsasəntəqsirkar müəssisə, idarə və təşkilatlar işçiyə dəyən zərərə görə qanunvericiliyə uyğun olaraq maddi məsuliyyət daşıyır. Bu zərər təqsirkar müəssisələrdə gəlir hesabına, büdcədən maliyyələşdirilən müəssisələrdə isə büdcə vəsaiti, yaxud büdcədənkənar vəsaitlər hesabına ödənilir. Zərərçəkənə istehsalatda əmək xəsarəti nəticəsində onun itirdiyi peşə əmək qabiliyyətinin (peşə əmək qabiliyyəti olmadıqda isə ümumi əmək qabiliyyətinin) dərəcəsindən asılı olaraq aylıq ödənclər, habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclər ödənilir. Həmin Qərarın 2.1-ci bəndinə əsasən istehsalatda əmək xəsarəti nəticəsində zərərçəkənin əmək qabiliyyətinin azalması və ya ölümü nəticəsində dəyən zərərin əvəzi aylıq ödənişlər yolu ilə ödənilir. Həmin aylıq ödənc zərərçəkənin xəsarət almazdan və yaxud peşə əmək qabiliyyətini itirdiyi gündən əvvəl malik olduğu orta aylıq əmək haqqının həmin xəsarət nəticəsində itirdiyi peşə əmək qabiliyyətinin faizi miqdarında müəyyən edilib ödənilir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, zərərə görə aylıq ödəncin məbləği müəyyənləşdirilərkən zərərçəkənə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə pozulması ilə əlaqədar təyin edilmiş əlilliyə görə pensiya, eləcə də həm sağlamlığına zərər vurulanadək, həm də zərər vurulduqdan sonra təyin edilmiş digər pensiyalar, müavinətlər və digər bu cür ödənişlər nəzərə alınmır və zərərin əvəzinin ödənilməsi miqdarının azaldılmasına səbəb olmur(zərərin əvəzinin ödənilməsi hesabına daxil edilmir). Həmin Qərarın 3.5-ci bəndinə əsasən istehsalatda əmək xəsarəti ilə əlaqədar ödənilən zərərə görə aylıq ödənclərin miqdarı qanunvericiliklə müəyyən olunmuş qaydada təqsirkar müəssisədə işçilərin minimum əmək haqqı və yaxud tarif (vəzifə) maaşlarının kütləvi artımı zamanı qanunvericiliklə müəyyən olunmuş qaydada təshih edilir və ödənilir. Həmin Qərarın 3.6-cı bəndinə əsasən 3.3.-3.5. bəndlərdə göstərilən qaydada təqsirkar müəssisə tərəfindən zərərçəkənin əvəzçiliklə işlədiyi yerlərdə aldığı əmək haqqı hesablanıb ödənilir. Həmin Qərarın 3.10-cu bəndinə əsasən zərər dəyməsində təqsirkar olan müəssisənin yenidən təşkil edildiyi halda onun hüquqi varisi zərərçəkənə zərərin əvəzini ödəyir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin 1-ci hissəsinə əsasən istehsalatda baş vermiş bədbəxt hadisədə və ya peşə xəstəliyində təqsirli (tam və ya qismən) olan işəgötürən həm işçiyə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə korlanması nəticəsində dəymiş zərərin, həm müalicə olunması üçün çəkdiyi, həm də ona müavinətlər verilməsi ilə əlaqədar çəkilən xərclərin, eləcə də Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş digər əlavə xərclərin əvəzini bütövlükdə ödəməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin 2-ci hissəsinə əsasən işəgötürənin təqsiri üzündən baş vermiş istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçilərə, habelə bu səbəbdən həlak olmuş işçilərin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada dəymiş zərərə görə müvafiq ödənişlər ödənilməlidir. İşəgötürənin məsuliyyətini tənzimləyən konkret normalar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 yanvar 2003-cü il tarixli 3 nömrəli qərarı ilə təsdiq olunmuş “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçilərin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi Qaydaları, Şərtləri və Məbləği”ndə nəzərdə tutulmuşdur. Qaydaların 1.1-ci bəndində göstərilir ki, işçinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulduqda, bədbəxt hadisənin təhqiqat aktına əsasən təqsirkar müəssisə işçiyə dəyən zərərə görə qanunvericiliyə uyğun olaraq maddi məsuliyyət daşıyır. Qaydaların 2.1-ci bəndinə müvafiq olaraq istehsalatda əmək xəsarəti zərərçəkənin əmək qabiliyyətinin azalması və ya ölümü nəticəsində dəyən ziyanın əvəzi aylıq ödənişlər yolu ilə ödənilir. Həmin aylıq ödənc zərərçəkənin xəsarət almazdan və yaxud peşə əmək qabiliyyətini itirdiyi gündən əvvəl malik olduğu orta aylıq əmək haqqının həmin xəsarət nəticəsində itirdiyi peşə əmək qabiliyyətinin faizi miqdarında müəyyən edilib ödənilir. Qaydaların 1.2-ci bəndinə əsasən aşağıdakı sənədlər olduqda, təqsirkar işəgötürən əmək xəsarətinə görə dəyən zərəri ödəməlidir: - istehsalatda baş vərmiş bədbəxt hadisə haqqında qanunvericiliklə müəyyən edilmiş formada tərtib olunmuş akt və yaxud işəgötürən tərəfindən əməyin mühafizəsi qaydalarına əməl olunmadığına görə işçi ilə istehsalatda bədbəxt hadisənin baş verməsi barədə məhkəmənin hökmü (qətnaməsi, qərarı); - işçinin peşə əmək qabiliyyətinin itirilməsini və yaxud peşə xəstəliyini təsdiq edən TSEK-in şəhadətnaməsi. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2008-ci il tarixli, 804 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı nozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının tənzimlənməsi” Qaydalarının 5.1-ci bəndinə əsasən aylıq müavinət onu almaq hüququ yarandığı gündən tez olmamaq şərtilə, 2003-cü il oktyabırın 1-dən başalayaraq dövlət müəssisələrinin özəlləşdirilməsi başa çatanadək və ya onları idarə etmək hüququna dair bağlanılmış müqavilə qüvvəyə minənədək olan dövr üçün verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 3 nömrəli qərarı ilə təsdiq olunmuş “istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi” Qaydalarının 3-10-cu və 3.11-ci bəndlərinə müvafiq olaraq, maddi məsuliyyətin subyekti qismində təkcə işçinin əmək hüquq münasibətlərində olduğu işəgötürən deyil, həm də təqsirkar müəssisə birləşdirildikdə, yenidən təşkil edildikdə və yaxud ləğv olduqda onun işini davam etdirən hüquqi varis və yaxud yuxarı təşkilat çıxış edir. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən 31 may 2022-ci il tarixdən 31 dekabr 2022-ci il tarixə qədər hər ay 180 manat, 1 yanvar 2023-cü il tarixdən məbləği 207 manat olmaqla aylıq ödənclərin hesablanaraq İddiaçı ödənilməsi, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən iddiaçıya vurulmuş mənəvi zərərin əvəzi olaraq 500 (beş yüz) manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi, iddianın verilməsinə görə 97.63 manat dövlət rüsumunun cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutularaq dövlət büdcəsinə ödənilməsini təmin edərkən birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Həmin Məcəllənin 112.1.5-ci maddəsinə əsasən müddətsiz və ya ömürlük ödəmələr haqqındakı iddialarda iddianın qiyməti ödəmələrin üç illik məcmusu ilə müəyyən edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 22 sentyabr 2023-cü il tarixli, 2(060)-4474/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.
Məhkəmə qərarları › İş №2(105)-267/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-267/2024
11.01.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver