Məhkəmə qərarları › İş №2(105)-2675/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2675/2021

20.09.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2675/2021 20.09.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X7 Tağızadənin sədrliyi və məruzəsi, X1 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Rəsul Yasər oğlu Məmmədovun katibliyi, İddiaçı: İddiaçı, Cavabdehin nümayəndəsi və vəkili: X2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin 02 iyun 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Quba Rayon Məhkəməsinin 02 iyun 2021-ci il tarixli qətnaməsi ilə (hakim V.M.Seyidov) İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddianın təmin edilməməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X3 ona dəymiş (oğurluq etdiyi) maddi ziyan 1785 manat (min yeddi yüz səksən beş) manat məbləğində ziyanın qaytarılması və onu döyməklə vurulmuş (sol gözünün cəplənməsi və zərbə nəticəsində buynuz qışasının zədələnməsi, billurun qopulması) ev materialların oğurladığı üçün evin təmir edə bilmədiyinə görə evin qəzalı şərayətdə olduğuna görə mənəvi ziyanın 20.000 (iyirmi min manat) məbləğində və dövlət rüsumu 30 manat pulun tutularaq ümumilikdə 21815 manat məbləğində pulun ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh yaşadığı evin həyətindən xəbərsiz olaraq oğurluq edərək 20 ədəd qaz 66 markalı tutumda dəyəri 1 maşının 80 manat olan daş, 100 metr şlank dəyəri 35 manat, 10 ədəd uzunluğu 4 metr olan ağac dəyəri 1 ağacın qiyməti 15 manat olan, ümumilikdə 1785 manat ziyan vurub. Bu barədə Quba rayon polis idarəsinə ərizə ilə müraciət etmişdir. Quba rayon polis şöbəsinin təhqiqat Qrupun təhqiqatçısı, polis baş leytenantı X4, 29 may 2020-ci ildə qərara alaraq Cavabdeh barəsində Azərbaycan Reaspubliaksının İXM-nin 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyyətə cəlb edərək qərar qəbul edib. Cavabdeh ona vurduğu ziyanı polis şöbəsində etiraf etsədə bu günədək ona dəymiş ziyanı ödəməmişdir. Cavabdehin ona qarşı etinasız hərəkətləri nəticəsində ona maddi ziyanla yanaşı mənəvi ziyan da vurulmuşdur. Hətda cavabdeh ona vurduğu zərbələr nəticəsində onun səhhətində sonralarda fəsat yaradıb. Sol gözünün çəplənməsi və billurun qopulması olubdur. Cavabdeh tərəfindən ona vurulmuş mənəvi ziyanı 10000 manat dəyərində qiymətləndirir. Hesab edir ki, həmin pul da cavabdehdən alınara ona ödənilməlidir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İddiaçı apellyasiya şikayətində heç bir dəlil gətirmədən, Quba Rayon Məhkəməsinin 02 iyun 2021-ci il tarixli 2(027)-1150/2021 il tarixli qətnaməsinin ləğv edilməsini və yeni qətnamə qəbul olunmasını məhkəmə kollegiyasından xahiş etmişdir. İddiaçı apellyasiya şikayətinin dəlillərini müdafiə etdi, ona oxşar izahat verdi və onun təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. Cavabdeh nümayəndəsi və vəkili H.M.Məlikov apellyasiya şikayətinin dəlillərini qəbul etmədi və qətnamənin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası işdə iştirak edən tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara görə iş üzrə məhkəmə qətnaməsi dəyişdirilməməlidir, apellyasiya şikayəti isə təmin edilməməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddia ərizəsini rədd edərkən, cavabdeh tərəfindən iddiaçıya maddi və mənəvi zərərin vurulmasının sübuta yetirilməməsinə istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə qanuni və əsaslı olmaqla, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına tam uyğundur. Belə ki, Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, İddiaçı apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İş materillarına əlavə edilmiş 29 may 2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, Cavabdeh barəsində cinayət işinin başlanması rədd edilmiş, qərarın surəti Cavabdeh barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati tədbir görülməsi üçün Quba RPŞnin Qonaqkənd PB-nə göndərilməsi qərara alınmışdır. İşə əlavə edilmiş 27 oktyabr 2020-ci il tarixli, 2(027)-1744/2020 saylı qətnaməsinə əsasən, İddiaçı Cavabdeh və X5 qarşı iddia tələbi qismən təmin edilmiş, cavabdehlərdən İddiaçı müalicəsi ilə bağlı çəkilən xərcə görə, 73.82 manat və dövlət rüsumu üçün ödənilmiş 30 (otuz) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulması qət edilmişdir. İş materiallarına əlavə edilmiş Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 03.02.2021-ci il tarixli 2(105)-762/2021 saylı qətnaməsindən görünür ki, Quba Rayon Məhkəməsinin 27 oktyabr 2020-ci il tarixli, 2(027)/1744/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istsina olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllədə öhdəliklərin müqavilə (567-1086cı maddələr), mülkiyyət hüquqlarının müdafiəsi (152-202-ci maddələr), qanun əsasında (1087-1095-ci maddələr) və delikt əsasında (1096-1132-ci maddələr) əmələ gəlməsi göstərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsas əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respuğblikası Mülki Məcəlləsinin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuentusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzarn nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsinin tələbinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində kreditora vurduğu zərər üçün və gecikdirmə nəticəsində təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikası MPMP-nin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 76.3-cü maddəsinə əsasən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə edilməsinə yol verilmir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi (bundan sonra Avropa Məhkəməsi) Qavazov Bolqarıstana qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq əsaslı şübhədən kənar sübut standartları tətbiq edilir. Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarındaAvropa Məhkəməsi bildirmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Göstərilən qanun normalarının tələbinə görə iddiaçı tələb etdiyi məbləğdə cavabdeh tərəfindən ona maddi zərər vurulması, həmin zərərlə cavabdehin qanunsuz hərəkətləri arasında səbəbli əlaqənin olması, bu zərərin vurulmasında cavabdehin təqsirli olması və cavabdehin həmin zərəri ona ödəmək öhdəliyi daşımasını sübut etməlidir. Lakin İddiaçı Cavabdeh tərəfindən ona maddi ziyan vurulmasını göstərərək, cavabdehdən 1785 manat maddi ziyan tələb etsə də, cavabdehin ona bu məbləğdə maddi ziyan vurmasını, həmin maddi ziyanla cavabdehin hərəkətləri arasında səbəbli əlaqənin olmasını, həmin ziyanın cavabdehin təqsiri nəticəsində ona vurulmasını və cavabdehin həmin məbləğin ona ödənilməsi öhdəliyini daşımasını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmiş, bununla da iddia tələbini əsaslandırdığı halları sübut edə bilməmişdir. İddiaçının 20.000 manat mənəvi zərər tələbinə gəlincə isə məhkəmə qeyd edir ki, mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarının 2-ci bəndinə əsasən mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərərin vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirrlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və sair hallarda özünü büruzə verir. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» 13 iyun 2002-ci il tarixli qərarına və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarına əsasən vətəndaşlar şərəf, ləyaqət, habelə işgüzar nüfuzlarının müdafiəsi barədə qaldırdıqları iddialarda həqiqətə uyğun olmayan məlumatların təkzib edilməsi ilə bərabər, həm də onlara vurulmuş maddi və mənəvi ziyanın ödənilməsini də tələb edə bilərlər. Azərbaycan Resepublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirilməsini aydınlaşdırmağa borcludur. Eynilə iddiaçı, cavabdehin hansısa qanunsuz hərəkətləri nəticəsində fiziki və mənəvi sarsıntılar keçirməsi, bunun cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, nəticədə ona 20.000 manat məbləğində mənəvi zərər vurulması, həmin qanunsuz hərəkət və ya hərəkətsizliklə iddiaçının tələb etdiyi 20.000 manat mənəvi zərər arasında səbəbli əlaqənin olması və həmin məbləğdə mənəvi zərərin vurulmasında cavabdehin təqsirinin olmasını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmiş, bununla da iddia tələbininin əsaslandırıldığı həmin bu halları da sübut edə bilməmişdir. Halbuki göstərildiyi kimi, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən iddia tələbinin əsaslandırıldığı halları sübut etmə vəzifəsi iddiaçının üzərinə düşür. Beləliklə, məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətini araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan və işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Quba Rayon Məhkəməsinin iş üzrə 02 iyun 2021-ci il tarixli 2(027)-1150/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar