Məhkəmə qərarları › İş №2(105)-269/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-269/2022

14.01.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-269/2022 14.01.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respubikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Məmmədova Ramilə Camaləddin qızının katibliyi ilə, İddiaçı X2 Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 27 iyul 2021-ci il tarixli, 2(060)-5660/2021 saylı qətnaməsindən iddiaçı X6 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 27 iyul 2021-ci il tarixli, 2(060)-5660/2021 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. (hakim G.Tanrıverdiyeva) Qətnamədən iddiaçı X6 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. İŞİN HALLARİ: X1 Cahid İbrahim oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 5000 (beş min) manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ona mebel dəsti lazım olduğundan Sumqayıt şəhərində yerləşən mebel mağazalarına yaxınlaşmışdır. Cavabdeh adlı şəxs ona bildirmişdir ki, 5000 manat ödəyəcəyi təqdirdə bir ay ərzində lazım olan mebel dəstini təhvil verəcəkdir. Şifahi razılaşmaya əsasən mebel dəstini bir ay müddətində çatdırılıb quraşdırılması ilə birlikdə 5000 manat məbləğində mebel almağa razılaşmışlar. Beləliklə, o, 5000 manatı cavabdehə ödəməyi, cavabdeh isə bir ay müddətində mebel dəstinin gətirilib quraşdırılmasına dair öhdəlik götürmüşdür. Cavabdehə 22.12.2019-cu il tarixdə 4200 manat, 29.12.2019-cu il tarixdə isə 800 manat məbləğində nəğd şəkildə pul ödəmişdir. Cavabdeh pulun ödənilməsi barədə ona ödəniş qəbzləri təqdim etmişdir. Cavabdeh razılaşdırdığı kimi, mebel dəstini gətirib quraşdırılmasına dair öhdəlik götürsə də, öhdəliyini bu günə qədər yerinə yetirməmişdir. Hər dəfə cavabdehə götürdüyü öhdəliyi yerinə yetirmədiyini desə də, müxtəlif bəhanələrlə öhdəliyini yerinə yetirməkdən boyun qaçırmışdır. Cavabdehə olan müraciəti nəticəsiz qaldığından, bununla bağlı Sumqayıt şəhər 4-cü Polis Bölməsinə müraciət etmişdir. Bölmədən yazılı olaraq ona bildirilmişdir ki, mülki qaydada məhkəməyə müraciət etməlidir. Göründüyü kimi, onun hüquqları pozulmuşdur, cavabdeh isə pozulmuş hüquqlarının bərpası üçün hər hansı bir addım atmamışdır. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır və göstərilənlərə əsasən iddia təmin olunmalıdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ : İddiaçı X6 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmənin qərarı qanunsuz və əsassızdır. Sumqayıt Şəhər Məhkəməsinin 27 iyul 2021-ci il tarixli qətnaməsinin qanunsuz və əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi ilə sübuta yetirilir və bu səbəbdən sözügedən qətnamə ləğv edilməlidir və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Konstitusiyada ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin Vİİ hissəsi) təsbit olunmuşdur. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. O, Cavabdeh adlı şəxsə mebel dəstinə görə 22.12.2019-cu il tarixdə 4200 manat, 29.12.2019-cu il tarixdə isə 800 manat olmaqla, ümumilkdə 5000 manat məbləğində nəğd şəkildə pul ödəmişdir. Onda məhkəməyə təqdim etdiyi, onun tərəfindən imzalanmış qəbzlər vardır. Onların razılaşdıqları kimi, mebel dəstini gətirib quraşdırılmasına dair öhdəlik götürsə də, öhdəliyi bu günə qədər yerinə yetirməmişdir. O, birinci instansiya məhkəməsində iclas zamanı pulun onun tərəfindən götürülmədiyini, orada işləyən Fuad İsmayılov tərəfindən götürüldüyünü desə də, bu, tamamilə yalandır. Belə ki, o, İsmayılov Fuada deyil məhz cavabdehə pulu verrmişdir. Hər dəfə onunla görüşərək götürdüyü öhdəliyi yerinə yetirmədiyini desə də, öhdəliyi yerinə yetirməkdən boyun qaçırmışdır. Cavabdehə olan müraciəti nəticəsiz qaldığından Sumqayıt şəhər 4-cü Polis Bölməsinə müraciət etmiş, lakin hər hansı bir nəticə əldə olunmamışdır. Sonradan ona məlum olmuşdur ki, qeyd edilən mebel mağazasında çoxlu sayda vətəndaşların pulları alınaraq onlara qarşı dələduzluq edilmişdir. Hətta vətəndaşların şikayəti əsasında Cavabdeh şəriki X7 barəsində cinayət işi açılmış və həbs edilmişdir. Lakin bilavasitə ondan pulu alaraq mebeli çatdırmağa söz verən şəxs Cavabdehdutr. Lakin təəssüf ki, birinci instansiya məhkəməsi işin bu hallarına düzgün qiymət verməmiş, əqdin notariat qaydasına riayət edilməməsinin əks tərəfin təqsiri ucbatından baş vermədiyi qənaətinə gələrək iddianı rədd etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin bu qətnaməsi ilə hüquqların real bərpasından söhbət gedə bilməz. Göründüyü kimi, birinci instansiya məhkəməsi mübahisəyə tətbiq edilməli qanunvericilik normalarını tətbiq etməmiş, tətbiq etdiyi qanunvericilik normalarını səhv təfsir etmişdir ki, bu da qətnamənin apellyasiya qaydasında ləğv edilməsinə əsasdır.Göstərilənlərə əsasən həmin qətnamə ləğv edilməli, iddia təmin olunmalıdır. İş üzrə tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır: İş materiallarında olan Sumqayıt şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinin 29.03.2021-ci il tarixli məktubundan görünür ki, X4 onun 15.03.2021-ci il tarixdə 4-cü Polis Bölməsinə daxil olmuş şikayət ərizəsi ilə əlaqədar ərizəsində göstərilən xüsusatlar mülki xarakterli olduğundan məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. İşdə olan 22.12.2019-cu il tarixli, 529380 saylı qəbzdən görünür ki, X6 tərəfindən “Orbita” mağazasına 4200 manat ödəniş edilmişdir. X3 adlı şəxsin imzası və möhürü ilə təsdiq edilmişdir. Yenə işdə olan 29.12.2019-cu il tarixli, 480208 saylı qəbzdən görünür ki, X6 tərəfindən “Orbita” mağazasına 800 manat ödəniş edilmişdir. X3 adlı şəxsin imzası və möhürü ilə təsdiq edilmişdir. M Ə H K Ə M Ə N İ N H Ü Q U Q İ M Ö V Q E Y İ: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Yenə həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, hazırkı iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 27 iyul 2021-ci il tarixli, 2(060)-5660/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçı Bayram Mayılov mebel dəsti almaq və onu evində quraşdırmaq məqsədilə Sumqayıt şəhərində yerləşən Orbita mağazasına 5000 manat ödəniş etmişdir. Bu məbləğ 2 dəfəyə, 22.12.2019-cu ildə 4200 manat, 29.12.2019-cu ildə isə 800 manat olmaqla ödənilmiş, bu barədə iki ədəd qəbz verilmişdir. Həmin qəbzlərdə vergi ödəyicisi kimi Fuad İsmayılov göstərilmişdir. İşin birinci instansiya məhkəməsində iş üzrə tərəflərin izahatlarından məlum olur ki, Cavabdeh həmin mağazada satıcı olmuşdur. Lakin malların alınması, sifarişlərin yerinə yetirilməsi üçün məsuliyyəti mağazanın sahibi F.İsmayılov daşımışdır. Başqa sözlə, mallara görə verilmiş puldan Cavabdeh yox, F.İsmayılov bəhrələnmişdir. Hazırda isə X1 Cahid İbrahim oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 5000 manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mübahisə ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Mebel dəstinə görə 5000 manat pulun ödənilməsi iş materialları ilə təsdiq edilir. Hazırda isə əsas mübahisə həmin vəsaitin iddiaçıya məhz Cavabdeh tərəfindən qaytarılmalı olub-olmaması barədədir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı” qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir (bax, Makhmudov v. Russia, No. 35082/04, 26 iyul 2007-ci il, § 68). Eyni zamanda "Qavazov Bolqarıstana qarşı" iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir (bax, Gavazov v. Bulgaria, No. 54659/00, 06 mart 2008-ci il, § 93). Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyrimüəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından görünür ki, iddiaçı tərəfindən tutarlı əsaslar gətirilməmiş, o, başqa şəxsə verdiyi vəsaiti Cavabdeh tələb etmiş, 5000 manat pulu Cavabdeh ödəməsini, sübutetmə yükü onun üzərinə düşməsinə baxmayaraq sübut edə bilməmişdir və əsaslı şübhələrdən kənar hər hansı mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. İşdən görünür ki, hər iki qəbz Cavabdeh tərəfindən imzalanmamış, onları başqa şəxs imzalamış, möhürü ilə təsdiq etmişdir. İddiaçı isə məhkəməyə bunun əksini təsdiq edən hər hansı sübut təqdim etməmişdir. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. (Mülki Prosessual Məcəllənin 81-ci maddəsi). Beləliklə, məhkəmə kollegiyası bu qənaətə gəlir ki, mebel alqı-satqısı barədə tərəflər arasında hər hansı münasibətlər yaranmamış, iddiaçı tərəfindən ödənilən vəsaiti Cavabdeh götürməmişdir. Belə olan halda isə ona qarşı qaldırılmış hazırkı iddia öz təsdiqini tapmır. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh iddiaçı qarşısında hər hansı öhdəliyi yaranmamışdır və o, bu öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh deyildir. Buna görə də birinci instansiya məhkəməsi iddianı rədd edərkən düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. İddiaçı müharibə veteranı olduğu üçün “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1.20-ci madəsinə əsasən rüsum ödəməkdən azaddır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 384.0.3, 393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 27 iyul 2021-ci il tarixli, 2(060)- 5660/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar