Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2694/2021 08.10.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Əliyev Əliağa Vahid oğlunun katibliyi, İddiaçı, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul və dəymiş zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2841/2021 saylı, 29 aprel 2021-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2841/2021 saylı, 29 aprel 2021-ci il tarixli qətnaməsi ilə (hakim E.Hüseynov) iddia qismən təmin edilmiş, Cavabdeh2 7400 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin tutularaq İddiaçı ödənilməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Qətnamədən narazı qalan Cavabdeh2 ondan apelyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2841/2021 saylı, 29 aprel 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 2000 ABŞ dolları və 900 manat, Cavabdeh2 isə 21000 manat borcun və 5000 manat mənəvi ziyana görə təzminatın, həmçinin 30 manat məbləğində dövlət rüsumunun əvəzinin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir İddiaçı tələbini bununla əsaslandırmışdır ki, 2014-ci ildə X1 məxsus olan və Sumqayıt şəhəri, Corat qəsəbəsində yerləşən 4 otaqdan ibarət 538 saylı fərdi yaşayış evini 19500 ABŞ dollarına almaq barədə razılığa gəlmiş və ona 9000 ABŞ dolları məbləğində pul ödəmişdir. Aralarında əldə edilmiş razılığa görə satışa qoyduğu və Sumqayıt şəhəri, Xəzər bağlar sahəsində yerləşən evini də satandan sonra ona qalan pulu ödəyəcəkdi. Lakin bir neçə gün sonra Canpolad onunla görüşərək bildirmişdir ki, ona təcili pul lazımdır, buna görə də qalan pulu tez bir vaxtda tapıb ona verməlidir, əgər qalan pulu tapıb verə bilməsə, verdiyi pul beh hesab olunacaq və geri qaytarılmayacaqdır. Bundan sonra, aldığı evin sənədlərini hazırlayan Sumqayıt şəhər 4 saylı DNK-nun notariusunda işləyən Kifayət adlı qadının yanına getmiş və vəziyyəti ona bildirmişdir. Kifayət qardaşının pulu olduğunu bildirmiş və demişdir ki, «qardaşım sənə pul verər, sən də evini satanda ona həmin pulu qaytarıb üstündə əlavə hörmət edərsən». Kifayətin tanış etdiyi qardaşı Cavabdeh1la birlikdə Canpoladın yanına getmiş, o, evi satan şəxslə danışdıqdan sonra demişdir ki, məsələ həll olundu, evin qalan pulunu ödədi. Təxminən 3-4 gündən sonra, Xəzər bağlar sahəsində olan evi satılmış və satışdan əldə edilmiş puldan 10000 ABŞ dollarını və üstündə də əlavə 1000 manat pulu Cavabdeh1 vermək istədikdə, o, pulu götürməmiş və bildirmişdir ki, aldığı evi satacaq, əldə edilmiş gəliri isə onunla böləcəkdir. O, əlacsız qalaraq susmuşdur. Lakin bir müddət sonra o, ona müraciət edərək bildirmişdir ki, artıq onda pul qalmayıb, o, evin satışından əldə edilmiş puldan ona versə, həmin pul ilə evi təmir etdirə və baha qiymətə sata, daha çox qazanc əldə edə bilərlər. O, Cavabdeh1 inanaraq 100 manat, 2000 ABŞ dolları, 800 manat olmaqla pul vermiş və özü də həmin evə 2000 manat dəyərində təmir-tikinti materialları alıb yığmışdır. Lakin bütün bu xərclər onun tərəfindən çəkiləndən sonra, cavabdeh müəmmalı şəkildə yoxa çıxmışdır. O, həmin evdə gedən təmir-tikinti işləri ilə maraqlanmağa getdikdə isə tikinti materiallarının, dəmir boruların yoxa çıxdığını, evin dam örtüyünün söküldüyünü görmüşdür. Məsələ ilə maraqlandıqda isə, ona məlum olmuşdur ki, Cavabdeh1 bu evi 21000 manata Cavabdeh2 adlı dostuna satmış və orda olan tikinti materiallarını da daşımışdır. O, Cavabdeh2 bildirmişdir ki, bu evə xərc qoymuşdur, əgər evi almaq istəyirsə ona 21000 manat pul verməlidir. Lakin Cavabdeh2 əvvəlcə həmin məbləğə razılıq versə də, evin pulundan ona xırda-xırda olmaqla hazırki vaxta kimi cəmi 2500 manat pul vermişdir ki, həmin pul da sənədləşmə işlərinə sərf edilmişdir. Cavabdeh2 bildirmişdir ki, onun satılası əmlakları vardır, həmin əmlakları satıb pulunu verəcəkdir. Lakin artıq vəd verdiyi vaxtdan xeyli müddət keçmiş, həmin pul ona ödənilməmişdir. Göstərilənlərə əsasən iddia təmin olunmalıdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ : Cavabdeh2 apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə işi hətərəfli araşdırmamış, işin faktiki hallarına düzgün qiymət verilməmişdir. O, əvvəllər tanıdığı Cavabdeh1 adlı şəxsdən 0,02 ha torpaq sahəsinə görə razılaşmaya əsasən ona 20000 (iyirmi min) manat pul ödəməli idi. Lakin həmin torpaq sahəsi 0,02 ha yox, 1,6 sot olduğuna görə ona 16000 manat ödəməyi öhdəsinə götürmüşdür. Aldığı 1,6 sot torpaq sahəsinə görə N.Cabbarova 7300 manat, İddiaçı 4300 manat, evin sahibi Polad adlı şəxsə isə 2850 manat ödəniş etmişdir. Ümumilikdə yuxarıda göstərilən şəxslərə aldığı torpaq sahəsinə görə 14450 manat ödəmişdir. Hazırki tarixə onun aldığı torpağa görə 1550 manat borcu qalmışdır. İddiaçı və Cavabdeh1 torpaq alqı-satqısı ilə məşğul olan dəllallardır (makler). Hazırki vəziyyətdə ona verilən torpaq sahəsi 2 deyil 1,6 sot olduğuna görə iddiaçıya borcu onun iddia etdiyi kimi 7300 manat yox, 1550 manat təşkil edir. Bundan başqa, iddiaçı mübahisəli torpaq sahəsinin sənədlərinin də qaydasına salınacağını bildirmiş, lakin vədinə əməl etməmişdir. Torpaq sahəsinin hüquq müəyyənedici sənədləri yoxdur. Məhkəmə iclasında bu hallar nəzərə alınmadığına görə qətnamə ləğv edilməlidir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 apelyasiya şikayətini müdafiə etdi və onun təmin edilməsini xahiş etdi. O, əlavə etdi ki, 1,6 sot torpaq sahəsinə görə iddiaçıya 4300, Cavabdeh1 7300, torpaq sahəsinin əvvəlki sahibi Canpolad adlı şəxsə isə 2850 manat pul ödəmişdir. 1,6 sot torpaq sahəsini 16000 manata razılaşmışlar. Ödənilən cəmi 14450 manat nəzərə alınsa, hazırda iddiaçıya cəmi 1500 manat borcu qalır. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 apelyasiya şikayətinin həll edilməsini məhkəmə kollegiyasının mülahizəsinə buraxdığını bildirdi. O, əlavə etdi ki, 2 sot torpağı 10000+10000 ABŞ dolları vəsait qoymaqla Xanımağa ilə birlikdə almışlar. Oranı həmin qiymətə tanıdığı Cavabdeh2 satmaq barədə razılaşmışlar. 10000 manat ona, 10000 manat isə Xanımağa ödənilməli idi. Hazırkı vaxta kimi Raid ona cəmi 5000 manat pul ödəyib. X7 nə qədər borcu qaldığını bilmir. İş üzrə İddiaçı apelyasiya şikayətinə etiraz etdi və onun rədd edilməsini xahiş etdi. O, əlavə etdi ki, qətnamə qanunidir. Raidin ona 7400 manat borcu qalıb. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə kollegiyası işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İşdə olan 09 sentyabr 2020-ci il tarixli cinayət işinin başlamasının rədd edilməsi haqqında qərarda olan İddiaçı izahatından görünür ki, 2017-ci ilin avqust ayınadək Cavabdeh2 ona 2500 manat vermiş, sonuncu dəfə isə oğlu vasitəsi ilə 100 manat göndərmişdir. Həmin iş üzrə izahatı alınmış Cavabdeh2 İddiaçı 5000 manat borcu qaldığını və ödəməyə hazır olduğunu bildirmişdir. Yenə işdə olan İddiaçı 2017-ci il tarixli əlyazmasından görünür ki, Cavabdeh2 ona 7500 manat borcu qalmışdır, həmin məbləğ isə iyun, iyul və avqust aylarında ona ödəniləcəkdir, Cavabdeh2 həmin ərazidə ev tikməyinə etiraz etmir. Yenə də işdə olan yaşayış sahəsinin texniki pasportundan görünür ki, Sumqayıt şəhəri, Corat qəsəbəsindəki 538 saylı ev X3 məxsusdur. Evə dair X2 adına ev dəftəri tərtib edilmişdir. İşə əlavə edilmiş Sumqayıt şəhər 4 saylı xüsusi notariusun 17.01.2014-cü il tarixli məktubundan görünür ki, 18.02.1990-cı il tarixdə vəfat etmiş X3 məxsus Sumqayıt şəhəri, Corat qəsəbəsindəki 538 saylı evə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsində övladları Canpolad, Etiram, Şayir, Zümrüd və Pərvanənin vərəsə kimi tanınmaları üçün mərhumun adına çıxarış verilməsi müvafiq qurumdan xahiş edilmişdir. MƏHKƏMƏNİN HÜQUQİ M Ö V Q E Y İ: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Yenə həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İddianın təmin edilməmiş hissəsində qətnamədən apelyasiya şikayəti verilmədiyindən məhkəmə kollegiyası, Azərbaycan Respublikasının MPM-nin 372.6-ci maddəsinin tələblərini, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarını rəhbər tutaraq hesab edir ki, hazırda həmin hissədə qətnamə apelyasiya baxışının predmeti ola bilməz. Məhkəmə kollegiyası məruzəçinin məruzəsini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, apelyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti qismən təmin edilməli, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilərək iddia qismən təmin olunmalıdır. Məhkəmə kollegiyasının iclasında müəyyən edildi ki, İddiaçı 2014-ci ildə X1 məxsus Sumqayıt şəhəri, Corat qəsəbəsində yerləşən 4 otaqdan ibarət 538 saylı fərdi yaşayış evini 20000 ABŞ dollarına almaq barədə razılığa gəlmiş və cavabdehlərdən Cavabdeh1la birlikdə vəsait qoyaraq almışlar. Vəsaitin yarısını o, yarısını isə Cavabdeh1 qoymuşlar. Daha sonra isə onlar bu torpaq sahəsini və oradakı evi Cabbarın tanışı olan Cavabdeh2 satmaq qərarına gəlmişlər. Onlar arasındakı danışıq belə olmuşdur ki, 0,02 ha torpaq sahəsi və oradakı tikilini cəmi 20000 manata Cavabdeh2 satacaqlar, bunun 10000 manatı iddiaçıya, 10000 manatı isə Cavabdeh1 çatacaqdır. İşin bu hallarını tərəflər mübahisələndirmirlər. Tərəflər arasında əsas mübahisə təklif edilən torpaq sahəsinin 0,02 ha deyil, 0,016 ha olması, buna görə də ödənilməli olan pulun 20000 manat deyil, 16000 manat olması barədədir. Belə ki, Cavabdeh2 iddia edir ki, ona satılan torpaq sahəsi razılaşdırdıqları kimi 2 sot deyil, 1,6 sotdur və buna əsasən də o, bu torpaq sahəsinə görə Xanımağa və Cabbara hər birinə 8000 manat olmaqla, cəmi 16000 manat ödəməlidir. O, indiyədək torpaq sahəsinə görə Xanımağaya 4300 manat, Cabbara isə 7400 manat pul ödəyib. Evdə faktiki yaşayan Canpolad adlı şəxs oradan çıxmadığına görə ona da 2850 manat pul ödəyib ki, bu da Xanımağanın hesabından silinməlidir, çünki Xanımağa boş evi deyil, yüklü evi ona satmışdır. Beləliklə də, razılaşma üzrə o, hazırkı vaxtadək Xanımağaya 8000 manat ödəməli olduğu puldan cəmi 1500 manat borcu qalmışdır. Cabbara isə indiyə kimi 7300 manat pul ödəmişdir ki, 700 manat borcu qalıb. Əgər Canpolada ödədiyi vəsait hesaba alınmasa onun Xanımağaya 3700 manat borcu qalıb. İddiaçı isə bildirir ki, torpaq sahəsini Cavabdeh2 məhz 20000 manata satmağa razılaşmışlar. Ona çatacaq 10000 manat puldan cəmi 2500 manat ödənilmişdir və hazırkı borc 7500 manat təşkil edir. Mübahisə ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. AR Mülki Məcəlləsinin 386.1-ci maddsəinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Yenə həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Yenə də həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi,alıcı isə əşyanı qəbul edib əvəzinə müəyyənləşdirilmiş pul məbləğini (qiməti) ödəməyi öhdəsinə götürür. Eyni Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki,alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti,ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Məhkəmə kollegiyası hesab edir ki, mübahisə predmetini təşkil edən torpaq sahəsinin və onun üzərindəki evin hüquq müəyyənedici sənədləri olmadığından tərəflər onun alqı-satqısı barədə şifahi müqavilə bağlamışlar. Onların şifahi razılığına əsasən əmlak sənədləşdirilməsi ilə onu alan şəxs-yəni Cavabdeh2 məşğul olacaqdır. Bu əməliyyatla bağlı tərəflər arasında hər hansı yazılı razılaşma, pulun verilməsilə bağlı yazılı qəbz mövcud deyil. Bununla belə, işdən görünür ki, Cavabdeh2 torpaq sahəsinə və evə görə iddiaçıya müəyyən məbləğ vəsait ödəsə də, son nəticədə onun İddiaçı 5000 manat borcu qalmışdır. Bu halı onun özü də Sumqayıt şəhər Pİ-nin 1-ci Polis Bölməsində 07.09.2020-ci il tarixdə verdiyi izahatda təsdiq etmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 bildirdi ki, bu izahatı verərkən Polis Bölməsində ona hər hansı zor tətbiq edilməmişdir və sərbəst izahat vermişdir. AR MPM-nin 76-cı maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. Həmin Məcəllənin 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında yaranmış borc barədə işdə hər hansı yazılı sübut olmadığından bu borcun məbləğini yalnız Cavabdeh2 Sumqayıt şəhər Pİ-nin 1-ci Polis Bölməsində 07.09.2020-ci il tarixdə verdiyi izahata əsasən müəyyən etmək mümkündür. Həmin izahatda isə o, İddiaçı torpaq sahəsi və evə görə 5000 manat borclu olduğunu etiraf etmişdir. İş materiallarının 57-ci vərəqində olan yazılı qəbzi isə o deyil, arvadı A.İsmayılova imzaladığından məhkəmə kollegiyası bu qəbzi mötəbər sübut kimi qəbul etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı” qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir (bax, Makhmudov v. Russia, No. 35082/04, 26 iyul 2007-ci il, § 68). Eyni zamanda "Qavazov Bolqarıstana qarşı" iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir (bax, Gavazov v. Bulgaria, No. 54659/00, 06 mart 2008-ci il, § 93). Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyrimüəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından görünür ki, İddiaçı Cavabdeh2 ona 7400 manat borclu olduğunu, Cavabdeh2 isə ona borcunun 1550 manat təşkil etməsini, sübutetmə yükü onların üzərinə düşməsinə baxmayaraq, öz dəlillərinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişlər və əsaslı şübhələrdən kənar hər hansı mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişlər. AR MPM-nin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Məhkəmə kollegiyası hesab edir ki, hazırki halda İddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları, Cavabdeh2 isə apelyasiya şikayətinin dəlillərini qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla qismən sübut edə bilmişlər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsi işə baxarkən yuxarıda sadalanan normaların tələblərinə tam əməl etməmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə görə məhkəmə qətnaməsinin apelyasiya qaydasında qismən ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən apelyasiya şikayətinin verilməsi üçün cavabdeh Cavabdeh2 tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Apelyasiya şikayəti qismən təmin edilsin. Hazırkı iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2841/2021 saylı, 29 aprel 2021-ci il tarixli qətnaməsi, Cavabdeh2 İddiaçı xeyrinə 7300 manat pulun tutulması hissəsində ləğv edilsin. Bu hissədə iş üzrə yeni qətnamə qəbul edilsin və iddia tələbi qismən təmin edilsin. Cavabdeh2 İddiaçı xeyrinə 5000 manat pul tutulsun. Qətnamə iddianın təmin edilməməsi hissəsində dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayətinin verilməsi üçün Cavabdeh2 tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilsin. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(105)-2694/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2694/2021
08.10.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver