Məhkəmə qərarları › İş №2(105)-2699/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2699/2021

19.10.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2699/2021 19.10.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi, İddiaçı, Cavabdeh qızının, onun nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Cavabdeh qızına qarşı təmir xərci tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 03 may 2021-ci il tarixli, 2(060)-3735/2021 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ : Sumqayıt Şəhər Məhkəməsinin 03 may 2021-ci il tarixli, 2(060)-3735/2021 saylı qətnaməsi ilə iddia təmin edilməmiş, iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun İddiaçı aid edilməsi qət edilmişdir. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin 03 may 2021-ci il tarixli, 2(060)-3735/2021 saylı qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı Cavabdeh qızına qarşı təmir xərci tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Yasamal rayonu, M.Xiyabani küçəsi, Yeni Yasamal MTK, otaq 81-in təmirinə çəkilmiş xərcin əvəzi olaraq 30000 (otuz min) manatın və ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh qızından xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ və PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini müdafiə edərək göstərdi ki, birinci instansiya məhkəməsi onun iddiasını rədd etmək üçün öz qətnaməsində qeyd etmişdir ki, guya o, cavabdehə qarşı hazırki iddia ilə məhkəmədə iddia qaldırmaq üçün subyektiv hüququnun olduğunu sübuta yetirə bilməmişdir. Məhkəmə özünün bu mövqeyini əsaslandırmaq üçün Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.Ələkbərovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 14 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 3 iyul 2015-ci il tarixli qərarına, mülkiyyət hüququnun müdafiəsi haqqında daxili və beyynəlxalq hüquq normalarına istinad etsə də, həmin maddi hüquq normalarının hazırki işə münasibətdə tətbiq edilməsi nəticəsində hansı əsaslarla onun subyektiv hüququnun olmamasının müəyyən edildiyini öz qərarında əsaslandıra bilməmişdir. Halbuki, iddia ərizəsində də qeyd etmişdir ki, 2016-cı ildə özünə mənzil almaq niyyətində idi və bu məqsədlə internet vasitəsilə mənzil axtararkən "xxxx" MTK tərəfindən mənzillər satıldığını bilmiş və MTK-nın sədri olan Cahangir Alışovla onun Bakı şəhəri Nərimanov rayonu ərazisində yerləşən ofisində görüşmüş, C.Alışov MTK-ya məxsus Yasamal rayonu, M.Xiyabani küçəsində yerləşən çoxmənzilli hündür mərtəbəli yaşayış binasının 12-ci mərtəbəsində 1 otaqlı mənzilin satışda olduğunu bildirmişdir. Mənzilə yerində baxdıqdan sonra, mənzili 30 000 manat dəyərində qiymətləndirmişlər və 21 sentyabr 2016-cı il tarixli mənzil tikintisi haqqında müqavilə bağlamışlar. Müqavilə dəyəri onun tərəfindən tam şəkildə ödənilmiş və bu barədə ona maliyyə arayışı verilmişdir. Qeyd edilən mənzil ona təklif edilərkən, bildirdiyi kimi mənzilə yerində baxmış və video-görüntülərini qeydə almışdır. Həmin vaxt mənzil tam boş və tam təmirsiz, eləcə də, qonşu mənzillərin təmiri zamanı atılmış tullantılarla dolu olmuşdur. O, mənzili tullantılardan təmizləmiş və uzun müddət ərzində təmir etdirmişdir. Mənzilin təmirinə ümumilikdə 45000 manat vəsait xərcləmişdir. Təmirdən sonra ailə üzvləri ilə birlikdə 2 ilə yaxın müddət ərzində həmin evdə yaşasa da cavabdehin oğlu mənzilə gəlmiş və mənzilin onun anasına məxsus olduğunu bildirmişdir. Bundan sonra cavabdeh ona və "xxxx" MTK-ya qarşı Yasamal Rayon Məhkəməsində iddia qaldırmış və MTK ilə onun arasında bağlanmış müqavilənin etibarsız hesab edilərək onun ailə üzvləri ilə birlikdə mənzildən çıxarılmağını xahiş etmişdir. Yasamal Rayon Məhkəməsinin 24.09.2018-ci il tarixli 2(004)-1923/2018 saylı qətnaməsi ilə iddia rədd edilsə də, Cavabdeh apellyasiya şikayəti əsasında Bakı Apellyasiya Məhkəməsinin MK 18 fevral 2019-cu il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, "xxxx" MTK ilə onun arasında bağlanmış 21 sentyabr 2016-cı il tarixli müqavilənin etibarsız hesab edilməsi və onun həmin mənzildən çıxarıılmağı qət edilmişdir. Ali Məhkəmənin MK 04.07.2019-cu il tarixli 2( 102)-4853/2019 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin həmin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin iş üzrə aparılmış məhkəmə araşdırmaları zamanı mübahisəli mənzilin onun tərəfindən təmir edildiyi müəyyən edilmişdir. Hesab edir ki, onunla MTK arasında bağlanmış müqavilə etibarsız hesab edildiyinə və həmin mənzildən çıxarılmağı barədə yekun məhkəmə qətnaməsi qəbul edildiyinə görə, həmin mənzilə onun tərəfindən çəkilmiş xərc cavabdehdən onun xeyrinə tutulmalıdır. Belə ki, evin təmirinə çəkdiyi xərc evin ayrılmaz hissəsi olmuşdur və evin dəyərinin kifayət qədər artması ilə nəticələnmişdir. Çəkilmiş xərcin onun tərəfindən evdən çıxarkən özü ilə aparmağı qeyri-mümkündür və bundan başqa da, həmin xərcin əvəzini cavabdehin ona ödəməməsi onun əsassız varlanması ilə nəticələnəcəkdir. Qeyd etdiyi halların mövcudluğu həm iş materiallarında olan qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə, həm də cavabdehin verdiyi ifadələrlə öz təsdiqini tapdığı halda məhkəmənin ondan əlavə hansı sübutlar tələb etdiyi anlaşılan deyil. Cavabdehin iddianı etiraf etməməsi, ona məxsus mənzilin təmirinə xərc çəkdiyini inkar edə bilməz və çəkdiyi və cavabdehə məxsus mənzildən ayrılması mümkün olmayan xərci ona ödəməli olduğu birmənalıdır və qanunvericiliyin tələbidir. Bu, elə məhkəmənin öz qətnaməsində istinad etdiyi 1091.1 və 1091.2-ci maddələrində də təsbit edilmiş, lakin nədənsə, məhkəmə tətbiq etdiyi həmin maddi hüquq normalarını ümumiyyətlə təfsir etməmişdir. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməsini, Sumqayıt Şəhər Məhkəməsinin 03 may 2021-ci il tarixli, 2(060)-3735/2021 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh qızı apellyasiya şikayətini qəbul etməyərək göstərdi ki, Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində yerləşən 1 otaqlı, sahəsi 52,5 kv.m. olan 81 saylı mənzilin dəyərini- 27.825 manat pulu tam olaraq ödəyib 09.09.2013-cü İl tarixdə "xxxx" MTK ilə qanuni yolla bağladığı müqavilə əsasında almışdır. İddiaçıya isə 21.09.2016-cı ildə saxta yolla 30.000 manat pula isə həmin mənzili "xxxx" MTK-nm rəhbərləri tərəfindən satılmış, pulunu mənimsəmişlər. Bununla əlaqədar "xxxx" MTK-nın rəhbərləri Cahangir Alışov, Habil Fətəliyev və başqaları barəsində Azərbaycan Respublikası CM-nin 178.3.2, 29, 178.3.2, 308.2, 313, 320.1 -ci maddələri ilə cinayət işi qaldırılmış və hazırda həmin cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatındadır. Həmin cinayət işində o da zərərçəkmiş şəxsdir. Onun iddiası üzrə İddiaçıla "xxxx" MTK arasında yaşayış binasında mənzil tikintisi haqqında bağlanmış 21.09.2016-cı il tarixli müqavilə etibarsız hesab edilmiş, həmin müqavilə əsasında iddiaçı tərəfindən ödənilmiş 30.000 manat pul vəsaiti "xxxx" MTK-dan tutularaq İddiaçı verilməsi və onun həmin mənzildən çıxarılması qət edilmişdir. Qətnamə Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən 04.07.2019-cu il tarixdə öz qüvvəsində saxlanılmışdır. Göründüyü kimi, iddiçıya saxta yolla mənzil satılmasında, pulunun MTK rəhbərləri tərəfindən mənimsənilməsində onun günahı yoxdur. Həmçinin iddiaçını ona məxsus mənzilə buraxmamış, aralarında belə bir razılıq olmamış, sərəncam hüququ ilə ona məxsus olan mənzildə təmir işləri aparmasını ondan xahiş etməmişdir. Əksinə, iddiçının 2017-ci ildən indiyədək mənzilini qanunsuz zəbt etməsi səbəbindən öz mənzilinə köçüb yaşaya bilmir, indiyədək ailə ilə 250 manata kirayədə qalır ki, bu da ona maddi və mənəvi zərər vurulmasına gətirib çıxarmışdır. Qeyd etdiyi qətnamə qanuni qüvvəyə minsə də iddiaçı yenə də mənzilini boşaltmır. Onu da qeyd edir ki, iddiaçı 2016-cı ildə mənzil almaq üçün MTK-ya müraciət edəndə MTK-da işləyənlərdən bir nəfər ona bu mənzilin sahibinin olduğunu bildirmişdir. İddiaçı saxta müqavilədən şübhələndiyi üçün onun pulunu mənimsəyənlərdən pulunu tələb etmişdir. Belə olanda ona bildirmişlər ki, narahat olma, sən mənzili təcili təmir et, köç yaşa, səni heç kəs oradan çıxara bilməz. Bundan sonra MTK sədri Cahangir Alışov ondan 1.000 manat pul almış, saxta müqavilənin və saxta maliyyə arayışının arxasında «təmirə buraxılsın» sözləri əlavə edərək mənzili təmir etməyi tapşırmışdır. Bunu iddiaçı Yasamal Rayon Məhkəməsində bildirmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-4853/2019 saylı, 04.07.2019-cu il tarixli qərarında qeyd edilmişdir ki, işə əlavə edilmiş AR CM-nin 178.3.2, 29, 178.3.2, 308.2, 313, 320.1-ci maddələri və X2 AR CM-nin 178.3.2, 29, 178.3.2, 308.2, 313, 320.1 -ci maddələri ilə təqsirləndirilmələrinə dair 18 dekabr 2018-ci il tarixli ittiham aktından görünür ki, 1 otaqlı, 52.5 kv.m sahəli 81 nümrəli mənzili 7 sentyabr 2013-cü il tarixli müqavilə ilə Cavabdeh qızına satdığı və mənzilin dəyəri tam ödənildiyi halda, 2016-cı ilin sentyabr ayında həmin mənzilin əvvəldən heç kəsə satılmamasını İddiaçı yalandan bildirib qabaqcadan əlbir olan bir qrup şəxs qismində xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək həmin mənzilin tamah niyyəti ilə məzmununa bilə-bilə yalan məlumatlar daxil edərək kooperativin möhürü ilə təsdiq etdiyi, MTK sədrinin adından Habil Fətliyev tərəfindən imzalanmış 21 sentyabr 2016-cı il tarixli saxta müqavilə və maliyyə arayışı əsasında İddiaçı satılması adı ilə ondan həmin tarixdə vahid niyyətlə 30.000 manat məbləğində pulu alıb əlbir olduğu şəxslərlə aralarında bölərək şəxsi ehtiyaclarına sərf etməklə cinayət əməlini müəyyən müddət gizlətmək məqsədilə mənzili İddiaçı təhvil verib Cavabdeh öz əmlakından istifadə ilə bağlı hüquqlarından məhrum etməklə hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurulmasında ifadə olunan əməli ağır nəticələrə səbəb olmaqla qabaqcadan əlbir olan bir qrup şəxs qismində təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə cinayətlərini törətmişlər. Göründüyü kimi Yeni Yasamal MTK-ya aid binanın 1-ci giriş, 13-cü mərtəbəsində yerləşən 81 saylı mənzilin 2013-cü ildə ona satıldığı halda, öz qulluq mövqeyindən istifadə etməklə, etibardan sui-istifadə etmə, aldatma yolu ilə 2016-cı ildə İddiaçı satılması faktı istintaqı gedən cinayət işi üzrə aydınlaşdırılmışdır. İddiaçı ərizəsində yalan yazır. Belə ki, mənzili alanda ondan əvvəlki mənzil sahibi mənzilə 250 manata dəmir giriş qapısı qoymuşdur və açarını ona vermişdir. Eyni zamanda mənzilin tualet, hamam, mətbəx arakəsmələri kərpiclə hörülü olmuşdur. Ona görə mənzilə tullantıların atılması barədə iddiaçının qeydləri əsassızdır. 2016-cı ilin noyabr ayında oğlu həmin mənzildə olmuş, mənzilin giriş qapısını açaraq içəri girmiş və orda video çəkiliş aparmışdır. Hazırda həmin video görüntülər ondadır. Ona görə hesab edir ki, iddidaçının o qeyd etdiyi vaxtda orada yaşaması yalandır. Qeyd olunanlara əsasən hesab edir ki, iddiaçı məhkəmədə hazırkı iddia ilə ona qarşı iddia qaldıra bilməzdi. İddiaçını ona məxsus mənzilə o, deyil, MTK rəhbərləri buraxmış, təmirə icazəni o, deyil saxta yolla MTK rəhbərləri vermişdir. Ona görə hazırkı iddia ilə iddiaçı MTK-ya qarşı məhkəmədə iddia qaldırmalı idi. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməməsini, Sumqayıt Şəhər Məhkəməsinin 03 may 2021-ci il tarixli, 2(060)-3735/2021 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh qızının nümayəndəsi X5 apellyasiya şikayətini qəbul etməyək onun təmin edilməməsini, Sumqayıt Şəhər Məhkəməsinin 03 may 2021-ci il tarixli, 2(060)-3735/2021 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi hakimi, iddiaçını, cavabdehi və onun nümayəndəsini dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 03 may 2021-ci il tarixli, 2(060)-3735/2021 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan Bakı Şəhər Yasamal Rayon Məhkəməsinin 24.09.2018-ci il tarixli, 2(004)-1923/2018 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdeh qızının cavabdehlər "xxxx" Mənzil Tikinti Kooperativinə və İddiaçı qarşı - cavabdehlər "xxxx" Mənzil Tikinti Kooperativi ilə İddiaçı arasında yaşayış binasında mənzil tikintisi haqqında bağlanmış 21 sentyabr 2016-cı il tarixli müqavilənin etibarsız hesab edilməsi və həmin mənzildə yaşayan İddiaçı ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində yerləşən 1 otaqlı, 81 saylı mənzildən çıxarılmaları barədə iddiası rədd edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin MK 2(103)-51/2019 saylı, 18 fevral 2019-cu il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdeh qızının apellyasiya şikayəti təmin edilərək Bakı Şəhər Yasamal Rayon Məhkəməsinin 2(004)1923/2018 saylı iş üzrə qəbul etdiyi 24 sentyabr 2018-ci il tarixli qətnaməsi ləğv edilib iş üzrə yeni qətnamə qəbul edilərək iddia qismən təmin edilmiş, cavabdehlər "xxxx" Mənzil Tikinti Kooperativi ilə İddiaçı arasında yaşayış binasında mənzil tikintisi haqqında bağlanmış 21 sentyabr 2016-cı il tarixli müqavilə etibarsız hesab edilmiş, 21 sentyabr 2016-cı il tarixli müqavilə əsasında ödənilmiş 30000 manat məbləğində pul vəsaiti "xxxx" MTK-dan tutularaq cavabdeh İddiaçı ödənilməlidir. Cavabdeh İddiaçı Bakı şəhəri Yasamal rayonu, M.Xiyabani küçəsində yerləşən 1 otaqlı sahəsi 52,5 kvm olan 81 saylı mənzildən çıxarılmalı, iddia tələbi qalan hissədə təmin edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəmənin 04.07.2019-cu il tarixli 2(102)-4853/2019 saylı qərarının surətindən görünür ki, kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin 18 fevral 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin olunmadan saxlanılmışdır. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Cavabdeh qızı Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində yerləşən 1 otaq, sahəsi 52,5 kv.m. olan 81 saylı mənzilin dəyərini 27825 manat pulu tam olaraq ödəyib 09.09.2013-cü il tarixdə "xxxx" MTK ilə bağladığı müqavilə əsasında almış, İddiaçı isə 21.09.2016-cı ildə 30000 manat pula həmin mənzili "xxxx" MTK-nın rəhbərlərindən almış, həmin müqavilə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən "xxxx" Mənzil Tikinti Kooperativi ilə İddiaçı arasında yaşayış binasında mənzil tikintisi haqqında bağlanmış 21 sentyabr 2016-cı il tarixli müqavilə etibarsız hesab edilmiş, 21 sentyabr 2016-cı il tarixli müqavilə əsasında ödənilmiş 30000 manat məbləğində pul vəsaiti "xxxx" MTK-dan tutularaq cavabdeh İddiaçı ödənilməli, İddiaçı Bakı şəhəri Yasamal rayonu, M.Xiyabani küçəsində yerləşən 1 otaqlı sahəsi 52,5 kvm olan 81 saylı mənzildən çıxarılmalıdır. X1 AR CM-nin 178.3.2, 29, 178.3.2, 308.2, 313, 320.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Yeni Yasamal MTK-ya aid binanın 1-ci giriş, 13-cü mərtəbəsində yerləşən 81 saylı mənzilin 2013-cü ildə Cavabdeh qızına satıldığı halda, öz qulluq mövqeyindən istifadə etməklə, etibardan sui-istifadə etmə, aldatma yolu ilə 2016-cı ildə İddiaçı satılması faktı istintaq zamanı aydınlaşdırılmışdır. Birinci instansiya məhkəməsi İddiaçı Cavabdeh qızına qarşı hazırki iddia tələbi ilə müraciət etməsi üçün onun subyektiv hüquqa malik olmaması əsası ilə iddianı təmin etməmiş, gəldiyi nəticəni də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun S.Ələkbərovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 14 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 3 iyul 2015-ci il qərarına istinad edərək əsaslandırmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun S.Ələkbərovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 14 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 3 iyul 2015-ci il qərarında qeyd olunur ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə, iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz (Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə 30 iyun 2008-ci il tarixli və İ.Şabanovanın şikayəti üzrə 27 avqust 2012-ci il tarixli Qərarları). Mülkiyyət hüququ hamılıqla tanınan əsas hüquqdur və ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl dəyərlərindən biri hesab olunur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, məhkəmə hazırki iş üzrə iddiaçının iddia qaldırmaq üçün subyektiv hüquqa malik olmaması barədə gəldiyi nəticədə haqlı olmamışdır. Belə ki, iş materialları ilə müəyyən edilir ki, İddiaçı isə 21.09.2016-cı ildə 30000 manat pula həmin mənzili "xxxx" MTK-nın rəhbərlərindən almış, oranı təmir edərək yaşamış, daha sonra məhkəmə qətnaməsi ilə "xxxx" Mənzil Tikinti Kooperativi ilə İddiaçı arasında yaşayış binasında mənzil tikintisi haqqında bağlanmış 21 sentyabr 2016-cı il tarixli müqavilə etibarsız hesab edilmiş, 21 sentyabr 2016-cı il tarixli müqavilə əsasında ödənilmiş 30000 manat məbləğində pul vəsaiti "xxxx" MTK-dan tutularaq cavabdeh İddiaçı ödənilməli, İddiaçı Bakı şəhəri Yasamal rayonu, M.Xiyabani küçəsində yerləşən 1 otaqlı sahəsi 52,5 kvm olan 81 saylı mənzildən çıxarılmalıdır. X1 AR CM-nin 178.3.2, 29, 178.3.2, 308.2, 313, 320.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Yeni Yasamal MTK-ya aid binanın 1-ci giriş, 13-cü mərtəbəsində yerləşən 81 saylı mənzilin 2013-cü ildə Cavabdeh qızına satıldığı halda, öz qulluq mövqeyindən istifadə etməklə, etibardan sui-istifadə etmə, aldatma yolu ilə 2016-cı ildə İddiaçı satılması faktı istintaq zamanı aydınlaşdırılmışdır. Göründüyü kimi, iş üzrə mübahisələndirilən "xxxx" MTK-ya aid binanın 1-ci giriş, 13cü mərtəbəsində yerləşən 81 saylı mənzil cavabdehlə yanaşı MTK tərəfindən iddiaçıya da satılmış, iddiaçı orada təmir işləri görərək yaşamağa bağlamışdır. Bu səbbədən də məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə İddiaçı mübahisəli "xxxx" MTK-ya aid binanın 1-ci giriş, 13-cü mərtəbəsində yerləşən 81 saylı mənzili 30000 manat verərək alması, oranı təmir edərək orada yaşaması nəzərə alaraq hazırki iddianı qaldırmaq üçün subyektiv hüquqa malikdir. Bununla yanaşı məhkəmə kollegiyası iddia tələbinə qiymət verərək hesab edir ki, iddiaçının hazırki iddianı qaldırmaq üçün subyektiv hüququ olsa belə, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Həmin Məcəllənin 753.4-cü maddəsinə əsasən müqavilədə nəzərdə tutulmayan və sifarişçi tərəfindən yerinə yetirilməsi tələb edilməyən işlər ödənilmir. Tələb edildikdə podratçı belə işlərin nəticələrini aradan qaldırmalıdır. Əgər o bunu ağlabatan müddət ərzində etməzsə, sifarişçi onları podratçının hesabına aradan qaldıra bilər. Bundan başqa, podratçı bütün digər zərər üçün sifarişçi qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Hazırki iş materaillarından görünür ki, yuxarda sadalanan qanunvericilik normalarına əsasən iddiaçı ilə cavabdeh arasında mübahisəli evin təmiri ilə bağlı hər hansı razılaşma, müqavilə olmamış, cavabdeh evin təmiri ilə bağlı iddiaçıya hər hansı göstəriş, tapşırıq verməmişdir. Həmçinin cavabdeh hazırki işdə əsassız varlanan şəxs olmamışdır. Eyni zamanda iş materiallarında olan qanuni qüvvəsini almış məhkəmə qərarlarından görünür ki, qətnamə ilə ləğv edilmiş 21 sentyabr 2016-cı il tarixli müqavilə əsasında ödənilmiş 30000 manat məbləğində pul vəsaiti "xxxx" MTK-dan tutularaq cavabdeh İddiaçı ödənilməsi qət edilmişdir. Bu səbəbdən də Cavabdeh qızı hazırki mübahisə üzrə iddiaya cavab verməli şəxs deyildir. Belə ki, mübahisəli mənzilin iddiaçıya satılmasında, evin təmir edilməsində cavabdehin hər hansı öhdəliyi və təqsiri olmamışdır. Bu səbbədən də iş üzrə cavabdeh hazırki iddiaya cavab verməli şəxs deyildir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 54-cü maddəsinə əsasən iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. İddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. Göründüyü kimi, cavabdeh əsl cavabdehlə əvəz edilməmiş, bu barədə hər hansı ərizə verilməmişdir. Həmçinin iddia ərizəsindən görünür ki, iddiaçı mənzilin təmirinə 45000 manat xərclədiyini bildirsə də iddia ərizəsinin nəticə hissəsində təmir xərcinə görə cavabdehdən 30000 manatın tutulmasını xahiş etməklə mənzilə qeyd edilən məbləğdə xərcin çəkilməsini təkzib etmişdir. Eyni zamanda dəyəri 30000 manat olan mənzilin 45000 manata təmir edilməsi də ağlabatan sayılmır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası apellyasiya şikayətində göstərilən dəlilləri iddianın təmin edilməsi üçün əsaslı hesab etmir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol vermişdir. X7 Məhkəməsinin də hüquqi mövqeyi belə olmuşdur ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbti probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur və bu zaman sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallardan irəli gələ bilər. (§68) Həmçinin “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında da X7 Məhkəməsi öxşar hüquqi mövqe göstərərək, məhkəmənin sübutları qiymətləndirərkən bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartlarının təbiq edilməsini müəyən etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası şərh olunanlara əsasən belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi maddi prosessual hüquq normalarının pozulması ilə qətnamə qəbul etmişdir. Bu da qətnаmənin ləğvi üçün əsasdır. Belə ki, Mülki Prosessual Məcəlləsinin 385.1.1 və 385.1.3-cü maddələrinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Qeyd olunanlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, yuxarıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 03 may 2021-ci il tarixli, 2(060)-3735/2021 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 372.1, 372.6, 372.7, 384.0.2, 385.1.1, 385.1.3, 386, 388, 392, 393, 405 və 406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ: Apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 03 may 2021-ci il tarixli, 2(060)-3735/2021 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qızına qarşı təmir xərci tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar