Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-27/2021 26.04.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Rəhimov Elman Gülbaba oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Gülnarə Fikrət qızı və Quliyev Telman Osman oğlundan ibarət tərkibdə, Yusifova Ayşən Hafiz qızının katibliyi ilə, İddiaçı cavabdeh DƏDRX-nin 5 saylı Ərazi İdarəsinə qarşı reyestrdən çıxarışın və texniki pasportun qismən ləğv edilməsi tələbinə dair mülki iş üzrə Şabran Rayon Məhkəməsinin 17 avqust 2018-ci il tarixli, 2(031)-579/2018 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Şabran Rayon Məhkəməsinin 17 avqust 2018-ci il tarixli, 2(031)-579/2018 saylı qətnaməsilə (hakim Ç.İsgəndərov) İddiaçı cavabdeh DƏDRX-nin 5 saylı Ərazi İdarəsinə qarşı reyestrdən çıxarışın və texniki pasportun qismən ləğv edilməsi tələbinə dair iddiası təmin edilməmişdir. Qətnamədən iş üzrə İddiaçı apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. İddiaçı məhkəmədə iddia qaldıraraq cavabdeh Daşınmaz Əmlakın Dövlət reyestr Xidmətinin 5 saylı Ərazi İdarəsi tərəfindən 3-cü şəxs X2 və onun əsasında da digər 3-cü şəxs X3 adına verilmiş Şabran rayonu, 28 may küçəsi, ev 2-yə dair Texniki Pasportun və Çıxarışın qismən ləğv olunaraq əvvəlki ölçüdə-ilkin torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə uyğun ölçüdə Texniki Pasportun və Çıxarışın verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Şabran rayonu 28 may küçəsi, ev 4 ona X4ndan miras əmlak kimi qalmışdır. Hazırda həmin evi vərəsə kimi qəbul edib idarə edir, orada 8 metr hündürlüyündə 2 mərtəbəli ev tikmişdir. JN-5030A KOD 30401004 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməsi vardır. Evinin yerləşdiyi 700 kvm olan torpaq sahəsi Şabran (keçmiş Dəvəçi) rayonu X5 12.09.2000-ci il tarixli, 06 saylı qərarı ilə atası Ə.Məmmədova fərdi ev tikmək məqsədi ilə verilmişdir. X4 30.05.1992-ci ildə, anası X1 isə 09.07.2003-cü ildə vəfat etmişdir. Təxminən 4 il bundan əvvəl qonşuluqda yerləşən 2 saylı evi 3-cü şəxs Yaşar İbrahimov 3-cü şəxs Ramin Vahabova satmışdır. Həmin torpaq sahəsi sənədlə 1000 kvm olsa da, faktiki olaraq 2000 kvm təşkil edir. 3-cü şəxs R.Vahibov 2014-cü ildə torpaq sahəsində böyük bir villa (mansarla birgə) tikməyə başlamışdır. Lakin o, eni 1,5 metr, uzunluğu 44,5 metr olan ərazidə onun torpaq sahəsinə girərək çəpəri onun ön tərəfdən evinə, həyət tərəfdən onlar əkən ağacların ortasına çəkərək torpaq sahəsini zəbt etmişdir. Araşdırmalar zamanı məlum olmuşdur ki, 3-cü şəxs Yaşar Quliyevin torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə cavabdeh tərəfindən əvvəlcə Yaşar Quliyevin, sonra isə Ramin Vahabovun adına verilmiş Texniki Pasportun və Çıxarışın arasında uyğunsuzluq vardır. Daşınmaz Əmlakın Dövlət reyestr Xidmətinin 5 saylı Ərazi İdarəsi tərəfindən 3-cü şəxs X2 və bunun əsasında da digər 3-cü şəxs X3 adına verilmiş Şabran rayonu, 28 may küçəsi, ev 2-yə dair Texniki Pasportun və Çıxarışın qismən ləğv olunaraq əvvəlki ölçüdə-ilkin torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə uyğun ölçüdə Texniki Pasportun və Çıxarışın verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 25.1-ci maddəsinə əsasən mülki məhkəmə icraatı qaydasında mülki, ailə, əmək, mənzil, torpaq münasibətləri, təbii ehtiyatlardan istifadə olunması və ya ətraf mühitin qorunması, vergi və digər münasibətlərdən əmələ gələn mübahisələr üzrə tərəflərdən heç olmasa biri fiziki şəxsdirsə və onun fərdi sahibkar statusu yoxdursa və ya belə statusu olsa da, mübahisə onun sahibkarlıq fəaliyyətini həyata keçirməsi ilə əlaqədar yaranmamışsa, həmin mübahisələr üzrə işlərə ümumi məhkəmələr baxır. Hazırki tələb cavabdehin adına verilmiş çıxarışın ləğv edilməsidir. Həmin tələbə cavab verməli orqanlar inzibati orqandır, yəni hüquqları qeydə alan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətidir. Azərbaycan Respublikasının İPM-nin 2.2.1. və 2.2.2. madddələrinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair”Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 Sentyabr 2020-ci il tarixli 10 saylı qərarının 2-ci bəndində göstərilmişdir ki,qanunvericiliyin yeni müddəalarının tətbiqi ilə bağlı məhkəmələrə ilk növbədə izah edilir ki, aidiyyətlə bağlı mübahisələrə baxılmasının yeni qaydası yalnız mülki və kommersiya mübahisələri üzrə məhkəmə aidiyyətinə dair fikir ayrılıqlarının olduğu hallara aiddir. Buna görə, mülki və ya kommersiya məhkəməsinə verilmiş iddia ərizəsinin inzibati məhkəməyə aid olması qənaətinə gəldikdə, məhkəmələr həmin işləri aidiyyətin müəyyənləşdirilməsi üçün Ali Məhkəməyə göndərməməli, MPM-in 153.2.1-ci və ya 261.0.1-ci maddələrində nəzərdə tutulmuş qərardadlardan birini qəbul etməlidirlər. Azərbaycan Respublikası MPM-in 261.0.1-ci maddəsinə əsasən işə məhkəmədə baxılmalı deyilsə hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 391-ci maddəsinə əsasən bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmə qətnaməsi ləğv edilməlidir. Həmin Məcəllənin 262.3-cü maddəsinə görə işin məhkəmə orqanlarına aid olmaması nəticəsində və ya bu Məcəllənin 261.0.8-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apelyasiya şikayəti qismən təmin edilməli, Şabran Rayon Məhkəməsinin 17 avqust 2018-ci il tarixli, 2(031)-579/2018 saylı qətnaməsi ləğv edilməli, işin icraatına xitam verilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 261-264, 365 və 391-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Apelyasiya şikayəti qismən təmin edilsin. Şabran Rayon Məhkəməsinin 17 avqust 2018-ci il tarixli, 2(031)-579/2018 saylı qətnaməsi ləğv edilsin. İddiaçı cavabdeh DƏDRX-nin 5 saylı Ərazi İdarəsinə qarşı reyestrdən çıxarışın və texniki pasportun qismən ləğv edilməsi tələbinə dair mülki iş üzrə işin icraatına xitam verilsin. İddiaçı aidiyyəti üzrə inzibati məhkəməyə müraciət etmə hüququnun olması izah edilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, qərardaddan rəsmi qaydada alındığı gündən 10 gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Elman Rəhimov Hakimlər: Gülnarə Tağızadə Telman Quliyev
Məhkəmə qərarları › İş №2(105)-27/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-27/2021
26.04.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver