Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-270/2023 27.04.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Fuad Əli oğlu və X16 ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədzadə Səbinə Məhəmməd qızının katibliyi, ərizəçinin nümayəndəsi Nümayəndə2 və maraqlı şəxsin nümayəndəsi X9 iştirakları ilə, Ərizəçi X4 «fərdi qaraja mülkiyyət hüququnun tanınması» barədə ərizəsinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2-1483/2001 nömrəli, 09 noyabr 2001-ci il tarixli qətnaməsindən maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: Ərizəçi X10 «fərdi qaraja mülkiyyət hüququnun tanınması» barədə ərizə ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhəri, 7-8-12-ci məhəllədə yerləşən 14 saylı qaraja mülkiyyət hüququnun tanınması və onun adına qeydiyyata alınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, 7,8,12-ci məhəllədə yerləşən 14 saylı, sahəsi 22,6 kv.m. olan qaraj Sumqayıt şəhər XDS İH-nin 71 saylı, xx.xx.1964-cü il tarixli qərarına əsasən müştərək qaydada X19 və X5 məxsus olmuşdur. 1964-cü ildə X20 Rusiya Federasiyasına köçmüş, müvafiq qaraj A.Alabovskinin icarəsində qalmış və A.Alabovski bu qarajı 1970-ci ildə ona satmışdır. O, 2500 rubl pul ödəyib qarajı almışdır. O, 1970-ci ildən qaraja faktiki mülkiyyətçi hüququ ilə fasiləsiz və etirazsız sahiblik etmişdir. X8 Rusiya Federasiyasına köçmüş, 1991-ci ildə Sumqayıt şəhəri, 7,8,12-ci məhəllə, 92 saylı evin 10 saylı mənzilini satmaq üçün gələrkən 23 may 1991-ci il tarixdə qarajı onun adına keçirmək üçün yaxın qonşusu X13 adına etibarnamə vermişdir ki, ola bilsin qayıtmasın. Bununla əlaqədar onun arvadı X11 ilə evlənmək haqqında şəhadətnamə və onun yazılı razılığı alınmışdır. Sumqayıt şəhərinin baş memarının xx.xx.1992-ci il tarixli, A- 148 saylı məktubu ilə Dövlət Notariat Kontoruna qarajın onun adına keçirilməsinə razılıq verilmiş, xx.xx.1992-ci il tarixli Texniki İnventarlaşdırma Bürosunun arayışı alınmış, lakin Sumqayıt şəhər 2 saylı Dövlət Notariat Kontoru xx.xx.1992-ci il tarixli 30 saylı qərarı ilə nortariat əməliyyatı aparmaqdan imtina etmişdir. Qərar onunla əsaslandırılmışdır ki, mübahisəli qaraj X8 ilə X17 şərikli mülkiyyətindədir və satıcılar şəxsən notariusa müraciət etməlidirlər. Qarajın sahiblərindən biri X22 ölməmiş, bu barədə şəhadətnamə təqdim edilməmişdir. Bununla əlaqədar qarajın qeydiyyata alınması mümkün olmamışdır. O, isə qaraja yaktiki mülkiyyətçi hüququ ilə sahiblik etməyə davam etmişdir. Hazırda həmin şəxslərin sağ olması barədə onda heç bir məlumat yoxdur. O, dövlət qeydiyyatına alınmamış daşınmaz əmlaka faktiki mülkiyyət hüququ ilə 30 il ərzində fasiləsiz və etirazsız sahiblik etdiyindən mülkiyyətçi kimi qeydə alınmasını tələb edə bilər. Sumqayıt Şəhər Məhkəməsinin 2-1483/2001 nömrəli, 09 noyabr 2001-ci il tarixli qətnaməsi ilə ərizəçi X4 «fərdi qaraja mülkiyyət hüququnun tanınması» barədə ərizəsi təmin olunaraq, onun Sumqayıt şəhəri, 7-8-12-ci məhəllədə yerləşən 14 saylı qaraja mülkiyyət hüququ tanınmışdır. Həmin qətnamə ilə eyni zamanda Sumqayıt şəhəri DTİ və MHQİ-nə qarajın notariat tərtibatı tələb olunmadan X4 adına qeydə alınması tapşırılmışdır (hakim Qafil Baxşıyev). İş materiallarından görünür ki, həmin qətnamənin surəti qətnamənin nəticə hissəsində adı göstərilən Sumqayıt şəhəri DTİ və MHQİ-nə göndərilməmişdir. İş materiallarından görünür ki, həmin qətnamənin surəti Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə alınmışdır. Qətnamədən narazı qalan maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsi xx.xx.2022-ci il tarixdə apellyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin 2-1483/2001 nömrəli, 09 noyabr 2001-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTLƏRİNİN DƏLİLLƏRİ Maraqlı şəxs apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, ərizəçi X10 ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, Sumqayıt şəhəri, 7-8-12-ci məhəllədə yerləşən 22,6 kv.m. sahəsi olan 14 saylı qaraj Sumqayıt şəhər XDS İK-nin xx.xx.1964-cü il tarixli 271 saylı qərarı ilə müştərək qaydada Şaşkov Qriqoriyeviçə və X5 məxsus olmuşdur. 1964-cü ildə X20 Rusiya Federasiyasına köçmüş, müvafiq qaraj A.Alabovskinin icarəsində qalmış və A.Alabovski bu qarajı 1970-ci ildə ona satmışdır. Aparılmış araşdırmalar nəticəsində məlum olmuşdur ki, İdarənin arxiv əsaslarında Sumqayıt şəhəri, 7-8-12-ci məhəllədə yerləşən 22,6 kv.m. sahəsi olan 14 saylı qarajın X14 məxsus olmasına dair texniki pasport vardır. Həmçinin İdarənin arxiv əsaslarında ərizəçi X4 iddia etdiyi qarajın əvvəlki sahibi X3 adına isə həmin ünvanda yerləşən 3 saylı qaraja dair pasport vardır. Göründüyü kimi məhkəmə tərəfindən ərizəçinin sözügedən qaraja dair hər hansı hüquqmüəyyənedici sənədləri olmadan qanunsuz olaraq mülkiyyət hüququ tanınmışdır. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin nümayəndəsi X15 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ərizənin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən ərizəçinin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinin dəlillərinin əsassız olduğunu bildirərək apellyasiya şikayətinin təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, ərizə rədd edilməlidir. Birinci instansiya məhkəməsində aparılmış araşdırma zamanı qeyd edilmişdir ki, Sumqayıt səhəri, 7-8-12-ci məhəllədə yerləşən sahəsi 22,6 kv.m olan 14 saylı qaraj Sumqayıt səhəri XDS İK-nin 271 saylı xx.xx.1964-cü il tarixli qərarına əsasən müştərək qaydada X8 ilə X19 məxsus olmuş, 1964-cü ildə X22 Rusiya Federasiyasına köçmüş, qaraj X3 icarəsində qalmış, 1970-ci ildə oktyabr ayında X8 mübahisəli qarajı X1, Ərizəçi 2500 rubl ödəyib qarajı almış, 1970-ci ildən bu vaxta kimi qaraja faktiki mülkiyyətçi huququ ilə fasiləsiz və etirazsız sahiblik etmiş, A.Alabovski 1991-ci ildə Sumqayıt şəhəri 7-8-12-ci məhəllədə yerləşən 92 saylı evin 10 saylı mənzilini satmaq üçün Rusiya Federasiyasından Sumqayıta gələrkən İ.Şaşkovun ölməsi barədə Ərizəçi məlumat vermiş və 23 may 1991-ci il tarixdə qarajı onun adına keçirmək məqsədilə yaxın qonşusu X13 adına etibarnamə vermiş, A.Alabovskinin arvadı X2rajın satılması üçün yazılı razılığı alınmış, bundan sonra Sumqayıt şəhərinin baş memarının xx.xx.1992-ci il tarixli, A-148 saylı məktubu ilə Dövlət Notariat Kontoruna qarajın X4 adına keçirilməsinə icazə verilmiş, Texniki İnventarlaşdırma Bürosunun xx.xx.1992-ci il tarixli, 642 saylı arayışı alınmış, lakin Sumqayıt şəhər 2 saylı Dövlət Notariat Kontoru xx.xx.1992-ci il tarixli 30 saylı qərarı ilə notariat əməliyyatı aparmaqdan imtina etmişdir. Lakin məhkəmə ərizəçinin dövlət qeydiyyatına alınmamış daşınmaz əmlaka faktiki mülkiyyət hüququ ilə 30 il ərzində fasiləsiz və etirazsız sahiblik etdiyini nəzərə alaraq ərizəçinin Sumqayıt şəhəri, 7-8-12-ci məhəllədə yerləşən 14 saylı qaraja mülkiyyət hüququnu tanımış, eyni zamanda Sumqayıt şəhəri DTİ və MHQİ-nə qarajın notariat tərtibatı tələb olunmadan X4 adına qeydə alınmasını tapşırmışdır. Birinci instansiya məhkəməsi iddianın təmin edilməli olması ilə əlaqədar Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.6-cı maddəsinə və eyni zamanda həmin vaxt qüvvədə olmuş 179.1-ci maddəsinə istinad etmişdir. Həmin Məcəllənin 178.6-cı maddəsinə əsasən əgər şəxs daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış daşınmaz əmlaka faktik mülkiyyətçi hüququ ilə 30 il ərzində fasiləsiz və etirazsız sahiblik etmişsə,o,mülkiyyətçi kimi qeydə alınmasını tələb edə bilər.Həmin Məcəllənin 179.1-ci maddəsinə əsasən daşınmaz əmlakın mülkiyyətçisi olmayan, lakin on il ərzində ona öz əmlakı kimi vicdanla,açıq və fasiləsiz sahiblik edən fiziki və ya hüquqi şəxs bu əmlaka mülkiyyət hüququ əldə edir. Maraqlı şəxs apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, ərizənin təmin edilməməsini xahiş edərək şikayətini – İdarənin arxiv əsaslarında Sumqayıt şəhəri, 7-8-12-ci məhəllədə yerləşən 22,6 kv.m. sahəsi olan 14 saylı qarajın X14 məxsus olmasına dair texniki pasportun olması, eləcə də İdarənin arxiv əsaslarında ərizəçi X4 iddia etdiyi qarajın əvvəlki sahibi X3 adına həmin ünvanda yerləşən 14 saylı qaraja deyil, 3 saylı qaraja dair pasportun olması ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin qeyd edilən dəlili ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi; daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi yolu ilə aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Məhkəmə kollegiyasının iclasında aparılmış araşdırma zamanı müəyyən edildi ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin arxiv sənədləri əsasında Sumqayıt şəhəri, 7-8-12-ci məhəllədə yerləşən 22,6 kv.m. sahəsi olan 14 saylı qaraja dair X12 adına texniki pasport verilmiş, eləcə də arxiv sənədləri əsasında X3 adına 14 saylı deyil, 3 saylı qaraja dair texniki pasport mövcuddur. Məhkəmə kollegiyası qeyd edir ki, ərizəçinin mülkiyyət hüququnun tanınmasını və onun adına qeydiyyata alınmasını tələb etdiyi Sumqayıt şəhəri, 7-8-12-ci məhəllədə yerləşən 14 saylı qaraj texniki pasport əsasında X12 adına qeydiyyata alınmış, həmin daşınmaz əmlaka dair ərizəçinin hər hansı bir hüququ yaranmamışdır. Bundan əlavə birinci instansiya məhkəməsi Mülki Məcəllənin 178.6-cı və 179-1ci maddələrini düzgün tətbiq etməmişdir. Belə ki, həmin maddələrdə nəzərdə tutulan 30 illik və 10 illik müddətlər həmin Mülki Məcəllənin qüvvəyə minməsindən sonra yaranan hüquq münasibıtlərinə tətbiq olunmalıdır.Bu həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 179-cu maddəsinin şərh edilməsinə dair” 28 yanvar 2002-c-il tarixli qərarında da birbaşa bu cür izah edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-mülkiyyətçinin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə görə mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikasının Mülki Məcəllənin 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Mülkiyyət hüququ Azərbaycan Respublikasında mülkiyyətçinin hüquqi baxımdan təsbit olunmuş geniş səlahiyyətləri (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək) olması ilə yanaşı, həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 2-1483/2001 nömrəli, 09 noyabr 2001-ci il tarixli qətnaməsi ləğv edilməli,iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə görə, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardan biridir. Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 2-1483/2001 nömrəli, 09 noyabr 2001-ci il tarixli qətnaməsi ləğv edilsin. X4 Sumqayıt şəhəri 7-8-12-ci məhəllədə yerləşən 14 nömrəli qaraja mülkiyyət hüququnun tanınmasına dair iddiası təmin edilməsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(105)-270/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-270/2023
27.04.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver