Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-271/2022 29.03.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı nümayəndə və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı bağ sahəsindən çıxarılma tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-33/2021 saylı, 22 iyul 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ : Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-33/2021 saylı, 22 iyul 2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh 28.10.2011-ci il tarixli, ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla tam mülkiyyət hüququ üzrə iddiaçıya məxsus Sumqayıt şəhəri, Novxanı bağ massivi, 1419 D ünvanında yerləşən ümumi sahəsi 0.06 ha torpaq sahəsindən çıxarılması, torpaq sahəsində inşa edilmiş tikililərin cavabdehin hesabına sökülması, iddiaçının dövlət büdcəsinə ödədiyi 10 (on) manat məbləğində dövlət rüsumunun onun özünə aid edilməsi qət edilmişdir (hakim Rəşad Qoşqarlı). Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-33/2021 saylı, 22 iyul 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddianın rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi. İŞİN HALLARİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 28.10.2011-ci il tarixli, ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla tam mülkiyyət hüququ üzrə ona məxsus Sumqayıt şəhəri, Novxanı bağ massivi, 1419 D ünvanında yerləşən ümumi sahəsi 0.06 ha torpaq sahəsindən Cavabdeh çıxarılması və torpaq sahəsində inşa edilmiş tikililərin cavabdehin hesabına sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ və PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edərkən Cavabdeh nümayəndə və vəkili Vəkil1 apellyasiya şikayətinə etiraz edərək göstərdi ki, Novxanı bağlar massivində yerləşən 0,12 ha sahədən ibarət olan 1419 nömrəli bağ sahəsinin miras əmlak kimi Cavabdeh qəbul etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 18 yanvar 2010-cu il tarixli, 2(060)-78/2010 saylı qətnaməsi ilə həmin bağ sahəsinin cavabdeh tərəfindən faktiki qəbul edilməsi müəyyən edilmişdir. Cavabdeh həmin bağ sahəsindən 0,06 ha torpaq sahəsini İddiaçı satmışdır, lakin pulunu tam ödəmədiyinə görə Cavabdeh həmin torpaq sahəsində ev tikmiş, qardaşı E.Mirzəyev, vəfat etmiş bacısının üç uşağı ilə orada yaşayır. Cavabdeh tərəfindən həmin torpaq sahəsinin alğı-satqı müqaviləsinin ləğv edilməsinə dair mübahisənin həllinə dair Sumqayıt Şəhər Məhkəməsinin, Sumqayıt Apellyasiya Məhkəməsinin qətnamələri, Azərbaycan Respublikası Ali Məhkəməsinin Qərarı vardır. Sonuncu məhkəmə qətnaməsi isə cavabdehin həmin ünvandan çıxarılması və inşa etdiyi tikililərin sökülməsi barədədir. Mülki işin araşdırılmasından məlum olur ki, İddiaçı 2011-ci ildə mübahisəli torpaq sahəsinə dair çıxarış alsa da uzun müddət torpağı mübahisələndirməmişdir. Bu bir daha təsdiq edir ki, iddiaçı cavabdehin etibarından istifadə edərək, bütöv torpaq sahəsinin məhkəmə və dövlət reyestrində sənədləşməsi ilə özü məşğul olmuş və sənədləşmədən sonra cavabdehə torpaq verəcəyini vəd etmişdir. Yəni satılan torpağın pulunu verməmişdir. Mübahisəli torpaq sahəsinin üzərində cavabdeh ev tikmişdir, həmin evdə onunla bərabər qardaşı və vəfat etmiş bacısının üç uşağı yaşayır və həmin torpaq sahəsindən istifadə edirlər, lakin məhkəmə qətnaməsində yalnız cavabdehin torpaq sahəsindən çıxarılmağı qət edilmişdir, digər ailə üzvləri də cavabdeh kimi işə cəlb edilməli idi. Hesab edir ki, məhkəmə həmin torpaqda tikilmiş evdə yaşayan şəxsləri cəlb etməməklə prosessual normaların tələbinin pozmuşdur. Cavabdehin digər torpaq sahəsi və evi yoxdur, uşaqlardan ikisi azyaşlıdır. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməsini, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-33/2021 saylı, 22 iyul 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın rədd olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndə və vəkili Vəkil2 apellyasiya şikayətinə etiraz edərək göstərdi ki, iddiaçının mülkiyyət hüququnu təsdiq edən çıxarış qüvvədədir. Bu səbəbdən apellyasiya şikayətinin təmin edilməməsini, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-33/2021 saylı, 22 iyul 2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. PROSESSUAL MƏSƏLƏLƏR: İş üzrə Cavabdeh nümayəndə və vəkili Vəkil1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq sonuncu məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinin tələblərinə əsasən mübahisəyə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab edir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi hakimi, tərəflərin izahatını dinləyib, iş materiallarını, apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-33/2021 saylı, 22 iyul 2021-ci il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş MA seriyalı, ******* №-li Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən “Çıxarış”ın surətindən görünür ki, Sumqayıt şəhəri, Novxanı bağ massivi, 1419D ünvanında yerləşən ümumi sahəsi 0,06 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 42 nömrəli reyestr kitabının 67 nömrəli vərəqində 28.10.2011-ci il tarixdə qeydə alınmışdır. İş materiallarında olan AN-İ seriyalı, ******* saylı, 23 iyun 2011-ci il tarixli Daşınmaz Əmlakın alğıı-Satqı Müqaviləsindən görünür ki, satıcı Cavabdeh özünə məxsus Sumqayıt şəhəri, Novxanı bağ massivi, 1419 ünvanında yerləşən ümumi sahəsi 0,12 ha olan torpaq sahəsindən 0,06 ha olan hissəsini 5400 manata alıcı İddiaçı mülkiyyətinə verir. Müqavilənin 4-cü bəndindən məlum olur ki, satıcı torpaq sahəsini İddiaçı 5400 manata satıb, alıcı isə həmin qiymətə alıb. Müqavilənin 5-ci bəndində birbaşa göstərilmişdir: alıcı torpaq sahəsini bu müqavilənin 4-cü bəndində nəzərdə tutulan qiymətini nağd şəkildə tam ödədi, satıcı isə həmin məbləği bütünlüklə qəbul etmişdir. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-1663/2020 saylı, 28.08.2020-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh İddiaçı qarşı alqı-satqı müqaviləsinin və çıxarışın ləğvi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 11 oktyabr 2019-cu il tarixli, 2(060)-5005/2019 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. Apelyasiya şikayəti təmin edilməyərək iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 11 oktyabr 2019-cu il tarixli, 2(060)-5005/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Birinci instansiya məhkəməsi iş materiallarına istinad edərək müəyyən etmişdir ki, iddiaçı Sumqayıt şəhəri, Novxanı bağ massivi, 1419D saylı, 0,06 ha torpaq sahəsinin mülkiyyətçisidir və onun öz əmlakından istədiyi kimi istifadə etmək hüququ vardır. Cavabdeh iddiaçıya məxsus Sumqayıt şəhəri, Novxanı bağ massivi, 1419D saylı, 0,06 ha torpaq sahəsini zəbt etmişdir. Cavabdehin torpaq sahəsinin həmin hissəsi üzərində qanunla qorunan hər hansı hüquqları əmələ gəlməmişdir. Belə ki, iş materiallarında olan AN-İ seriyalı, ******* saylı, 23 iyun 2011-ci il tarixli Daşınmaz Əmlakın alğı-satqı Müqaviləsindən görünür ki, satıcı Cavabdeh özünə məxsusu Sumqayıt şəhəri, Novxanı bağ massivi, 1419 ünvanında yerləşən ümumi sahəsi 0,12 ha olan torpaq sahəsindən 0,06 ha olan hissəsini 5400 manata alıcı İddiaçı mülkiyyətinə verir. Müqavilənin 4-cü bəndindən məlum olur ki, satıcı torpaq sahəsini İddiaçı 5400 manata satıb, alıcı isə həmin qiymətə alıb. Müqavilənin 5-ci bəndində birbaşa göstərilmişdir: alıcı torpaq sahəsini bu müqavilənin 4-cü bəndində nəzərdə tutulan qiymətini nağd şəkildə tam ödədi, satıcı isə həmin məbləği bütünlüklə qəbul etmişdir. Hazırda cavabdehin hər hansı hüquqları əmələ gəlmədiyi halda zəbt edilmiş torpaq sahəsindən istifadə edir. Məhkəmə qeyd edilənlərə əsasən iddia tələbini təmin etmiş, gəldiyi nəticəni də Mülki Məcəllənin 152.1, 152.5, 157.2, Torpaq Məcəlləsinin 111-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər. Həmin Məcəllənin 157.2.-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər, 157.4-cü maddəsinin tələbinə görə əgər mülkiyyətçi qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Nəzərə almaq lazımdır ki, mülkiyyət hüququ hər bir cəmiyyətin demokratik, stabil və dinamik inkişafını, eləcə də onun dayanıqlı və etibarlı olmasını şərtləndirən ən mühüm dəyərlərdən biridir. Mülkiyyət hüququ istifadə hüququna münasibətdə daha üstün hüquqdur və bu hüquqların kolliziyası (toqquşması) halında hər bir halda mülkiyyət hüququna üstünlük verilməlidir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin Məcəllənin 111.2-ci maddəsinə əsasən özbaşına tutulmuş torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılır. Həmin Məcəllənin 111.3-cü maddəsinə əsasən torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililərin və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə qiymət verərək hesab edir ki, məhkəmə gəldiyi nəticədə haqlı olmamışdır. Belə ki, iş materiallarından görünür ki, mübahisəli torpaq sahəsi Sumqayıt Şəhər Məhkəməsinin 18 yanvar 2010-cu il tarixli, 2(060)-78/2010 saylı qətnaməsi ilə ərizəçi Cavabdeh Sumqayıt şəhəri, Novxanı bağlar massivində yerləşən 0,12 ha sahədən ibarət 1419 saylı bağ sahəsinin miras əmlak kimi qəbul edilməsi faktı müəyyən edilmişdir, onun üzərində mülkiyyət hüququnun qeydə alınması üçün əsas hesab edilmiş, həmin torpaq sahəsindən Cavabdeh İddiaçıa 0,006 ha torpaq sahəsi satmışdır və sonuncu Cavabdeh həmin torpaq sahəsindən çıxarılmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 18 yanvar 2010-cuil tarixli, 2(060)-78/2010 saylı qətnaməsi Cavabdeh bacısı X1 və qardaşı X2 tərəfindən mübahisələndirilmişdir. İş materiallarına əlavə edilmiş Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 01 fevral 2022-ci il tarixli, 2(105)-384/2022 saylı qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 18 yanvar 2010-cu il tarixli, 2(060)-78/2010 saylı qətnaməsinin ləğv edilməsi, Cavabdeh Sumqayıt şəhəri, Novxanı bağlar massivində yerləşən 0,12 ha sahədən ibarət 1419 saylı bağ sahəsinin miras əmlak kimi qəbul edilməsi və üzərində mülkiyyət hüququnun tanınmasına dair ərizənin baxılmamış saxlanılması qərara alınmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarından göründüyü kimi, hazırki iş üzrə mübahisəli İddiaçı satılmış Sumqayıt şəhəri, Novxanı bağ massivi, 1419 D ünvanında yerləşən ümumi sahəsi 0.06 ha torpaq sahəsinin Cavabdeh mülkiyyət hüququnun tanınmasına əsas olan Sumqayıt Şəhər Məhkəməsinin 18 yanvar 2010-cu il tarixli, 2(060)-78/2010 saylı qətnaməsi ləğv edilmiş və həmin torpaq sahəsi üzərində Cavabdeh mülıkiyyət hüququnun tanınmasına dair ərizəsi baxılmamış saxlanılmışdır. Göründüyü kimi, mübahisəli torpaq sahəsinin Cavabdeh, daha sonra da İddiaçı mülkiyyətinə keçməsinə əsasən olan məhkəmə qətnaməsi artıq mövcud deyildir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, bir halda ki, mübahisəli torpaq sahəsini İddiaçı satan Cavabdeh həmin torpaq sahəsinə dair mülkiyyət hüququnun tanınmasına əsas olan məhkəmə qətnaməsi mövcud deyil, belə olan halda həmin torpaq sahəsinə dair İddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək hüququ da istisna olunur. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə,məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-33/2021 saylı, 22 iyul 2021-ci il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 384.0.2, 392 və 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: Apelyasiya şikayəti təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-33/2021 saylı, 22 iyul 2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-271/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-271/2022
29.03.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver