Məhkəmə qərarları › İş №2(105)-2713/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2713/2020

20.11.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2713/2020 20.11.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas Qasımova Vüsalə Yadigar qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki üzrə Xaçmaz Rayon Məhkəməsinin 2(067)-505/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Xaçmaz Rayon Məhkəməsinin 2(067)-505/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməmişdir. (hakim İ.Xəlilov) Qətnamədən İddiaçı apelyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını və iddianın təmin edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 5700 manat məbləğində pulun və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 2006-cı ilin iyun ayında Xudat şəhərində Heydər Əliyev küçəsində 820 kv. metr sahədə tikdiyi ticarət obyektinin damını örtmək üçün cavabdehin işlədiyi Xudat şəhərində yerləşən tikinti materialları ticarət mərkəzindən hərəsində 150 ədəd şifer olmaqla 2 bağlama, cəmi 300 ədəd şiferin pulunu cavabdehə vermiş və bundan sonra şiferləri obyektinə aparmışdır. Ustalar damın üstünü 300 ədəd şiferlə örtdükdən sonra, 31 ədəd şiferin çatışmadığı məlum olmuşdur. Cavabdehdən 31 ədəd şiferi nağd pul ödəməklə alıb obyektinə aparmışdır. O, vaxtdan cavabdehdən cəmi 331 ədəd şiferi nağd pul ödəməklə almışdır. 2014-cü ilin aprel ayının 11-də cavabdehdən 600 ədəd Rusiya Federasiyasının istehsal etdiyi şiferi hər birinin qiyməti 9.50 manat olmaqla, 5700 manat nağd ödəməklə almışdır. Cavabdeh ondan soruşmuşdur ki, şiferləri indi, yoxsa sonra aparmaq istəyir. O, isə hazırda şiferləri aparmaq imkanının olmadığını bildirərək, hələlik şiferlərin Ticarət Mərkəzində qalmasını xahiş etmiş, imkanı olanda gəlib aparacağını bildirmişdir. Cavabdeh onunla razılaşmış və öz dəst-xətti ilə ona 600 ədəd şifer borclu olması barədə qəbz yazıb vermiş, qəbzdə ona 600 ədəd şifer borclu olduğunu, pulunu aldığını göstərmiş, Ticarət Mərkəzinin möhürü ilə qəbzi təsdiq etmişdir. O, cavabdehin verdiyi qəbzi alıb, evə qayıtmış, qəbzi həyat yoldaşına vermişdir ki, etibarlı yerdə saxlasın. 2014-cü il aprelin 17-də xəstəlikdən əziyyət çəkən həyat yoldaşının vəziyyəti pisləşmiş, həmin il sentyabrın 29-da o, vəfat etmişdir. 2014-cü il noyabrın 8-də həyat yoldaşının 40 mərasimini verdikdən sonra, evdə tək qalmağa razı olmayan oğlanları onu noyabrın 12-də X3 şəhərinə aparmışlar. İki il orada qaldıqdan sonra, Xudat şəhərindəki evinə qayıtmış və həmin evdə yaşamağa başlamışdır. Evdə yaşadığı vaxtlarda cavabdehin ona verdiyi 600 ədəd şiferin pulu barədə qəbzi axtarmağa başlamış, lakin qəbzi tapa bilməmişdir. Cavabdehin işlədiyi ticarət obyektinə gedərək, şiferlərə baxmağa başlamışdır ki, bəlkə cavabdeh özü şiferləri niyə aparmadığını soruşar, lakin o, hər dəfə ondan nə istədiyini soruşmuş, o, isə elə-belə gəldiyini bildirmişdir. 2019-cu ilin oktyabrında Moskva şəhərində yaşayan oğlunun həyat yoldaşı xəstə anasına baş çəkmək üçün Qusar şəhərinə gəlmiş, oktyabrın 24-də ona da baş çəkməyə gəlmişdir. O, ona uzun müddət tapa bilmədiyi qəbz barədə demiş, sonra hər ikisi həmin kağızı axtarmağa başladıqda həyat yodaşının həmişə oxuduğu Quran kitabının arasından qəbz tapılmışdır. Kağız tapıldıqdan sonra, həmin kağızdan 3 ədəd surət çıxarmış və 1 nüsxəsini cavabdehin iş yerinə gedərək, ona vermişdir ki, şiferin pulunu versin. Cavabdeh kağızdakı xəttin ona məxsus olmadığını, lakin imzanın özünə məxsus olduğunu bildirərək, direktoru ilə danışıb ona cavab verəcəyini bildirmiş, aradan bir gün keçəndən sonra onun iş yerinə getdikdə, cavabdeh ondan telefon nömrəsini istəmiş, ona cavab verəcəyini bildirmişdir. İki gün gözləmiş, cavabdehdən cavab gəlmədiyini görüb, yenə onun iş yerinə getmişdir. Bu dəfə cavabdeh ona şiferləri apardığını və bunu təsdiq edən şahidləri olduğunu bildirmişdir. Cavabdeh öz xətti ilə yazıb ona verdiyi sənədi inkar etdiyi üçün onu məhkəməyə vermək məcburiyyətində qalmışdır. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ : İş üzrə İddiaçı apelyasiya şikayətini iddia ərizəsilə eyni məzmunda tərtib etmiş, şikayətində göstərmişdir ki, məhkəmə işin faktiki hallarına, o cümlədən cavabdeh tərəfindən imzalanmış qəbzə düzgün qiymət verməmiş, əsassız olaraq iddianı rədd etmişdir. Onun iddiası əsaslı olduğundan, qətnamə ləğv edilməli, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmalıdır. Məhkəmə kollegiyasının iclasında İddiaçı apelyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apelyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əlavə etdi ki, iddiaçı onlardan doğrudan da bir dəfə 600 ədəd şifer almış, lakin bu 2006-cı ildə olmuşdur. Ondan sonra o, onlardan şifer almamışdır. Qəbzdəki imza onun olsa da, xətt xəzinədarındır ki, o da 2011-ci ildən işdən çıxmışdır. 2014-cü ildə 1 ədəd şiferin qiyməti 7,50 manat olub. 2006-cı ildə hesablaşma “şirvan”la aparılırdı. 5700 manat hərdən götürülüb ona bəlli deyildir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İş materiallarında olan qəbzdə yazılıb: şifer 600 ədəd=108000, İddiaçı 600 ədəd borcluyam, pulunu aldım. Satıcı imza. X7. Qəbzdə tarix qeyd olunmamışdır. Yenə işdə olan Cavabdeh xx xxxxxx 2020-ci il tarixli ərizəsindən görünür ki, mübahisəyə iddia müddətinin tətbiq edilməsi və iddianın rədd edilməsi xahiş edilmişdir. M Ə H K Ə M Ə N İ N H Ü Q U Q İ M Ö V Q E Y İ: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Yenə həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçinin məruzəsini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, apelyasiya şikayətinin dəlillərini nəzərə alıb, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməməli, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə iclasında müəyyən edildi ki, iddiaçı cavabdehdən 600 ədəd şifer almışdır. O, iddia edir ki, 600 ədəd şiferin pulunu satıcı kimi cavabdehə vermişdir. Lakin həmin vaxt şiferi götürməmiş, öz aralarında olan razılığa əsasən sonradan götürmək şərtilə mal orada qalmışdır. İddiaçı qeyd edir ki, bu alqı-satqı Cavabdehlə 2014-cü ilin aprel ayında baş vermişdir, çünki o, həmin dövrdə X5 şifer satışı ilə məşğul olmuşdur. Cavabdeh isə bildirir ki, iddiaçı onlardan doğrudan da bir dəfə 600 ədəd şifer almış, lakin bu 2006-cı ildə olmuşdur. Ondan sonra o, onlardan şifer almamışdır. Qəbzdəki imza onun olsa da, xətt xəzinədarındır ki, o da 2011-ci ildən işdən çıxmışdır. Mübahisə ilə bağlı məhkəmə kolegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389-cu maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir; müqavilədən əmələ gələn öhdəliklərə öhdəliklər haqqında ümumi müddəalar tətbiq edilir. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər Yenə həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. İşin tədqiq olunan faktiki hallarından göründüyü kimi tərəflər arasında 600 ədəd şiferin alqı-satqısına dair müqavilə olmuş və bununla bağlı əmlakın dəyəri ödənilmişdir. Mübahisə həmin şiferin götürülüb-götürülməməsi barəsindədir. İddiaçı cavabdeh tərəfdən ona iki dəfə şifer satıldığını, birinci dəfə 2006-cı ildə, ikinci dəfə isə 2014-cü ildə şifer aldığını, birinci dəfə malı götürdüyünü, ikinci dəfə malın dəyərini ödəsə də onu götürmədiyini bildirir. Cavabdeh isə cəmi bir dəfə, 2006-cı ildə iddiaçıya şifer satıldığını, qəbzin də həmin vaxt yazıldığını bildirir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. X6 Məhkəməsi "X1rşı” qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir (bax, Makhmudov v. Russia, No. 35082/04, xx xxxx 2007-ci il, § 68). Eyni zamanda "Qavazov Bolqarıstana qarşı" iş üzrə xx xxxx 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir (bax, Gavazov v. Bulgaria, No. 54659/00, xx xxxx 2008-ci il, § 93). Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından görünür ki, sübutetmə yükü üzərinə düşməsinə baxmayaraq iddiaçı tərəfindən tutarlı əsas gətirilməmiş, iddiasıyla bağlı məhkəməyə əsaslı şübhələrdən kənar hər hansı mötəbər sübutlar təqdim edilməmişdir. Qeyd olunanlarla yanaşı, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı iddia müddətini də ötürmüşdür. Yuxarıda qeyd edildiyi kimi, İddiaçı 600 ədəd şiferin pulunu 2014-cü ilin aprel ayında Cavabdeh verdiyini bildirib həmin malın pulunu, yəni 5730 manatı cavabdehdən tələb edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Qeyd olunan Məcəllənin 375-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Yenə həmin Məcəllənin 377.1 və 377.2-ci maddələrinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Hazırkı iş üzrə materiallardan görünür ki, Cavabdeh birinci instansiya məhkəməsinin iclasında iddia müddətinin tətbiqi barədə ərizə vermişdir. İş materiallarından müəyyən olunur ki, iddiaçı hazırki iddia ilə birinci instansiyası məhkəməsinə xx xxxxxx 2020-ci il tarixdə müraciət etmişdir. Tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin icra müddəti göstərilməmişdir. Bununla belə, iddiaçı izahatında qeyd etmişdir ki, tərəflər arasında münasibətlər xx xxxxx 2014-cü il tarixdə yaranmış, bu tarixdə qəbz tərtib edilmişdir. Beləliklə də, hətta iddia əsaslı olsaydı belə bu müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi barədə iddia qaldırmaq üçün son tarix xx xxxxx 2018-ci il olduğundan, məhkəmə kollegiyası hesab edir ki, İddiaçı vaxtında məhkəməyə müraciət etməmişdir, yəni alqı-satqı müqaviləsi üzrə iddia müddətinin keçməsi barədə cavabdehin dəlili əsaslıdır. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) Stanyo Belçikaya qarşı iş üzrə x xxxx 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, qeyd olunan mübahisə ilə bağlı iddiaçı digər əsaslarla yanaşı, iddia müddətini də ötürmüşdür. Ona görə də bütün hallarda iddia təmin oluna bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsi işin bütün faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış, İddiaçı 5700 manat pulun qaytarılması barədə tələbinin rədd edilməsinə dair qanuni qərar qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv olunması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Beləliklə də, məhkəmə kollegiyası işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməməli, hazırkı iş üzrəXaçmaz Rayon Məhkəməsinin 2(067)-505/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş 15,40 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Apelyasiya şikayəti təmin edilməsin. Xaçmaz Rayon Məhkəməsinin 2(067)-505/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş 15,40 manat dövlət rüsumu İddiaçı özünə aid olunsun. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəmsəddin Abasov Hakimlər: Səyyad Qafari Telman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar