Məhkəmə qərarları › İş №2(105)-2713/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2713/2021

11.10.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2713/2021 11.10.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X8 Tağızadənin sədrliyi və məruzəsi, X2 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Rəsul Yasər oğlu Məmmədovun katibliyi, İddiaçı: İddiaçı, İddiaçının nümayəndəsi və vəkili: Nümayəndə, Cavabdehin nümayəndəsi və vəkili: Vəkil3 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 19 aprel 2021-ci il tarixli qətnaməsindən cavabdehin nümayəndəsi və vəkili Vəkil3 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Abşeron Rayon Məhkəməsinin 19 aprel 2021-ci il tarixli qətnaməsi ilə (hakim C.İ.Səfiyeva) iddia tələbinin qismən təmin edilməsi, Abşeron rayonu, Masazır kəndi, Z.Həsənov küçəsi, 304 nömrəli evin inşasına çəkilən xərcin yarısı, yəni 40.451,35 manat və ödənilmiş dövlət rüsumu üçün 20 manat məbləğində pul vəsaiti Cavabdeh Mövlud qızından alınaraq İddiaçı ödənilməsi, Cavabdeh Mövlud qızından 80 manat, İddiaçı isə 20 manatın məhkəmə ekspertizası xərci tutulub Məhkəmə Ekspertizası Mərkəzinin dövlət xəzinədarlığı Agentliyinin AZ34 CTRE******************** saylı hesabına köçürülməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı Cavabdeh Mövlud qızına qarşı pul tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu, Masazır kəndi, Z.Həsənov küçəsi, 304 nömrəli evin dəyərinin yarısı, yəni 65 000 manat pulun Cavabdeh Mövlud qızından alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı tələbini dəqiqləşdirərək Abşeron rayonu, Masazır kəndi, Z.Həsənov küçəsi, 304 nömrəli evin inşasına çəkilən xərcin yarısı, yəni 65 000 manat pulun və 30 manat rüsuma görə ödənmiş pulun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı 19.04.2021-ci il tarixdə məhkəməyə “iddia tələbinin dəqiqləşməsi” barədə ərizə təqdim edərək, Abşeron rayonu, Masazır kəndi, Z.Həsənov küçəsi, 304 nömrəli evin inşasına çəkilən xərcin yarısı, yəni 130 000 manat xərcin və ödənilmiş dövlət rüsumu üçün 30 manat məbləğində pul vəsaitinin Cavabdeh alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə 14 dekabr 2004-cü ildə rəsmi nikaha daxil olaraq ailə qurmuş, birgə nikahlarından 2 övladları anadan olmuşdur. Məhkəmə qətnaməsi ilə 19.04.2017-ci il tarixdə aralarında olan rəsmi nikah pozulmuşdur. Sonradan əmlak tələbi ilə bağlı iddia qaldırılmış, buna əlavə olaraq da qarşılıqlı iddia verilmişdir. Abşeron Rayon Məhkəməsinin 07 mart 2019-cu il tarixli, 2(012)-419/2019 saylı qətnaməsi ilə ilkin iddia tələbi təmin edilərək Bakı şəhəri, Əhmədli qəsəbəsi, X.Məmmədov küçəsi, ev 18, korpus 3, giriş B, 36 nömrəli mənzilə onların hər birinin ½ hissədə payı və Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev pr., 67, "xxxx" yaşayış massivi, B kompleksi, bina 8, 2-ci mərtəbə, 7 nömrəli mənzilə onların hər birinin ½ hissədə pay haqqının müəyyən edilməsi, bu hissədə qətnamənin icrasının DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə və "xxxx" MMC-yə həvalə edilməsi; qarşılıqlı iddia tələbi qismən təmin edilərək 2012-ci il buraxılışlı olan”Hyudai” İX35 markalı, **-UX-*** dqn-lı avtomobilin satılmasından əldə edilən pulun hesabından 11000 manat məbləğində pulun cavabdehdən alınaraq ona verilməsi; qarşılıqlı iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Belə ki, qarşılıqlı iddia tələbində iddia olunan , Abşeron rayonu, Masazır kəndi, Z.Həsənov küçəsi, 304 nömrəli evin ümumi birgə mülkiyyət sayılması, həmin əmlakda payının ½ hissə hesab olunması iddiası təmin edilməmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 09 avqust 2019-cu il tarixli qətnaməsi ilə onun tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi qət edilmişdir. O, Abşeron rayonu, Masazır kəndi, Z.Həsənov küçəsi, 304 nömrəli evdə qeydiyyatdadır. Həmin fərdi yaşayış evi keçmiş arvadı olan- cavabdehin adına qeydiyyatdan keçsə də, evin yerləşdiyi torpaq sahəsini o, 2006-cı ildə birgə nikah dövründə keçmiş qayınanasının adına almışdır. 5-6 il ərzində iki mərtəbəli ev tikilmiş, 04.04.2015-ci il tarixdə keçmiş qaynanası həmin fərdi yaşayış evini cavabdehə bağışlamışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin 09 avqust 2019-cu il tarixli, 2(105)-2782/2019 saylı qətnaməsindən müəyyən edilir ki, birinci instansiya və apellyasiya baxışları zamanı olan şahid ifadələrində qeyd edilmişdir ki, həmin evdə təmir, tikinti, quraşdırma işləri Həsənov Nizami, Əhmədov Məmmədağa və X5 tərəfindən İddiaçı sifarişi əsasında aparılmış, zəhmət haqqı onun tərəfindən ödənilmişdir. Cavabdehi görmüşlər, lakin anasını tanımırlar. Həmin qətnamədən yenə müəyyən edilir ki, həmin ev cavabdehin anasının mülkiyyətində olmuş və onun tərəfindən 04.04.2015-ci il tarixdə Cavabdeh bağışlanılmışdır. Evin dəyəri 130 000 manat olaraq dəyərləndirilir. O, orada öz vəsaiti hesabına əsaslı təmir işləri aparmışdır. Lakin, həmin torpaq sahəsi və inşası başa çatdıqdan sonra evin özü Cavabdeh yox, anasının mülkiyyətində olduğundan əmlakın tərəflərin birgə mülkiyyəti sayıla bilməməsi qeyd edilmişdir. Bununla yanaşı da ona həmin evə çəkilən xərclərin pul şəklində əvəzinin Cavabdeh alınması üçün məhkəmədə pul tələbi ilə bağlı iddia qaldırmaq hüququnun olması izah edilmişdir. Bu səbəbdən də hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdehin nümayəndəsi və vəkili Vəkil3 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının tələbləri pozulmaqla çıxarılmışdır. Qətnamənin qəbul edilməsi əsas olmuş maddi hüquq münasibətləri kimi Mülki Məcəllənin 225-ci maddəsi tətbiq edilmişdir. İddia tələbinin təmin edilməsinin əsası kimi isə Sumqayıt Apellyasiya Məhkəməsinin 09 avqust 2019-cu il tarixli qətnaməsinə istinad edilmişdir. Həmin qətnamədə pul vəsaitinin iddiaçıya məxsus olması faktı müəyyən edilməmişdir. Belə ki, həmin qətnamə ilə şahid ifadələri ilə müəyyən olunur ki, zəhmət haqqı iddiaçı tərəfindən ödənilmişdir. İddiaçı torpaq sahəsinin 2006-cı ildə alındıgını və 5-6 il ərzində təmir tikinti işlərini yekunlaşdığını bildirir, yəni 2012-ci ilədək. Belə olan halda, 2012-ci ildən rəsmi əmək müqavilə əsasında işləməyə bağlamış şəxsin 2006-2012-ci illərdə tikintisi həyata keçirilən evə xərc qoyması ağlabatan hesab edilə bilməz. İddiaçı isə bu halları sübut edən əsaslı dəlil məhkəməyə təqdim edə bilməmişdir. Cavabdehin anası X9 uzun müddət nazirlikdə işləmiş və hazırda təqaüddədir və maddi imkanı yaxşı olmuşdur. Abşeron Rayon Məhkəməsinin 19 aprel 2021-ci il tarixli 2(012)- 113/2021 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin tam rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Cavabdehin nümayəndəsi və vəkili Vəkil3 apellyasiya şikayətinin dəlillərini müdafiə etdi, ona oxşar izahat verdi və onun təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. İddiaçı, nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinin dəlillərini qəbul etmədilər, iddia ərizəsinə uyğun izahat verdilər və qətnamənin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdilər. Məhkəmə kollegiyası işdə iştirak edən tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara görə iş üzrə məhkəmə qətnaməsi dəyişdirilməməlidir, apellyasiya şikayəti isə təmin edilməməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddia ərizəsini qismən təmin edərkən, mübahisə edilən evin birgə nikah dövründə inşa olunmasının sübuta yetirilməsinə istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə qanuni və əsaslı olmaqla, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına tam uyğundur. Belə ki, Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdehin nümayəndəsi Vəkil3 apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, iddiaçı və cavabdehin nikahı pozulduqdan sonra onlar arasında əmlak mübahisəsi olmuş, Abşeron Rayon Məhkəməsinin 07 mart 2019-cu il tarixli, 2(012)-419/2019 saylı qətnaməsi ilə ilkin iddia tələbi təmin edilərək Bakı şəhəri, Əhmədli qəsəbəsi, X.Məmmədov küçəsi, ev 18, korpus 3, giriş B, 36 nömrəli mənzilə Cavabdeh Mövlud qızı və İddiaçı hər birinin ½ hissədə payı və Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev pr., 67, "xxxx" yaşayış massivi, B kompleksi, bina 8, 2-ci mərtəbə, 7 nömrəli mənzilə onların hər birinin ½ hissədə pay haqqının müəyyən edilməsi, bu hissədə qətnamənin icrasının DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə və "xxxx" MMC-yə həvalə edilməsi; qarşılıqlı iddia tələbi qismən təmin edilərək 2012-ci il buraxılışlı olan”Hyudai” İX35 markalı, **-UX-*** dqn-lı avtomobilin satılmasından əldə edilən pulun hesabından 11000 manat məbləğində pulun Cavabdeh Mövlud qızından alınaraq İddiaçı verilməsi; qarşılıqlı iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Belə ki, qarşılıqlı iddia tələbində iddia olunan, Abşeron rayonu, Masazır kəndi, Z.Həsənov küçəsi, 304 nömrəli evin ümumi birgə mülkiyyət sayılması, həmin əmlakda payının ½ hissə hesab olunması iddiası təmin edilməmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 09 avqust 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi qət edilmişdir. Qeyd edilən mülki iş istər birinci instansiya və istərsə də, apellyasiya instansiya mərhələsində araşdırılarkən Abşeron rayonu, Masazır kəndi, Z.Həsənov küçəsi, 304 nömrəli evin tikintisinə və təmirinə, əhəmiyyətli dərəcədə xərc çəkildiiyi, evin tikintisində rəhbər kimi məhz İddiaçı iştirak etdiyi, yaranan xərcləri ödədiyi və evi istismara yararlı vəziyyətə gətirdiiyi qarşılıqlı İddiaçı izahatı ilə bərabər, şahidlərin ifadələri və işin materialları ilə təsdiq olunmuşdur. Eyni zamanda məhkəmələr nəzərə alınmışlar ki, mübahisəli evin tikildiyi torpaq sahəsi və ev iddiaçı Sevil Əliyevanın anası X3 adına rəsmiləşdirilmiş, sonradan bağışlama müqaviləsi əsasında Cavabdeh adına qeydə alınmışdır. Tərəflərin izahatlarından və iş materiallarından göründüyü kimi, həmin tikili tərəflərin istifadəsində olmuş, münasibətləri pozulanadək orada yaşamışlar, iddiaçının orada qeydiyyatı olmuşdur. Bütün bunlar isə belə qənaətə gəlməyə əsas verir ki, mübahisəli evin inşasına çəkilən xərc tərəflərin ümumi birgə vəsaiti hesabına olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Bu Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Qeyd edilən mülki iş materiallarından müəyyən edilir ki, məhkəmə iclasında şahid X4 ifadəsində göstərdi ki, o, Abşeron rayonu Xırdalan şəhəri Heydər Əliyev prospekti 67, "xxxx" yaşayış massivi, B kompleksi, bina 8, 2-ci mərtəbə, 7 nömrəli mənzili alqı-satqısı barədə İddiaçı ilə razılaşmışdır. Həmin mənzilin təmiri birgə nikah dövründə həyata keçirilib. Başqa bir şahid X1 ifadəsində göstərdi ki, Abşeron rayonu Masazır qəsəbəsi Z.Həsənov küçəsi, 304 saylı fərdi yaşayış evinin hörgü işinə görə zəhmət haqqını ona İddiaçı ödəyib. Həmin hadisə 10 il bundan qabaq olub. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Tərəflər iştirak etdiyi iş üzrə qanuni qüvvəyə minmiş Sumqayıt Apellyasiya Məhkəməsinin 09 avqust 2019-cu il tarixli 2(105)-2782/2019 saylı qətnaməsilə müəyyən edilmişdir ki, mübahisəli xərci məhz İddiaçı çəkmişdir və onun bu xərclərin dəyərini məhz Cavabdeh tələb etmək hüququ var. Beləliklə, bu iddiaçını xərcləri məhz onun çəkməsini və iddianı məhz Cavabdeh qarşı qaldırılmalı olmasını sübut etməkdən azad edir və cavabdehin bununla bağlı dəlillərini istisna edir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilən 09 oktyabr 2020-ci il tarixli, 2673 №-li rəydən müəyyən edilir ki, ünvan 1 ünvanda inşa edilmiş iki mərtəbəli yaşayış evində aparılmış tikinti-təmir işlərinin bazar qiymətinə uyğun olaraq ümumi dəyəri təqribən 80 902,7 manat məbləğində müəyyən olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsinə görə ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. 225.2. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. 225.4. Ər-arvaddan hər birinin əmlakı o halda onların birgə mülkiyyəti sayıla bilər ki, nikah dövründə ərlə arvadın ümumi əmlakı və ya ərin (arvadın) şəxsi əmlakı hesabına həmin əmlakın dəyərini əhəmiyyətli dərəcədə artıran vəsait qoyulduğu (əsaslı təmir, yenidənqurma, yeni avadanlıqla təchizetmə və i.a.) müəyyənləşdirilsin. Əgər nikah kontraktında və ya ərlə arvadın razılaşmasında ayrı qayda nəzərdə tutulubsa, bu qayda tətbiq edilmir. Xərcin əvəzini tələb etməklə bağlı müddət məsələsinə gəldik isə məhkəmə kollegiyası qeyd edir ki, bui ş üzrə müddətin bağlangıcı nikaha xitam verilməsindən hesablanmalıdır. İkinci isə yaxşılaşdırma mövcud əşyaya əmlaka aid olur. Burada isə xərc yeni əmlakın-evin yaradılması ilə bağlıdır. Torpaqda daşınmaz əmlak tikintisi torpagın yaxşılaşdırılması deyil, onun yüklü edilməsidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsində göstərilmişdir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. İşin materiallarından da müəyyən edilir ki, hazırki iş üzrə məhkəmə xərcləri iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumundan və ekspertiza xərcindən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə kollegiyası cavabdehin nümayəndəsi və vəkilinin apellyasiya şikayətində göstərilən digər dəlilləri də araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan və işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ: Cavabdeh nümayəndəsi və vəkili Vəkil3 apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin iş üzrə 19 aprel 2021-ci il tarixli 2(012)-113/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar