Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2719/2021 20.09.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X5 Tağızadənin sədrliyi və məruzəsi, X1 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Rəsul Yasər oğlu Məmmədovun katibliyi, Cavabdeh: Cavabdeh2 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyəti "xxxx" Sığorta Şirkətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı subroqasiya qaydasında pul tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 16 mart 2020-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Xaçmaz Rayon Məhkəməsinin 16 mart 2020-ci il tarixli qətnaməsi ilə (hakim İ.Ə.Xəlilov) iddianın təmin edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 3,590 (üç min beş yüz doxsan) manat məbləğində pul və 30 (otuz) manat dövlət rüsumunun tutularaq "xxxx" Sığorta Şirkəti ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı "xxxx" Sığorta Şirkəti ASC Cavabdeh1 və Cavabdeh2 qarşı subroqasiya qaydasında pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 3,590 manat məbləğində pul vəsaitinin və işə baxılması ilə əlaqədar məhkəmənin hesabına ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq "xxxx" Sığorta Şirkəti ASC-nin xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı "xxxx" Sığorta Şirkəti ASC iddianı onunla əsaslandırmışdır ki, 05.11.2018-ci il tarixdə, saat 07:30 radələrində Bakı şəhəri, M.Xiyabani küçəsində Cavabdeh1 "xxxx" Sığorta Şirkəti ASC tərəfindən icbari sığorta növü ilə sığortalanmış, Cavabdeh2 məxsus VAZ-21074 minik markalı, **-LN-*** dövlət nişanlı avtomobili sürücülük vəsiqəsi və etibarnamə olmadan idarə edərkən yanlış manevr etmiş və nəticədə X2 idarə etdiyi HYUNDAİ ACCENT minik markalı, **-GZ-*** dövlət nömrə nişanlı avtomobillə toqquşaraq avtomobilə maddi zərər vurmuşdur. 04.01.2019-cu il tarıxli İnzibati xəta haqqında qərara əsasən, Cavabdeh1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1 və 332.4-cü maddələri ilə təqsirli tərəf kimi rəsmiləşdirilmişdir. Qiymətləndirmə aktında göstərilmişdir ki, HYUNDAİ ACCENT minik markalı, **-GZ-*** dövlət nömrə nişanlı avtomobilə 3,590 manat məbləğində maddi zərər vurulmuşdur. Bununla əlaqədar olaraq, 0159/19 saylı işə dair sığorta aktı tərtib edilməklə sığorta müqaviləsində və şəhadətnaməsində nəzərdə tutulmuş qaydada sığorta hesablamaları həyata keçirildikdən sonra "xxxx" Sığorta Şirkəti ASC tərəfindən zərərçəkən X3 avtomobilə dəymiş zərərə görə 3,590 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən törədilmiş mülki hüquq pozuntusu nəticəsində vurulmuş zərərin əvəzi 3,590 manat məbləğində sığorta ödənişi "xxxx" Sığorta Şirkəti ASCtərəfindən zərərçəkənə ödənildiyindən, "xxxx" Sığorta Şirkəti ASC-nin “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 63-cü maddəsinin tələbinə görə, cavabdehlərdən həmin məbləğdə pulu geriyə tələb etmək (subroqasiya) hüququ vardır. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdeh2 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş və işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət edir. Yol nəqliyyat qəzası baş verən zaman ona məxsus VAZ-21074 minik markalı ** LN *** dövlət qeydiyyat nişanlı avtomobil onun tərəfindən idarə olunmurdu. Hadisə zamanı avtomobil Cavabdeh1 tərəfindən onun razılıgı və nəqliyyat vasitəsi haqqında hər hansı etibarnamə olmaldan idarə edilmişdir. Sözügedən maşını nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında etibarnamə ilə 2001-ci ildə satmışdır. Həmin vaxtdan avtomobili o idarə etmir və həmin vaxtdan faktiki avtomaşın onun sahibliyindən çıxmışdır. Odur ki, vurulan zərər ondan yox, sadəcə Cavabdeh1 məsuliyyat daşımalıdır. Xaçmaz Rayon Məhkəməsinin 16 mart 2020-ci il tarixli 2(067)-694/2020 saylı qətnaməsini ləğv edərək, iş üzrə yeni qətnamə çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Cavabdeh2 apellyasiya şikayətini müdafiə etdi, ona oxşar izahat verdi və apellyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. İş üzrə iddiaçının nümayəndəsi və Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası işdə iştirak edən tərəfin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara görə apellyasiya şikayəti təmin edilməməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddianı təmin edərkən, cavabdehlər tərəfindən digər avtomobilə zərərin vurulmasına və iddiaçı tərəfindən həmin zərərin ödənilməsinə istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına uyğundur. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan, məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh2 apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən, maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüfatları barədə arayışdan müəyyən olunur ki, VAZ- 21074 minik markalı, 10-LN -397 dövlət nişanlı avtomobil Cavabdeh2 mülkiyyətindədir. İşdə olan İXP ******* saylı inzibati tənbeh haqqında qərardan və avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüfatları barədə arayışdan müəyyən olunur ki, 05.11.2018-ci il tarixdə, saat 07:30 radələrində Bakı şəhəri, M.Xiyabani küçəsində Cavabdeh1 "xxxx" Sığorta Şirkəti ASC tərəfindən icbari sığorta növü ilə sığortalanmış, Cavabdeh2 məxsus VAZ- 21074 minik markalı, **-LN-*** dövlət nişanlı avtomobili sürücülük vəsiqəsi və etibarnamə olmadan idarə edərkən yanlış manevr etmiş və nəticədə B.Ş.Ələsovun idarə etdiyi HYUNDAİ ACCENT minik markalı, **-GZ-*** dövlət nömrə nişanlı avtomobillə toqquşaraq avtomobilə maddi zərər vurmuşdur. İş materiallarında olan Qiymətləndirmə aktında göstərilmişdir ki, HYUNDAİ ACCENT minik markalı, **-GZ-*** dövlət nömrə nişanlı avtomobilə 3,590 manat məbləğində maddi zərər vurulmuşdur. Bununla əlaqədar olaraq, 0159/19 saylı işə dair sığorta aktı tərtib edilməklə sığorta müqaviləsində və şəhadətnaməsində nəzərdə tutulmuş qaydada sığorta hesablamaları həyata keçirildikdən sonra "xxxx" Sığorta Şirkəti ASC tərəfindən zərərçəkən B.Ş.Ələsova avtomobilə dəymiş zərərə görə 3,590 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. İşdə olan PST ********** saylı sığorta müqaviləsinin İC AA 0159/19 saylı sığorta aktından və ödəniş tapşırıqlarından müəyyən olunur ki, VAZ-21074 minik markalı, 10-LN - 397 dövlət nişanlı avtomobilin sahibi Cavabdeh2 mülki məsuliyyəti "xxxx" Sığorta Şirkəti ASC tərəfindən sığortalanmışdır. 05.11.2018-ci il tarixdə, saat 07:30 radələrində Bakı şəhəri, M.Xiyabani küçəsində baş vermiş yol nəqliyyat hadisəsi zamanı zərərçəkən üçüncü şəxsə, yəni HYUNDAİ ACCENT minik markalı, **-GZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş 3,590 manat məbləğində ziyan ödənilmişdir. İş materiallarında olan tələbnamədən müəyyən olunur ki, "xxxx" Sığorta Şirkəti ASC öz tərəfindən zərərçəkmişə ödənilmiş 3,590 manat məbləği Cavabdeh1 geri tələb etmişdir. İşə əlavə olan 23.01.2020-ci il tarixli qəbzdən müəyyən olunur ki, iddiaçı hazırki işə məhkəmə qaydasında baxılması üçün 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Məhkəmə kollegiyası Cavabdeh2 2001-ci ildən qəza törədən avtomobilin onun istifadəsində olmaması ilə əlaqədar ondan pulun tutulmasının düzgün olmadığı barədə gətirdiyi dəlili qəbul etmir. Belə ki, məhkəmə ilk növbədə qeyd edir ki, zərərin əvəzinin ödənilməsinə dair Mülki Məcəllənin 21-ci maddəsi mərkəzi ümumi norma kimi çıxış edərək, zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsasının özü isə digər hüquq sahələrində (məs. müqavilə hüququ, delikt hüququ və s.) axtarılmalıdır. Bu mənada, konkret mübahisəyə münasibətdə məhkəmə hesab edir ki, zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası delikt hüququndan irəli gəlir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.6-cı maddəsi başqa şəxsə zərər vurulmasını mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından, 386.1-ci maddəsi isə zərər vurulmasını öhdəliyin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edir. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Göstərilən müddəaları rəhbər tutmaqla məhkəmə hesab edir ki, Cavabdeh1 baş vermiş yol-nəqliyyat hadisəsinə görə təqsiri müəyyən olunduğundan, onun vurulmuş zərərlə bağlı mülki hüquqi məsuliyyəti yaranmışdır. Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1108.1-ci maddəsinə görə isə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enercisindən, atom enercisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanunun 36.3-cü maddəsinə əsasən yol hərəkəti iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutmaqla məhkəmə hesab edir ki, baş vermiş yol-nəqliyyat hadisəsinə görə təqsiri müəyyən olunmuş Cavabdeh1 və Cavabdeh2 zərərin əvəzinin ödənilməsi ilə əlaqədar mülki hüquqi məsuliyyət daşıyırlar. Mülki Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Həmin Məcəllənin 936.1 və 936.2-ci maddələrində isə müəyyən edilmişdir ki, subroqasiya hüququ sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. «Azərbaycan Respublikasında nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası» haqqında Azərbaycan Respublikasının Qanununun 8.1-ci maddəsinə əsasən üçüncü şəxs ona vurulan zərərin ödənilməsini nəqliyyat vasitəsi sahibindən, yaxud bu Qanunla müəyyən edilmiş sığorta məbləği həddində sığortaçısından tələb edə bilər. «Sığorta haqqında» Azərbaycan Respublikası Qanununun 37.1-ci maddəsinə əsasən sığortalının təqsirkar şəxsə zərərin əvəzini ödəmək tələbi hüququ (iddiası) əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya reqres qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun 63.1-ci maddəsinə əsasən avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Mübahisənin həlli ilə əlaqədar olaraq yuxarıda göstərilən qanunvericilik müddəalarını rəhbər tutmaqla məhkəmə ilk növbədə iddiaçının öz tələbini əsaslandıran bütün faktları və halları məhkəməyə bildirməsini yoxlamışdır. Bu mənada məhkəmə hesab edir ki, iddiaçının mübahisənin faktiki halları ilə bağlı bildirdiklərinə, onların təsdiqi kimi təqdim etdiyi sübutlara və nəhayət iddia tələbinin hüquqi əsası kimi istinad etdiyi qanunvericilik müddəalarına əsasən iddia tələbi təmin ediləndir. Məhkəmə nəzərə almışdır ki, MPM-nin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan, işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə prosesi zamanı müəyyən edildi ki, inzibati xəta törədilən zaman «VAZ- 21074» minik markalı **-LN-*** saylı avtomobil Cavabdeh2 mülkiyyətində olmuş və digər Cavabdeh1 həmin avtomobili onun adına etibarnamə olmadan idarə etmişdir. Beləliklə, məhkəmə kollegiyası tərəfin apellyasiya şikayətində göstərilən digər dəlilləri də araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan və işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır, apellyasiya şikayəti isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ: Cavabdeh2 apellyasiya şikayəti təmin edilməsin. Xaçmaz Rayon Məhkəməsinin bu iş üzrə 16 mart 2020-ci il tarixli 2(067)-694/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-2719/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2719/2021
20.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver