Məhkəmə qərarları › İş №2(105)-2744/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2744/2021

12.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2744/2021 12.10.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı Sığorta ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Sığorta ASC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 2(067)-1500/2021 saylı, 04 iyun 2021-ci il tarixli qətnaməsindən İddiaçı Sığorta ASC tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ : Xaçmaz Rayon Məhkəməsinin 2(067)-1500/2021 saylı, 04 iyun 2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir (hakim Sərxan Səmədzadə). Qətnamədən İddiaçı Sığorta ASC tərəfindən apellyasiya şikayəti verilərək Xaçmaz Rayon Məhkəməsinin 2(067)-1500/2021 saylı, 04 iyun 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsi xahiş edilmişdir. İ Ş İ N H A L LA R İ: İddiaçı «Atəşgah" Sığorta ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək «Chevrolet Cruze” markalı 90NP436 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 1397.03 manat sığorta ödənişi və iddia ərizəsinin verilməsi ilə bağlı 30.40 manat dövlət rüsumu, cəmi 1427.43 manatın Cavabdeh tutularaq iddiaçı «Atəşgah" Sığorta ASCnin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. A P E L L Y A S İ Y A Ş İ K A Y Ə T İ N İ N D Ə L İ L L Ə R İ və PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında İddiaçı Sığorta Şirkəti ASC-nin nümayəndəsi X2 apellyasiya şikayətini müdafiə edərək göstərdi ki, Xaçmaz Rayon Məhkəməsi iddianı rədd edərkən 6 illik iddia müddətini tətbiq etmişdir. Qanunvericiliyin tələbindən isə görünür ki, 6 illik iddia müddəti daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə nəzərdə tutulmuşdur. Hazırki iş üzrə iddia tələbi daşınmaz əmlakla bağlı deyil, subroqasiya hüququ qaydasında pul tələbidir. Ali Məhkəmənin 01.02.2013-cü il tarixli Bülleteninin 39-cu səhifəsində göstərilmişdir ki, Subroqasiya hüququ isə sığorta ödənişi almış şəxsin sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxslərə qarşı zərərin əvəzinin ödənilməsini tələb etmək hüquqlarının sığortaçıya keçməsidir. Hazırki iş üzrə tərəflər arasında hər hansı müqavilə mövcud deyildir. Burada öhdəlik sığorta müqaviləsindən deyil, vurulmuş zərərin nəticələrinin aradan qaldırılmasından əmələ gəlmişdir ki,bu cür iddialara da Mülki Məcəllənin 373.1-ci maddəsi ilə müəyyən edilən ümumi iddia müddəti şamil edilir. Bu səbəbdən də iddiaçının hazırki tələb üzrə iddia müddəti üç il deyil, ümumi iddia müddəti olaraq 10 illik tətbiq olunmalıdır. Buna baxmayaraq məhkəmə qanunu səhv təfsir edərək iş üzrə düzgün olmayan nəticəyə gəlmiş, cavabdehin ərizəsini əsas tutaraq iddianı təmin etməmişdir. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməsini, Xaçmaz Rayon Məhkəməsinin 2(067)-1500/2021 saylı, 04 iyun 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş edir. PROSESSUAL MƏSƏLƏLƏR: İş üzrə tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq Cavabdeh məhkəmə iclaslarına, cavabdeh sonuncu məhkəmə iclasına gəlməmişdir, məhkəmə Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməli, Xaçmaz Rayon Məhkəməsinin 2(067)-1500/2021 saylı, 04 iyun 2021-ci il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan 12.05.2012 saylı fiziki şəxslərin sahibliyində olan minik avtomobillərin sığortası şəhadətnaməsindən müəyyən olunur ki, «Chevrolet Cruze” markalı ** NP *** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı Sığorta ASC tərəfindən sığortalanmışdır. İş materiallarında olan “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə səhhətə və əmlaka dəyən zərərə dair 1-871/14 №-li AKTdan müəyyən olunur ki, Cavabdeh 14.12.2012-ci il tarixli PSS********** №-li ”Avtonəqliyyat vasitəsi sahiblərinin” mülki məsuliyyətinin icbari sığortası” şəhadətnaməsi üzrə sığortalanmış, X3 məxsus və Cavabdeh tərəfindən idarə olunan Vaz 21074 markalı, 90 RV992 dövlət qeydiyyat nişanlı avtomobil ilə 03.07.2013-cü il tarixində Xaçmaz rayonu, Yalama-Nabran şosse yolunun 2-ci kilometrində ötmə əməliyyatı apararkən qarşı yola çıxmış və qarşı yolda hərəkət edən «Chevrolet Cruze” markalı ** NP *** dövlət qeydiyyat nişanlı avtomobili vuraraq zədələmişdir. Sığorta ödənişi məbləği 4 767.98 manat təşkil edir. İş materiallarından görünür ki, 15.08.2013-cü il tarixli, 964479 saylı İnzibati Xəta haqqında protokola əsasən Cavabdeh Ələnur oğlu İXP Məcəlləsinin 151.2-ci maddəsi ilə 60 manat cərimə edilmişdir. Birinci instansiya məhkəməsi sığorta hadisəsinin 03.07.2013-cü il tarixdə baş verməsi, iddia ərizəsinin isə məhkəməyə 04.05.2021-ci il tarixdə, yəni 6 ildən sonra daxil olmasını, iddiaçı tərəfindən qanunla müəyyən edilmiş iddia müddəti buraxıldığını, cavabdehin isə iddia müddətinin tətbiq olunmasını tələb etdiyini müəyyən edərək iddianı təmin etməmiş, gəldiyi nəticəni də Mülki Məcəllənin 373.2, 375.2, 377.1-ci-ci maddəsinə istinad edərək əsaslandırmışdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 375.2-ci maddəsinə görə, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Qeyd olunan Məcəllənin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılşamayaraq qeyd edir ki, məhkəmə iddianı təmin etməməkdə düzgün nəticəyə gəlməmişdir. Belə ki, qanunvericiliyin tələbinə görə subroqasiya hüququna aid iddia müddətləri Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.1-ci maddəsinin tələbinə uyğun hesablanmalıdır. Belə ki, Subroqasiya hüququ sığorta ödənişi almış şəxsin sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxslərə qarşı zərərin əvəzinin ödənilməsini tələb etmək hüquqlarının sığortaçıya keçməsidir. Hazırkiişdən görünür ki, iş üzrə tərəflər arasında hər hansı müqavilə mövcud deyildir. Burada öhdəlik sığorta müqaviləsindən deyil, vurulmuş zərərin nəticələrinin aradan qaldırılmasından əmələ gəlmişdir ki, bu cür iddialara da Mülki Məcəllənin 373.1-ci maddəsi ilə müəyyən edilən ümumi iddia müddəti şamil edilir. Azərbaycan Respublikası Mülki Məcəllənin 373.1-ci maddəsinə əsasən ümumi iddia müddəti on il təşkil edir. Göründüyü kimi, hazırki iddia tələbi üzrə iddia müddəti üç il deyil, ümumi iddia müddəti olaraq 10 illik tətbiq olunmalıdır. Lakin birinci instansiya məhkəməsi işə Mülki Məcəllənin 373.2-ci maddəsini tətbiq edərək iddia müddətinin ötürülməsini, cavabdehin isə iddia müddətinin tətbiq olunmasını tələb etdiyini müəyyən edərək iddianı təmin etməmişdir. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməyərkən yuxarıda göstərilən maddi hüquq normalarını pozmaqla, işin şərh edilən mühüm faktiki hallarını nəzərə almamaqla qətnamə çıxarmışdır. Bu da qətnаmənin ləğvi üçün əsasdır. Belə ki, Mülki Prosessual Məcəllənin 385.1.1 və 385.1.2-ci maddələrinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, yuxarıda göstərilənlərə əsasən iddia tələbinə qiymət verilməli və iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, X3 məxsus və Cavabdeh tərəfindən idarə olunan “Vaz” 21074 markalı, 90 RV992 dövlət qeydiyyat nişanlı avtomobil ilə 03.07.2013cü il tarixində Xaçmaz rayonu Yalama-Nabran şosse yolunun 2-ci kilometrində ötmə əməliyyatı apararkən qarşı yola çıxmış və qarşı yolda hərəkət edən «Chevrolet Cruze” markalı ** NP *** dövlət qeydiyyat nişanlı avtomobili vuraraq zədələmişdir. Sığorta ödənişi məbləği 4767.98 manat təşkil edir. İddia ərizəsindən görünür ki, təşkilat tərəfindən dəymiş zərər aradan qaldırılaraq azadolma məbləği çıxılmaqla 1397,02 manat ödəniş edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh tərəfindən idarə olunan “Vaz” 21074 markalı, 90 RV992 dövlət qeydiyyat nişanlı avtomobil ilə «Chevrolet Cruze” markalı ** NP *** dövlət qeydiyyat nişanlı avtomobili vuraraq zədələmiş, iddiaçı təşkilat tərəfindən siğortaolunanan 1397,02 manat ödəniş edilmişdir. İşdə olan qəbzdən görünür ki, İddiaçı Sığorta Şirkəti ASC məhkəməyə müraciət edərkən iddia tələbi üzrə 30,40 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 926-cı maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Sığortaçı sığorta ödənişini sığorta məbləği həddində həyata keçirir. Sığorta ödənişinin miqdarının müəyyən edilməsi və ödənilməsi qaydası icbari sığortada icbari sığorta qanunları ilə, könüllü sığortada sığorta müqaviləsi ilə müəyyən edilir. Sığorta hadisəsi nəticəsində bir neçə zərərçəkən müəyyən edildikdə, bu Məcəllənin 927.3-cü maddəsinin tələbi nəzərə alınmaqla, onlardan sığorta tələbi ilə müraciət etmiş hər hansı biri faydalanan şəxs kimi tanınır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 936-cı maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən, "ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur". Adı çəkilən Məcəllənin 1108.2-ci maddəsinə görə isə, yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 23.1.6-cı maddəsinə əsasən sığortaçının sığorta ödənişini verdikdən sonra müvafiq şəxslərə qarşı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936-cı maddəsində və bu Qanunun 25-ci maddəsində nəzərdə tutulmuş qaydada subroqasiya hüququndan istifadə etmək hüququ vardır. "İcbari sığortalar haqqında" Azərbaycan Respublikasının Qanununun 25.1.8-ci maddəsinə əsasən bu Qanunun 63.1-ci maddəsində nəzərdə tutulmuş halda, sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. "İcbari sığortalar haqqında" Azərbaycan Respublikasının Qanununun 63.1-ci maddəsinə əsasən bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. İş materiallarından müəyyən edilir ki, baş vermiş yol nəqliyyat hadisəsi zamanı Cavabdeh Vaz 21074 markalı, 90 RV992 dövlət qeydiyyat nişanlı avtomobili idarə etmiş, onun təqsirli hərəkətləri nəticəsində "xxxx" Sığorta Şirkəti ASC-də sığortalanmış «Chevrolet Cruze” markalı ** NP *** dövlət qeydiyyat nişanlı avtomobili vuraraq zədələmiş, azadolma məbləği çıxılmaqlı 1397,02 manat ödəniş edilmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası hesab edir ki, sığortalanmış avtomobilə vurulmuş zərərin əvəzi cavabdehdən tutulmalıdır. Bundan əlavə ödənilmiş 30,40 manat məbləğində dövlət rüsumu da cavabdehdən alınıb iddiaçıya ödənilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 119-cu maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, İddiaçı Sığorta ASC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 2(067)-1500/2021 saylı, 04 iyun 2021-ci il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməli, Cavabdeh 1397,02 manat məbləğində sığorta ödənişi və ödənilmiş 30,40 manat məbləğində dövlət rüsumu alınaraq iddiaçı "xxxx" Sığorta Şirkəti ASC-nin xeyrinə ödənilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 372.1, 372.6, 372.7, 384.0.2, 393, 404-1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: İddiaçı"xxxx" Sığorta Şirkəti ASC-nin apellyasiya şikayəti təmin edilsin. Xaçmaz Rayon Məhkəməsinin 2(067)-1500/2021 saylı, 04 iyun 2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Sığorta ASC-nin Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilsin. Cavabdeh 1397,02 manat məbləğində sığorta ödənişi və ödənilmiş 30,40 manat məbləğində dövlət rüsumu alınaraq iddiaçı "xxxx" Sığorta Şirkəti ASC-nin xeyrinə ödənilsin. Qətnamədən şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar