Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2758/2021 27.09.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X3 Tağızadənin sədrliyi və məruzəsi, X1 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Rəsul Yasər oğlu Məmmədovun katibliyi, İddiaçılar: İddiaçı1 və İddiaçı2, Cavabdeh: Cavabdeh iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı çirkab suyun axıdılmasına son qoyulması və vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 01 iyun 2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 01 iyun 2021-ci il tarixli qətnaməsi ilə (hakim G.C.Tanrıverdiyeva) iddianın qismən təmin edilməsi, İddiaçı1 məxsus Sumqayıt şəhəri, 10-cu mikrorayon ünvanında yerləşən, 45 saylı evin, 11 saylı mənzilinə və İddiaçı2 məxsus Sumqayıt şəhəri, 10-cu mikrorayon ünvanında yerləşən, 45 saylı evin, 9 saylı mənzilinə Cavabdeh tərəfindən axıdılan çırkab kanalizasiya suyunun qarşısının alınması, Cavabdeh İddiaçı1 və İddiaçı2 xeyrinə hər birinə ayrı-ayrılıqda 262 (iki yüz altmış iki) manat məbləğində pulun tutulması, iddianın qalan hissədə təmin edilməməsi, iş üzrə təyin edilmiş məhkəmə-tikinti texniki ekspertizasının xərci olaraq Cavabdeh 200 (iki yüz) manat məbləğində pul vəsaitinin tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin AZ41NABZ**********0000003 944 saylı bank hesabına köçürülməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı çirkab suyun axıdılmasına son qoyulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mənzillərinə cavabdeh tərəfindən axıdılan çırkab kanalizasiya suyunun qarşısının alınması və mənzillərinin hamamının, ayaqyolunun və dəhlizinin təmir edilməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçılar İddiaçı1 və İddiaçı2 daha sonra iddia ərizəsinə əlavə təqdim edərək, Cavabdeh tərəfindən kanalizasiya suyunun axıdılması nəticəsində onlara dəymiş zərərin əvəzi olaraq cavabdehdən İddiaçı1 xeyrinə 700 manat, İddiaçı2 xeyrinə 300 manat tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, 10-cu mikrorayon ünvanında yerləşən, 45 saylı evin, 11-ci mənzili mülkiyyət hüququ ilə ona və Sumqayıt şəhəri, 10-cu mikrorayon ünvanında yerləşən, 45 saylı evin, 9-cu mənzili mülkiyyət hüququ ilə İddiaçı2 məxsusdur. Həmin mənzillərin üstündə, yəni Sumqayıt şəhəri, 10-cu mikrorayon, ev 45, mənzil 13-də Cavabdeh ailəsi ilə birlikdə yaşayır. Mənzil Cavabdeh məxsusdur. Cavabdehə məxsus 13 №-li mənzildən uzun müddətdir ki, hamamın və ayaqyolunun tavanına çirkli kanalizasiya suyu 6-cı mərtəbəyə, oradan isə 5-ci mərtəbəyə axır. Bu vəziyyət cavabdehin evini təmir etdiyi gündən bu günə kimi yəni, 18 aydır ki, təkrar olunur. Cavabdeh təmir zamanı əsas kanalizasiya xəttini zədələdiyi üçün çirkli kanalizasiya suyu mütəmadi olaraq onların mənzillərinin hamamına və ayaqyoluna axıdılır. Nəticədə daimi olaraq mənzillərdə nəmişlik yaranır və pis iy gəlir. Bu da nəticədə yoluxucu xəstəliklərin yayılmasına və ailə üzvlərinin tez-tez xəstələnməsinə gətirib çıxarır. Dəfələrlə cavabdehə bu barədə müraciət etsələr də, heç bir nəticə əldə etməmişlər. Haqlı iradlarının cavabında cavabdeh onlara kobud cavab vermişdir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, o, iddiaçılarla uzun illərdir ki, qonşudur. O, binanin 7-ci, Şakir 6-cı, Əkbər isə 5-cı mərtəbəsində yaşayır. Həqiqətən də binada çirkab suyun sızması baş vermişdir. Lakin bu onun təqsiri ucbatından baş verməmişdir. Belə ki, onun mənzilinə də 15 saylı mənzildən su axıdılır. Əlavə olaraq onu da bildirdi ki, o, mənzilinin daxilində kanalizasiya sistemində olan dəmir borunu plastik boru ilə əvəz etmişdir. Lakin bunu tək o etməmiş, bütün binanın sakinləri borunu dəyişmişdir. Bundan başqa ekspert rəyi ilə razı deyil, həmin pulu ödəməyə maddi imkanı yoxdur. Lakin məhkəmə bunları nəzərə almamışdır və bir çox maddi hüquq normaları pozaraq düzgün qətnamə qəbul etməmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-126/2021 saylı qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul olunmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətinin dəlillərini müdafiə etdi, şikayətə oxşar izahat verdi və apellyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. İddiaçı1 və İddiaçı2 apellyasiya şikayətinin dəlillərini qəbul etmədilər, iddia ərizəsinə oxşar izahat verdilər, məhkəmə tərəfindən heç bir qanun pozuntusunun olmamasını bildirdilər və qətnamənin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdilər. Məhkəmə kollegiyası işdə iştirak edən tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara görə iş üzrə məhkəmə qətnaməsi dəyişdirilməməlidir, apellyasiya şikayəti isə təmin edilməməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddia ərizəsini qismən təmin edərkən, cavabdeh tərəfindən iddiaçılara maddi ziyanın vurulmasının ekspert rəyi ilə sübuta yetirilməsinə istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına tam uyğundur. Belə ki, Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyinin 16 saylı Mənzil Kommunal Sahəsinin 27.02.2020-ci il tarixli aktından görünür ki, Sumqayıt şəhəri, 10-cu mkr, ev 45, mənzil 11-ə baxış keçirilmiş, baxış nəticəsində mənzil 13-dən mütəmadi olaraq aşağı mərtəbələrə çirkab suların axıdılması müəyyən edilmiş, dəfələrlə 13 saylı mənzildə yaşayan şəxsə xəbərdarlıq edilsə də, heç bir tədbir görülməmişdir. İşdə olan qeydiyyat vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Sumqayıt şəhəri, 10-cu mkr, 45 saylı evin 9 saylı mənzili İddiaçı2 adına qeydə alınmışdır. İşə əlavə olan MA seriyalı ******* saylı Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Sumqayıt şəhəri, 10-cu mkr, 45 saylı evin 11 saylı mənzili İddiaçı1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Məhkəmə kollegiyası cavabdeh tərəfindən iddiaçılara onun tərəfindən maddi ziyanın vururlmaması barədə gətirdiyi dəlili qəbul etmir. Belə ki, iş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 20.10.2020-ci il tarixli, 10/1585 saylı ekspert rəyindən görünür ki, ekspert rəyi ilə rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Sumqayıt şəhəri, 10-cu mkr, 45 saylı evin 9, 11 və 13 saylı mənzillərə, ümumi kanalizasiya borusunda əmələ gəlmiş nasazlıq nəticəsində çirkab sularının sızmasının baş verməsi, həmçinin Sumqayıt şəhəri, 10cu mkr, 45 saylı evin 9 və 11 saylı mənzillər üzrə ayrıayrılıqda hər bir mənzildə əmələ gəlmiş qüsurların aradan qaldırılması üçün görülməli təmir-bərpa işlərinin təqribi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq 262 manat məbləğində olması müəyyən edilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 14.04.2021-ci il tarixli, 10/4168 saylı ekspert rəyindən görünür ki, ekspert rəyi ilə rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Sumqayıt şəhəri, 10-cu mkr, 45 saylı evin 9, 11 və 13 saylı mənzillərinə çirkab sularının sızmasına səbəb olan ümumi kanalizasiya borusunda yaranmış nasazlıq dəmir borunu plastik materialından olan boru ilə əvəz edən zaman birləşmə yerinin kipliyinin təmin edilməməsi ilə bağlıdır. Mülki hüququn ən vacib institutlarından biri olan mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər mülki hüquq öhdəlikləri sistemində əsas yerlərdən birini tutur. Bu öhdəliyin məzmunu hər hansı bir şəxsə ziyan vuran subyektin məsuliyyəti ilə şərtlənir. Delikt öhdəliyi aşağıdakı xüsusiyyətlər ilə səciyyələnir: qanundan əmələ gəlməsi; həm əmlak, həm də şəxsi qeyri-əmlak münasibətləri sahəsində tətbiq edilməsi; zərərçəkənə vurulmuş zərərin əvəzinin tam həcmdə ödənilməsi və s. Mülki Məcəllənin 14.2.6-cı maddəsi başqa şəxsə zərər vurulmasını mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından, 386.1-ci maddəsi isə zərər vurulmasını öhdəliyin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edir. Eyni zamanda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər,bu şərtlə ki,qanunda və müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər,əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 21.3-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Azərbaycan Respublikası MM-nin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1111.2-ci maddəinə əsasən əgər zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır, amma zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar istisna təşkil edir. Məhkəmə ilk növbədə qeyd edir ki, Sumqayıt şəhəri, 10-cu mkr, 45 saylı evin 9 və 11 saylı mənzillərinə həmin binada yerləşən 13 saylı mənzildən çirkab suların sızması baş vermişdir. Çirkab sularının sızmasının baş verması tərəflərin izahatları, bu barədə MKİS əməkdaşları tərəfindən tərtib edilmiş akt və ekspert rəyləri ilə də təsdiq olunur. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 14.04.2021-ci il tarixli ekspert rəyinə görə Sumqayıt şəhəri, 10-cu mkr, 45 saylı evin 9 və 11 saylı mənzillərinə çirkab sularının sızmasına səbəb - ümumi kanalizasiya borusunda yaranmış nasazlıq dəmir borunu plastik materialından olan boru ilə əvəz edən zamanı birləşmə yerinin kipliyinin təmin edilməməsi ilə bağlıdır. Rəyin tədqiqat prosesinin təsviri hissəsindən isə görünür ki, kanalizasiya borusunun üzərinə vurulmuş lambir materialı söküldükdən sonra müəyyən olunmuşdur ki, Cavabdeh tərəfindən mənzilin təmiri zamanı binanın ümumi kanalizasiya dəmir (çuqun) borusu plastik materialdan olan boru ilə əvəz edilmişdir və nəticədə ümumi kanalizasiya boru xəttinə ziyan dəymişdir. Tədqiq olunan boru xəttinə baxış keçirilən zaman boru xəttindən çirkab suyunun sızdığı müəyyən edilmişdir. Göründüyü kimi, iddiaçılara məxsus mənzillərə çirkab suyun sızması binanın ümumi kanalizasiya borusunun plastik materialından olan boru ilə əvəz edilməsi və bu zaman birləşmə yerinin kipliyinin təmin edilməməsi ilə əlaqədardır. Cavabdeh mənzilinin daxilində binanın ümumi kanalizasiya borusunu plastik materialından olan boru ilə əvəz etdiyini etiraf etmişdir. Beləliklə, məhkəmə tərəfindən ümumi kanalizasiya borusunda yaranmış nasazlığın cavabdehin hərəkətləri nəticəsində (dəmir borunun plastik materialından olan boru ilə əvəz edilməsi nəticəsində) baş verdiyi müəyyən edilmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, cavabdehin yaşadığı mənzildən iddiaçıların mənzillərinə çirkab su sızması təsdiq olunduğundan, müvafiq olaraq həmin sızıntı nəticəsində iddiaçıların əmlakına vurulmuş maddi zərərə görə cavabdehin mülki hüquqi məsuliyyəti yaranmışdır. Mülki Məcəllənin yuxarıda qeyd edilən maddələrinin məzmunundan isə göründüyü kimi, şəxs törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və vurduğu zərərin əvəzini ödəməlidir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 20.10.2020-ci il tarixli ekspert rəyinə əsasən Sumqayıt şəhəri, 10-cu mkr, 45 saylı evin 9 və 11 saylı mənzillər üzrə ayrı-ayrılıqda hər bir mənzildə əmələ gəlmiş qüsurların aradan qaldırılması üçün görülməli təmir-bərpa işlərinin təqribi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq 262 manat məbləğində müəyyən edilmişdir. İddiaçı1 cavabdehdən mənzilinə vurulmuş ziyana görə 700 manat, İddiaçı2 isə 300 manat tutulmasını xahiş etsə də, mənzillərinə həmin məbləğdə, yəni ekspert rəyində müəyyən edilmiş 262 manat məbləğindən daha çox məbləğdə ziyan dəyməsinə dair məhkəməyə hər hansı sübut təqdim etməmişlər. Məhkəmə onu da qeyd edir ki, cavabdeh məhkəmə iclasında bütün bina sakinlərinin dəmir borunu plastik materialından olan boru ilə əvəz etdiyini bildirsə də, buna dair məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Eyni zamanda onun bu etirazı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 14.04.2021-ci il tarixli ekspert rəyi və iddiaçıların izahatı ilə də təkzib olunur. Belə ki, sözügedən ekspert rəyində yalnız Cavabdeh tərəfindən mənzilin təmiri zamanı binanın ümumi kanalizasiya dəmir (çuqun) borusunun plastik materialdan olan boru ilə əvəz edildiyi qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Yenə də həmin Məcəllənin 217.4cü maddəsində nəzərdə tutulur ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərilən digər dəlilləri də araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan və işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin iş üzrə 01 iyun 2021-ci il tarixli 2(060)-126/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-2758/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2758/2021
27.09.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver