Məhkəmə qərarları › İş №2(105)-2764/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2764/2020

25.11.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2764/2020 25.11.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3, İddiaçı nümayəndəsi Nümayəndə, Cavabdeh, cavabdeh qismində cəlb edilmiş X4 iştirakları ilə açıq məhkəmə iclasında Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(067)-1285/2020 saylı qətnaməsindən İddiaçı apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq MÜƏYYƏN ETDİ: Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(067)-1285/2020 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Xıdır Quliyev) İddiaçı Cavabdeh qarşı bağışlama müqaviləsinin və hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi, torpaq sahəsindən və torpaq sahəsinin üzərində inşa edilmiş yaşayış evindən payların müəyyən edilməsi tələbinə dair mülki iş üzrə iddia təmin edilməmiş, İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, xx xxx 2020-ci il tarixdə İddiaçı iddia ilə məhkəməyə müraciət edərək Cavabdeh ilə X11 arasında bağlanmış xx.xx.2019-cu il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən X4 adına verilmiş RX seriyalı, ******* saylı, ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il tarixli çıxarışın ləğv edilməsi, X2 xx.xx.2013-cü il tarixində aldıqları 4 sot torpaq sahəsi və həmin torpaq sahəsində inşa edilmiş evin hüquqi sahibləri o və Cavabdeh olmaqla, hər birinin ½ hissədə paylarının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş və tələblərini onunla əsaslandırmışdır ki, onunla rəsmi nikahda olan Cavabdeh ilə Xaçmaz şəhəri, Elşad Yaqubov 3 ünvanındakı atasının evində el adəti ilə xx.xx.2013-cü il tarixdə nişan mərasimləri olmuşdur. Cavabdehlə birgə nikahlarından xx.xx.2014-cü il tarixdə X21 anadan olmuşdur. O, 6 aydan artıq nişanlı qaldığı müddətdə cavabdeh və valideynləri ona dəfələrlə bildirmişlər ki, hər ikisi, yəni Cavabdeh və o, Fövqəladə Hallar Nazirliyinin şimal regional mərkəzində işlədiklərinə görə Xaçmaz rayonunun Qoçaqlı kəndindən Xaçmaz şəhərinə işə gəlib-getməkləri çətin olacaqdır. O da Cavabdeh Xaçmaz şəhərində torpaq sahəsi almağı və həmin torpaq sahəsindən gələcəkdə fərdi yaşayış evi tikdirmək fikrini bildirmişdi. Cavabdeh onun fikri ilə razılaşmış və Xaçmaz şəhəri, Elnur Hacıyev küçəsində 6500 manata 4 sot torpaq sahəsinin satıldığını, ancaq onun 2500 manat pulunun olduğunu bildirmişdi. O da cavabdehlə razılaşmış və torpaq sahəsinin alqı-satqısına 1 gün qalmış heyvandarlıqla məşğul olan dayısı X5 2000 manat, atasının əmisi qızı, Çaykənarı kənd tam orta məktəbdə ibtidai sinif müəlliməsi işləyən X7 1000 manat alıb, üstünə özü də 1000 manat əlavə edərək cəmi 4000 manat pulu həmin 4 sot torpağın alınması üçün cavabdehə vermişdi. Cavabdeh Xaçmaz şəhəri, Mehmandarov küçəsi, ev 51-də yaşayan X2 6500 manata Xaçmaz şəhərinin, Elnur Hacıyev küçəsindəki 4 sot torpaq sahəsini gələcəkdə fərdi yaşayış evi tikdirmək məqsədi ilə xx.xx.2013-cü il tarixli AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin əsasında almışdır. O, həmin vaxt cavabdehə bildirmişdi ki, aldığı 4 sot torpaq sahəsinin hüquqi sahibi hər ikisi olmalıdır. Cavabdeh qısa müddətdə ailə quracaqlarına görə torpaq sahəsinin hansının mülkiyyətində olmasının əhəmiyyəti olmadığını demiş, o da cavabdehə inanmış, torpaq sahəsinin kimin mülkiyyətində olmasına əhəmiyyət verməmişdi. Cavabdeh onun etibarından sui-istifadə edərək gələcəkdə öz çirkin məqsədinə çatmaq üçün, yəni onun torpaq sahəsinin mülkiyyətçisi kimi tanınması üçün sözügedən torpaq sahəsini öz adına sənədləşdirmişdir. O və cavabdeh Xaçmaz rayonunun Qoçaqlı kəndindən işə gedibgəlməklərində nəqliyyat sarıdan problemləri olduğu səbəbindən cavabdeh və valideynləri ona dəfələrlə məsləhət görürdülər ki, Xaçmaz şəhərində aldıqları torpaq sahəsində özlərinə fərdi yaşayış evi tikdirsinlər. O da cavabdehin və onun valideynlərinin məsləhətlərini müsbət qiymətləndirərək atası X12 vasitəsilə Xaçmaz rayonunda daş hörgüsü ustası kimi tanınan X14, onunla bərabər işləyən X8 və X15 ilə torpaq sahəsində 4 otaqdan ibarət fərdi yaşayış evini 3500 manata tikəcəkləri barədə 2015-ci ilin iyun ayında razılaşmışdı. O, torpaq sahəsində tikdirdikləri 4 otaqdan ibarət fərdi yaşayış evini təmir etdirmək məqsədilə “xxxx” QSC-dən xx.xx.2017-ci il tarixdə 4000 manat, xx.xx.2018-ci il tarixdə 5000 manat və “xxxx” ASC-dən xx.xx.2019-cu il tarixdə 4500 manat və xx.xx.2019-cu il tarixdə 7000 manat məbləğində, cəmi 20500 manat məbləğində kreditlər götürmüş və tikdirdiyi 4 otaqdan ibarət fərdi yaşayış evini orta səviyyədə təmir etdirmişdir. Onun aylıq əmək haqqı 728 manat 30 qəpik təşkil edir. Cavabdeh 6 ildən artıq birgə istifadə və sahibliklərində olan torpaq sahəsini ondan xəbərsiz xx.xx.2019-cu il tarixdə daşınmaz əmlakın bağışlanması müqaviləsi ilə anası X6 hədiyyə etmişdir. Cavabdehin anası X11 ƏMDK yanında DƏDRX tərəfindən öz adına həmin torpaq sahəsi üçün RX seriyalı, ******* saylı, ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il tarixli çıxarış alaraq torpaq sahəsinin tam hüquqi sahibi olmuşdur. Həmin alqısatqı müqaviləsi ləğv olunmalıdır, cavabdeh və o, torpaq sahəsinin hər biri ½ hissəsinin hüquqi sahibi olmalıdırlar. Eyni zamanda xx.xx.2019-cu il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsi və ƏMDK yanında DƏDRX tərəfindən xx.xx.2019-cu il tarixində torpaq sahəsi üçün X6 verilmiş RX seriyalı, ******* saylı çıxarış ləğv olunmalıdır. İddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək Xaçmaz şəhərində yerləşən 0,04 ha həyətyanı torpaq sahəsinin Cavabdeh tərəfindən X6 bağışlanmasına dair xx xxxx 2019-cu il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin və həmin müqavilə əsasında X4 adına verilmiş RX seriyalı, ******* nömrəli, ********** qeydiyyat nömrəli, xx xxxx 2019-cu il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi, ünvan 2 ünvanında X2 xx xxxx 2013-cü il tarixdə aldıqları 0,04 ha torpaq sahəsinin və həmin torpaq sahəsində inşa edilmiş evin hüquqi sahibləri o və Cavabdeh olmaqla, hər birinin ½ hissədə paylarının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə qətnaməni maddi hüquq normalarının ciddi pozulması və heç bir sübuta istinad etmədən çıxarmış, mübahisənin həllində tətbiq etdiyi normaları işin halları ilə əlaqələndirə və əsaslandıra bilməmiş, Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə zidd olaraq sübutlara düzgün qiymət vermədən əsassız qətnamə çıxarmışdır. Belə ki, Cavabdeh məhkəmədə bildirmişdi ki, torpaq sahəsini anasına bağışladıqdan sonra atası və anası həmin torpaq sahəsində öz vəsaitləri hesabına 2019-2020-ci illərdə fərdi yaşayış evi tikmişlər. Məlum olduğu kimi rəsmi nikahı olan ər-arvaddan hər hansı birinin razılığı olmadan daşınmaz əmlak bağışlanarsa, belə bağışlama etibarsız hesab edilməlidir. Azərbaycan Respublikası MM-nin 225.6-cı maddəsinə görə daşınmaz əmlaka birgə hüququ olan ərin (arvadın) razılığı olmadan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquq barədə bağlanmış müqavilə etibarsız hesab edilir. Həqiqətdə mübahisəli evə 2016-cı ildə cavabdehin adına quraşdırılmış **********00016 nömrəli işıq sayğacından və 2017-ci ildə quraşdırılmış **********14230 nömrəli qaz sayğacından istifadə olunması abunə haqqında sənəddə öz təsdiqini tapır. Mübahisəli evin ünvanı 2016-cı ildə ünvan 3 qeyd olunmuşdur. Birinci instansiya məhkəməsi mübahisəli evin həqiqətən 2015-ci ildə və yaxud 2019-2020-ci ildə tikilməsini dəqiqləşdirmək məqsədi ilə ekspertiza keçirməli və ekspert rəyinə əsaslanaraq qərar qəbul etməli idi. Məhkəmə isə ciddi qanun pozuntusuna yol verərək ekspertiza təyin etməmişdir. Məhkəmə cavabdehlə birgə təsərrüfat idarə etdikləri müddətdə banklardan aldığı 20000 manatdan artıq kreditin və dövlətdən hər ay aldığı 740 manat məvacibin hara xərcləndiyi barədə cavabdehə sual verməmişdir. Məhkəmə iclasında dindirilən cavabdeh məhkəməyə yalan izahat verərək onunla evləndikdən sonra Xaçmaz şəhərində kirayə ev tutaraq yaşadıqlarını və mübahisəli evdə isə heç vaxt yaşamadıqlarını bildirmişdir. Məhkəmə isə cavabdehin hansı ünvanda, nə qədər müddətdə kirayədə qaldıqlarını araşdırmamış və kirayə evin sahibini məhkəməyə dəvət edib dindirməmişdir. Həqiqətdə isə o, cavabdehlə birgə mübahisəli 4 sot torpaq sahəsində özlərinin tikdirdikləri mübahisəli evdə övladı ilə 2016-cı ildən etibarən xx.xx.2019-cu il tarixinə qədər yaşamışlar və hazırda da onun və övladının paltarları, gətirdiyi cehizlər həmin evdədir. Belə olan halda, məhkəmə mübahisəli evə baxış keçirməli idi. Qonşusu Seyidov Rövşən Qeybulla oğlu imzası notariat qaydasında təsdiq olunmuş ərizəsində mübahisəli torpaq sahəsində tikilən evdən 2016-cı ildən etibarən müəyyən vaxtlarda onu işə aparıb-gətirdiyini, digər qonşusu X13 onun həmin evdə 2016-cı ildən 2019-cu ilin axırlarına qədər yaşadığını təsdiq etmişlər. Mətbəx mebeli quraşdıran mebel ustası X25 da imzası notariat qaydasında təsdiq olunmuş ərizəsində 2018-ci ildə mübahisəli evdə mebel quraşdırdığını təsdiq etmişdir. Mübahisəli torpaq sahəsində evin 2019-2020-ci illərdə tikilməsi barədə cavabdeh tərəfindən birinci instansiya məhkəməsinə heç bir rəsmi sənəd təqdim olunmadığı halda, məhkəmə ciddi qanun pozuntusuna yol verməklə qətnamə qəbul etmişdir. Əmlak hüququnun olduğu mübahisəli evin cavabdehin anasının adına sənədləşdirildiyini xx.xx.2020-ci il tarixdə birinci instansiya məhkəməsində araşdırma zamanı bilmişdir. Cavabdeh onunla bağladığı nikahı pozacağını əvvəlcədən planlaşdırdığı üçün mübahisəli torpaq sahəsi və evlə əlaqədar birinci instansiya məhkəməsinə iddia ərizəsi ilə müraciət etməyinə 35 gün qalmış evə anası X4 adına ondan gizlin çıxarış almışdır. Bu səbəbdən iddia ərizəsinə əlavə olaraq bildirir ki, Xaçmaz şəhəri, E.Hacıyev küçəsi, 7 saylı ünvanda 4 sot torpaq sahəsində yerləşən 1 mərtəbəli, 4 otaqlı, 59 kv.m köməkçi sahəsi, 80,8 kv.m yaşayış sahəsi, 140,7 kv.m ümumi sahəsi olan mübahisəli fərdi yaşayış evinə dair X4 adına verilmiş xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyat haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış etibarsız hesab edilməlidir. İddiaçı apellyasiya şikayətində iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi Nümayəndə məhkəmə iclasında apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verdi və iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, izahatında iş üzrə məhkəmə qətnaməsinin dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanılmasını xahiş etdi. Cavabdeh qismində cəlb edilmiş X11 məhkəmə iclasında apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, izahatında iş üzrə məhkəmə qətnaməsinin dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanılmasını xahiş etdi. İddiaçı, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Xaçmaz rayonu 1 saylı notariat ofisi və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X31 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, iddiaçı məhkəmə iclasına gəlmədiyindən, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər isə nümayəndələrinin məhkəmə iclasında iştiraklarını təmin etmədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, apellyasiya şikayəti qətnamənin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə Kərimova (Həşimova) Ədilə Azər qızı arasında olan nikah xx.xx.2013-cü il tarixdə Xaçmaz rayon qeydiyyat şöbəsində bağlanılaraq 500 sayla qeydə alınmışdır. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı nikahından xx.xx.2014-cü il tarixdə X21 anadan olmuşdur. İş materiallarında olan xx xxxx 2013-cü il tarixdə Xaçmaz rayon 1 saylı notariat kontorunda bağlanılaraq 4Ə-1265 sayla reyestrdə qeydə alınmış daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, X1 şəhərində yerləşən 0,04 ha torpaq sahəsini Cavabdeh 6500 manata satmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* saylı Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Xaçmaz şəhərində yerləşən 0,04 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində 71 nömrəli reyestr kitabının 63 nömrəli vərəqində xx.xx.2018-ci il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan xx xxxx 2019-cu il tarixdə Xaçmaz rayonu 1 saylı notariat ofisində bağlanılaraq 4Ə-459 sayla reyestrdə qeydə alınmış daşınmaz əmlakın bağışlanması müqaviləsinin surətindən görünür ki, Cavabdeh Xaçmaz şəhərində yerləşən 0,04 ha torpaq sahəsini X6 bağışlamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* saylı Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Xaçmaz şəhərində yerləşən 0,04 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə X4 adına daşınmaz əmlakın dövlət reyestrində 71 nömrəli reyestr kitabının 63 nömrəli vərəqində xx.xx.2019-cu il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Xaçmaz şəhəri, Elnur Hacıyev küçəsindəki ümumi sahəsi 140,70 kv.metr olan 7 saylı fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0,04 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə X4 adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2020-ci il tarixdə qeydiyyata alınmışdır. İş materialları ilə müəyyən edilmişdir ki, xx xxxx 2013-cü il tarixdə Xaçmaz rayon 1 saylı notariat kontorunda bağlanılaraq 4Ə-1265 sayla reyestrdə qeydə alınmış daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X1 şəhərində yerləşən 0,04 ha torpaq sahəsini Cavabdeh 6500 manata satmış, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* saylı Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Xaçmaz şəhərində yerləşən 0,04 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində 71 nömrəli reyestr kitabının 63 nömrəli vərəqində xx.xx.2018-ci il tarixdə qeydiyyata alınmışdır. xx.xx.2019-cu il tarixdə Xaçmaz rayonu 1 saylı notariat ofisində bağlanılaraq 4Ə-459 sayla reyestrdə qeydə alınmış daşınmaz əmlakın bağışlanması müqaviləsi ilə Cavabdeh 0,04 ha torpaq sahəsini X6 bağışlamışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* saylı Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Xaçmaz şəhərində yerləşən 0,04 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə X4 adına daşınmaz əmlakın dövlət reyestrində 71 nömrəli reyestr kitabının 63 nömrəli vərəqində xx.xx.2019-cu il tarixdə qeydiyyata alınmışdır. Eləcə də Xaçmaz şəhəri, Elnur Hacıyev küçəsindəki ümumi sahəsi 140,70 kv.metr olan 7 saylı fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0,04 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə X4 adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2020-ci il tarixdə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İV hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası MM-nin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən sərəncam hüququ-əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası MM-nin 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Həmin Məcəllənin 666.2-ci maddəsinə görə bağışlama predmeti əşyalar, hədiyyə verənə və ya üçüncü şəxsə qarşı əmlak hüquqları (tələblər), habelə hədiyyə alanın hədiyyə verən və ya üçüncü şəxs qarşısında əmlak vəziyyətindən azad edilməsi ola bilər. Həmin Məcəllənin 668.1.1-ci maddəsinə əsasən daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə etibarlıdır. Həmin Məcəllənin 139-1.1.3-cü maddəsinin mənasına görə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri də daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr hesab olunur. Həmin Məcəllənin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Həmin Məcəllənin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 144.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. O, təsdiqlədiyi müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 144.2-ci maddəsinə görə sərəncam hüququ sərəncam verən tərəfin daşınmaz əmlakın dövlət reyestrinə əsasən bu hüquqa malik olması və ya ixtiyarlı şəxsin ona həmin səlahiyyəti verməsi ilə təsdiqlənir. Bu səlahiyyət də notariat qaydasında təsdiqlənməlidir. Müqavilənin qanunauyğunluğu notariat qaydasında təsdiqləmə ilə təsbit olunur. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notarius tərəfindən həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış texniki göstəricilərinə uyğun təsdiqlənir. Göründüyü kimi, əqdin etibarlı olması üçün Mülki Məcəllə ilə müəyyənləşdirilmiş formaya riayət edilməsi zəruridir. Mülki Məcəllədə göstərilmiş hallarda əqdlərin notariat qaydasında təsdiqlənməsi məcburidir. Daşınmaz əşyaların bağışlanması haqqında müqavilə yazılı formada bağlandıqda və notariat qaydasında təsdiqləndikdə etibarlı sayılır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən nikah müddətində ərarvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin Məcəllənin 32.2-ci maddəsinə görə ər-arvadın ümumi birgə mülkiyyətinə-onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və ya sair kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzrlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2012-ci il tarixli qərarına görə Ailə Məcəlləsinin 32-ci maddəsinin tələblərinə əsasən əmlakın ər-arvadın birgə mülkiyyəti sayılması üçün iki şərtin eyni zamanda mövcud olması vacibdir:1) əmlakın ər-arvadın nikah müddətində əldə olunması; 2) əmlakın ər-arvadın ümumi gəlirləri hesabına əldə olunması. İkinci şərt müvafiq əmlakın ər-arvadın birgə mülkiyyəti kimi tanınması üçün onun əvəzli, yəni nikah müddətində ər-arvadın əvəzli əqdlər əsasında əldə etmələrini tələb edir. Göründüyü kimi, əmlakın ər-arvadın ümumi birgə əmlakı hesab etmək üçün həmin əmlak birgə nikah dövründə və onların ümumi gəlirləri hesabına əldə edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.2-ci maddəsinə əsasən nikaha girənədək ərarvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. İşdən görünür ki, Cavabdeh ilə Kərimova (Həşimova) Ədilə Azər qızı xx.xx.2013-cü il tarixdə nikahlarını bağlamışlar. Xaçmaz şəhərində yerləşən 0,04 ha torpaq sahəsinə dair Cavabdeh ilə X10 arasında alqı-satqı müqaviləsi isə xx xxxx 2013-cü il tarixdə bağlanmışdır. Göründüyü kimi, Xaçmaz şəhərində yerləşən 0,04 ha torpaq sahəsi Cavabdeh ilə İddiaçı nikaha daxil olanadək Cavabdeh tərəfindən əldə edilmişdir. Belə olan halda, həmin torpaq sahəsi Cavabdeh ilə İddiaçı birgə əmlakı kimi qiymətləndirilə bilməz və torpaq sahəsinin Cavabdeh ilə İddiaçı ümumi birgə mülkiyyəti sayılması üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar yoxdur. Məhkəmə kollegiyası qeyd edir ki, Xaçmaz şəhərində yerləşən 0,04 ha torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evi Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Belə ki, xx.xx.2019-cu il tarixdə Cavabdeh 0,04 ha torpaq sahəsini X6 bağışladıqdan 1 il 1 ay sonra, yəni xx.xx.2020-ci il tarixdə fərdi yaşayış evi X4 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, Xaçmaz şəhəri, Elnur Hacıyev küçəsindəki ümumi sahəsi 140,70 kv.metr olan 7 saylı fərdi yaşayış evi Cavabdeh ilə İddiaçı ümumi birgə mülkiyyəti hesab edilə bilməz. Məhkəmə kollegiyası onu da qeyd edir ki, İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Xaçmaz şəhəri, Elnur Hacıyev küçəsindəki ümumi sahəsi 140,70 kv.metr olan 7 saylı fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0,04 ha torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində X4 adına xx.xx.2020-ci il tarixdə aparılmış qeydiyyatı da mübahisələndirməmişdir. Məhkəmə kollegiyası iş materiallarını, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb, yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərini hazırki mübahisəyə tətbiq edib, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına hüquqi qiymət verərək, hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır. Azərbaycan Respublikası MM-nin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.2-ci maddəsinə görə əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Həmin Məcəllənin 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Azərbaycan Respublikası MM-nin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Hazırki işdə bağışlama müqaviləsinin və hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab olunması üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar müəyyən edilməmişdir. İddiaçı apellyasiya şikayətində iddia ərizəsinə əlavə olaraq Xaçmaz şəhəri, E.Hacıyev küçəsi, 7 saylı ünvanda 4 sot torpaq sahəsində yerləşən 1 mərtəbəli, 4 otaqlı, 59 kv.m köməkçi sahəsi, 80,8 kv.m yaşayış sahəsi, 140,7 kv.m ümumi sahəsi olan mübahisəli fərdi yaşayış evinə dair X4 adına verilmiş xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyat haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi tələbini irəli sürmüşdür. Göründüyü kimi, İddiaçı apellyasiya şikayətində faktiki olaraq yeni tələb irəli sürmüşdür. İş materiallarından görünür ki, İddiaçı və nümayəndəsi işə birinci instansiya məhkəməsində baxılarkən məhkəmə iclaslarında iştirak etmişlər. Lakin qeyd edilən tələblə bağlı birinci instansiya məhkəməsinə hər hansı bir iddia ilə müraciət etməmişlər. Azərbaycan Respublikası MPM-nin 372.4-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır. Həmin Məcəllənin 372.5-ci maddəsinə əsasən tərəflər apellyasiya instansiyasının baxışına yeni tələbləri yalnız o hallarda təqdim edə bilərlər ki, bunlar qarşılıqlı tələbin ödənilməsinə, əks tərəfin tələbinin rədd edilməsinə, üçüncü şəxslərin işə cəlb edilməsinə, faktın aşkar olunmasına və ya fakt haqqında məlumatın verilməsi əsasən məsələlərin həll edilməsinə yönəlmiş olsun. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.5-ci maddəsinin həmin Məcəllənin 155, 156 və 372.4-cü maddələri ilə müqayisəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2012-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.5-ci maddəsində nəzərdə tutulmuş yeni tələb apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, ərizəçi həmin tələbin birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası İddiaçı apellyasiya şikayətinin həmin hissəsini əsassız hesab edir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərdiyi digər dəlilləri əsassız hesab edir. İddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən işə əlavə edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib, hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan, işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(067)-1285/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qətnamədən kassasiya şikayəti verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Telman Məmmədov Hakimlər: Şəmsəddin Abasov Səyyad Qafari

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar