Məhkəmə qərarları › İş №2(105)-2766/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2766/2021

13.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2766/2021 13.10.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə katibi X1 iştirakı ilə Sumqayıt Şəhər Məhkəməsinin 17 iyun 2021-ci il tarixli, 2(060)-705/2021 saylı qətnaməsindən İddiaçı ASC-nin nümayəndəsi Ş.X.Xudiyevin verdiyi apellyasiya şikayəti üzrə işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Sumqayıt Şəhər Məhkəməsinin 17 iyun 2021-ci il tarixli, 2(060)-705/2021 saylı qətnaməsi ilə (hakim A.M.Süleymanova) iddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı subroqasiya qaydasında pul tələbinə dair iddiası təmin edilməmiş və iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Ş.X.Xudiyev apellyasiya şikayəti verib, Sumqayıt Şəhər Məhkəməsinin 17 iyun 2021-ci il tarixli, 2(060)-705/2021 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edib, “VAZ 21214” markalı **- AA-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş maddi ziyana görə avtomobilin sahibinə verilmiş 1800 manat pulun və məhkəməyə ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh1 və Cavabdeh2 tutularaq "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının tələbi onunla əsaslandırılmışdır ki, “QAZ 3102” markalı, **-CA-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh1 tərəfindən PAZ ********** nömrəli şəhadətnamə ilə 03.06.2019-cu il tarixdən 03.06.2020-ci il tarixədək “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” ilə sığortalanmışdır. ƏN-Vİ 849121 nömrəli etibarnaməyə əsasən həmin avtomobil Cavabdeh2 Məhəmməd oğluna məxsusdur. Cavabdeh1 etibarnamə olmadan (Cavabdeh2 verdiyi etbarnamə 27.08.2019-cu il tarixədək qüvvədə olmuşdur) idarə etdiyi, “QAZ 3102” markalı 50-CA659 dövlət qeydiyyat nişanlı avtomobillə 06.02.2020-ci il tarixdə Bakı Quba yolunda yol nəqliyyat hadisəsi törədərək, "xxxx" MMC-nin sahibliyində olmuş “VAZ 21214” markalı, **-AA-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə həmin avtomobilə maddi ziyan vurmuşdur. Hadisə ilə bağlı Quba RPŞ DYPB tərəfindən Cavabdeh1 barəsində AR İXM-nin 327.1-ci maddəsi ilə inzibati tənbeh haqqında 06.02.2020-ci il tarixli qərar qəbul edilmişdir. Lakin qərar qəbul edilərkən cavabdeh tərəfindən avtomobili etibarnamə olmadan idarə etməsi diqqətə alınmamışdır. Quba RPŞ DYPB tərəfindən tədim olunmuş Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə 18.02.2020-ci il tarixli arayışına əlavə edilmiş sənədlər arasında olan 7E-24758 reyestr nömrəsi ilə qeydə alınmış etibarnamədən məlum olur ki, Cavabdeh2 Məhəmməd oğlu özünə məxsus olan “QAZ 3102” markalı 50CA659 dövlət qeydiyyat nişanlı avtomobili 27.08.2019-cu il tarixdə iki ay müddətinə Cavabdeh1 vermiş, etibarnamənin qüvvədə olan müddət 27.08.2019-cu il tarixədək olmuşdur. Əmlak üzrə ekspertin 15.03.2020-ci il tarixli rəyinə əsasən “VAZ 21214” markalı, **-AA-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmiuş maddi ziyan 1800 manat məbləğində dəyərləndirilmiş və "xxxx" ASC həmin ziyana görə avtomobilin sahibinə sığorta ödənişi kimi 1800 manat məbləğində ödəmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ V Ə PROSES İŞTİRAKÇİLARİNİN İZAHAT İ: İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Ş.X.Xudiyev apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Sumqayıt Şəhər Məhkəməsi 17 iyun 2021-ci il tarixli qətnaməni qəbul edərkən Azərbaycan Respubliksı Mülki Məcəlləsinin 936.1, 936.2, 1108.1, 1108.2-ci maddələrinin və “İcbari Sığortalar haqqında” Qanunun 25.1, 25.1.3-cü maddələrinin tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, Cavabdeh1 etibarnamə olmadan (Cavabdeh2 verdiyi etbarnamə 27.08.2019-cu il tarixədək qüvvədə olmuşdur) “VAZ 21214” markalı, **-AA-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən 06 fevral 2020-ci il tarixdə yol nəqliyyat hadisəi törədərək, üçüncü şəxsin əmlakına (avtomobilinə) ziyan vurursa, avtomobilin cavabdehin qanuni istifadəsində (istismarında) olması kimi qəbul oluna bilməz. Etibarnamə olmadan avtomobil başqa şəxsə idarə etmək üçün verildikdə, avtomobilin qanuni sahibi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada iddiaçı "xxxx" ASC qarşısında mülki məsuliyyət daşıyırlar. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının əvvəlki iclasında Cavabdeh1 apellyasiya şikayətinin dəlillərinə etiraz edib, təmin olunmamasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada iddiaçı "xxxx" ASC və Cavabdeh2 məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən iddiaçı "xxxx" ASC-nin nümayəndəsinin və Cavabdeh2 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-ha¬ki¬min məruzəsini, işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilib, iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmalıdır. Belə ki, iş materiallarında olan AKT0931-CML-0416/2020 saylı sığorta aktından görünür ki, 06.02.2020-ci il tarixdə baş vermiş sığorta hadisəsi nəticəsində sığortalı Cavabdeh1 idarə etdiyi **-CA-*** dövlət qeydiyyat nişanlı “QAZ 3102” markalı avtomobil “avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə 03.06.2019 - 03.06.2020-ci illər müddətinə sığortalanmış, 06.02.2020-ci il tarixdə VAZ 21214 markalı, ** AA *** dövlət qeydiyat nişanlı avtomaşın sığortalı nəqliyyat vasitəsi ilə toqquşmuş, nəticədə sığortalıya 1800 manat həcmində zərər dəymiş, 1800 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Ödəniş tapşırığından görünür ki, "xxxx" ASC 1800 manat məbləğində sığorta ödənişi etmişdir. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə Quba RPŞ DYPB-nin arayışından görünür ki, 06.02.2020-ci il tarixdə saat 21:07-də Cavabdeh1 tərəfindən idarə edilən və Cavabdeh2 məxsus olan “QAZ 3102” markalı, **-CA-*** dövlət qeydiyyat nişanlı avtomaşın 6 saylı Yol İstismar İdarəsinə məxsus olan, X3 tərəfindən idarə edilən “VAZ 21214” markalı **- AA-*** dövlət qeydiyyat nişanlı avtomaşınla toqquşmuşdur. Quba RPŞ DYPB-nin 06.02.2020-ci il tarixli inzibati haqqında protokolundan görünür ki, 06.02.2020-ci il tarixdə saat 21.07-də “QAZ 3102” markalı, **-CA-*** dövlət nömrə nişanlı avtomaşını idarə edən Cavabdeh1 Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 40 manat cərimə edilmişdir. Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının reyestrinə daxil olan müstəqil ekspert tərəfindən tərtib edilmiş 24.02.2020-ci il tarixli ekspert rəyindən görünür ki, “VAZ 21214” markalı, **-AA-*** dövlət qeydiyyat nişanlı avtomaşına dəymiş maddi zərər bazar qiyməti nəzərə alınmaqla 1266 manat, işçilik xidmətlərinə görə 540 manat olmaqla cəmi 1800 manat qiymətləndirilmişdir. İcbari Sığorta müqaviləsinə dair məlumatdan görünür ki, Cavabdeh1 ilə İddiaçı ASC arasında 03.06.2019-03.06.2020-ci il tarixlərdə qüvvədə olan “QAZ 3102” markalı **-CA-*** dövlət nömrə nişanlı avtomaşına dair mülki məsuliyyətinin sığortalanması barədə 03.06.2019cu il tarixdə icbari sığorta müqaviləsi bağlanmışdır. 27 iyun 2019-cu il tarixli Nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında Etibarnamədən görünür ki, Cavabdeh2 mülkiyyət hüququ ilə ona məxsus olan “QAZ 3102” markalı, **-CA-*** dövlət nömrə nişanlı avtomaşını Cavabdeh1 etibarnamə üzrə idarəçiliyinə vermiş, etibarnamə 27.08.2019-cu il tarixədək qüvvədə olmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 16.05.2021-ci il tarixli, 9/2245 nömrəli rəyinə əsasən, nəzəri hesablama yolu ilə, iş materiallarında olan avtonəqliyyat vasitələrinin texniki ekspertizasının 24.02.2020-ci il tarixli ekspert rəyindəki məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2006-cı il buraxılışlı “VAZ 21214” markalı, **-AA-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci, avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 1800 manat müəyyən edilir. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən olur ki, 03.06.2019-cu il tarixdən 03.06.2020-ci il tarixədək iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən “QAZ 3102” markalı, **-CA-*** dövlət nömrə nişanlı avtomaşın mülkiyyətçisinin mülki məsuliyyətinin icbari sığortası həyata keçirilmişdir. 06.02.2020-ci il tarixdə saat 21.07-də Cavabdeh1 tərəfindən idarə edilən və Cavabdeh2 məxsus olan “QAZ 3102” markalı **-CA-*** dövlət nömrə nişanlı avtomaşın 6 saylı Yol İstismar İdarəsinə məxsus olan “VAZ 21214” markalı **- AA-*** dövlət qeydiyyat nişanlı avtomaşınla toqquşmuş, nəticədə sonuncuya maddi zərər dəymiş, zərərin əvəzi olaraq sığortaçı tərəfindən sığorta ödənişi ödənilmişdir. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti “QAZ 3102” markalı **-CA-*** dövlət nömrə nişanlı avtomaşının idarə etmək hüququ olmayan şəxs tərəfindən idarə edildiyini əsas gətirərək subroqasiya hüququnun yarandığını qeyd etmiş və bu hüquqdan istifadə edərək cavabdehlərə qarşı iddia qaldırmışdır. Göründüyü kimi, icbari sığortanın təmin edilməsi üçün sığortaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə sığortalı “QAZ 3102” markalı **-CA-*** dövlət nömrə nişanlı avtomaşının sahibi arasında bir il müddətinə icbari sığorta müqaviləsi bağlanmışdır. «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanunun 6.1-ci maddəsinin tələbləri baxımından Cavabdeh1 əmlak mənafeləri - faktiki sahibliyində olan “QAZ 3102” markalı **-CA-*** dövlət qeydiyyat nişanlı avtomobili sığortalanan şəxs kimi sığorta olunan hesab edilir. Birinci instansiya məhkəməsi iddia ərizəsini təmin etməkdən imtina etdikdə özü tərəfindən müəyyən etdiyi hallara son nəticədə düzgün hüquqi qiymət verməyərək hesab etmişdir ki, Cavabdeh1 nəqliyyat vasitəsini qanuni əsaslarla idarə etdiyidən iddia ərizəsinin hüquqi əsası yoxdur. Məhkəmə kollegiyası məhkəmənin gəldiyi nəticə ilə razılaşmır və yaranmış mübahisə ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Cavabdeh1 etibarnamə olmadan (Cavabdeh2 verdiyi etbarnamə 27.06.2019-cu il tarixdən 27.08.2019-cu il tarixədək qüvvədə olmuşdur) “VAZ 21214” markalı, **-AA-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən 06 fevral 2020-ci il tarixdə yol nəqliyyat hadisəsi törədərək, üçüncü şəxsin əmlakına (avtomobilinə) ziyan vurursa, avtomobilin cavabdehin qanuni istifadəsində (istismarında) olması kimi qəbul oluna bilməz. Etibarnamə olmadan avtomobil başqa şəxsə idarə etmək üçün verildikdə, avtomobilin qanuni sahibi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada iddiaçı "xxxx" ASC qarşısında mülki məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinin tələblərinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1108-ci maddəsi ətrafdakılar üçün yüksək təhlükə yaradan fəaliyyətlə vurulmuş zərərə görə məsuliyyəti müəyyən edir. Bu Məcəllənin 1108.3-cü maddəsində yüksək təhlükə mənbələrinin (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) qarşılıqlı təsiri nəticəsində dəymiş zərərin əvəzinin ümumi əsaslarla onların sahiblərinə ödənilməsi nəzərdə tutulmuşdur. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Yuxarıda sadalanan normaların tələbindən də görünür ki, vurulmuş zərərə görə məsuliyyəti biləvasitə zərərvuran daşıyır və məhkəmə işin hallarına uyğun olaraq zərərin əvəzini ondan tutur. “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanunun 25.1-ci maddəsində Sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququnun yarandığı hallar göstərilib. Həmin qanunun 25.1.2-ci madəsinə əsasən, bu Qanunun Xüsusi bölməsində hər hansı sığorta növü üzrə başqa cür nəzərdə tutulmamışdırsa, sığorta hadisəsi baş verərkən sığortalının və ya sığorta olunanın, yaxud onların nümayəndəsinin, etibar etdikləri şəxsin əmlakı (binanı, tikilini, avtonəqliyyat vasitəsini, cihazı, qurğunu, avadanlığı və s.) alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə istismar etməsi, həmçinin qeyd olunan maddələrdən istifadənin müəyyənləşdirilməsi ilə bağlı səlahiyyətli orqan tərəfindən aparılan müayinədən boyun qaçırması subroqasiya hüququnun yaranmasına səbəb olur. “Sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 37.1-ci maddəsinə əsasən sığortalının təqsirkar şəxsə zərərin əvəzini ödəmək tələbi hüququ (iddiası) əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya reqres qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Qanunun 63.1-ci maddəsinə əsasən avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Yuxarıda sadalanan normaların tələbindən də görünür ki, vurulmuş zərərə görə məsuliyyəti biləvasitə zərərvuran daşıyır və məhkəmə işin hallarına uyğun olaraq zərərin əvəzini ondan tutur. “Subroqasiya hüququ” sığorta ödənişi almış şəxsin sığorta hadisəsinin baş verməsində təqsirli olan səxs(lər)ə qarşı zərərin əvəzinin ödənilməsini tələb etmək hüquqlarının sığortaçıya keçməsidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 922.1-ci maddəsinə əsasən, sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Həmin Məcəllənin 926.1-ci maddəsinə əsasən, sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Mülki Məcəllənin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Vurulmuş ziyan məbləği Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 16.05.2021-ci il tarixli, 9/2245 nömrəli rəyinə əsasən təsdiqini tapdığından həmin rəy maddi sübut kimi qəbul edilərək iş materialları ilə yanaşı tədqiq edilməli və 1800 manat cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq iddiaçı "xxxx" ASC-yə verilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, şikayətdə göstərilən dəlillər iddia tələbinin tam formada təmin edilməsi üçün əsasdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar üzrə yeni qətnamə qəbul edə bilər. Azərbaycan Respublikası MPM-nin 385.1.1 - 385.1.4-cü maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar hesab edilir. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini nəzərə alıb, işdə olan sübutları obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilərək, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia ərizəsinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.6-cı maddəsinə əsasən yuxarı məhkəmə instansiyası işi yeni baxışa göndərmədən qətnaməni dəyişdirirsə və ya yeni qətnamə çıxarırsa, o, müvafiq olaraq məhkəmə xərclərinin bölüşdürülməsini də dəyişdirir. Məhkəmə kollegiaysı hesab edir ki, iddia ərizəsi təmin edilmədiyinən iddia ərizəsinin məhkəmədə baxılması üçün iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu iddiaçı "xxxx" ASC-yə verilməli və aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutulub AZ.MEM, VÖEN **********, X2, KOD 210005 VÖEN ********** müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22 hesabına keçirilməlidir. Azərbaycan Respublikası MPM-nin 404-1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 393, 402 və 404-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı ASC-nin nümayəndəsi Ş.X.Xudiyevin verdiyi apellyasiya şikayəti təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 17 iyun 2021-ci il tarixli, 2(060)-705/2021 saylı qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı subroqasiya qaydasında pul tələbinə dair iddiası təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1800 (bir min səkkiz yüz) manat pul vəsaiti və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu olmaqla, ümumilikdə 1830 (bir min səkkiz yüz otuz) manat alınıb iddiaçı "xxxx" ASC-yə verilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat pul tutulub AZ.MEM, VÖEN **********, X2, KOD 210005 VÖEN ********** müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22 hesabına keçirilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar