Məhkəmə qərarları › İş №2(105)-2800/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2800/2021

01.11.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Mənzil mübahisələri - Torpaq mübahisələri - Mənzilə köçürmə - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2800/2021 01.11.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X10 Tağızadənin sədrliyi və məruzəsi, X4 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Rəsul Yasər oğlu Məmmədovun katibliyi, İddiaçı: İddiaçı2, İddiaçı1 nümayəndəsi: X5, İddiaçının vəkilləri: Vəkil və X3, Cavabdeh: Cavabdeh3, Cavabdeh3 nümayəndəsi və vəkili: Nümayəndə2, Cavabdeh2 nümayəndəsi və vəkili: Nümayəndə1 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 Bəhmən qızına, Sumqayıt 5 saylı Asan Xidməti Notariat Kontoruna və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsinə qarşı alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və digər tələblərinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 26 may 2021-ci il tarixli qətnaməsindən Cavabdeh3 nümayəndəsi və vəkili Nümayəndə2 və Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə1 tərəfindən verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 26 may 2021-ci il tarixli qətnaməsi ilə (hakim E.A.Abdullayev) iddianın təmin edilməsi, İddiaçı1 və Cavabdeh1 arasında bağlanmış 11.11.2014-cü il tarixli, AN-İN ******* saylı alqı-satqı müqaviləsi, Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış 24.12.2015-ci il tarixli, AN-İN ******* saylı alqı-satqı müqaviləsi və Cavabdeh3 və Cavabdeh2 arasında bağlanmış 19.05.2016-cı il tarixli, AN-İN ******* saylı alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, həmin müqavilələr əsasında Sumqayıt şəhəri, Novxanı bağ massivi, 1248K ünvanda yerləşən fərdi yaşayış evinə dair Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 adlarına verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların ləğv olunması, İddiaçı1 Sumqayıt şəhəri, Novxanı bağ massivi, 1248K ünvanında yerləşən fərdi yaşayış evinə dair mülkiyyət hüququnu təstiq edən 05.11.2014-cü il tarixli, ********** saylı qeydiyyatın bərpa edilməsi, Cavabdeh3 Sumqayıt şəhəri, Novxanı bağ massivi, 1248K saylı fərdi yaşayış evində yaşayan şəxslərlə birlikdə həmin fərdi yaşayış evindən çıxarılması, fərdi yaşayış evinin boşaldılaraq İddiaçı1 və İddiaçı2 həmin evə köçürülməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı1 və İddiaçı2 (bundan sonra iddiaçılar) Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Bəhmən qızına, Sumqayıt 5 saylı Asan Xidmətin Notariat Kontoruna və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi idarəsinə (bundan sonra – cavabdehlər) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək İddiaçı1 və Cavabdeh1 arasında bağlanmış 11.11.2014-cü il tarixli, AN-İN ******* saylı alqı-satqı müqaviləsinin, Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış 24.12.2015-ci il tarixli, AN- İN ******* saylı alqı-satqı müqaviləsinin və Cavabdeh3 və Cavabdeh2 arasında bağlanmış 19.05.2016-cı il tarixli, AN-İN ******* saylı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilələr əsasında Sumqayıt şəhəri, Novxanı bağ massivi, 1248K ünvanda yerləşən fərdi yaşayış evinə dair Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 adlarına verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların ləğv olunması, İddiaçı1 Sumqayıt şəhəri, Novxanı bağ massivi, 1248K ünvanında yerləşən fərdi yaşayış evinə dair mülkiyyət hüququnu təstiq edən 05.11.2014-cü il tarixli, ********** saylı qeydiyyatın bərpa edilməsi, Cavabdeh3 Sumqayıt şəhəri, Novxanı bağ massivi, 1248K saylı fərdi yaşayış evində yaşayan şəxslərlə birlikdə həmin fərdi yaşayış evindən çıxarılması, fərdi yaşayış evi boşaldılaraq iddiaçıların həmin evə köçürülmələri barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İşin müəyyən edilmiş və mübahisələndirilməyən halları ondan ibarətdir ki, İddiaçı1 adından etibarnamə əsasında çıxış edən İddiaçı2 tərəfindən imzalanmış, İddiaçı1la Cavabdeh1 arasında bağlanmış 11.11.2014-cü il tarixli, AN-İN ******* saylı alqı-satqı müqaviləsinə əsasən İddiaçı1 Sumqayıt şəhəri, Novxanı bağ massivi, 1248K saylı fərdi yaşayış evini (bundan sonra – mübahisəli fərdi yaşayış evi) Cavabdeh1 satmışdır. Cavabdeh1la Cavabdeh2 arasında bağlanmış 24.12.2015-ci il tarixli, AN-İN ******* saylı alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1 daşınmaz əmlakın dövlət reyestrindən verilmiş 23.12.2015-ci il tarixli çıxarış əsasında mübahisəli fərdi yaşayış evini Cavabdeh2 satmışdır. Cavabdeh2la Cavabdeh3 arasında bağlanmış 19.05.2016-cı il tarixli, AN-İN ******* saylı alqı-satqı müqaviləsinə Cavabdeh2 mübahisəli fərdi yaşayış evini Cavabdeh3 satmışdır. İddiaçı1 Sumqayıt Şəhər Polis İdarəsinə müraciət edərək 2014-cü ilin noyabr ayında övladının səhhətində yaranmış problemin həll edilməsindən ötrü Cavabdeh1 ayı 4 faizə olmaqla 120 000 manat pul alaraq mübahisəli fərdi yaşayış evini pul ödənildikdən sonra qaytarılması şərti ilə Cavabdeh1 adına keçirdiyini, 2015-ci ilin avqust ayında əsas məbləğdən 20 000 manat borclu qaldığını, sonuncu dolların məzənnəsinin bahalaşmasını əsas gətirərək 40 000 manat pul tələb etdiyini, həmin dövrdə Cavabdeh1 onu aldadaraq bağ evini ondan xəbərsiz başqa şəxsə satdığını bildirərək evin onlara qaytarılmasına köməklik göstərilməsini xahiş etmişdir. Həmin ərizə əsasında toplanmış material üzrə 23 iyul 2016-cı il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Həmin qərar Sumqayıt Şəhər Prokurorluğu tərəfindən 06 sentyabr 2016-cı ildə ləğv edilmiş, material üzrə araşdırma davam etdirilərək 19 sentyabr 2016-cı il tarixdə material üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. 28 noyabr 2016-ci il tarixdə Sumqayıt Şəhər Prokurorluğu tərəfindən həmin qərar ləğv edilərək əlavə araşdırma aparılması üçün Sumqayıt Şəhər Polis İdarəsinin İstintaq şöbəsinə göndərilmişdir. 21 yanvar 2016-cı il tarixdə Binəqədi rayon Polis idarəsinin istintaq şöbəsinin müstəntiqinin 15 iyun 2015-ci il tarixli cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərarı əsassız olduğu üçün ləğv edilmiş S. Bəhmənovanın şikayəti üzrə Sumqayıt ŞPİ-nin İŞ-də araşdırılan material ********* nömrəli cinayət işinə əlavə edilməklə ibtidai istintaqın davam etdirilməsi üçün Sumqayıt şəhər Polis İdarəsinə göndərilmişdir. Sumqayıt şəhər Polis idarəsində aparılmış araşdırma nəticəsində törətdiyi əmələ görə Cavabdeh2 əməli 21 sentyabr 2019-cu il tarixdə Cinayət Məcəlləsinin 178.2.4cü maddəsindən həmin məcəllənin 178.3.2-ci maddəsinə tövsif edilmiş və o həmin maddə ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və barəsində seçilmiş qətimkan tədbiri dəyişdirilmədən saxlanmışdır. 16 oktyabr 2019-cu il tarixdə Nərimanov Rayon Prokurorluğu tərəfindən Cavabdeh2 təqsirləndirilən şəxs qismində cəlb edilməsi və barəsində qətimkan tədbiri seçilməsi barədə 21 sentyabr 2019-cu il tarixli qərar ləğv edilmişdir. Sumqayıt RPİ-nin İŞ-də istintaq edilmiş ********* saylı cinayət işi, Nərimanov RPİ-nin İŞ-də X6 ərizəsi əsasında toplanmış materiallar 2020-ci il tarixdə, Binəqədi RPİnin İŞ-də istintaq edilmiş ********* saylı cinayət işi 24 yanvar 2020-ci il tarixdə Bakı Şəhər Prokurorluğu tərəfindən BPİ-nin və Təhqiqat İdarəsinə göndərilməklə 28 yanvar 2020-ci il cinayət işləri X6 ərizəsi əsasında toplanmış material bir icraatda birləşdirilmişdir. Bakı şəhər Baş Polis idarəsi İstintaq və Təhqiqat İdarəsinin Ağır Cinayətlərin istintaqı şöbəsinin baş müstəntiqinin 20.05.2020-ci il tarixli qərarı ilə cinayət işi üzrə icraata xitam verilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı Sahilə X1 adlı şəxs tərəfindən aldadılaraq borca düşdüyü üçün mübahisəli fərdi yaşayış evini girov qoymaq qərarına gəlmişdir. 2014-cü ilin noyabr ayının əvvəlində o, evi Cavabdeh1 adına rəsmiləşdirikdən sonra Cavabdeh1 120 000 manat pul almış, həmin puldan 16 000 manat çıxıldıqdan sonra yerdə qalan 104 000 manat pul ona verilmişdir. Yəni, Cavabdeh1la razılaşmalarına əsasən pul faizləri ilə birlikdə qaytarıldıqdan sonra Cavabdeh1 evi ona qaytarmalı idi. Sonradan Cavabdeh1 ödənişlər etmiş və ona 20.000 manat borcu qalmışdır. Bundan sonra Cavabdeh1 ona bildirmişdir ki, evi Cavabdeh2 adına keçirsin və Cavabdeh2 qalan məbləği Cavabdeh1 ödəsin. O, bununla razılaşmış və ev Cavabdeh2 adına keçirilmişdir. Cavabdeh1 bildirdiyinə görə həmin məbləğ Cavabdeh2 tərəfindən ona ödənilmişdir. Bundan sonra isə Cavabdeh2 faizlər ödəməyə başlamışdır. Lakin, Cavabdeh2 sonradan evi Cavabdeh3 satmışdır. Onunla Cavabdeh1 arasında bağlanmış alqı-satqı müqaviləsi zamanı əsas məqsəd evin satılması olmamışdır. Qeyd edilən hal iş üzrə aparılmış istintaq zamanı Cavabdeh2 verdiyi ifadələr, həmçinin onunla Cavabdeh1 arasında telefon danışıqları ilə də müəyyən edilir. Cavabdeh1la bağlanmış alqı-satqı müqaviləsi uydurma əqd olmaqla həqiqəti əks etdirmir. Göründüyü kimi, eləcə də, işin faktiki halları ilə müəyyən və təsdiq edilir ki, mübahisəli fərdi yaşayış evi ilə bağlı alqı-satqı müqavilələri məhz digər əqdin, yəni, faizlə verilən pulla bağlı münasibətlərin pərdələnməsi niyyəti bağlanmışdır. Bu səbəbdən həmin müqavilə və onun doğurduğu hüquqi nəticələr etibarsız hesab edilməlidir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdeh3 nümayəndəsi və vəkili Nümayəndə2 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə tərəfindən bir çox maddi və prosessual normaların tələbləri pozulmuşdur. Məhkəmə iddia müddətinin axımını düzgün tətbiq etməmişdir. Məhkəmə nəzərə almalı idi ki, iddia tələbi alqı-satqı müqavilələrinin etibarsızlığı ilə bağlı olduğundan mülki işə mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı deyil, əqdin etibarsızlıgı ilə bağlı müddəalar tətbiq olunmalı idi. Məhkəmə iddiaçıların öz hüquqlarının pozulduğu cinayət işi üzrə icraata xitam verildikdən sonra başa düşdüklərini əsaslandırmaga çalışmışdır. Cavabdeh3 əmlakı əldə edən əmlakların alqı-satqısı üçün nəzərdə tutulmuş saytda görmüş və qanunvericiliyə müvafiq olaraq alqı-satqı müqaviləsi ilə almışdır. Məhkəmənin qeyd etdiyi kimi mülkiyyətçinin özgəninkiləşdirənin əşyanın mülkiyyətçi olmadığını bilməsi real deyil. Bundan əlavə qanunvericiliyə müvafiq olaraq tərəflər arasında imzalanmış alqısatqı müqaviləsini mübahisələndirmək üçün iddia tərəfinin subyektiv hüququ olmalı idi ki, bunu da məhkəmə tərəfindən qətnamədə hər hansı münasibət bildirlməmişdir. Birinci instansiya məhkəməsi tərəfindən məhkəmə iclas protokolunda bir çox suallar öz əksini tapmamış və bu barədə verilmiş qeydlər qəbul edilməmişdir. Sumqayıt Şəhər Məhkəməsinin iş üzrə 26 may 2021-ci il tarixli 2(060)-2559/2021 saylı qətnaməsinin ləğv edilməsini, iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Cavabdeh2la Cavabdeh1 arasında bağlanmış 24.12.2015-cı il tarixli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh2 Cavabdeh1 mülkiyyətində olan mübahisəli fərdi yaşayış evini 195000 manata almışdır. Müqavilə bağlanarkən qanunvericiliyin tələblərinə tam əməl olunmuş, müqavilə notarial qaydada bağlanınış, evin dəyəri Cavabdeh2 tərəfindən notariusun bankdakı depozit hesabına ödənilmişdir. Bir müddət sonra Cavabdeh2 qeyd olunan fərdi yaşayış evinin satılması üçün müxtəlif saytlara elan yerləşdirmiş və bu barədə maklerlərə də məlumat vermişdir. Təxminən 5 ay evin elanı saytlarda olmuş və 2016-cı ilin may ayında evə alıcı tapılmışdır. Qeyd olunan fərdi yaşayış evinə dair Cavabdeh2la Cavabdeh3 arasında alqı-satqı müqaviləsi bağlanmışdır. Evin dəvəri Cavabdeh3 tərəfindən tam olaraq notariusun bankdakı depozit hesabına köçürülmüş və o, da həmin məbləği bank vasitəsilə əldə etmişdir. İddiaçı1 nə hazırkı iddia tələbində mübahisələndirdiyi alqı-satqı müqavilələrinin tərəfidir, nə də həmin alqı-satqı müqavilələri üzrə maraqlarına toxunan şəxsdir. İddiaçılardan İddiaçı2 hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüquqa malik deyildir. İddiaçıların etibarsız hesab edilməsini tələb etdiyi, daşınmaz əmlakın alqı-satqı müqavilələrinin tarixlərindən də göründüyü kimi həmin müqavilələr müvafiq olaraq 2014, 2015 və 2016-cı illərdə bağlanmışdır. İddiaçılar mübahisələndirdikləri əqdlərin etibarsızlığı ilə bağlı iddia tələbi ilə məhkəməyə müraciət etmək hüququnu itirmişlər. Hazırki mülki işə baxan birinci instansiya məhkəməsi qətnaməsində istinad etdiyi, cinayət işi üzrə müəyyən olunmuş və qüvvədə olan məhkəmə qərarları ilə təstiq edilmiş halları öz mülahizəsinə uygun qərəzli şəkildə təhrif etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin iş üzrə 26 may 2021-ci il tarixli 2(060)- 2559/2021 saylı qətnaməsinin ləğv edilməsini, iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Cavabdeh3 və nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətin dəlillərini müdafiə etdilər, eyni məzmunlu izahat verdilər və təmin olunmasını, Cavabdeh2 apellyasiya şikayətinin dəlillərini qəbul etdilər və təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdilər. Cavabdeh2 və nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətin dəlillərini müdafiə etdilər, eyni məzmunlu izahat verdilər və təmin olunmasını, Cavabdeh3 apellyasiya şikayətinin dəlillərini qəbul etdilər və təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdilər. İddiaçı1 nümayəndəsi S.X.Bakhmanov və İddiaçı2 apellyasiya şikayətinin dəlillərini qəbul etmədilər, iddia ərizəsinə uyğun izahat verdilər və qətnamənin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdilər. Sumqayıt 5 saylı Asan Xidmətinin Notariat Kontoru məhkəməyə məktub göndərərək işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını məhkəmə kollegiyasından xahiş etdi. İş üzrə Cavabdeh1 və AR Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 2 saylı Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası işdə iştirak edən tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara görə iş üzrə məhkəmə qətnaməsi dəyişdirilməməlidir, apellyasiya şikayəti isə təmin edilməməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddia ərizəsini təmin edərkən, tərəflər arasında olan müqavilələrin bağlandığı vaxt qanun pozuntusuna yol verilməsinə istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə qanunu və əsaslı olmaqla, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına tam uyğundur. Belə ki, Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdehlərin nümayəndələrinin apellyasiya şikayətləri iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətlərində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. Birinci instansiya məhkəməsində dindirilmiş şahid Sahil Qasımov bildirmişdir ki, o, İddiaçı2 qardaşıdır. Bacısının Cavabdeh1, Cavabdeh2 və başqaları tərəfindən aldadılaraq külli miqdarda əmlakının ələ keçirilməsini 2016-cı ilin may ayının iyirmisinə yaxın xalası oğlu Mahir Quliyevin verdiyi məlumat əsasında bilmişdir. M.Quliyev ona bildirib ki, faizə pul götürən İddiaçı1 çox çətin bir vəziyyətə düşüb. Belə ki, onların həm Bakıdakı evləri, həm də Novxanıdakı evlərini Cavabdeh2 adlı adam ələ keçirib və bir ay vaxt qoyub ki, bir aya qalan faizlərində birlikdə əsas borcdan olan pulu verməsəniz evlərinizi qaytarmayacam. Onun danışığından məlum oldu ki, Sahilə 120 min manat pulu yüksək faizlə Cavabdeh1 götürmüş, 13 ay faiz ödəməsinə baxmayaraq borcdan 20 min manat qalanda Cavabdeh1, borc məbləğini dolların məzənnəsinin qalxması ilə əlaqədar 40 min manata qaldırmış, həmin məbləği qaytara bilməyəcəyini nəzərə alaraq evi iş birliyində olduğu Cavabdeh2 sataraq onun adıma rəsmiləşdirmişdir. O, sabahısı gün Cavabdeh2la onun “Statistika Komitəsi”nin binası ilə üzbəüz olan “Bilyard” klubunda görüşüb. Cavabdeh2 əvvəllər Baş Prokurorluqda mühafizə xidmətində işlədiyi dövrdən tanıyırdı. Odur ki o, ona hörməti olduğunu, İddiaçı2 onun bacısı olduğunu bilmədiyini, Sahilə faizlərini vaxtında verə bilməyəndə onu çox sıxışdırdığını, lakin son üç ayın faizlərini ümumiyyətlə verə bilməməsinə baxmayaraq ona güzəşt etdiyini, Sahilənin qalan borcunun 80.000 manat olmasına baxmayaraq dollar qalxdığına görə öz pulunu “diriltmək” üçün Sahiləgilin həm Yasamaldakı, həm də Novxanıdakı evlərini öz əlində saxladığını, may ayının əvvəllərində xalası oğlu Mahirin iki nəfərlə onun yanına gəlməsini, onun Mahirə vəziyyəti izah edərək onlara 1 ay möhlət verdiyini, Mahirgildən xəbər çıxmadığına görə iki gün əvvəl Novxanıdakı evi satdığını bildirib. Ondan soruşanda ki nə üçün Yasamaldakı evi yox, Novxanıdakı evi satdın, o, bildirib ki, Sahilənin əsas borcunu, ödəmədiyi ayların faizlərini və dolların qalxmasına görə düşə biləcəyim ziyanı qarşılamaq üçün Novxanıdakı evi satmışdır. O, həmçinin bildirib ki, indi yalnız Yasamaldakı evi qaytara bilər, başqa heç bir kömək edə bilməz. Sonrakı gündə qardaşı Sərdar Qasımovun iştirakı ilə Həsən Əliyev küçəsindəki “Asan” xidmətdə Yasamaldakı evi Cavabdeh2 onlara qaytarıb. Bunun müqabilində ona heç bir vəsait ödəməyiblər. O, Cavabdeh1 və S.Əmirovla da görüşmək üçün əlaqə saxlayıb. Onunla Gənclikdəki “Kaspian” Ticarət mərkəzinin stadiona tərəf olan hissəsində görüşüblər. Sahilə, Dəyanət, Seymur və onun iştirakı ilə danışanda o, Novxanı ev məsələsinin nə olduğunu soruşub. Dəyanət və Seymur bildiriblər ki, Sahilə xanım faizlə götürdüyü pul müqabilində o evi girov qoymuşdu və hər ay faizlərini ödəyirdi. Lakin sonradan faizləri ödəyə bilmədiyinə görə, həm də əsas borcdan 20 min manat borc qalsa da, dollar qalxdığına görə həmin məbləğ 40.000 hesablanaraq ümumi razılığa görə ev Cavabdeh2 verilmişdir. O, xahiş edib ki, Sahilənin faiz ödədiyi qeydiyyat məlumatını yazılı versinlər ki, İddiaçı1 göstərsin. Onlar bildiriblər ki, bunu edə bilməzlər. Onda xahiş edib ki, görüşərək birlikdə dediklərini İddiaçı1 da bildirsinlər. Onlar razılaşıblar, lakin Seymur deyib ki, təcili Gürcüstana gedir, birinci günə qədər qayıdar nə lazımdısa deyərlər. Dəyanət də deyib ki, Seymur onun böyüyüdür və onsuz tək gedə bilməz. Beləliklə razılaşıb ayrılsalar da, sonrada onlar görüşə gəlməmiş və telefon zənglərinə cavab verməyiblər. Bu görüşdən iki gün sonra o, İddiaçı1la birlikdə yenidən Rafiqin “Bilyard” klubunda görüşüblər. Bu görüş zamanı da Cavabdeh2 iki gün əvvəl dediyi sözləri deyib. Ona satılan bütün otaqlarında mebel və əşyalarla dolu olan evin geri qaytarılması ilə bağlı nə etmək olar sualı verdikdə R. Hüseynov deyib ki, əgər qaytarmaq istəyirsinizsə 225 000 gətirin evi qaytarsın. Əşyalarınızı da gedib götürə bilərsiniz. Ondan soruşanda ki axı sən bu evi Dəyanətdən 40.000 (qırx min) əvəzində almısan, sənəddə 195 min yazdırmısan, özün də deyirsən ki, 215 min manata satmısan, nə üçün 225 min verməliyik, Cavabdeh2 bildirib ki, onun bu işə xərci çox çıxıb, odur ki, qazancı da olmalıdır. Sonradan da bildirib ki, istəyirsiniz bir özünüz də gedib satdığım adamlarla danışın, bir hörmət edin. Növbəti gün Salman, İddiaçı1larla birlikdə Novxanıdakı evə gediblər. Görüblər ki, həyətin qapısı açıqdır, burada usta işləyir. Evdən kiçik yaşlı uşaqlarla çıxan qadın özünün Aybəniz olduğunu, əri Əlinin isə “kefli” olduğuna görə yatmış olduğunu evdə onlara aid yalnız bir ədə stoldan və iki nimdaş çamadandakı geyimlərdən başqa heç nə qalmadığını bildirib. İşin məhkəmə baxışı zamanı ifadə vermiş şahid X11 öz şahid S.Qasımovun ifadəsinə oxşar ifadə vermişdir. İfadə vermiş şahid X13 öz ifadəsində bildirmişdir ki, o, İddiaçı2 xalası oğludur. 2016cı ilin aprel ayının sonlarında Sahilə ona mobil telefon vasitəsilə zəng edib təlaş içində təcili görüşmək istədiyini və ona maddi kömək etməyini xahiş eləyib. Görüş zamanı onun Rafiq adlı bir şəxsdən 2015-ci ilin sonlarında tibb avadanlıqları almaq üçün borc pul aldığını və hər ay bu vəsaitin sələmini ödədiyini öyrənib. Bu işdən nə Sahilənin həyat yoldaşı Salmanın, nə də qardaşlarının xəbəri olmadıqlarını da dəqiqləşdirdikdən sonra təcili məsələni açıqlayıb, Salman və Sahilə məlumat vermək qərarına gəlib. Sahilə məlumat verməməyini israrla xahiş edib. Ona görə də təcili borc verən Rafiqlə görüşüb ilk öncə borcun sələm hissəsini dayandırmağı qərara alıb. Bu minvalla 2016-cı il may ayının əvvəli Rafiqlə ona məxsus çay evində görüşüblər. Rafiq pulun sələmini dayandırmayacağını bildirdikdə ondan bir az möhlət verməsini xahiş edib və bu barədə böyüklərə məlumat verəcəyini bildirib. O, Rafiqdən pulun əvəzinə Sahilənin ona verdiyi Novxanıdakı bağ evinin sənədini geri istəyib və bildirib ki, həmin sənədi dövlət bankına girov qoyub pul götürüb borcu bağlayacaqlar. Rafiq bu təkliflə razılaşmayıb. Son razılıq 1 aylıq möhlət verilməsi oldu. 1 ay ərzində borcun bağlanması təqdirdə bağ evinin sənədinin geri qaytarılacağı barədə Rafiq yekun söz verib. Bundan Sonra o, görüşün nəticəsi barədə Sahiləyə məlumat verib və təcili böyüklərə bildirməyi xahiş edib. O, bir neçə gündən sonra imkan tapıb Sahillə görüşüb və bu barədə ona məlumat verib. O, Sahillə görüşəndə təxminən may ayının ortaları idi. Sahil bu barədə məlumat alan kimi sabahı gün bu işin arxası ilə gedib maraqlanmış və bağ evinin Rafiq tərəfindən satıldığını zəng edib, ona bildirib. Məhkəmə iclasında ifadə verən şahid X7 öz ifadəsində bildirmişdir ki, o, Sahil Qasımovu və onun bacısı Sahilə xanımı tanıyır. S.Qasımovla tələbə yoldaşı olmaqla səmimi münasibətləri olub. 2016-cı ilin may ayında Sahil ona zəng vuraraq bildirib ki, bacısı Sahilə ilə bağlı ciddi problemlər yaranmış və faizlə götürdüyü pula görə onun evləri əlindən alınmışdır. Onlar belə razılaşıblar ki, görüşüb və bu mübahisəni müzakirə etsinlər. O, səhərsi günü Sahil və onun bacısı Sahilə xanımla Nərimanov heykəlinin yaxınlığında görüşüblər. Danışıqlardan belə məlum olub ki, Sahilə xanım faizlə pul götürüb və ailələrinə məxsus ev və bağ evini faiz götürdüyü şəxslərin adına keçirib. Söhbət əsnasında məlum olub ki, bu işləri əvvəllər prokurorluq orqanında işləmiş Rafiq adlı şəxs təşkil etmişdir. Ona görə də Sahil həmin şəxsi tanıdığı üçün onunla görüşmüş və bu məsələləri müzakirə etmişdir. Həmin vaxt Rafiq Sahili tanıdığı üçün yaşayış binasındakı evi geri qaytarmışdır, bağ evini isə sataraq pulunu götürmüşdür. Onlar qərara gəliblər ki, Rafiqlə görüşüb bu məsələnin həllinə nail olsunlar və mümkün halda Sahilənin faiz borcunu Rafiqə qaytarsınlar. Sahil ona təklif edib ki, bu görüşdə iştirak etsin. 27.05.2016-cı il tarixdə Sahil ona zəng vurub və bildirib ki, axşam Rafiqin iş yerinə gedib görüşsünlər. Rafiqin iş yeri Dövlət Statistika Komitəsinin inzibati binasının qarşı tərəfindəki yol kənarında yerləşən “Bilyard” oyunları yeri idi. Həmin gün axşamüstü o, Sahil və Salman həmin yerə gediblər. Binanın qarşısında Rafiqlə görüşüb onun iş yerinə çıxıblar. O, Rafiqə bildirib ki, onun atası Təvəkkülü tanıyır. Rafiq deyibki atasını bu işə qatmasınlar. Əgər bağ evini istəyirlərsə 215000 manata satılıb və 10000 əlavə xərc çəkilib. Cəmi 225000 manat ödəyin bağ evi qaytaraq sizə. Həmin vaxt Salman bu faizlərin şişirdilərək haqsızlıqla bağ evinin içərsindəki bütün mebellərlə və avadanlıqlarla götürüldüyünü bildirdi. Rafiq isə dedi ki, mən faizin 3 aylığını bağışlamışam. Onların Rafiqdən tələbi ondan ibarət olub ki, faizləri düzgün hesablasın və onun pulunu versinlər. Lakin Rafiqlə danışıqlar baş tutmayıb. Məhkəmə iclasında ifadə vermiş şahid X14 öz ifadəsində bildirmişdir ki, iddiaçılarla onun həm qohumluq münasibətləri mövcuddur, həm də Novxanı bağlar massivində bağ evləri qonşuluqda yerləşir. Belə ki, 128 K ünvanı iddiaçılara, 12/66B ünvanı isə ona məxsusdur. Həmin bağ evinin inşasını Salman Bəhmənov həyata keçirmişdir. Təxminən 2013-2014-cü illərdə tikintiyə başlanmışdır. 2016-cı ildə bir dəfə o, həmin bağ evində kənar şəxs görüb ondan kim olduğunu soruşanda bağ evinin yeni sahibi olduğunu bildirib. Daha sonra İddiaçı1 gördükdə onunla hal-əhval etdikdən sonra bağ evini niyə satdığını soruşub. O da mənə cavabında bağ evinin heç bir alqı-satqısı olmadığını və başlarına gələn hadisəni danışdı. Hətta xatırlayır ki, İddiaçı1 qəribə şəkildə deyib ki, hec bu evi “alan” adam necə oldu ki, evdə olan palpaltarın, mebelin kimə məxsus olduğunu, nə üçün gəlib götürmədiklərini soruşmadı. Hazırda mübahisəli bağ evində yaşayışın olub-olmaması ilə bağlı dəqiq məlumatları yoxdur. Bağ evinin indiki sahibi Cavabdeh3 əri Əli ilə yalnız bir dəfə yaşadıqları əraziyə asfalt çəkilərkən Bakıda görüşüb və asfalt çəkilməsi üçün ona pul verib. Məhkəmə iclasında ifadə vermiş şahid X8 öz ifadəsində bildirmişdir ki, Novxanı bağ massivi, 128K ünvanında yerləşən bağ evinin tikintisini o həyata keçirib. Təxminən 2015-ci ilin noyabr ayında həmin ünvanda işləyib. İşlədiyi müddətdə həmin bağ evinin Salman müəlimə məxsus olduğunu bilirdi. Tikinti ilə əlaqədar ona ödənişlər Salman müəllim tərəfindən ödənilmişdir. Onun bəzi alətləri həmin evdə qalmışdı. Gözətçi Zahiddən alətləri götürməyə gələndə evin artıq Salman müəllimin olmadığını öyrənib. O, hazırda həmin ərazidə yaşamır. Məhkəmə iclasında ifadə vermiş şahid X12 öz ifadəsində bildirmişdir ki, o, Novxanı bağ massivi ərazisində gözətçi işləyirdi. 2015-ci ildə Salman onu və usta Zakiri yemək yeməyə dəvət edib. X15 yaşadığını və ölkəmizə gəlib getdiyini bilirdilər. Salman bəy söhbət əsnasında ona bağ evinin açarlarının ona verib və ondan mütəmadi olaraq bağdakı ağacları suvarmağı xahiş edib. O, da bununla razılaşıb. Bu minvalla açar onda qalıb və mən razılaşmaları əsasında bağdakı ağaclara qulluq edirdi. 2016-cı ildə bağa girərkən evdə kənar şəxs var idi. O, ondan kim olduğunu soruşanda o, məsələni izah etmiş və o, ona evin yeni sahibi olduğunu və açarları ona təqdim etməyini tələb etmişdir. O, Salmanın oğlu Sərxana zəng vurmuş və Sərxan mənə açarları verməyinə razılıq vermişdir. O, da açarları həmin şəxsə vermişdir. O, hazırda həmin evdə kimin yaşadığını, yaxud yaşayış olub-olmadığını bilmir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər (337.1.). Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir (337.2). Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir (337.3.). Yuxarıda qeyd edilən hüquq normalarının məzmunundan göründüyü kimi, etibarsız əqdlər iki qrupa: mübahisələndirilən və əhəmiyyətsiz əqdlərə bölünmüşdür. Əhəmiyyətsiz əqdlər məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq etibarsız əqdlərdir. Mübahisələndirilən əqdlər isə məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. Mülki Məcəllədə etibarsız əqdlərin bir qismi mübahisələndirilən, bir qismi isə əhəmiyyətsiz əqdlərə aid edilmişdir. Hazırkı işdə iddiaçı tərəfin əsas dəlilləri ondan ibarətdir ki, İddiaçı1 adından etibarnamə əsasında çıxış edən İddiaçı2 tərəfindən imzalanmış, İddiaçı1la Cavabdeh1 arasında bağlanmış 11.11.2014-cü il tarixli, AN-İN ******* saylı alqı-satqı müqaviləsi bağlanarkən müqaviləni bağlayan şəxslərin həqiqi iradə ifadəsi heç də mübahisəli fərdi yaşayış evinin Cavabdeh1 satılması olmamışdır. Belə ki, İddiaçı2 Cavabdeh1 faizlə aldığı borc pulun qaytarılmasının təminatı olaraq mübahisəli fərdi yaşayış evini Cavabdeh1 adına keçirmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə (bundan sonra - MPM) əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (77.1.). İddiaçılar hesab edirlər ki, mübahisələndirdikləri əqd əslində ona uyğun hüquqi nəticələr yaratmaq məqsədi olmadan bağlanmışdır. Belə olan halda mübahisəyə Mülki Məcəllənin uydurma əqdlərlə bağlı müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləyə əsasən uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir (340.1.). Belə olan halda İddiaçı1la Cavabdeh1 arasında bağlanmış 11.11.2014-cü il tarixli, AN-İN ******* saylı alqı-satqı müqaviləsinin uydurma əqd olduğunu sübut etmək vəzifəsi iddiaçıların üzərinə düşür. İşin məhkəmə baxışı zamanı tədqiq edilmiş ********* saylı cinayət işinin materiallarında olan ekspert rəyi ilə həqiqiliyi müəyyən edilmiş səs yazıları ilə müəyyən edilir ki, 25.05.2016-cı il tarixində aparılmış həmin danışıq Cavabdeh1, İddiaçı1, S.Qasımov və Seymur adlı şəxs arasında baş vermişdir. Bu yazılardan görünür ki, İddiaçı1 və Sahil Qasımov digərlərindən onlardan faizlə nə qədər pul götürüldüyünü, nə qədər pul qaytarıldığını və nə qədər borc qaldığını yazılı şəkildə onlara təqdim etmələrini xahiş edirlər. Lakin, digər şəxslər isə qeyd edilən halı inkar etməsələr də, yazılı şəkildə belə bir sənədin verilməsindən imtina edirlər. Danışıqda İddiaçı1 “120 min pulun qabağında 10 faiz 12 min vermişəm, eləmi. Mən sayıb hamısın İlqarnan Dəyanətə vermişəm” bildirir. Digər bir yerdə isə o, “Üzbəüz deyəssiz bu qədər faizə pul verilib, bu qədər qaytarılıb” deyir. Digər diktorlar (Cavabdeh1 və Seymur adlı şəxs) isə bununla razılaşaraq İddiaçı2 həyat yoldaşına qeyd edilən məlumatları şəxsən şifahi şəkildə bildirəcəklərini təstiq edirlər. Cavabdeh1 danışığın bir yerində “Sizin razılığınıznan keçirdiy Rafiqin adına da, sizin iştirakınıznan, sizin razılıqnan, düzdü Sahilə xanım? Demədim ki, yox keçirmirəm Rafiqin adına. Siz dabro verdiz. Mən sizsiz də sata bilərdim də oranı” deyə bildirir. Danışıqda İddiaçı1 “Cəmi nə qədər faiz hesablamısan sən, Dəyanət?” deyə soruşduqda Cavabdeh1 “Kağızdadı hamısı, idarədə kağızdadı. Oların hamısına gərəy baxım” deyə cavab verir. Eyni zamanda danışıq zamanı Cavabdeh1 bildirir ki, “Bu xanım həmin pulu məndən alıb, sonra pulu mənə qaytarıb, sonradan müəyyən bir hissə qalıb, özü gəlib deyib ki, gəl bunu filankəsin adına keçir, mülk sənin olub, nə olsun ki, mənim adıma idi, amma sənin olub də, sən deyəndən sonra bunu keçir filankəsin adına mən kiməm ki, nəsə deyə bilərəm?”. Qeyd edilən səs yazılarına əsasən müəyyən edilir ki, İddiaçı1 ilə Cavabdeh1 arasında həqiqətən faizlə borca pul verilməsi məsələsi olmuş, İddiaçı2 həmin borcun qaytarılmasının təminatı olaraq mübahisəli fərdi yaşayış evi ilə bağlı Cavabdeh1la alqısatqı müqaviləsi bağlamış, sonradan isə onun məlumatı daxilində mübahisəli fərdi yaşayış evi Cavabdeh1 tərəfindən Cavabdeh2 satılmışdır. “C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 noyabr 2018-ci il tarixli Qərarındakı hüquqi mövqelərdən biri belə olmuşdur ki, sübutların əldə edilməsi zamanı qanunvericiliyin tələblərinin pozulması aşağıdakı formada baş verə bilər: - sübutların qanunla nəzərdə tutulmayan sübutetmə vasitələri ilə əldə edilməsi; - sübutların əldə edilməsinin prosessual qaydalarının pozulması; -qanunsuz yolla əldə edilmiş məlumatların sübut kimi işə cəlb edilməsi. Sübutların mötəbərliyini təmin etmək üçün onların əldə edilməsi, rəsmiləşdirilməsi və işə əlavə olunması ilə bağlı qanunvericiliyin tələblərinə riayət edilməlidir. Bununla yanaşı, Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, mülki prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Materiallar o zaman sübut kimi qəbul oluna bilər ki, onlar faktları təsdiq edən halları nəzərdə tutsun və yalnız obyektiv təsdiqini tapan həmin hallar əsasında məhkəmə iş üçün əhəmiyyət daşıyan faktiki halları müəyyən etsin. Etiraf hər bir halda prosessual qanunvericiliyə əsasən məhkəmə tərəfindən yoxlanılmalıdır. Aşağıdakı hallar aşkar edilərsə, etirafın sübut kimi qəbul edilməsindən imtina edilməlidir: - faktın etirafı işin həqiqi hallarının gizlədilməsinə yönəldikdə; - faktın etirafı aldatma, zor, hədə təsiri altında baş verdikdə; faktın etirafı yanılma təsiri nəticəsində baş verdikdə. Məhkəmə qeyd edir ki, İddiaçı2 ilə Cavabdeh1 arasında həqiqətən faizlə borca pul verilməsi məsələsinin mövcudluğu iş üzrə tədqiq edilmiş digər sübutlarla da təsdiq edilir. Belə ki, ********* saylı cinayət işinin materiallarında olan ekspert rəyi ilə həqiqiliyi müəyyən edilmiş İddiaçı2, Sahil Qasımov və Cavabdeh2 arasında baş vermiş dialoqun səs yazısında da qeyd edilən hal öz təsdiqini tapır. Belə ki, həmin səs yazısının müxtəlif hissələrində Cavabdeh2 “ Keçək bu biri məsələyə. İndi siz onu deyirsiz olar təmir eliyir, filan eliyir. Mən demişəm təmir eləməsinlər, eləsinnər, yaxşı Qoyaq Dəyanəti. Dəyanətə mən o 4 min, 40 min 41 min 800 manat orda xərc çıxıb”. “Mən gözdəmişəm görüm nətər pulum qayıdır axı. Mən onu gözdəmişəm. Sahil məllim, bir dəyqə xahiş eliyirəm. Mən bağı nə də onu satmaq fikrim olmuyub. Satdıqda lap olub tutalım ki satmamışam ki, iyuna qədər satmamışam ki, mən bunu. Olub satdıqda tutalım 2, 5 ay, 6 ay olub satdıqda. Qalıb da bu bağ da. Mən fikirləşmişəm ki, bir kişi çıxsın ortaya.Çağırım deyim də onu, Dəyanətə deyim də. Dəyanətə 100 dəfə onu deyim. Oturaq bir yerdə 6 kişi deyim ki, mən sənə 40 min min pul vermişəm, 1800 də nəyə, xərcimiz çıxıb. Yapışım yaxasından, pulumu alım, bağın da da verim, evin də çıxsın gedsin”. Qeyd edilən səs yazıları Cavabdeh2 həqiqətən Cavabdeh1 40000 manat pul ödədiyini və bunun müqabilində bağ evinin onun adına rəsmiləşdirildiyini etiraf edir. Bu hal da həqiqətən İddiaçı2 Cavabdeh1 40000 manat borcunun olduğunu, həmin məbləğin Cavabdeh2 tərəfindən ödənildiyini və mübahisəli fərdi yaşayış evinin bunun müqabilində Cavabdeh2 adına keçirildiyini təsdiq edir. Həmçinin, yuxarıda qeyd edilən cinayət işinin istintaqı zamanı ifadəsi alınmış Cavabdeh2 öz ifadəsində bildirmişdir ki, İddiaçı2 2015-ci ilin avqust ayının əvvəllərində Tofiq adlı maklerin vasitəsi ilə tanıyıb. Həmin vaxtı Tofiq deyib ki, Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşinlı küçəsində 3 otaqlı ev var, ucuz evdi, həmin evi satır. Onlar bununla bağlı Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşinü küçəsində yerləşən evinə gedib Sahilə xanımla görüşüblər. Sahilə xanım deyib ki, evi 3 ay müddətinə satır, evi satandan sonra evi artıq qiymətə geri alacaq. Evi səksən min manata, yəni həmin dövrə görə 76.672 ABŞ dollarına Sahilədən alıb. Bundan sonra o, Sahilə ilə telefon əlaqəsi saxlayıb və onun biznesi ilə əlaqədar maraqlanırdı, çünki əmin olmaq istəyirdi, o, vəd etdiyi kimi 3 aydan sonra satdığı evi geri alacaq, yoxsa yox. Alqı-satqıdan 3 ay keçdikdən sonra Sahilə xanımdan bir xəbər çıxmadığı üçün ona dəfələrlə zəng etsə də, Sahilə xanım zənglərinə gah cavab verərək məsciddə olduğunu, danışa bilmədiyini bildirirdi, gah da ki, zənglərə cavab vermirdi. Təxminən 20-25 gün belə keçib. 2015-ci ilin dekabr ayının təxminən 20-də Sahilə xanım onun yanına gəlib deyib ki, təxminən iki il bundan qabaq anamın xəstəliyi ilə əlaqədar Corat bağlar massivində yerləşən bağ evini kiməsə sonradan qaytarmaq şərti ilə satıb, həmin pulu batırıb, hazırda bağ evinin pulunu qaytara bilmədiyi üçün bağ evini alan şəxs onu gözləmir, bağı ucuz qiymətə başqa adama satmaq istəyir, buna görə də maddi vəziyyəti pisdi. İddiaçı2 təklif edib ki, Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşinli küçəsində yerləşən evi hazırda geri ala bilmir, birinci həmin evə görə alqı-satqı olduğu müddətdən evi qaytarana qədər onun üçün hər ay üçün verdiyi pulu 5 faizini hesablayıb verəcək, bundan başqa, bağ evini də iki il bundan qabaq satdığı adamdan pul verib alsın əri Moskva şəhərində tibb ləvazimatları ilə alver edir, yeni il üçün gələcək, o, gəlib həm bu evi, həm də birinci evin pulunu ödəyib onları geri alacaq. O, bununla razılaşıb Sahilədən sonradan adını bildiyi, əvvəllər tanımadığı Dəyanətin mobil telefon nömrəsini alıb və onunla danışaraq Corat bağlar massivində yerləşən bağ evinə gedib. Orada Dəyanətlə görüşüb və bağ evinə baxıb. Dəyanət deyib ki, bağ evini 195.000 manata satır. 2015-ci ilin dekabr ayının 24-də özü ilə 130.000 ABŞ dolları götürüb Sumqayıt Asan xidmət mərkəzinə getmiş və orada Dəyanətlə bağ evini alqı satqı ediblər. Yanvar ayının 10-a kimi gözləyib, lakin Sahilənin hər iki evini almaq üçün heç bir hərəkət etmədiyini görməyib. Buna görə də həmin bağ evini 2016-cı ilin yanvar ayının sonundan müxtəlif saytlarda 240.000 manata satışa çıxarıb. Bu barədə bütün maklerlərə də məlumat verib. Həmin vaxtı evi almaq üçün müxtəlif müştərilər gəlsə də, o həmin evi satmayıb və gözləyib ki, Sahilə kişi cinsindən olan kimisə gətirsin, onunla son söhbəti etsin. İddiaçı2 onu Mahir adlı xalası oğlu ilə görüşdürüb. Mahir danışıq zamanı 15 gün vaxt istəyib və bildirib ki, 15 günə bu əmlakın ikisini də geri alacaq. O, da bir ay vaxt verib. May ayının əvvəlində 1 ay vaxt çatdığı üçün yenə Mahirə zəng edib, təxminən 2-3 gün ərzində Mahir telefonu götürməyib. May ayının 5-nə kimi Mahiri gözləyib. Onun gəlib çıxmadığını görüb 2016-cı ilin may ayının 19-da Əli adlı şəxsə evi 210.000 manata satıb. Səs yazısında danışıqlar onunla Salman Bəhmənov və Sahil Qasımov arasında olan danışıqlardır. O səs yazısında Cavabdeh1 40000 manat ödədiyini ona görə deyib ki, onlar ondan əl çəksinlər. Qeyd edilən hallar, yəni İddiaçı1 ilə Cavabdeh1 arasında faizlə borca pul verilməsi məsələsi, mübahisəli fərdi yaşayış evinin İddiaçı2 razılığı ilə Cavabdeh2 satılması, səs yazılarında Cavabdeh2 Cavabdeh1 40 000 manat pul ödəməsini etiraf etməsi həqiqətən 11.11.2014-cü il tarixli, AN-İN ******* saylı alqı-satqı müqaviləsi bağlanarkən tərəflərin həqiqi iradə ifadəsinin mübahisəli fərdi yaşayış evinin Cavabdeh1 satılması olmaması ilə bağlı məhkəmədə daxili inamın yaranmasına səbəb olur. Cavabdehlərin apellyasiya şikayətində iddiaçılar tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş iddia müddətinin üzürsüz səbəbdən ötürülməsi məsələsidir. Azərbaycan Respublikası Mülki Məcəllədə göstərilmişdir ki, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir (372.1.). Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır (372.2.). Əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər (354.1.). Konstitusiya Məhkəməsi Plenumunun “X.Mirzəliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına qanunlarına uygunlugunun yoxlanmasına dair» 17 sentyabr 2021-ci il tarixli Qararında qeyd edilir ki, əhəmiyyətsiz əqd arzuolunan hüquqi nəticəyə səbəb olmadıgından predmetini fərdi müəyyən əşya təşkil etdiyi halda, həmin əşyanın geri qaytarılması ilə bağlı irəli sürüləcək iddia hər hansı müddətə məhdudlaşmır. Belə ki, fərdi müəyyən əşya hüquqi əsas olmadan qarşı tərəfin sahibliyinə keçdiyinə görə, qarşı tərəf həmin əşya üzərində mülkiyyət və s.əşya hüquqları əldə etmir. Ona görə də mülkiyyətçi özünün mülkiyyət hüququna istinad edərək qanunsuz sahib olan müqavilənin qarşı tərəfindən müddətsiz olaraq öz əşyasını Mülki Məcəlləsinin 157.2 və 157.5-ci maddələrinə əsaslanmaqla istəyə bilər. Əhəmiyyətsiz əqd əsassız varlanmaya səbəb oldugu, yəni müqavilənin predmetini əvəzedilən əşyalar təşkil etdiyi halda isə Mülki Məcəlləsinin 354.1-ci maddəsinə uygun olaraq qarşı tərəfin əhəmiyyətsiz əqd əsasında əldə etdiklərinin geri qaytarılması, bu mümkün olmadıqda onların dəyərinin ödənilməsi ilə bağlı tələb hüququ bir il ərzində irəli sürülə bilər. Azərbaycan Respublikası MM-nin 377.1-ci maddəsinin tələbində göstərilir ki, iddia müddətinin axımı şəxsin öz hüququnun pozuldugunu bildiyi və bilməli oldugu gündən başlanır. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və bilməli olduğu gündən başlanır. İş materialları ilə təsdiq olunur ki, iddiaçı hüququnun pozulduğunu istintaq orqanı Bakı Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin baş müstəntiqi H.A.Həbiblinin cinayət işinin icraatına xitam verilməsi barədə olan 20 may 2020-ci il tarixli qərarından məhkəmə nəzarəti qaydasında verilmiş şikayətə baxılaraq nəticəsinin elan olunduğu və bu nəticənin qüvvəyə mindiyi vaxt bilmişdir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, iş üzrə iddia müddətinin ötürülməsi halı yoxdur və işin hallarına iddia müddətinin tətbiqi mümkün deyildir. Bu barədə birinci instansiya məhkəməsi düzgün mövqe sərgiləmişdir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 3 iyun tarixli Qərarında göstərilmişdir ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Azərbaycan Respubikası Mülki Məcəllənin 384-cü maddəsində iddia müddətinin şamil edilmədiyi tələblərin siyahısı öz əksini tapmışdır. Belə 384.0.4-cü maddəyə əsasən mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələblərinə iddia müddəti şamil edilmir. Hazırkı iddia tələbi mülkiyyəçinin, yəni İddiaçı1 mülkiyyətində olan əmlakın onun iradəsinə zidd olaraq mülkiyyətindən çıxması, bununla da onun mülkiyyət hüquqlarının pozulması nəticəsində mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı olduğundan məhkəmə hesab edir ki, hazırkı tələbə iddia müddəti şamil edilə bilməz. Hətta tələbə iddia müddəti şamil edilməli olsa belə, qeyd edilməlidir ki, mübahisəli fərdi yaşayış evi Cavabdeh2 tərəfindən Cavabdeh1 satıldıqdan sonra İddiaçı1 bununla bağlı hüquq-mühafizə orqanlarına müraciət etmişdir. Onun müraciəti nəticəsində cinayət işi başlanmış və uzun sürən istintaq prosesindən sonra 2020-ci ildə cinayət işi üzrə icraata xitam verilmişdir. Yalnız bundan sonra iddiaçılar öz hüquqlarının pozulduğunu başa düşmüş və mülki iddia ilə məhkəməyə müraciət etmişlər. Belə ki, Mülki Məcəlləyə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir (377.1.). Apellyasiya şikayətində Cavabdeh3 vicdanlı alıcı olması ilə bağlı dəlilə gəldikdə isə aşağıdakılar qeyd edilməlidir. Mülki Məcəllədə göstərilmişdir ki, əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır (182.1.). Daşınar əşyanın mülkiyyətçisi bu əşyanı itirmişsə, əşya ondan oğurlanmışsa və ya iradəsinin ziddinə olaraq başqa şəkildə onun sahibliyindən çıxmışsa, yaxud əldə edən onu əvəzsiz almışsa, həmin əşyanı əldə edən vicdanlı ola bilməz. Bu məhdudiyyətlər auksionda özgəninkiləşdirilmiş pula, sənədli qiymətli kağızlara və əşyalara tətbiq olunmur (182.2.). Qeyd edilən normaların məzmunundan göründüyü kimi əşyanı əldə edən iki halda vicdanlı əldə edən sayılmır: 1. Əşyanı əldə edən onu özgəninkiləşdirənin əşyanın mülkiyyəçisi olmadığını bildiyi halda əşyanı qəbul edirsə. 2. Əşyanın mülkiyyətçisi bu əşyanı itirmişsə, əşya ondan oğurlanmışsa və ya iradəsinin ziddinə olaraq başqa şəkildə onun sahibliyindən çıxmışsa, yaxud əldə edən onu əvəzsiz almışsa. Cavabdeh3 nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında Cavabdeh3 evi alarkən evlə bağlı hansısa problemin olduğunu təxmini bilmiş, lakin hüquqi cəhətdən savadlı adamlarla məsləhət etdikdə ona hər hansı problemin olmayacağı bildirilmişdir. Buradan görünür ki, Cavabdeh3 həmin evlə bağlı hər hansı mübahisənin olduğunu bilmişdir. Hətta o bu barədə məlumalı olmuş olmasaydı belə, mübahisəli fərdi yaşayış evi İddiaçı1 mülkiyyətindən onun iradəsi ziddinə çıxmış, İddiaçı2 ilə Cavabdeh1 arasında həmin evə dair alqı-satqı müqaviləsi bağlanarkən tərəflərin həqiqi iradə ifadəsi evin satılması olmamışdır. Bu səbəbdən Cavabdeh3 vicdanlı əldə edən hesab edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəllənin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin tələbinə əsasən, yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Məhkəmə iclası və həmçinin iş materialları ilə görünür ki, tərəflər arasında mübahisəli bağ evinin alqı-satqısına dair heç bir danışıq, müzakirə və razılaşma olmamış, müqavilə alqı-satqı niyyəti ilə bağlanmamış, müqavilə subyektlərin həqiqi iradə ifadəsini əks etdirməmiş, müqavilə sırf sələmə verilən pulun təminat altına alınmasına yönəlmiş, bağ evinin alqı-satqısı zamanı Cavabdeh2 tərəfindən nə İddiaçı2, nədə Cavabdeh1 pul ödənilməmişdir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə kollegiyası cavabdehlərin apellyasiya şikayətində göstərilən digər dəlilləri də araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan və işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ: Cavabdeh3 nümayəndəsi və vəkili Nümayəndə2 və Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə1 apellyasiya şikayətləri təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin iş üzrə 26 may 2021-ci il tarixli 2(060)-2559/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar