Məhkəmə qərarları › İş №2(105)-2820/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2820/2020

22.10.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2820/2020 22.10.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1 iştirakı ilə açıq məhkəmə iclasında Şabran Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-22/2004 saylı qərardadından İddiaçı Qədimalı qızının şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Şabran Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-22/2004 saylı qərardadı ilə (sədrlik edən, hakim Çingiz İsgəndərov) İddiaçı Qədimalı qızının Dəvəçi Rayon Məhkəməsinin 2-22/2004 saylı, xx xxxxxx 2004-cü il tarixli qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə ərizəsinin əsassız olduğundan təmin edilməməsi qərara alınmış, İddiaçı Qədimalı qızı qərardaddan şikayət vermişdir. İŞİN HALLARİ: İş materiallarından görünür ki, İddiaçı Qədimalı qızı iddia ilə məhkəməyə müraciət edərək cavabdehlə birgə nikah dövründə tikilmiş evin bölünməsi və mülkiyyətinə verilməsi, pay torpağının bölünməsi və iki uşağının saxlanılması üçün aliment ayrılması barədə qətnamə çıxarılmasını xahiş etmiş, Dəvəçi Rayon Məhkəməsinin xx xxxxxx 2004-cü il tarixli, 2-22/2004 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. İddiaçı Qədimalı qızı ərizə ilə məhkəməyə müraciət edərək Dəvəçi Rayon Məhkəməsinin xx xxxxxx 2004-cü il tarixli, 2-22/2004 saylı qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa olunması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Şabran Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-22/2004 saylı qərardadı ilə İddiaçı Qədimalı qızının Dəvəçi Rayon Məhkəməsinin xx xxxxxx 2004-cü il tarixli, 2-22/2004 saylı qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi barədə ərizəsi əsassız olduğundan təmin edilməmiş, İddiaçı Qədimalı qızı qərardaddan şikayət vermişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(105)- 1629/2020 saylı qərardadı ilə İddiaçı Qədimalı qızının şikayəti qismən təmin edilmiş, Şabran Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli və onunla bağlı xx xxxxxx 2020-ci il tarixli qərardadları ləğv edilmiş, müddətin bərpasına dair ərizəyə tərəfin iştirakı təmin edilməklə icraat qaydalarına uyğun yenidən baxılması üçün mülki işin Şabran Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Şabran Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-22/2004 saylı qərardadı ilə İddiaçı Qədimalı qızının Dəvəçi Rayon Məhkəməsinin xx xxxxxx 2004-cü il tarixli, 2-22/2004 saylı qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə ərizəsinin əsassız olduğundan təmin edilməməsi qərara alınmışdır. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ: İddiaçı Qədimalı qızı qərardaddan şikayətini onunla əsaslandırmışdır ki, qərardadla razı deyildir. Belə ki, qətnamə aliment və pay torpağı sahələrinin bölüməsi hissələrində icra olunmuşdur. Lakin Dəvəçi rayonu, Gəndab kəndində tikilmiş bir mərtəbəli, iki otaqlı, bir mətbəx və bir eyvandan ibarət olan evdən ona düşən hissəyə görə aralarında olan razılaşmaya əsasən Cavabdeh 1.250.000 manat alınıb ona verilməsi hissəsi cavabdehin qəfil ölümü nəticəsində tamamilə icra olunmamışdır. Bundan sonra da icra olunması mümkün deyildir. Çünki cavabdehlə o, pul ödənilməsi barədə yox, ona Gəndab kəndində yaşayış evinin alınması barədə razılığa gəlmişdilər. Cavabdeh ona yalan vədlər verərək vaxtı uzatmışdı. Cavabdeh xx.xx.2010-cu il tarixdə kəskin ürək çatışmazlığından qəfil dünyasını dəyişmişdir. Cavabdehin qəfildən vəfat etməsi ona fərdi mənzil alınması işini həyata keçirməkdə çətinlik yaratmışdı. Çünki cavabdeh evdən və həyətyanı torpaq sahəsindən ona düşən payın əvəzinə, fərdi mənzil alıb verəcəyi barədə öz üzərinə öhdəlik götürmüşdür. 2004-2010-cu illərdə Gəndab kəndində 1.250.000 manata fərdi mənzil almaq mümkün idisə, indi bu qiymətə yəni, 250 manata ev almaq qeyri mümkündür. Bu günə kimi o, atasının evində yaşayır. O, Şabran rayon İcra və probasiya şöbəsinə müraciət edib Dəvəçi Rayon Məhkəməsinin xx xxxxxx 2004-cü il tarixli qətnaməsinin və xx xxxx 2004-cü il tarixli icra vərəqəsinin icra olunması ilə əlaqədar icra işinin içərisində olan bütün sənədlərin surətlərini almış, sonra həmin sənədləri əlavə etməklə, apellyasiya şikayəti və prosessual müddətin bərpa edilməsi barədə ərizə ilə müraciət edərək apellyasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin üzürlü hesab edilərək bərpa edilməsini, Dəvəçi Rayon Məhkəməsinin xx xxxxxx 2004-cü il tarixli, 2-22/2004 saylı qətnaməsini Dəvəçi rayonu Gəndab kəndində tikilmiş bir mərtəbəli, iki otaqlı, bir mətbəx və bir eyvandan ibarət olan evdən ona düşən hissəyə görə aralarında olan razılaşmaya əsasən Cavabdeh 1.250.000 manatın alınıb ona verilməsi hissəsində ləğv edilməsini və iddia tələbinin bu hissədə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 37.2-ci maddəsinə əsasən təmin edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb onun Dəvəçi Rayon Məhkəməsinin xx xxxxxx 2004-cü il tarixli, 2-22/2004 saylı qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi barədə ərizəsinin təmin edilməməsi barədə qərardad çıxarmışdır. İddiaçı Qədimalı qızı şikayətində iş üzrə məhkəmə qərardadının ləğv edilməsi, onun tərəfindən Dəvəçi Rayon Məhkəməsinin xx xxxxxx 2004-cü il tarixli, 2-22/2004 saylı qətnaməsindən buraxılmış apellyasiya şikayətinin verilməsi müddətinin bərpa olunması barədə qərardad çıxarılmasını xahiş etmişdir. İddiaçı Qədimalı qızı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlmədiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən şikayət qismən təmin edilməli, iş üzrə məhkəmə qərardadı ləğv edilməli, İddiaçı Qədimalı qızının Dəvəçi Rayon Məhkəməsinin xx xxxxxx 2004-cü il tarixli, 2-22/2004 saylı qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə ərizəsinə yenidən baxılması üçün iş Şabran Rayon Məhkəməsinə qaytarılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Göründüyü kimi, qanunverici qətnamədən şikayət verilməsi ilə bağlı 1 aylıq müddətin axımını, qətnamənin surətinin işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi günlə əlaqələndirmişdir. “Q.Hüseynovun şikayəti üzrə məhkəməyə müraciət hüququnun pozulmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, qanunvericilik prosessual müddətin buraxılması dedikdə, qanunla müəyyən edilmiş müddətin buraxılmasını nəzərdə tutur. MPM-də müddətin axımının qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla, qətnamənin (qərardadın) çıxarıldığı tarixdən deyil, onun təqdim olunduğu (alındığı) andan hesablanmasına dair birbaşa göstəriş nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası MPM-nin 128-ci maddəsinə əsasən prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. Prosessual hərəkətlərin edilməsi üçün müddətlər, hökmən baş verməli hadisə göstərilməklə dəqiq təqvim tarixi ilə və ya hərəkətin edilə biləcəyi vaxt dövrü ilə müəyyən edilir. İllərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır. İş materiallarından görünür ki, İddiaçı Qədimalı qızının Dəvəçi Rayon Məhkəməsinin xx xxxxxx 2004-cü il tarixli, 2-22/2004 saylı qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə ərizəsi xx.xx.2019-cu il tarixdə Şabran Rayon Məhkəməsinə daxil olmuşdur. Azərbaycan Respublikası MPM-nin 133.1-ci maddəsinə görə məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. “Könül Namidar qızı Qəribovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx xxxxxx 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxx 2008-ci il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu qeyd etmişdir ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizəsindən asılıdır. Bu mənada üzürlülük, göstərilən meyarların sərhəddində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. Məhkəmə kollegiyası qeyd edir ki, müddətin bərpası hər bir halda fərdi xarakter daşıyır, yəni məhkəmə prosessual müddəti konkret şəxs üçün, özü də prosessual hərəkəti edilməsi üçün bərpa edir. Müddətin bərpasının fərdi xarakter daşıması həm də onunla əlaqədardır ki, məhkəmə müvafiq prosessual müddəti yalnız üzürlü səbəbdən buraxmış şəxs üçün bərpa edə bilər. Ona görə də buraxılmış müddətin bərpası haqqında ərizədə onun buraxılmasının əsasları, həmçinin ərizəçinin həmin müddətdə müvafiq prosessual hərəkətləri etmək imkanının olmaması haqqında sübutlar göstərilməlidir. Azərbaycan Respublikası MPM-nin 133-cü maddəsində qeyd olunan üzürlü səbəblər dedikdə, müvafiq prosessual hərəkətin vaxtında edilməsini qeyri-mümkün edən və ya bunu çətinləşdirən səbəblər başa düşülməlidir. Üzürlü səbəblər sırasına, məsələn, şəxsin xəstəliyi, ailənin xəstə üzvünə qulluq etmənin zəruriliyi, xidməti ezamiyyətdə olma, ailə üzvlərindən hər hansı birinin ölməsi və s. aid edilə bilər. İş materillarından görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 8(105)-222/2020 saylı qərardadı ilə İddiaçı Qədimalı qızının şikayəti qismən təmin edilmiş, Şabran Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli və onunla bağlı xx xxxxxx 2019-cu il tarixli qərardadları ləğv edilmiş, müddətin bərpasına dair ərizəyə tərəfin iştirakı təmin edilməklə icaat qaydalarına uyğun yenidən baxılması üçün mülki işin Şabran Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. X2 Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(105)-1629/2020 saylı qərardadı ilə İddiaçı Qədimalı qızının şikayəti qismən təmin edilmiş, Şabran Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli və onunla bağlı xx xxxxxx 2020-ci il tarixli qərardadları ləğv edilmiş, müddətin bərpasına dair ərizəyə tərəfin iştirakı təmin edilməklə icraat qaydalarına uyğun yenidən baxılması üçün mülki iş Şabran Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qeyd edilən qərardadlarından görünür ki, Şabran Rayon Məhkəməsinin qərardadları ləğv edilərkən İddiaçı Qədimalı qızının Dəvəçi Rayon Məhkəməsinin xx xxxxxx 2004-cü il tarixli, 2-22/2004 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi müddətinin bərpasına dair ərizəyə mülki işlə birlikdə baxılmalı olduğunun nəzərə alınmamasına, icraatın baxılması qaydalarınını pozulmasına istinad etmişdir. Lakin ərizəyə yenidən baxan birinci instansiya məhkəməsi Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının əvvəlki qərardadlarında göstərilənləri nəzərə almamış, həmin ərizəyə mülki işlə birlikdə baxılmasını təmin etməmiş, nəticədə düzgün olmayan məhkəmə aktı qəbul etmişdir. Azərbaycan Respublikası MPM-nin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin, şikayətə baxıb qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib, işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Beləliklə, məhkəmə kollegiyası sadalanan halları, şikayətdə göstərilən dəlilləri araşdırıb hesab edir ki, şikayət qismən təmin edilməli, iş üzrə məhkəmə qərardadı ləğv edilməli, İddiaçı Qədimalı qızının Dəvəçi Rayon Məhkəməsinin xx xxxxxx 2004-cü il tarixli, 2-22/2004 saylı qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə ərizəsinə yenidən baxılması üçün iş Şabran Rayon Məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 399-cu maddəsinə əsasən birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 133, 263-264, 397 və 398-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçı Qədimalı qızının şikayəti qismən təmin edilsin. İş üzrə Şabran Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-22/2004 saylı qərardadı ləğv edilsin. İddiaçı Qədimalı qızının Dəvəçi Rayon Məhkəməsinin xx xxxxxx 2004-cü il tarixli, 2-22/2004 saylı qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə ərizəsinə yenidən baxılması üçün iş Şabran Rayon Məhkəməsinə qaytarılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir, qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Telman Məmmədov Hakimlər: Şəmsəddin Abasov Səyyad Qafari

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar