Məhkəmə qərarları › İş №2(105)-2844/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2844/2020

23.10.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2844/2020 23.10.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Qasımova Vüsalə Yadigar qızının katibliyi ilə, İddiaçı1 və İddiaçı2 DƏDRX-nin 5 saylı X3 və Cavabdeh2 qarşı dövlət aktının və reyestrdən çıxarışın ləğv olunması tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 2(067)-1776/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadından iddiaçılar tərəfindən verilmiş şikayətə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı1 və X2 DƏDRX-nin 5 saylı X3 və Cavabdeh2 qarşı iddia ilə məhkəməyə müraciət edərək, X1 adına verilmiş JN-0062 saylı, 30310018 kodlu dövlət aktının və onun əsasında Cavabdeh2 adına verilmiş RX ******* saylı reyestrdən çıxarışın ləğv olunması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Xaçmaz Rayon Məhkəməsinin 2(067)-1776/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə onların verdikləri iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilmiş, iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçılara geri qaytarılmışdır. (hakim A.Sadıqov) Qərardaddan narazı qalan iddiaçılar İddiaçı1 və X2 şikayət verərək qərardadın ləğv edilməsini, iddia ərizəsinə aidiyyəti üzrə baxılması üçün həmin məhkəməyə qaytarılması barədə qərar çıxarılmasını xahiş etmişdir. Xaçmaz Rayon Məhkəməsinin 2(067)-1776/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək mülki iş ilə birlikdə baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilmişdir. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ : İddiaçılar şikayət ərizəsini onunla əsaslandırmışlarki,məhkəmənin qərardadı əsassızdır. Belə ki, ““Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun xx xxx 2014-cü il tarixli Qərarın nəticəsi hissəsinə görə əmlak hüquqları ilə bağlı mübahisələrdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən daşınmaz əmlakın dövlət reyestrindən çıxarış “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə müvafiq olaraq daşınmaz əmlaka hüquqların təsdiq edilməsi barədə hüquqi akt hesab edildiyindən, həmin işlərə mülki məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış ilə bağlı inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılır. Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarının tələblərini və hazırkı iddia ərizəsinin mübahisəli torpağa dair verilmiş dövlət aktların və reyestr çıxarışının, yəni daşınmaz əmlaka olan hüquqların təsdiq edilməsi barədə hüquqi aktların ləğv edilməsindən ibarət olduğunu nəzərə alaraq hazırkı məhkəmə işinə də məhz mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. İddia ərizəinin məzmunundan görünür ki, onların əsas tələbi inzibati orqan tərəfindən verilən daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ilə bağlı inzibati orqanın hərəkət və ya hərəkətsizliyi ilə bağlı deyil, torpağa dair saxta dövlət aktına əsasən verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi ilə bağlıdır kı, bu hal da hazırkı məhkəmə mübahisəsinə yalnız mülki məhkəmə icraatı qaydasında baxılmalı olduğuna dəlalət edir.Bundan başqa, əvvəllər onlar tərəfindən cavabdehlərə qarsı çıxarışın ləğv edilməsi tələbi ilə bağlı iddia qaldırılmış və həm inzibati, həm də müvafiq rayon məhkəməsi tərəfindən həmin iddianın orada baxılmasının qeyri mümkün olduğu qənaətinə gəlsələr də, sonda Sumqayıt Apellyasiya Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2(105)-2583/2019 saylı qərardadı ilə sözügedən iddia tələbinə mülki məhkəmə icraatı qaydasında Xaçmaz Rayon Məhkəməsində baxılmalı olduğu qərara alınmışdır. Göstərilənlərə əsasən qərardad ləğv edilməli, iddia ərizəsi aidiyyəti üzrə baxılması üçün həmin məhkəməyə qaytarılması barədə qərar çıxarılmalıdır. Apelyasiya baxışı zamanı tərəflər məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, şikayətin dəlillərinə qiymət verərək belə hesab edir ki, şikayət təmin edilməməli, Xaçmaz Rayon Məhkəməsinin 2(067)- 1776/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İddia ərizəsinin məzmunundan görünür ki, İddiaçı1 və X2 ona görə Cavabdeh2 adına verilmiş RX ******* saylı reyestrdən çıxarışın ləğv edilməsini tələb edirlər ki, bu çıxarışın verilməsinə əsas olmuş JN-0062 saylı, 30310018 kodlu dövlət aktı saxtadır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair xx xxx 2014-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ilə bağlı inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılır. İşdən görünür ki, iddiaçıların iddia tələbinin faktiki əsasları (reyestrdən çıxarışın ləğv edilməsi) müvafiq inzibati orqanın qanunsuz qərar və ya hərəkətləri (hərəkətsizliyi) ilə bağlıdır, bu kateqoriyadan olan mübahisələr isə mülki mühakimə icraatı qaydasında deyil, inzibati icraat qaydasında araşdırılır. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli və ona əlavə dəyişikliklər edilməsi haqqında xx.xx.2020-ci il tarixli qərarına əsasən reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianını faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati icraat qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər. Daha öncə qeyd edildiyi kimi, hazırkı tələbin əsasını JN-0062 saylı, 30310018 kodlu dövlət aktının və onun əsasında Cavabdeh2 adına verilmiş RX ******* saylı reyestrdən çıxarışın ləğv olunması təşkil edir. Ona görə də istinad olunan Plenum qərarına əsasən ilk növbədə JN-0062 saylı, 30310018 kodlu dövlət aktı inzibati qaydada mübahisələndirilməli, uğurlu nəticə əldə edildiyi təqdirdə qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər. İşdən göründüyü kimi hazırki halda bu qaydaya əməl edilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddia ərizəsini qəbul etməkdən imtina edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırki iddia ərizəsi məhkəmə aidiyyatı üzrə Xaçmaz Rayon Məhkəməsində baxılmalı olmadığından ərizənin icraata qəbul edilməsindən imtina edilməsi və ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılması barədə birinci instansiya məhkəməsi qanuni qərardad qəbul etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini formal mülahizələr kimi qəbul edərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qanuni və əsaslı qərardadının ləğvi üçün əsas sayıla bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qəradadı prosessual hüquq normalarının tələblərinə uyğundur və onun ləğvi üçün heç bir əsas yoxdur. Azərbaycan Respublikası MPM-nin 398.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 395-396, 398, 400 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA A L D İ: Şikayət təmin edilməsin. Xaçmaz Rayon Məhkəməsinin 2(067)-1776/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan 10 gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardaddan kassasiya şikayəti verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qüvvəyə minir. Sədrlik edən: Şəmsəddin Abasov Hakimlər: Səyyad Qafari Telman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar