Məhkəmə qərarları › İş №2(105)-2864/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2864/2021

20.10.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2864/2021 20.10.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, İddiaçı iştirakı ilə, Şabran Rayon Məhkəməsinin 10 iyun 2021-ci il tarixli, 2(031)-437/2021 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Şabran Rayon Məhkəməsinin 10 iyun 2021-ci il tarixli, 2(031)-437/2021 saylı qətnaməsi ilə (hakim Ç.Ə.İsgəndərov) İddiaçı Cavabdeh qarşı maddi və mənəvi ziyan tələbinə dair iddia ərizəsi təmin edilməmişdir. İddiaçı apellyasiya şikayəti verib, Şabran Rayon Məhkəməsinin 10 iyun 2021-ci il tarixli, 2(031)-437/2021 saylı qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh Gülbala oğlundan ona vurduğu maddi zərərə görə 11.000 (on bir min) manat, mənəvi zərərə görə 5000 (beş min) manat məbləğində pul vəsaiti, ödədiyi 30 (otuz) manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılması, Azərbaycan Respublikası MPM-nin 265.4-cü maddəsinə əsasən Cavabdeh Gülbala oğlunun hərəkətlərində cinayət əlamətlərini aşkara çıxararaq bu barədə xüsusi qərardad çıxarmaqla Prokurorluğa xəbər verilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2007-ci ildən onun Şabran rayonunun Sincanboyad kəndində yerləşən 1 ha torpaq sahəsini Cavabdeh Gülbala oğlu 2017-ci ilə qədər heyvanların otarılması üçün örüş yeri və eyni zamanda ot çalınıb tədarük edilməsi üçün istifadə etmişdir. Qarşılıqlı razılaşmaya əsasən Cavabdeh Gülbala oğlu torpağından istifadə etməyinin əvəzində onun və ailə üzvlərinin kənd üzrə torpaq və əmlak vergiləriniildə cəmi 20-30 manat Dəvəçi Bələdiyyəsinin hesabına köçürməli idi. Lakin, aralarındakı razılaşmaya baxmayaraq Dəvəçi Bələdiyyəsindən ona bildiriş göndərilməklə onun və ailə üzvlərinin adına 281.81 (iki yüz səksən bir manat, səksən bir qəpik) manat borc gəlmişdir. Cavabdeh Gülbala oğlu ilə aralarında razılaşma olmasaydı o, 1 ha torpaq sahəsindən ildə 250-300 paçka ot əldə edərdi və həmin ot paçkasının hər birinin qiymətini ən aşağı 2 manatdan hesablasaq bu ildə 500-600 manat qazanc deməkdir. Bu hesabla cavabdeh ona 1 ha torpaq sahəsindən istifadə etdiyi müddət ərzində 6000 (altı min) manat maddi ziyan vurmuşdur. O, 1998-ci ildə özünə 5000 (beş min) manat dəyərində 4x6 ölçüsündə dəmir qaraj almışdır. Son vaxtlar həmin dəmir qarajı gözətçi və torpaq sahəsində işləyən fəhlələrin istifadə etməsi üçün özünə məxsus torpaq sahəsinin ərazisində qoymuşdur. Lakin, cavabdeh hansısa tədbirlə əlaqədar heç bir aidiyyatı olmadığı halda onun mülkiyyətində olan həmin qarajı 50-60 metr sürüklədərək onun mağazasının divarının yanına qoymuş, üstəlik bunu edərkən onunla məsləhətləşməmiş, ona məlumat verməmişdir. Cavabdehin ona məxsus əmlakı-qarajı sürükləməsi nəticəsində qarajın dəmir qapıları qoparaq yerə düşüb və oğurlanıb, qarajın alt hissəsinə bərkidilmiş şvellerlər qopub, qarajın yan və dam hissəsinə bərkidilmiş dəmir lövhələri tam deformasiyaya uğrayıb və qaraj tam yararsız vəziyyətə düşübdür. Göründüyü kimi cavabdeh tərəfindən ona əlavə olaraq 5000 (beş min) manat maddi ziyan vurulmuşdur. Cavabdeh Gülbala oğlu onun əmlak və mülkiyyət hüquqlarını kobud şəkildə pozaraq vurduğu 11000 (on bir min) manat maddi ziyanın onun tərəfindən ödənilməsini və aralarında razllaşma əldə edilməsi üçün öz təklifini ona etmiş, lakin, cavabdeh könüllü şəkildə ona vurduğu maddi ziyanı ödəməkdən müxtəlif bəhanələrlə bundan imtina edir. Həmçinin Cavabdeh Gülbala oğlunun sadalanan qanunsuz hərəkətləri nəticəsində əsəb gərginliyi, stress keçirtdiyinə görə 2019 cu ilin yanvar ayının 29-da beyin insultu (paralic) keçirmişdir. Nəticədə ona 5000 (beş min) manat mənəvi ziyan dəymişdir. Bundan əlavə Cavabdeh Gülbala oğlu 20052006-cı ildən Şabran rayonunun Sincanboyad kənd bələdiyyəsinə, 2009-2010-cu ildən isə 5-6 kəndi birləşdirən Dəvəçi Bələdiyyəsinə rəhbərlik edir. 2009-cu ildə Meliorasiya və Su Təsərrüfatı ASC-nin Vəlvələçay-Taxtakörpü kanalı layihəsinin həyata keçirilməsi baş tutarkən bələdiyyələrin balansındakı torpaq sahəsindən keçən layihə üzrə Aygünlü bələdiyyəsinə 170678 (yüz yetmiş min altı yüz yetmiş səkkiz) manat, Pirəmsən bələdiyyəsinə 86912 (səksən altı min doqquz yüz on iki) manat, Əmirxanlı bələdiyyəsinə 74925 (yetmiş dörd min doqquz yüz iyirmi beş) manat və təxminən digər 9-10 bələdiyyələrin hesabına pul köçürmüşlər. Bələdiyyələr arasında layihə altına düşən torpaq sahəsinə malik Cavabdeh sədr olduğu Dəvəçi bələdiyyəsinə isə 18852 manat pul köçürüldüyü qeyd olunur. Hansı ki, eşitdiyinə görə həmin bələdiyyənin büdcəsinə 300000 (üç yüz min) manatdan çox vəsait köçürülmüş və Cavabdeh həmin vəsaiti öz malı kimi mənimsəmişdir. Onun şikayəti əsasında aldığı cavablardan məlum olur ki, elə həmin 2010-cu ildə layihə əsasında köçürülmüş vəsaitin silinmə sənədləri tələsik olaraq üstü açılmasın deyə X2 verilərək yandırılmışdır, hansı ki, həmin sənədlər arxivdə illərlə saxlanılmalıdır. 2015-2016-cı illərdə Cavabdeh Sincanboyad kəndində əhalinin mal-qarasmın otlaq-örüş sahəsində 60-70 hektar sahəni zəbt edərək orada təxminən 6-7 hektar sahədə özünə iri heyvandarlıq kompleksi tikmiş, 5-6 il istifadə edəndən sonra kənar bir vətəndaşa 300000 (üç yüz min) manata satmışdır. Cavabdeh Gülbala oğlu həmin illərdə Meşə Təsərrüfatı nazirliyinin balansında olan və 20-30 illik 100- 150 ədəd şam ağacını kəsərək, dərənin qabağını boğaraq özü üçün balıqartırma gölü yaratmışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN İZAHAT İ: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Şabran Rayon Məhkəməsi 10 iyun 2021-ci il tarixli qətnaməni qəbul edərkən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilib, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini müdafiə edib, təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada Cavabdeh məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən iddiaçının izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallatında olan Azərbaycan Respubliksının Baş Prokurorluğu tərəfindən İddiaçı ünvanlanmış 30 sentyabr 2020-ci il tarixli məktubdan görünür ki, müraciəti mülki xarakterli olduğundan aiddiyyəti üzrə məhkəməyə müraciət edilməsi məsləhət görülmüşdür. Sumqayıt İnzibati Məhkəməsinin 27 oktyabr 2020-ci il tarixli, 2-1(118)-1285/2020 saylı qərardadına əsasən İddiaçı cavabdeh Şabran rayon Dəvəçi bələdiyyəsinə qarşı vurulmuş ziyanın ödənilməsi vəzifəsini cavadehin üzərinə qoyulması tələbinə dair iddiası mümkün sayılmamışdır. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 mart 2021-ci il tarixli, 2- 1(105)-189/2021 saylı qərardadına əsasən İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati Məhkəməsinin 27 oktyabr 2020-ci il tarixli, 2-1(118)1285/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikasının Auditorlar Palatası tərəfindən verilmiş müstəqil auditor rəylərindən görünür ki, Dəvəçi Bələdiyyəsinin fəaliyyəti və maliyyə vəziyyəti Milli Mühasibat Uçotu Standartlarına uyğundur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsində göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərəin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Məcəllənin 21.2-ci maddəsində müəyyən edilir ki, zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və çəkməli olduğu xərclər, əmlakından məhrum olunması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Beləliklə, bu maddədə nəzərdə tutulmuş zərər real zərər və əldən çıxmış faydadan ibarətdir. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinin tələblərinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli qərarında qeyd edilmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Mülki Məcəllənin 21.1-ci maddəsində göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Məcəllənin 21.2-ci maddəsində müəyyən edilir ki, zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Beləliklə bu maddədə nəzərdə tutulmuş zərər real zərər və əldən çıxmış faydadan ibarətdir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarının 4-cü bəndində təsbit edilmişdir ki, şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər və zərər vuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Həmin qərarın 2-ci bəndində göstərilir ki, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə, onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarının və ya iş yerinin itirilməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi ailə və tibbi sirlərin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü biruzə verə bilər. Yuxarıdakı normaların tələblərindən də görünür ki, hər bir şəxs əmlakının kənar təsirlərdən qorunması hüququna malikdir və onun əmlakına dəyən zərərin əvəzini zərərvurandan tələb edə bilər. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası işin hallarına və tərəflərin qarşılqlı münasibətlərinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, məhkəmənin qətnaməsi qanuni və əsaslıdır. İddiaçı apellyasiya şikayətinin dəlillərini təsdiq edən başqa bir sübut təqdim edə bilməmiş və həmin halları sübuta yetirə bilməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olub, başqa sübutlarla öz təsdiqini tapmayıb, toplanmış sübutlarla təkzib olunmuşdur. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsi apellyasiya qaydasında dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanması üçün əsasdır. Ona görə də, apellyasiya şikayəti təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392-393, 402, 403 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı verdiyi apellyasiya şikayəti təmin edilməsin. Şabran Rayon Məhkəməsinin 10 iyun 2021-ci il tarixli, 2(031)-437/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar