Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2874/2021 11.10.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X7 Tağızadənin sədrliyi və məruzəsi, X3 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Rəsul Yasər oğlu Məmmədovun katibliyi, İddiaçılar: İddiaçı1 və İddiaçı2, Cavabdeh: Cavabdeh iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 oğlu Məmmədəli oğlu və İddiaçı3 Cavabdeh qarşı maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Şabran Rayon Məhkəməsinin 25 may 2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Şabran Rayon Məhkəməsinin 25 may 2021-ci il tarixli qətnaməsi ilə (hakim Ç.Ə.İsgəndərov) iddianın qismən təmin edilməsi, Cavabdeh 442 (dörd yüz qırx iki) manat məbləğində maddi ziyan, 300 (üç yüz) manat hüquqi xidmətlərə görə ödənilmiş vəsait və 30 manat dövlət rüsumunun alınaraq, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 verilməsi, iddianın qalan hissəsinin əsassız olduğundan təmin edilməməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı1, İddiaçı2 və İddiaçı3 məhkəmədə Cavabdeh qarşı iddia qaldıraraq, Cavabdeh alınaraq, cavabdehin qəsdən təkrarlanan qanunsuz hərəkətləri nəticəsində dəymiş 1500 (bir min beş yüz) manat məhv edilmiş əkin sahəsinə çəkilmiş xərclərə görə maddi, 3000 (üç min) manat əldən çıxmış faydanın, 3000 (üç min) manat mənəvi zərərin, 300 (üç yüz) manat hüquqi xidmətlərə görə ödənilmiş vəsaitin və 30 manat dövlət rüsumunun, cəmi 7830 (yeddi min səkkiz yüz otuz) manat alınaraq, onlara verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçılar iddia tələbini onunla əsaslandırmışlar ki, Azərbaycanda kənd təsərrüfatının əsas prioritet istiqamətlərindən birini də dənli bitkilərin tədarükü təşkil edir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən aqrar sahənin inkişafı prioritet istiqamət kimi elan edilib. Ardıcıl həyata keçirilən tədbirlər nəticəsində aqrar sahə özünün yeni inkişaf mərhələsinə qədəm qoyub və bu sahədə inkişaf tempi davam edir. Azərbaycanda kənd təsərrüfatının dayanıqlı inkişafı sahəsində işlər görülür: Bu məqsədlə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı qəbul edilmiş və Proqramın icrasına dövlət tərəfindən nəzarət edilir. Şəxsi mülkiyyətlərində olan kənd təsərrüfatı təyinatlı, əkin məqsədli torpaq sahəsində arpa yetişdirilir. Əkin sahəsindən bol məhsul əldə edilməsi üçün toxum səpini vaxtında aparılmış, eləcə də təbii iqlim şəraiti nəzərə alınaraq, səpin üçün hər hektara 200 (iki yüz) kg daha məhsuldar arpa sortu alınaraq istifadə olunmuşdur. Öz vəsaiti hesabına şumlama, malalama işləri aparılmış, əkin sahəsinə gəmiricilərə qarşı dərman səpilmiş, məhsuldarlığın artırılması üçün gübrə verilmiş, ancaq suvarma işləri aparılmamışdır. Lakin əkin sahəsində həyata keçirilmiş bütün zəhmətləri Şabran rayonu Qarabağlar qəsəbəsində məskunlaşmış Cavabdeh nəticəsiz qoymuşdur. Belə ki, o, özünə məxsus iribuynuzlu mal-qaranı sürü ilə qəsdən keyfiyyətli məhsul gözlənilən sahədə, xüsusilə gecə saatlarında mütəmadi otardığı üçün əkin zəmisinin xeyli hissəsi tapdalanaraq yararsız hala salınmış və cəzasız qaldığı üçün öz yaramaz əməllərini davam etdirməkdədir. Cavabdeh ilə aparılmış çoxsaylı profilaktik söhbətləri müsbət nəticəsi olmamışdır. Cavabdehin qanunsuz əməlləri ilə əlaqədar hüquq mühafizə orqanlarına dəfələrlə müraciətləri olmuşdur. Bundan əvvəlki ildə də Şabran Rayon Məhkəməsinə müraciətləri olsa da, təsərrüfatla məşğul olduğlarına görə iddia tələblərini məhkəmədə müdafiə etmək imkanları məhdud olmuşdur. Mənəvi zərərin əvəzinin ödənilməsində məqsəd zərərin kompensasiyası və ya zərərvuranın cəzalandırılması deyil, zərər çəkəndə məruz qaldığı mənəvi sarsıntı və iztirabı müəyyən qədər azaltmaqdır. Cavabdehin qanunsuz əməlləri bu gün də davam etməkdədir ki, bu da torpaq mülkiyyətçilərinin mənəvi sarsıntı və iztirab çəkməsi ilə nəticələnir. Dəymiş ziyanın miqyasını müəyyən edilməsi üçün X12 İnkişaf Mərkəzinə sorğu göndərilmişdir. Mərkəzin mütəxəssislərinin əkin yerlərinə baxış keçirdikdən sonra tərtib etdikləri akta əsasən sahənin sürü halında iribuynuzlu mallar tərəfindən yeyilməsi, əzilməsi və tapdalanması müşahidə edilmişdir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, o, əslən Cəbrayıl rayonundadır. Onların ondan nə isdədiklərini bilmir. Cavanşir qardaşlarının özlərinə məxsus torpaq sahələri qəsəbədən 1km-dən az ərazidə yerləşir. Onların torpağının bir tərəfi dəmir yolu, bir tərəfi taxta körpü çay deyilən ərazidən Siyəzən rayonunun Gilgilçay kəndi ilə, bir tərəfi Qarabağlı qəsəbəsi ilə qonşudur. Hal hazırda onun 70- hektara yaxın ot sahəsi var. Yağış yağmadığına görə şoran olduğuna görə məhsuldarlıq çox zəifdir. Bunları nəzərə alaraq bildirir ki, 15-20 noyabr 2020-ci tarixdə Quba rayonunun Buduğ kənd sakini Qumalatın oğlu Əfqan onun mallarını sürərək Siyəzən rayonu Gilgilçay ərazisinə keçirmişdir. Onun malları çay qırağından keçərək qəsəbəyə gəlmək məqsədi ilə Cavanşirgilin yerinə keçmişdir. Həmin sürünü geri qaytarmışdır, lakin sonradan yenə sürü iddiaçılara məxsus olan əraziyə keçmişdir. Məhkəmə gedişatında bilmişdir ki, bu torpaqlar 1997-ci ildə iddiaçılara verilib, ancaq onlar 2007-ci ildə qəsəbəyə köçmüşlər. Onlar bu torpaqlardan istifadə etməyiblər. Ancaq 2 ildirki bu torpaqdan istifadə edirlər və bu 2 ildə ancaq onu polisə, məhkəməyə verməklə məşquldular. Onlar isə torpaq becərmək yox, kimisə şərləmək hesabna varlanmaq istəyirlər. Məhkəmə bunları nəzərə almamışdır. Şabran Rayon Məhkəməsinin 25 may 2021-ci il tarixli 2(031)-337/2021 saylı iş üzrə qəbul edilmiş qətnaməsinin iddianın təmin edilməsi hissəsində ləğv edilməsi, iddianın tam rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətinin dəlillərini müdafiə etdi, şikayətə oxşar izahat verdi və apellyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. İddiaçılar İddiaçı1 və İddiaçı2 apellyasiya şikayətinin dəlillərini qəbul etmədilər, iddia ərizəsinə uyğun izahat verdilər və apellyasiya şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdilər. İş üzrə İddiaçı3 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası işdə iştirak edən tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara görə iş üzrə məhkəmə qətnaməsi dəyişdirilməməlidir, apellyasiya şikayəti isə təmin edilməməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddia ərizəsini qismən təmin edərkən, cavabdeh tərəfindən iddiaçılara maddi ziyanın vurulmasına istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına tam uyğundur. Belə ki, Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilən X1 göstərdi ki, İddiaçı1 və İddiaçı2 onun dayılarıdır. Cavabdeh da tanıyır. Onunla heç bir ədavəti və düşmənçiliyi yoxdur. 2020-ci ildə Məhəmmədin heyvanları onun əkin sahəsinə girib ona ziyan vurmuşdur. Bununla bağlı məhkəməyə ərizə vermişdir. Lakin, məhkəmənin məsləhəti ilə o, ərizəsini geri götürmüşdür. Bu dəfə də Məhəmmədin iri və xırda buynuzlu heyvanları dayılarının torpaq sahələrinə girmişdir. Dəfələrlə Məhəmmədin heyvanlarını onların torpaq sahəsinə girməsini görmüşdür. Məhəmmədin iri və xırda buynuzlu heyvanları onların torpaq sahələrinə mütəmadi olaraq girib əkin sahələrinə ziyan vurmuşdur. Hektarına 200 kq olmaqla arpa əkilmiş, nə qədər xərc çəkilmiş sahəni onun heyvanları məhv etmişdir. 22.11.2020-ci il tarixdə o, özü şəxsən Məhəmmədin heyvanlarını dayılarının arpa sahəsindən çırtmışdır. Məhəmməd o zaman ona demişdir ki, heyvanları nəzarətsiz qalıb ora girmişlər. Məhkəmə iclasında şahid qismində dindirilən X8 göstərdi ki, İddiaçı1 onun atasıdır. Atasıgil kq 70 qəpikdən 1.06 ton toxumluq arpa alıb sahəyə səpmişlər. Məhəmmədin heyvanları onların torpaq sahəsinə girib sahəni məhv etmişlər. Həmin malları 1-ci dəfə noyabr ayının 22-də Cəfərsadıqın iştirakı ilə, 2-ci dəfə isə təxminən 20 gün sonra Cahangirin iştirakı ilə çıxarmışlar. Torpaq sahəsinə 3-4 camış, 14-15 baş inək-dana heyvanlarının girdiyini görüb həmin malları oradan çıxarıb qəsəbəyə gətirmişlər. Qəsəbədə onları Vəli, Əlkömək qarşılamışlar. Məhkəmə iclasında şahid qismində dindirilən X2 göstərdi ki, yanvar ayının 01-də dəmir yolçuları ona zəng vurub demişlər ki, torpaq sahənizdə heyvan otarırlar. O, da torpaq sahəsinə getmiş, orada təxminən 20-25 baş heyvapnın olduğunu görmüşdür. Mallar torpaq sahəsinə girdiyi üçün Məhəmmədlə Məsim mübahisə etmişlər. Torpaq sahəsindən malları çıxarmadıqlarını görüb, özü həmin malları torpaq sahəsindən çıxarmışdır. Məhəmməd deyirdi ki, Qumalatın oğlu malları sürüb onların torpaq sahəsinə salmışdır, özü salmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilən X9 göstərdi ki, o, 2007-ci ildən həmin qəsəbədə yaşayır. O, noyabrın 22-də qoyun növbəsində olmuşdur. Həmin vaxt Cavanşirin əkin sahəsinə malların girdiyini görmüşdür. Dərhal Məhəmmədə zəng edərək mallarının əkin sahəsinə girdiyi barədə məlumat vermişdir. Məhəmməd malların yanına gəlmiş, həmin vaxt oraya Xəqani də gəlib çıxmışdır. Onlar malları əkin sahəsindən çıxarmışlar. O, uzaqda olduğundan malları gedib çıxara bilməmişdir. Təxminən əkin sahəsinə 10-20 baş heyvanın girdiyini görmüşdür. İşə əlavə edilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş reyestr nömrəsi **********05, qeydiyyat tarixi 17.11.2020-ci il, qeydiyyat nömrəsi ********** olan çıxarışdan görünür ki, Şabran şəhəri ərazisində yerləşən 4.19 ha torpaq sahəsi İddiaçı3 mülkiyyətinə verilmişdir. İşdə olan Torpağa Mülkiyyət Hüququna Dair JN-0542 Kod 30401004 olan Dövlət Aktından görünür ki, Dəvəçi rayon Aqrar İslahatı Komissiyasının 12 sentyabr 2000-ci il tarixli 06 saylı qərarına əsasən İddiaçı1 və ailə üzvlərinin mülkiyyətinə 2.29 ha pay torpaq sahəsi verilmişdir. İşə əlavə edilmiş Torpağa Mülkiyyət Hüququna Dair JN-0543 Kod 30401004 olan Dövlət Aktından görünür ki, Dəvəçi rayon Aqrar İslahatı Komissiyasının 12 sentyabr 2000ci il tarixli 06 saylı qərarına əsasən İddiaçı2 və ailə üzvlərinin mülkiyyətinə 1.52 ha pay torpaq sahəsi verilmişdir. İş materiallarında olan X12 İnkişaf Mərkəzi tərəfindən verilmiş 03 mart 2021-ci il tarixli aktdan görünür ki, təsərrüfat sahiblərinin (mülkiyyətçilər) iştirakı ilə ərizəyə baxış zamanı əkin sahəsində iri və xırda buynuzlu heyvanların kütləvi ayaq izləri müşahidə olundu. Bunun nəticəsində ərazinin 25%-nin yeyilməsi və tapdalanması müşahidə edilmişdir. Aktın doğruluğunu R.Mürsəlov, V.Ağamalıyev, İddiaçı1, İddiaçı2 və İddiaçı3 öz imzaları ilə təsdiq etmişlər. İşə əlavə edilmiş "xxxx" MMC tərəfindən Vəkil ünvanlanmış 18 mart 2021-ci il tarixli 21 saylı arayışdan görünür ki, cari ilin bu günü "xxxx" MMC-nin ərazisində satılan toxumluq arpa 0.70, arpa dəni isə 0.50 qəpik təşkil edir. İşdə olan Şabran rayon Statistika İdarəsi tərəfindən verilmiş 09 aprel 2021-ci il tarixli 32 saylı sorğuya cavab məktubundan görünür ki, 1 ha torpaq sahəsində arpa bitkisinin məhsuldarlığı 0.20 se/ha, 1 ha torpaq sahəsində şumlama xərci-35-40 manat, 1 ha torpaq sahəsində malalama xərci-20-24 manat, 1 ha torpaq sahəsində səpin xərci-1820 manat, 1 ha torpaq sahəsində dərmanlama xərci-10 manat, 1 ha torpaq sahəsində suvarma xərci- 20 manat, 1 kq arpanın alış qiyməti (toxumluq)-0.70 qəpik, 1 kq arpanın pərakəndə orta bazar satış qiyməti – 0.40 qəpik təşkil edir. İşə əlavə edilmiş 03 mart 2021-ci il tarixli Hüquqi yardımın göstərilməsi haqqında 09 saylı müqavilədən görünür ki, İddiaçı1, İddiaçı2, İddiaçı3 hüquqi yardıma görə Vəkil 300 manat məbləğində pul ödəmişlər. İş materiallarında olan Şabran rayon Polis Şöbəsi tərəfindən İddiaçı1 ünvanlanmış məktubdan görünür ki, 08.01.2021-ci il tarixdə Şabran RPŞ-nə ünvanlanmış ərizə ilə əlaqədar olaraq, Şabran RPŞ-də araşdırma aparılmış və araşdırma zamanı məlum olmuşdur ki, müraciətdə heç bir cinayət və inzibati xəta tərkibi olmadığından toplanmış material RPŞ-də işə alınmış, eləcə də müraciət mülki xarakterli olduğundan məhkəmə orqanına müraciət edilməsi izah edilmişdir. İşə əlavə edilmiş Qarabağlı sakinləri tərəfindən tərtib edilmiş aktdan görünür ki, qəsəbə sakini Cavabdeh aid olan şəxsi mal-qoyun, 90 ha deyilən yerdə heç kim görməyib. Bunu Güləmli kənd camaatı təsdiq edə bilər. Gilgilçay camaatı da təsdiq edə bilər. Cavabdeh məxsus olan mal-qara heç vaxt o ərazidə olmamışdır. Aktın doğruluğunu Ə.Quliyev, İ.Quliyev, V.Qarayev, Q.Muxtarov, B.Rzayev, V.Məmmədov öz imzaları ilə təsdiq etmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 11-ci maddəsinə əsasən mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Oxşar münasibətləri tənzimləyən mülki hüquq normaları olmadıqda tərəflərin hüquq və vəzifələri mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənir (hüququn analogiyası). Hüququn analogiyası tətbiq edilərkən ədalət, insaf və mənəviyyat tələbləri nəzərə alınmalıdır. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Cavabdeh məhkəmə iclasında təsərrüfatında olan heyvanlarının iddiaçıların mülkiyyətində olan arpa sahəsinə özü tərəfindən deyil, başqası tərəfindən salınmasını bildirməsini məhkəmə onun heyvanlarının vurduğu zərərə görə məsuliyyət daşıdığını və bunu ona qarşı tələbin təmininə əsas verən hallardan biri kimi qiymətləndirir. Belə ki, Mülki Məcəllənin 1110-cu maddəsinə əsasən heyvanın sahibi öz heyvanının başqalarına vurduğu zərərin əvəzini ödəməyə borcludur. Bu zaman heyvanın nəzarət altında olduğunun, itdiyinin və ya qaçdığının əhəmiyyəti yoxdur. Əgər heyvanın sahibi üçüncü şəxslərin müdafiəsi üçün zəruri tədbirlər görmüşsə, zərərin əvəzinin ödənilməsi öhdəliyi tətbiq edilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakdan məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adı mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericilikdə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Mülki Məcəllənin 21 və 23 maddələrinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında mənəvi ziyanın şərhi ilə bağlı göstərilir ki, «..mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz və digər maddi neymətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Şəxsin şərəfi, ləyaqəti və işgüzar nüfuzu təhqir olunursa, o, sarsıntı, iztirab keçirir və bununla da mənəvi təhqirə məruz qalır. Bunun nəticəsində şəxsə mənəvi və maddi zərər yetirilir…» İddiaçılar cavabdehin hərəkətləri nəticəsində hər hansı sarsıntı, iztirab keçirmələrini təsdiq edən sübut təqdim etməmişdilər. Mülki Məcəllənin 16-cı maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Məhkəmə prosesi zamanı müəyyən olundu ki, Cavabdeh təsərrüfatında olan 15-25 baş iri buynuzlu heyvanları mütəmadi olaraq iddiaçıların mülkiyyətində olan əkilmiş arpa sahəsinə girmişdir. İddiaçıların və onların ailə üzvlərinin mülkiyyətində biri-birinə bitişik cəmi 8 hektar torpaq sahəsi vardır. 8 hektar arpa sahəsinin 25%-ni Cavabdeh heyvanları yararsız vəziyyətə salmışlar. Belə halda, iddiaçılara vurulmuş ziyanın məbləği hesablanmaqla, 1 ha torpaq sahəsində şumlama xərci 37 manat (8 ha x 37=296 manat), 1 ha torpaq sahəsində malalama xərci 22 manat (8 ha x 22 =176 manat), 1 ha torpaq sahəsində səpin xərci 19 manat (8 ha x 19 = 152 manat), 1 ha torpaq sahəsində dərmanlama xərci 10 manat (8 ha x 10 =80 manat) olmaqla, Toxumluq arpanın 1 kq-mı 70 qəpik olmaqla , 1 ha torpaq sahəsinə 190 kq arpa səpilməsi nəzərə alınmaqla, 190 kq x 70 qəp. =133 manat, (8 ha x 133 manat = 1064 manat), cəmi 1768 manat təşkil edir ki, onun da 25 %-ni hesablayıb çıxmaqla 442 manat olması müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Yenə də həmin Məcəllənin 217.4cü maddəsində nəzərdə tutulur ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası iclası zamanı Cavabdeh ona məxsus olan heyvanların cəmi bircə dəfə yanvar ayında iddiaçılara məxsus olan torpaga keçirilməsini bildirdi və həmin vaxt orada heç bir əkin olmadıgını qeyd etmişdir. Məhkəmə kollegiyası cavabdehin iş üzrə onun tərəfindən iddiaçılara heç bir ziyanın vurulmaması barədə gətirdiyi dəlili qəbul etmir, belə ki, iş materialları ilə iddiaçıların tələbləri qismən sübuta yetirilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərilən digər dəlilləri də araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan və işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Şabran Rayon Məhkəməsinin iş üzrə 25 may 2021-ci il tarixli 2(031)-337/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-2874/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2874/2021
11.10.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver