Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-289/2020 01.12.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri Məmmədov Fuad Əli oğlu (sədrlik edən və məruzəçi), X4 və Babayeva Hökümə Çingiz qızından ibarət tərkibdə, Nəbizadə Rəşad Nəbi oğlunun katibliyi, İddiaçı və cavabdeh Xaçmaz rayon Telekommunikasiya qovşağının nümayəndəsi X3 iştirakları ilə İddiaçı cavabdehlər Xaçmaz rayon Yergüc Bələdiyyəsinə və Xaçmaz rayon Telekommunikasiya qovşağına qarşı mülkiyyətdə olan torpaq sahəsinin qanunsuz sahiblikdən geri alınması və sair tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 2(067)-96/2019 saylı xx xxxx 2019-cu il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Xaçmaz Rayon Məhkəməsinin 2(067)-96/2019 saylı xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı cavabdehlər Xaçmaz rayon Yergüc Bələdiyyəsinə və Xaçmaz rayon Telekommunikasiya qovşağına qarşı mülkiyyətdə olan torpaq sahəsinin qanunsuz sahiblikdən geri alınması və sair tələbinə dair iddiasının təmin edilməməsi, məhkəmə xərci 76,80 manat məbləğində pulun İddiaçı alınaraq Kadastr və Yerquruluşu Layihə- Tədqiqat Mərkəzinin hesabına keçirilməsi qət edilmişdir. (hakim Anar Sadıqov) Qətnamədən İddiaçı apelyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: İddiaçı cavabdehlər Xaçmaz rayon Yergüc Bələdiyyəsinə və Xaçmaz rayon Telekommunikasiya qovşağına qarşı iddia ərizəsi ilə müraciət edərək, mütəxəssislərdən ibarət komissiyanın onun həyətyanı torpaq sahəsini ölçərək ona məxsus olan şəhadətnamədə göstərilən koordinat nöqtələrinin təyin edilməsi, mülkiyyətində olan qeyriqanuni tikililərin ləğv edilməsi, ona vurulmuş maddi, mənəvi ziyanın Xaçmaz rayon Yergüc bələdiyyəsi və Xaçmaz rayon Telekommunikasiya qovşağı tərəfindən ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx xxxxxx 1996-cı ildə Xaçmaz rayon X2 12 nömrəli qərarı ilə fərdi yaşayış evi tikilməsi üçün 0,15 ha torpaq sahəsi onun şəxsi mülkiyyətinə verilmişdir. Həmin torpaq sahəsi onun mülkiyyətində olmasına baxmayaraq, Xaçmaz rayon Yergüc bələdiyyəsi tərəfindən müxtəlif vaxtlarda qeyri-qanuni olaraq satılmışdır. Hal-hazırda ona məxsus olan mülkdə Xaçmaz rayon Telekommunikasiya qovşağı “vayfay” tipli stansiya quraşdırır. O, torpağın ona məxsus olduğunu dəfələrlə demiş, lakin onlar torpağın bələdiyyə tərəfindən onlara verildiyini bildirmişlər. Bu barədə dəfələrlə Yergüc bələdiyyəsinə müraciət etmişdir. Yergüc bələdiyyəsi ona məhəl qoymayaraq torpağın onlara məxsus olduğunu bildirir. Yergüc bələdiyyəsi onun mülkünü sataraq mülkiyyətinə qəsd edir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ: İddiaçı birinci instansiya məhkəməsinin qətnaməsindən apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin iş üzrə çıxardığı qətnamə qanunsuz və əsassızdır. xx xxxxxx 1996-cı il tarixdə Xaçmaz rayon X2 12 nömrəli qərarı ilə fərdi yaşayış evinin tikilməsi üçün 0,15 ha torpaq sahəsi onun şəxsi mülkiyyətinə verilmişdir. Həmin həyətyanı torpaq sahəsi onun mülkiyyətində olmasına baxmayaraq Yergüc bələdiyyəsi müxtəlif vaxtlarda torpaq sahəsinin 120 kv metr hissəsini qeyri-qanuni olaraq satmışdır. Məhkəmənin qərarı ilə keçirilmiş yoxlama zamanı, Xaçmaz rayon Layihə Tədqiqat idarəsinin mühəndisi İlkin Abduləzimovun verdiyi rəydən də görünür ki, həyətyanı torpaq sahəsiin 120 kv metr hissəsi çatışmır. Bununla bağlı dəfələrlə cavabdeh Yergüc bələdiyyəsində olmuşdur, ona bildiriblər ki, guya onun torpaq sahəsi qonşunun torpaq sahəsi ilə üst-üstə düşür. Qonşunun həyətindəki tövlə binası olan yer onundur. Tamamilə yalandır, çünki ona torpaq sahəsi ayrılanda tövlə binası qonşunun həyətində mövcud idi. Sadəcə cavabdeh onun həyətyanı torpağını satıb onu qonşu ilə düşmən etmək istəyir. Məhkəmə iclasında iştirak edən İddiaçı apelyasiya şikayətinin dəlilləri ilə eyni məzmunlu izahat verərək, apelyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh Xaçmaz rayon Telekommunikasiya qovşağının nümayəndəsi X5 apelyasiya şikayətinin təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdeh Xaçmaz rayon Yergüc Bələdiyyəsinə məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Lakin cavabdeh Xaçmaz rayon Yergüc Bələdiyyəsi xx.xx.2020-ci il tarixli teleqramla məhkəməyə müraciət edərək, məhkəmə iclasının nümayəndəsinin iştirakı olmadan davam etdirilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən qeyd edilən tərəfin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən, mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apelyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin olunmamalı, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi iddianı təmin etməmiş, gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.3, 157.2-ci və Torpaq Məcəlləsinin 84, 111-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni işin hallarına uyğun olaraq əsaslı və qanuni hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 1-ci, 2-ci və 3-cü bəndlərinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. İş materiallarında olan torpağın mülkiyyətə verilməsinə dair JN 8996 saylı 30209058 nömrəli şəhadətnamənin surətindən müəyyən olunur ki, Xaçmaz rayon AİK-nın xx xxxxxx 1996-cı il tarixli 12 nömrəli qərarına əsasən İddiaçı və onun ailə üzvlərinin mülkiyyətinə 0,15 ha torpaq sahəsi verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, Xaçmaz rayonu, Üçgünqışlaq kəndində yerləşən 0,002 ha torpaq sahəsi Xaçmaz rayon Yergüc bələdiyyəsinin mülkiyyətində verilmişdir. Birinci instansiya məhkəməsi mütəxəssis rəyinin alınması üçün qərardad qəbul etmiş və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx.xx.2019-cu il tarixli **********98 nömrəli mütəxəssis rəyindən müəyyən olunur ki, Xaçmaz rayonu, Üçgün kəndi ərazisində İddiaçı və ailə üzvlərinə məxsus 0,15 ha həyətyanı torpaq sahəsi Xaçmaz rayonu, Yergüc bələdiyyəsi və Xaçmaz rayon Telekommunikasiya qovşağı tərəfindən istifadə edilmir. İşə apelyasiya qaydasında baxıldıqda iddiaçının vəsatəti əsasında iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilsə də, iş materiallarına əlavə edilmiş Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx.xx.2020-ci il arayışından, Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2020-ci il tarixli və xx.xx.2020-ci il tarixli məktublarından görünür ki, iddiaçı ekspertizanın keçirilməsinə şərait yaratmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, iş materialları ilə iddiaçının istifadəsində olan torpaq sahəsində cavabdeh Xaçmaz rayon Telekommunikasiya Qovşağı tərəfindən hərhansı tikili inşa edilməsi müəyyən edilmir. İş materiallarında olan torpaq sahəsinin ölçü planından (koordinatlarla) da görünür ki, Xaçmaz rayon X1 rayonu Yergüc bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsindən istifadə edir. İstifadə edilən torpaq sahəsi iddiaçının sahibliyində olan torpaq sahəsi ilə üstüstə düşmür. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Göstərilən halları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarına düzgün istinad etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-in 384.0.1ci maddəsinə görə məhkəmə qətnaməsinin apelyasiya qaydasından baxıldıqda dəyişdirmədən, apelyasiya şikayətini təmin etmədən saxlanması üçün əsasdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-in 382, 384.0.1, 385.1.2, 392, 393 və 402-ci maddələrini rəhbər tuturaq məhkəmə kollegiyası QƏT ETDİ: Apelyasiya şikayəti təmin edilməsin. Xaçmaz Rayon Məhkəməsinin 2(067)-96/2019 saylı, xx xxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Fuad Məmmədov Hakimlər Zaur Məmmədov Hökümə Babayeva
Məhkəmə qərarları › İş №2(105)-289/2020
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-289/2020
01.12.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver